Onun böyük ürəyi
Xeyirxahlıq həyatımızın əbədi, ali məqsədidir.
L.N.Tolstoy
Ön söz əvəzi
2004-cü il
mayın 1-də yeganə oğlu Orxan beyin qansızmasından
dünyadan köçdükdə onun həyatı birandaca
söndü. Gənc heç 30 yaşına
çatmamışdı. O vaxtdan həyat Zərifə
Quliyeva üçün “ondan əvvəl” və “ondan sonra”ya
bölünüb.
Nə gizlədim, bu
güclü, özünə inamlı qadın hansı andasa
sındı, bütün həyat eşqini itirdi, özünə,
duyğularına qapandı. Gündüzlər dişini
dişinə sıxıb adam arasına
çıxır, işə gedir, gecələr isə
göz yaşlarına qərq olaraq uzun, həsrət və
şəfqət dolu məktublar yazırdı, o dünyaya -
oğluna. Yaşanmış faciədən
baş çıxarmaq, oğlu ilə həyatlarında nəyin
nə zaman səhv olduğunu anlamaq istəyiylə. O, dəfələrlə
son çarəyə əl atmaq istəmiş, zira dünyada ən
çox orada, öz Orxanının yanında olmağı
arzulamışdır. Yalnız sevimli nəvəsinin
yoxluğunu elə onun kimi acılarla keçirən
yaşlı anasına gərək olmasının dərki onu
bu yoldan saxlamışdır...
Xoşbəxtlikdən,
yaxınları - bacısı və böyük
qardaşı yanında idi. Bir də tale Zərifəyə
arxa olan, onu həyata qaytaran, qüvvət verən gözəl
qadın simasında bir Mələk göndərdi.
Adının çəkilməsini istəməyən bu təvazökar
xanım indi də ona arxadır...
Uzun aylardan sonra Zərifə
nəfəsini tıxayan acı qəhəri udmağı
bacardı və mövcudiyyətini sürdürməyə
özündə güc tapdı.
Köklər
Zərifə xanımın atası -
Quliyev Rzaqulu Hüseyn oğlu - qeyri-adi qabiliyyətə malik adam idi. Belələri
üçün “özü-özünü yapıb” deyirlər.
Əslən Qərbi Azərbaycanın Sisyan rayonundan olan bu nəcib
insan qaçqınlığın acısını uşaq
yaşlarından yetərincə dadmış, üç
yaşında ikən atasını, bir il sonra isə
anasını da itirmiş, lakin doğmaları və iradəsi sayəsində həyatda
qalmışdır. “Atamı, Sisyandan faciəvi
şəkildə didərgin düşdükdən sonra
sağ qalmış bibim böyütmüşdür, -
xatırlayır Zərifə xanım. - Ehtiyac içində
yaşayırdılar, atam erkən yaşlarından
varlıların təsərrüfatlarında muzdurluq edir,
bibimin ailəsinə kömək etmək və öz
qarnını doyurmaq üçün gecə-gündüz
çalışırdı. Kənddə
yalnız ibtidai sinifləri bitirə bildi, orta təhsilini isə
artıq yetkin yaşlarında, Naxçıvanda başa
vurdu”.
Rzaqulunun atası - Hüseyn
ümummilli liderimiz Heydər Əliyevin anası İzzət
xanımın doğma qardaşı idi. İzzət
xanım uzun illər vətəndaş müharibəsinin
od-alovunda həyatlarını itirmiş bacı və
qardaşlarının xiffətini çəkib. Ona
görə qardaşı uşaqları - Rzaqulu, Humay, Fatmayla
gözlənilməz görüş ona tam mənasiyla həyat
verdi. O onları öz böyük ailəsinə
qəbul etdi. Rzaqulunun yeri isə onun
üçün xüsusi idi. Dəfələrlə
söylədiyi kimi bu uşaq onun üçün həlak
olmuş qardaşlarının əvəzi idi. Rzaqulu onların evində, Naxçıvanda
yaşamağa başladı, bibisinin təkidi ilə artıq
yeniyetmə ikən İzzət və Əlirzanın
uşaqlarının oxuduğu, internasional deyilən 1 nömrəli
orta məktəbə daxil oldu. Oranı
1939-cu ildə, 24 yaşında bitirdi. Əlbəttə
təhsillə yanaşı işləyirdi də, o zamanlar
böyüklər ana-ata əlinə baxmağı ayıb
sayırdılar.
Mən yenə də Zərifənin
atası haqqında söhbətini dinləyirəm. “Atam gecələr
çalışır, vaqonları boşaldırdı,
günəmuzd işləyirdi. Gündüzlər
isə oxuyurdu. Nəhayətdə ali
təhsil aldı, yüksək vəzifələrə nail
oldu. Və bütün bunları öz əməyilə
əldə etmişdi. Sonralar o, bütün
həyatı boyu çətinliyi olan insanlara kömək
edirdi. Çünki özü çox əziyyət
çəkmişdi.
Uşaqlarına həmişə deyərdi:
“İnstituta oxumağa gedəcəksiniz, işləyəcək,
insanlarla münasibətdə olacaqsınız. Unutmayın
hansı nəsildənsiniz və kimin qohumusunuz. Kiçik sözlə, xırda bir hərəkətlə
belə, Heydər Əliyevlə qohumluğumuza ləkə gətirməməlisiniz”.
Heydər Əliyev uzun illər
təhlükəsizlik orqanlarında birgə işlədiyi
dayısını çox sevirdi. Rzaqulu müəllim 67 yaşı
tamam olmamış vaxtsız vəfat edən zaman Heydər
Əliyev Rzaqulu Quliyevi 2-ci Fəxri Xiyabanda bütün əsgəri ehtiram qaydaları ilə
dəfn etmək sərəncamı vermiş, özü
tabutun altına girmiş, vida mərasimində ailə
adından çıxış etmişdi.
Ata oğul və
qızlarına tez-tez öz uşaqlığından söhbət
açır, işində uğur qazananadək keçdiyi
çətinliklərdən danışırdı. Rzaqulu müəllim
uşaqlarına deyirdi: “Sizə bunları danışıram
ki, başa düşəsiniz: siz də çətinliklərdən
keçməlisiniz, amma öz əməyinizlə, uğuru
himayə hesabına əldə etməməlisiniz. Mənə ümid bağlamayın. Öz ağlınızla yaşamağa öyrənin”.
Bu dərsləri gənc Zərifə bütün ömrü
boyu unutmadı...
Zərifənin anası - Zəri
xanım İbrahimova əslən Naxçıvanda məşhur
olan müəllim ailəsindən idi, atası Mirzə
İbrahim kifayət qədər elmli insan olub. Zəri
xanım Tibb Texnikumunu bitirib, lakin işləmək ona nəsib
olmayıb, belə ki 18 yaşında ikən Rzaqulu müəllimə
ərə gedib. Uşaqları dünyaya gəlib
və Zəri xanım özünü büsbütün ailəsinə
həsr edib.
“Anam iradəli, prinsipial, əməksevər
və çox intizamlı qadın olub. Atam bizi belə öyrədib,
- Zərifə xanım 2016-cı ilin sonlarında İctimai
Televiziyada gedən “Yadigarlar” verilişində
xatırlayır. - Evimizdə həqiqətən hərbi
intizam hökm sürürdü. Atam rayondan qayıdan zaman (Rzaqulu
Quliyev Azərbaycan DTK rayon bölmələrinin rəisi
işləyirdi) biz uşaqlar yerimizdə qımıldanmırdıq.
Çörəyini yeyib, istirahət etməmiş
heç kəs ona yaxın durmağa ürək etmirdi.
Atamın həmişə
xidməti maşını, bəzən hətta ikisi olub. Lakin o, heç vaxt bunlardan
şəxsi məqsədlər üçün istifadə
etmir, deyirdi: “Siz o biri uşaqlardan artıq deyilsiniz. Hər yerə piyada getməlisiniz. Sizdən yoxsul, daha çox ehtiyacı olanlar var. Bunu
yaddan çıxarmayın və özünüzü buna
müvafiq surətdə aparın”. Bizi həm
də hamıdan sadə geyindirirdilər ki, heç kəsdən
seçilməyək. Atam bizi düz
danışmağa, maneələr qarşısında geri
çəkilməməyə öyrədirdi. O xalqa,
dövlətə sədaqətlə xidmət edir, bizi də
bu ruhda tərbiyə edirdi.
Bəzən məndən
soruşurlar, - “Atandan sənə nə qalıb?” Və mən cavab verirəm:
“Atamdan mənə yaxşı ad qaldı”. Hara
isə gedirəm, ağzımdan Rzaqulu Quliyevin qızıyam
çıxan kimi, dərhal atam barədə xoş sözlər
eşidirəm. Hətta, heç vaxt onun
üzünü görməyən ikinci, üçüncü
nəslin nümayəndələri belə onun haqqında
atalarından eşitdiklərini söyləyirlər. İşimlə əlaqədar hansı rayona getsəm,
hər yerdə atamı tanıyan, yaxud onun haqqında eşidən
insanlarla rastlaşıram. Mən bununla fəxr
edirəm. Muzeylərə, Heydər
Əiyev mərkəzlərinə gedirəm, ümummilli
liderin atamla şəkillərini görürəm. Bunlar ürəyimi qürur hissiylə doldurur”.
Həyat
universitetləri
“Biz uzun müddət
Naxçıvanda yaşamışıq, - deyə Zərifə
xanım söhbətinə davam edir. - Atam Ordubadda, Noraşendə, muxtar
respublikanın digər rayonlarında DTK-nın rayon bölmələrinin
rəisi olub. Sonra cənub zonasında Əli
Bayramlıda xeyli işlədi. 1969-cu ildə
mən məktəbi elə orada bitirdim. Atam
uşaqların tez-tez məktəb dəyişməsinin əleyhinə
idi. Deyirdi: qoy mən çətinlik çəkim, qoy həftədə,
on gündə bir mən sizin yanınıza gəlim,
uşaqlar isə narahatlıq keçirməməlidirlər. Bax mən 1-dən 4-cü sinfə qədər
Naxçıvanda, 5-dən 11-ci sinfədək isə
Əli-Bayramlıda oxumuşam. Məktəbi
qızıl medalla bitirdim. Atamın
arzusuyla həkim oldum, amma jurnalist olmaq istəyirdim. Gənclik çağlarımdan jurnalistikaya həvəs
göstərir, divar qəzetinə məqalələr
yazırdım, elə inşalarım da sinifdə
hamınınkından fərqlənirdi. Amma
atama “yox” deməyə ürək eləmədim, sənədlərimi
Tibb İnstitutuna verdim.
Zərifə böyük həvəslə
oxuyur, gecələr histologiya, anatomiya dərslikləri üzərində
yorulmadan çalışır, gündüzlər tələbə
auditoriyalarında olurdu. İnstitut bitirərkən ortaya ixtisas
seçimi məsələsi çıxdı. Onun məşhur
qohumu Şamama Ələsgərova qıza ginekoloq olmaq, uzun
illər rəhbərlik etdiyi Krupskaya adına
doğum evində internatura keçməyi təklif edirdi. Heydər Əliyevin həyat yoldaşı Zərifə
xanım istəyirdi ki, adaşı göz həkimi peşəsini
seçsin. Amma Zərifənin ürəyincə daha
çox can həkimi ixtisası idi. Öz əmək
fəaliyyətinə 5 nömrəli klinik xəstəxanada elə
bundan da başladı. Lakin 1984-cü ildə
onun həyatı istiqamətini kəskin dəyişdi. Zəhmətsevər, insanlarla münasibət
qurmağı bacaran, fəal vətəndaş mövqeyi ilə
seçilən qız Azərbaycan KP MK-sində diqqəti cəlb
etdi. Və ideologiya üzrə MK katibi Ramiz
Mehdiyev söhbət üçün onu yanına dəvət
etdi.
Görünür o söhbətin nəticəsindən
razı qalmışdı, belə ki Zərifə Quliyeva
tezliklə Nizami partiya rayon komitəsinə baş təlimatçı
təyin edilmiş və 1989-cu ilədək orada səhiyyə,
təhsil, mədəniyyət məsələlərinin kurasiyası
ilə məşğul olmuşdur. Bu
böyük idarəçilik təcrübəsi, əhalinin ən
müxtəlif təbəqələri ilə ünsiyyət təcrübəsi
olmuşdur və Zərifə xanım bunu böyük minnətdarlıqla
xatırlayır. Az keçmiş o,
ideologiya şöbəsinin müdir müavini olur və
şübhəsiz partiya xətti ilə daha yuxarılara
qalxacaqdı, əgər Heydər Əliyevin Siyasi Büronun
üzvlüyü və SSRİ Nazirlər Soveti Sədrinin
birinci müavini vəzifəsindən istefası olmasaydı. Bundan sonra respublikada Əliyev kadrlarının əməlli
başlı “təmizlənməsi”nə başlanıldı.
Onun qohumlarını da işdən
çıxarırdılar. 1989-cu ildə
növbə Zərifə Quliyevaya çatdı.
Biləndə ki, onun yeganə
“günahı” qəzəbə tuş gəlmiş Siyasi
Büro üzvünün qohumu olmağıdır Zərifə
xanım qısa və tutarlı cavab verdi:
“Əgər məni Heydər Əliyevin adına görə vəzifədən
götürürlərsə, mən bununla ancaq fəxr edə
bilərəm. Bu mənim üçün
böyük şərəfdir”. Və
artıq söz demədən işdən çıxmaq haqda ərizə
yazmışdır.
1987-ci ildən ailənin həyatında
ağır sınaqlar dövrü başladı. Bəzi
tanışlar Zərifə xanımla salam-kalamı kəsmiş,
onu gördükdə isə küçənin o biri tərəfinə
keçməyə tələsmişlər. Zərifə xanım bir müddət işsiz
dolaşmış, sonra isə Keşlə
maşınqayırma zavodunda 17¹-li Tibbi-sanitar hissənin
müdiri olmaq təklifini qəbul etmişdir. Zərifənin
seçmək imkanı yox idi: anası, həmçinin
oğluyla azyaşlı bacısı qızı gözlərini
ona dikmişdilər. O, ailənin yeganə çörəkgətirəni
idi. Çox olub ki, işdən çıxıb (zavod Moskva
prospektində yerləşirdi, indi - Heydər Əliyev
prospektidir), cibində əlinə xırda pul dəyib və qərara
gəlib: yaxşısı budur evə piyada gedim. Maaşa qədər olan-qalan xırdaya isə 2
çörək alaram. Və Gənclik
meydanında DTK işçilərinin evi yerləşən
dairəyəcən bir neçə kilometr piyada gedirdi. XX əsrin 60-cı illərinin sonlarında
atasına bu binada mənzil vermişdilər, Zərifə
xanımın bütün ömrü elə bu binada
keçmişdir. Buranı heç bir “Novostroyka”ya dəyişə
bilməmişdir,
axı ata evində hər xırda şey, hər
xırda əşya ona valideynlərini və həyatdan
vaxtsız köçmüş oğlunu xatırladır.
Zərifə xanım
ümumiyyətlə çox sadiq insandır, seçdiyi
prinsiplərə heç vaxt xəyanət etməz. 1992-ci ildə
Naxçıvanda Yeni Azərbaycan Partiyası yaradılanda, Zərifə
xanım onun ən fəal təbliğatçılarından
biri olmuşdur. O, Keşlə maşınqayırma
zavodunda Yeni Azərbaycan Partiyasının özəyini təşkil
etmişdir. Sonra isə Xeyrulla Hümbətov adlı tanış cavan oğlanla (bu gün o, Azərbaycan
dəmir yollarında Yeni Azərbaycan Partiya təşkilatına
başçılıq edir) Moskva prospektində yerləşən
digər zavodlarda elə bu cür özəklər
yaratmağa başlayır. Bir-birinin ardınca
şifer, lampa, EVM zavodlarını, ət kombinatını və
başqa müəssisələri dolaşır, fəhlələri
yeni təşkilata yazılmağa təşviq edirdi.
Partiyaya Heydər Əliyevin başçılıq edəcəyini
eşidib, “Yeni Azərbaycan”a həvəslə
üzv olurdular. Yorulmaq bilməyən zavod
tibbi-sanitar hissə müdirinin fəaliyyətini isə bədxahlar
diqqətlə izləməyə başlamışdılar.
Bir dəfə axşamdan keçmiş Zərifə
xanım zavodun giriş qapısından çıxarkən
peysərindən taxta çubuqla güclü zərbə
aldı. Qadın az qala huşunu itirəcəkdi.
Sonra bir neçə gün evdə,
başında güclü ağrılarla yataqda qaldı.
Ayağa qalxdıqda isə təşviqat
üzrə fəaliyyətini daha artıq fəallıqla davam
etdirdi. Və düşmənlər ürəklərində
zahirən incə, zərif qadının mərdliyinə
heyran qalaraq geri çəkildilər.
Qəhrəmanımın hələ
partiya işi zamanlarından qoşulduğu ictimai fəaliyyətinə
toxunmaya bilmərəm. 1992-1993-cü illərdə Zərifə xanım zavod fəhlələrinin
qan verməsini təşkil etdi, Qanköçürmə İnstitutu ilə
razılaşdı, səyyar həkim briqadaları yaratdı.
O zaman onun təşəbbüsü ilə bu aksiyada minlərlə
adam iştirak etdi, bunun nəticəsində
cəbhə qospitallarına tonlarla qan göndərilirdi. Aksiya iki ilə yaxın - düz 1994-cü ildə atəşkəs
elan olunanadək davam etmişdir.
Heydər Əliyevin hakimiyyətə
qayıtmasının mənim qəhrəmanım
üçün əsl bayram olduğunu söyləməyə
ehtiyac yoxdur! Onun fəaliyyətinin yeni, daha məhsuldar dövrü başlandı...
1995-dən 2006-cı ilə
kimi Zərifə xanım Nəsimi rayonu səhiyyə
şöbəsinin müdiri işləmiş və onu
tanıyan insanların söylədiyinə görə
götürdüyü vəzifə yükünün öhdəsindən
böyük ləyaqət və şərəflə gəlmişdir. Bu və ya digər
problemlərinin həllinə (təkcə müalicə
sarıdan yox) real şəkildə kömək etdiyi
insanların sayı isə yüzlərlədir. O,
çox şeyi vəzifə səlahiyyətlərinə
görə deyil, qəlbinin çağırışına
görə edib. Buna bir misal: 1994-cü ildə Bakı
metrosunda baş vermiş partlayışda gənc qız
nişanlısı ilə həlak olmuşdu. Qızın
anası Nəsimi rayonu ərazisində yaşayırdı və
1995-ci ildə buranın, həssaslığı haqqında
çox eşitdiyi yeni səhiyyə rəisinin yanına gəlir.
O vaxt çətin dövr idi və ana Zərifə
xanımdan xahiş edir ki, qızının qəbri
üstünün götürülməsi üçün
icraiyyə nümayədənlərindən kiməsə zəng
etsin. Zərifə heç kimə zəng vurmur
və həlak olmuş gənclərin qəbir
üstünü öz vəsaiti hesabına layiqli şəkildə
götüzdürür. Zərifə xanımın
tamamilə tanımadığı insanlara bu cür təmənnasız
yardımından saatlarla misal çəkib danışmaq
olar...
Səhiyyənin rayon bölmələrinin
ləğv edilməsindən sonra Zərifə Quliyevaya
Bakıda məşhur “Gözəllik İnstitutu”na rəhbərlik təklif edildi. Bununla yanaşı, Bakıda SEBA adında ilk şərq
təbabəti klinikası yaradılırdı. Orada yüksəkixtisaslı Koreya həkimləri
çalışırlar. Zərifə
xanım bu tibb müəssisəsini bina edənlərdəndir
və indi də ona rəhbərlik edir. Klinika
çox populyardır və təkcə Bakıda yox. Bir
misal çəkim: mənim “İlham Əliyev. Prezidentin
dəyişikliklər fonunda portreti” kitabımın Moskvada təqdimat
mərasimində məşhur Beynəlxalq Münasibətlər
İnstitutunun rektoru Anatoliy Torkunov iştirak edirdi. İxtisasca o, koreyaşünasdır. Və Azərbaycanda
müxtəlif sahələrin inkişafından
danışarkən Anatoliy Vasilyeviç 10 il
ərzində çoxprofilli müalicə müəssisəsinədək
genişlənmiş SEBA klinikasını ən xoş
sözlərlə xatırladı. Bir çox məşhur
həkimlər bu klinikada işləməyi özlərinə
şərəf bilirlər və əsas odur ki, Koreyadan dəvət
olunmuş mütəxəssislər məşhur şərq
təbabətinin ən qabaqcıl metodlarını tətbiq
edirlər.
Xeyirxahlıq etməyə
tələsin!
Xatirimdədir, məşhur
Sovet dramaturqu Mixail Roşinin pyesi belə adlanırdı. Sanki bu pyes Zərifə
Quliyeva barəsində yazılıb. O, uzun illərdir
ki, xeyriyyəçiliklə məşğuldur. Və onun çoxşaxəli fəaliyyətinin bu
yönü haqda Nəsimi rayonundakı bir çox ictimai təşkilat
rəhbəri - istər Qarabağ əlilləri təşkilatı
olsun, istər “Çernobıl əlilləri ittifaqı”
İctimai Birliyi - minnətdarlıqla xatırlayır. Məsələn, bu ittifaqın Nəsimi və Səbail
filiallarının sədri Xələf Nəcəfov deyir ki,
Zərifə Quliyeva həmişə - qəmdə də,
sevincdə də çernobılçıların yanında
olub. O, Çernobıl AES-də qəzanı aradan
qaldıranların bir çoxunun ailəsini şəxsən
tanıyırdı, onlara maddi sarıdan yardım edirdi,
paytaxtın tibb müəssisələrinə pulsuz müalicə,
sanatoriyalara putyovkalar təşkil edirdi. Bayramlarda
isə onlar üçün həmişə süfrə
açırdı. Və bu ünsiyyət
bu günəcən davam edir.
Respublika “20 Yanvar” ictimai təşkilatının
Nəsimi rayonu filialının sədri Tofiq Allahverdiyevin
söylədikləri:
“Zərifə xanım
haqqında saatlarla danışa bilərəm, heyf ki, məqalənizin
həcmi hər şeyi təfərrüatı ilə
danışmağa imkan vermir. Onun kimilərini əvvəllər
“şəfqət bacısı” adlandırırdılar.
O, bu gün də problemlərimizlə maraqlanır, hər il yadetmə günlərində xeyriyyə
aksiyaları təşkil edir. Mənim isə əsl
xilaskarım olub: 2015-ci ildə səhhətim kritik idi. Diabetlə bağlı ayaqlarımın
amputasiyası məsələsi ortaya
çıxmışdı. Onda məhz Zərifə
Quliyevanın vaxtında yardımı və dəstəyi sayəsində
bəladan qurtula bildim. Mən bu qeyri-adi
qadına ömrümün sonunadək minnətdar olacam.
Bilirəm ki, həyatının müxtəlif
illərində əl tutduğu onlarla, bəlkə lap yüzlərlə
insan sizə buna bənzər hadisə danışa bilər”.
2008-ci ildə Zərifə
xanım Nəsimi rayon Ağbircək və Fəal Qadınlar
Şurasının sədri seçildi. Oradakı fəaliyyəti
ilə o, Nəsimi rayonu icra hakimiyyəti
başçısının (Milli Məclisin deputatı Nəsib
Məhəməliyev 10 ilə yaxın bu təşkilata rəhbərlik
etmişdir) həqiqətən əvəzedilməz köməkçisi
və məsləkdaşı olmuşdur. Həmkarım Zərifə
Quliyeva haqqında danışanda üzünə təbəssüm
çökür: “Zərifə xanım rayonun bütün
ictimai işlərində təkcə fəal iştirak
etmirdi, həm də bir çox humanitar xətlə xeyriyyə
layihələrinin təşəbbüsçüsü idi. Biz onunla həm də bir insan kimi yaxın olduq,
çünki baxışlarımız, dövlətçiliyə,
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin
ideallarına münasibətimiz uyğun gəlirdi. O, bu
ideyalara fədakarcasına sadiq insandır, başlıcası
isə bu idealları səmimiliklə yayır ki, bu da simpatiya
doğurmaya bilməz. Təəssüf ki, bu
gün bizdə mesenat və xeyriyyəçilər azdır.
O isə həyatda bir çox insanlara, xüsusilə xəstə
və tənha insanlara, şəhidlərə, Qarabağ əlillərinə
dəstək olmuşdur. Onun çox prinsipial və
aydın vətəndaş mövqeyi var. Dəstəkləmədiyi
heç bir humanitar təşəbbüs
olmamışdır. O öz vətəndaşlıq
borcunu 100 faiz yerinə yetirmişdir. Sonsuz dərəcədə
xeyirxah, şəfqətli insan, önündə baş əyiləsi
qadındır. Ümumiyyətlə isə o, çox
vaxt əsl kişi kimi rəftar edir. Mən onun qəlbinin genişliyinə sadəcə
heyrət edirəm. Bir də, o öz xeyirxah hərəkətlərini
heç vaxt gözə soxmurdu. Bu
özü də bizi yaxınlaşdırırdı”.
Nəsib Məhəməliyev
son sözlərini şəxsən təsdiq edirəm. Qəribə işdi: mən
Zərifə Quliyevayla kifayət qədər sıx-sıx
ünsiyyətdə oluram, müxtəlif tədbirlərdə,
ailə çevrəsində görüşürəm. Lakin ondan öz ünvanına tərifli bir söz
yaxud xeyriyyəçiliklə fəal surətdə məşğul
olmasına bir eyham belə eşitməmişəm. Halbuki, nə gizlədim, “mesenat” adlandırılan
başqası kiməsə beş-on qəpiklik nə isə
edir, sonra aləmə öz əlaçıqlığından
car çəkir. Zərifə isə xalq məsəlində
deyildiyi kimi, başqa prinsiplə yaşayır:
Yaxşılıq et, at dənizə. Xalq bilməsə, xaliq bilər”.
Yeni Azərbaycan Partiyası
Nəsimi rayon təşkilatının rəhbəri Məlahət
İbrahimqızı uzun illərdir ki Zərifə Quliyevayla
tanışdır. O mənə bunları dedi:
“Mən Zərifə xanımı 30
ildən artıqdır ki, tanıyıram.... Hələ
1985-ci ildən o,
Nizami rayon Kommunist Partiyasında baş təlimatçı
idi... Həmin illər idi ki, gənc mütəxəssis kimi partiya
sıralarına qəbul olunmağımda, eləcə
sonrakı fəaliyyətimdə onun
çox ciddi dəstəyini
gördüm. Ürəyi çox kövrək və
insanlara diqqəti ilə
seçilən, Zərifə xanım öz işində hədsiz məsuliyyətli, ciddi və tələbkar
idi. Tale elə gətirdi ki, hər ikimizin ictimai-siyasi və əmək
fəaliyyətimiz
bugünədək paralel davam edir. İlk gündən
onu insanlara dəstək
verməkdən zövq almaqdan yorulmayan br insan kimi tanıdım. Ən çətin
və ziddiyyətli dönəmlərdə, qərəzlərin
və ədalətsizliklərin onun özünə qarşı da
olduğu dövrdə o,
başqalarına kömək edirdi, əl tuturdu... Məhz o
çətin, anarxiya
və xaosun hökm
sürdüyü 1987-1993-cü
illərdə Zərifə xanımın qətiyyətini,
prinsipiallığını, mövqeyini, mərdliyini və
sədaqətini gördüm... Biz gənclər
Zərifə xanım kimi (baxmayaraq onun özü də gənc
idi) insanların köməyi və cəsarəti ilə o
zamanlar ayaqda qala bildik. O bu
gün də eyni prinsip, amal və əqidə ilə
çalışır, fəaliyyət göstərir..”.
Təəccüb edirəm: bu
qadın hər şeyə necə vaxt tapır! Həm iki klinikaya rəhbərlik edir, həm ölkənin
ictimai-siyasi həyatında fəal iştirak edir, həm də
xeyriyyəçiliklə məşğul olur. SEBA
klinikasında ona baş çəkirsən, elə bil
Smolnıya düşürsən: baş həkimin kabineti
taybatay açıqdı, Zərifə xanım eyni vaxtda iki
telefonla danışır, paralel olaraq personala
tapşırıq verməyə imkan tapır. Pasientləri
qarşılayıb yola salır, o yandan da bu və ya digər
otaqların yenidən təchiz edilməsiylə məşğul
olan təmir briqadasına rəhbərlik edir.
Bunlar azmış kimi, bir də Yeni
Azərbaycan Partiyasının bütün tədbirlərində
iştirakı! Yeri gəlmişkən, Zərifə
xanım partiyanın 5 qurultayında və Azərbaycan
qadınlarının 4 qurultayında nümayəndə kimi
iştirak etmişdir. 2014-cü ildə isə
YAP Qadınlar şurasının konfransında Zərifə
Quliyeva bu təşkilatın idarə heyətinin üzvü
seçilmişdir.
Yeni Azərbaycan Prtiyası
Qadınlar şurasının sədri, Bakı Slavyan
Universitetinin rektoru Nurlana Əliyeva öz məsləkdaşı
haqqında belə deyir:
“Hər bir insanın xarakteri
- onun ailədə tərbiyəsinin nəticəsidir. Siz Zərifə
xanımın hansı ailədə
böyüdüyünü bilirsiniz. Təmkinli,
dözümlü insanlar adətən çox dərin olurlar.
Onlar hər insana düzgün qiymət vermək
qabiliyyətinə malikdirlər. Və bunu
səssiz-küysüz, təlaşsız edirlər. Mən uzun illərdir ki, Zərifə xanımı məhz
bu cür tanıyıram. Onu təmkinliliyi
ilə yanaşı, insanlara, ölkəsinə, Azərbaycan
rəhbərliyinə böyük sevgi fərqləndirir.
O, satqınlığı, paxıllığı qəbul
etmir, etibarsız insanları həzm edə bilmir. O, ədalət
və həqiqət uğrunda böyük mübarizdir. Və eyni zamanda, təbiətcə çox həssas
və incə xarakterə malikdir.
Zərifə Quliyeva uzun illərdir
ki, YAP fəalıdır, həmişə bu və ya digər
tədbirin reallaşmasına kömək, yardım etməyə
hazırdır. Və bunu həmişə təmənnasız
edir. 2016-cı ilin aprelində cəbhədə
döyüşlər zamanı Qadınlar şurasının
idarə heyəti üzvləri yaralılara baş çəkmək
üçün hərbi hospitala yollandılar. Əlbəttə, bu hadisələr hamını həyəcanlandırmışdı,
lakin Zərifə xanım göz yaşlarını saxlaya
bilmirdi. Bununla belə o, döyüşçülərlə
elə ürəkdən, elə ruh yüksəkliyiylə
danışırdı ki, yaralılar cavabında bizə
deyirdilər: sağalan kimi dərhal cəbhəyə
yollanacağıq.
Biz ümumiyyətlə
onunla cürbəcür situasiyalarda - rayonlarda, müxtəlif
görüşlərdə, siyasi aksiyaların keçirilməsində
olurduq. Bilirsiniz, o, bu görüşlərdə
insanların ürəyinə çox tez yol tapır,
çünki həmişə səmimi, özü kimi olur.
Zərifə xanım bütün qəlbi ilə
Azərbaycan təbiətinin, insanlarımızın
vurğunudur, dövlətçiliyimizlə fəxr edir.
Və mənə çox xoşdur ki, məhz onun kimi - biganə olmayan, səmimi,
fəal vətəndaş mövqeyinə malik adamlar Yeni Azərbaycan
Partiyası Qadınlar şurasının idarə heyətində
mövcuddur”.
Son söz yerinə
Bununla belə, Zərifə Quliyeva bu qədər sevdiyi jurnalistikaya gəldi. O, məqalələri ilə dövri mətbuatda tez-tez çıxış edir, ölkənin müxtəlif ictimai və siyasi məsələləri ilə bağlı müsahibələr verir. Bundan başqa, onun tərəfindən, həyatdan vaxtsız köçmüş oğlunun xatirəsinə dörd kitab yazılmışdır. Bu kitabları oxumaq mümkün deyil, hər səhifəsi olmazın əzab və iztirabı təcəssüm etdirir. Orada Zərifə Orxanın şeirləri də var (o, oğlunun adını özünə təxəllüs kimi götürmüşdür), onlar da bir o qədər kəskin-kədərli və eyni zamanda onun nəsri kimi işıqlıdırlar.
...Müxtəlif ictimai və dövlət təşkilatlarının, kütləvi medianın, eləcə də Yeni Azərbaycan Partiyası rəhbərliyinin Zərifə xanım Quliyevaya layiq gördüyü bütün mükafatları, fəxri fərmanları sadalamayacağam. Bu ictimai etirafdır, bu məhəbbətdir, əlbəttə, bunlar onun qəlbini isidir. Fəqət, bu dünyada yalnız bir şey ona rahatlıq gətirə, gözlərində məskən salmış əbədi kədəri sovuşdura bilər.
Mən inanıram ki, nə zamansa o “bir şey” baş verəcək. Ümid edirəm ki, Zərifə xanımın yeganə nəvəsi Ayxan, kiminlə ki onu körpəlikdən qəddarcasına ayırıb görməyə belə qoymayıblar, tezliklə cavan, müstəqil düşüncəli bir şəxs olacaq. Bir gün o, Zərifə xanımın yanına gəlib deyəcək: “Nənə, mən səni çox istəyirəm. Sən həyatda çox əziyyətlər çəkmisən, amma indi mən həmişə yanında olacam”. Və hərarətlə sevdiyi nəvəsinin bu etirafı nəhayət onu taleyin ziddiyyətləri ilə barışdıracaq, ömrünə uzun-uzun illər qatacaqdır. İnanıram ki, belə də olacaq!
Hələlik isə qəhrəmanıma
həmişəki dözüm və mətanəti
arzulayıram. Bir də insanlara xidmət etməyin çətin
yollarını sonacan keçmək üçün möhkəm
can- sağlığı, uzun ömür. Zərifə
xanım kimi insanlar ilıq, üryan qəlbləriylə həyatımızı
daha işıqlı və daha təmiz edirlər. Axı bu
dünya, necə olsa, kobudluq və kin üzərində yox,
şəfqət üzərində dayanmışdır.
Elmira AXUNDOVA
yazıçı-publisist,
Dövlət mükafatı laureatı
525-ci qəzet.
- 2017.- 11 fevral.- S.10-11.