Bəhruz Kəngərlinin ölümsüz yaradıcılıq irsi: hər zaman diqqət mərkəzində

 

 

Əsrlər boyu özünün yeraltı yerüstü, maddi mənəvi  sərvətləri ilə dünya səyyahlarının diqqətini cəlb etmiş Naxçıvan diyarı bu gün, eyni zamanda, yeni tipli memarlıq abidələri ilə dünya mədəniyyətinə yeni səhifələr yazmaqdadır.

 

Naxçıvanda yeni yaradılan muzey kompleksləri deməyə əsas verir ki, bəli, qədim diyar özünün neointibah mərhələsini yaşayır. Tərəddüdsüz bu gün Naxçıvanı muzeylər şəhəri adlandırmaq olar. Əlbəttə, Naxçıvanda yaradılan hər bir muzey bu torpağın bəşər tarixinə bəxş etdiyi görkəmli şəxsiyyətlərin dühasından söz açmaqdadır. Bu mənada, Naxçıvan muzeyləri sırasında Bəhruz Kəngərli Muzeyi mənəvi dəyərlərimizin monumental məbədləri olması baxımından diqqəti cəlb edir.

 

Əlbəttə bu möhtəşəm məbədlərin yaradılması, birbaşa dünya şöhrətli siyasətçi, ümummilli lider, ulu öndər Heydər Əliyevə məxsus azərbaycançılıq təliminin göstəricisidir. Məlumdur ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın tarixində öz sözünü demiş, hər bir görkəmli şəxsiyyəti yüksək dəyərləndirmiş, onların adının yaşadılmasını daim vacib gərəkli saymışdır. Azərbaycan rəssamlığının görkəmli nümayəndəsi Bəhruz Kəngərli ulu öndərin estetik dünyasında yer tutan sənət adamlarından olmuşdur.

 

Bəhruz Kəngərli Azərbaycan rəssamlığında yeni bir mərhələnin - realizmin əsasını qoymuş rəssamlığı orta əsrlərdən qalmış, miniatür sənətinin təsirlərindən xilas etmişdir. Rəssamlıq sənətini o, XX əsrin əvvəllərində təhsil aldığı Tiflis Rəssamlıq Heykəltaraşlıq Məktəbində peşəkar səviyyəsində öyrənmişdir. Qeyd etdiyimiz kimi böyük istedad sahibi olan Bəhruz Kəngərli Azərbaycan realist rəssamlıq sənətinin banisidir. Təsviri sənətin tədqiqatçılarının fikrincə, Bəhruz Kəngərli "30 il yaşamış, lakin uşaqlıq yeniyetməlik dövrü istisna olarsa, sənətə həsr etdiyi 7 il ərzində 2000 əsər yaradıb təsviri sənətdə özündən sonra zəngin irs qoymuşdur. Bəhruz Kəngərli Azərbaycanda realist dəzgah boyakarlığının, portret, mənzərə, natürmort, süjetli-tematik teatr-dekorasiya janrlarının peşəkar həlli ifadəsinin əsasını qoyub".

 

Bəzən çox qısa yaşanmış bir ömür əbədi olmağa, ölməzlik adını layiqincə daşımağa kifayət edir. Elə ömrünün 30-cu ilində bu dünyanı tərk edən gənc rəssamımız Bəhruz Kəngərlinin ömrü kimi... Həyatda çox qısa ömür sürmüş Bəhruz Kəngərli dərin təfəkkürlü qızıl fırçalı rəssam kimi ədəbi ömrünün əbədiliyinə qətiyyətlə imza atmışdır. Bu görkəmli rəssamın həyatı təzadlarla, qəribəliklərlə dolu idi.

 

Tale heç ona qarşı hər zaman xoş davranmamış, uşaqlıqda keçirdiyi ciddi xəstəlik gənc rəssamı eşitmə problemi ilə üz-üzə qoymuşdu. Ancaq yaşadığı bu çətinlik onun rəssamlığa olan bağlılığını qətiyyən azaltmamış, həyat eşqinin alovlanmasına əngəl ola bilməmişdi. Bəhruz Kəngərlinin sənətə olan sevgisini rəssamın analığı Şirin xanım belə xatırlayırdı: "Əvvəllər mən, atası Bəhruzun şəkil çəkməsinə əhəmiyyət verməzdik. Hətta biz heyifslənirdik ki, o, vaxtının çoxunu şəkil çəkməyə sərf edir. Amma sonralar atası onun istedadına inanmağa başladı, onun üçün Tiflisdən kağız, karandaş, rəng gətirdi".

 

Uşaq vaxtı ağır xəstəlik keçirən Bəhruz Kəngərli bu ağrı-acılara sinə gərmək üçün fırçadan möhkəm yapışaraq çox erkən yaşlarında rəssamlığa meyl göstərmişdir.

 

Qədim Naxçıvan torpağında, Naxçıvan şəhərində doğulub boya-başa çatması, burada yaşaması Bəhruz Kəngərlinin rəsm əsərlərində bu qədim diyara həsr olunmuş mövzuların çox olmasına səbəb olub. Bəhruz Kəngərlinin rəsm əsərləri doğma Naxçıvan torpağının hənirtisinin, isti nəfəsinin, sərt görkəminin rənglərindən yoğrulmuşdur. Onun sənətində Naxçıvan mövzusu geniş yer tutur. Bəhruz Kəngərlinin 1916-cı ildə çəkdiyi "Qarlı Dağlar" əsərində Ağrıdağın Naxçıvandan görünüşü bütün təbii rəngləri ilə ifadə olunmuşdur.

 

O, Nuh peyğəmbərin Naxçıvandakı qədim məzarını bir neçə dəfə sulu boya ilə kətan üzərində canlandırmışdır. Bu gün həmin rəsmlər həm tarixi mənbə kimi qəbul olunur. Nuh peyğəmbərin Naxçıvandakı məzarüstü türbəsinin yerini müəyyən edərkən bir neçə mənbə ilə yanaşı, həm Bəhruz Kəngərlinin "Nuhun qəbri" adlı rəsm əsərləri çox mühüm rol oynayır.

 

"Nuhun türbəsi"nin xarici görünüşü, tikinti quruluşu, memarlıq üslubu haqqında ən sanballı nadir mənbələrdən biri Azərbaycanın ilk peşəkar rəssamı, Azərbaycan təsviri incəsənətində realist plener boyakarlığın əsasını qoyan naxçıvanlı rəssam Bəhruz Kəngərlinin naturadan çəkdiyi "Nuhun türbəsi" ilə bağlı silsilə əsərləridir. Rəssamın "Nuhun qəbri" adlandırdığı bu əsərlərdən beşi, o cümlədən, bir orijinal, dörd reproduksiya (fotoqrafiya üsulu ilə şəkildən surət çıxarma) Naxçıvan şəhərindəki Bəhruz Kəngərli muzeyində nümayiş etdirilir. Rəssamın Naxçıvan şəhərindəki Bəhruz Kəngərli muzeyində saxlanılan "Nuhun qəbri" əsəri bu adda nümayiş etdirilən yeganə orijinal boyakarlıq əsəridir. Tablonu rəssam yağlı boya ilə kətan parça üzərində yaratmışdır. Ölçüsü 30x33 sm-dir. Əsərin 1921-ci il yayın sonunda çəkildiyi güman edilir. Bu fikri əsaslandıran amillərdən biri türbənin 1920-ci ildəki görünüşünə nisbətən daha çox dağıntıya məruz qalmasıdır. Tablonun yayda çəkildiyi isə naturanın əsas fonunu təşkil edən dağların ağacların rənginə, eləcə birinci plandakı ot bitkilərinin zəngin rəng çalarlarından əsər üzərinə çökmüş isti hava effektindən asanlıqla təyin etmək olur. Türbənin uçuq divarlarına sərdabə qapısına düşən kölgələr, ətrafda təsvir olunan detallardakı işıq-kölgə münasibətləri əsərin günorta vaxtı çəkildiyini göstərir. Tabloda işlədilən rənglər günəşin düşmə bucağından asılı olaraq naturanın havanın aldığı rənglərə uyğun olan isti tünd tonlarda həll edilmişdir. 

 

Bəhruz Kəngərlinin 1916-cı ildə çəkdiyi "Çoban sürüsü ilə", 1921-ci ildə çəkdiyi "Yamxanaya gedən yol", yenə 1921-ci ildə çəkdiyi "İlandağ mənzərəsi" "Naxçıvan yadigarı" silsiləsindən olan rəsm əsərlərindəndir. Bu tablolarda rənglərlə birlikdə kətan üzərinə köçürülmüş Naxçıvan torpağının o dövrdəki vəziyyətini görmək olur.

 

Bəhruz Kəngərlinin "Qaçqınlar" silsiləsinə daxil olan rəsm əsərləri Azərbaycan təsviri sənətinin nadir sənətkarlıq nümunələrindən sayılır. Qaçqınların vəziyyəti, geyimi, məişəti, psixologiyası, ağrıları və ümidləri heç bir əsərdə Bəhruz Kəngərlinin rəsmlərindəki qədər dərin və incə cizgilərlə ifadə olunmayıb. Rəsmlərində bir neçə sujet ətrafında birləşmiş insanların taleyini Bəhruz Kəngərlinin "Qaçqınlar" epopeyası adlandırmaq mümkündür.

 

(Ardı var)

 

Toğrul CƏFƏRLİ

Naxçıvan Dövlət Universitetinin "Təsviri incəsənət tarixi və nəzəriyyəsi" üzrə II kurs magistrantı

 

525-ci qəzet.- 2017.- 21 fevral.- S.6.