“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

I cild (noyabr 1918 - aprel 1920)

 

Azərbaycan Məclisi-Məbusanında

(keçən nömrədən mabəd)

Musa bəy Rəfiyev - (Məruzəçi. “Müsavat”) Aşurov həzrətləri nitqlərində bir-iki söz söylədilər ki, onunla da büdcə-maliyyə komissiyasına yeni bir vəzifə vermiş oldular.

Natiq diyor ki, maliyyə-büdcə komissiyasının varidat barəsində bir nəzəri varmı, mədaxil yollarını niyə göstərməyib, yaxud mədaxil yollarını niyə sormayıbdur? Bu bizim vəzifəmiz deyil. Komissiya böylə bir vəzifə ifasına borclu degildir. Büdcə-maliyyə komissiyası ancaq bunu müzakirə edir ki, bu pul verilsin, ya yox. Bir də əgər kənar bir təşkilata pul verilməli olsa, komissiya onun etibarlı olub-olmadığını təhqiq etməlidir. Bir də Sultan Məcid ilə Məhəmmədbəyov deyirlər bələdiyyə idarəsi etibarlıdır, istədigi qədər pul verilə bilər. Bəli şəhərin o qədər etibarı var ki, 50-100, hətta 150 milyon da borc edə bilər. Hələ qədimdə ingilis bankları şəhərimizdə 28 milyon etibar ediyorlardı. Əcəba şimdi biz öz paytaxtımız olan Bakıya 7 milyon vermək məsələsini qalxızmaq lazımmıdır? Özgə 30 milyon etibar etdigi bir şəhərə biz 7 milyondamı etibar etməyəcəgiz? Hərgah şəhərə bu pullar verilməzsə, hökumətin borcudur küçələri təmir etdirsin, xəstəxanələri və məktəbləri saxlasın və sairəyi öz öhdəsinə alsın. Əhməd bəy buyurdu ki, şəhərin üsulu da düz degildir. Büdcə-maliyyə komissiyası da bu xüsusda müəyyən təklif təqdim ediyor. Əvət, şəhərin üsulu düz degildir. Ona görə də məzkur komissiya daxiliyyə nəzarətinə təklif ediyor ki, bələdiyyə intixabatı həqqində sürətlə bir qanun tərtib və Məclisi-Məbusana təqdim etsin. Şimdiyə qədər şəhərin öz təşkilatı vardı və bütün işlər bu təşkilat ilə idarə olunurdu. Bələdiyyə idarəsi bu ana qədər öz vəzifəsini mümkün olan qədər ifa etmişdir. Fəqət bundan böylə daxiliyyə nəzarəti bələdiyyə seçki qanunu hazırlamalıdır ki, şəhər idarələri demokratik üsul ilə seçilsin və idarə olunsunlar.

Qanun səsə qoyularaq əksəriyyəti-ara ilə qəbul olunur. Borcun faizsiz olaraq buraxılması həqqində sosialistlər tərəfindən və 10 il müddətinə verilməsi barəsində Aşurov tərəfindən varid olan təklif qəbula keçiyor.

Növbədə: Dəmiryol təarifəsinin artması məsələsidir.

Abuzər bəy Rzayev - (Məruzəçi) Keçən iclasda dəmiryol təariflərinin artırılması məsələsinə baxdıq. Bu məsələ xeyli mühüm və cəmaətə zərər toxuna biləcəgi ehtimal daxilində olduğundan parlaman qət elədi ki, layihə çap olunub fraksiyalara göndərilsin. Qanun layihəsi çap olunub fraksiyalara göndərildi. İmdi fraksiyaların fikrini bilmək lazımdır.

Qənizadə Sultan Məcid - (“İttihad”) Keçən dəfə danışıldı ki, dəmiryol təarifləri artsın. Təarifi bir dəfə də Seym artırmışdı. İmdi o təarifləri də bir daha artırmaq istiyorlar. Bən öylə biliyoram ki, dəmiryol əmələlərinin məvacibi və sair xərclər artmış olduğundan təarifləri artırmamaq olmayacaqdır. Çünki ayda bir milyon manat zərər var. Əgər kirayə artsa güman ediyoram zərər olmaz. Ona görə malların kirayəsinin artırılmasına riza vermək olar. Malın üstünə nə qədər pul gəlsə alış-verişçi də cəmaətin boynuna qoyacaqdır. Onsuz da alış-verişçilər storoja, streloçnikə və sairlərinə pul verir. 15 əvəzinə 30 artırsaq da alış-verişçiyə təfavüt etməz. Ona görə bən buna etiraz etməyib mal kirayəsinin artırılmasına riza veriyoram. Tainki yolun xərc və məxarici çıxsın. Amma sərnişin kirayələrinin artırılmasına riza verə bilmərəm. Biri var tacirdir ki, öz mənfəəti üçün gediyor. Verdigi pulu da malın üzərinə gələcəkdir. Bir də var ki, vacib bir iş üçün başqa bir şəhərə gedir. Heç mənfəəti də yoxdur. Məsələn, Gəncədən teleqraf gəlir ki, ailəsi naxoşdur. Əvvəl 5 manat verdigi halda imdi 160 manat yol kirayəsi verməli oluyor ki, bu da kasıblar üçün xeyli müşküldür. Bu zülmdür. Buna heç vəqt riza vermək olmaz ki, sərnişin biletləri də mal kirayəsi kibi artırılsın. Ona görə bən rica edirəm ki, parlaman yol təariflərinin artmasını layihədə göstərildigi kibi qəbul etsin. Amma sərnişin biletlərini artırmasın. Seym qoyduğu qərar üzrə qiymətlər baqi qalsın.

Ağa Eminov - (Müsavat) Keçən həftə təariflərin artırılması həqqindəki qanun layihəsi qəbul edilmədi. Təriq və məabir naziri buyurdular ki, dəmiryolunun ayda 8 milyon manat zərəri var. İmdi deməli keçən həftə qanunu qəbul etmədigimizə görə 70-80 min olmaq üzrə bu vəqtədək 2 milyon zərər etmiş oluyoruz. Hələlik yolun mədaxili olmadığına görə bu zərərləri ödəmək üçün ya təarifləri artırmaq, yaxud kağız pulları çoxaltmaq lazım gəliyor. Pulların çoxalması qədər qiymətinin azalmasına və şeylərin bahalaşmasına səbəb oluyor. Bugünki iclasa sair smetalar dəxi gəlmişlərdir. Bunlar əsla mədaxili olmayan nəzarətlərdə məvaciblərin artırılması və qeyri-məsarif həqqindədir. Bunların da artırılması ilə yenə də kağız pul artacaqdır. Bəzi natiqlər dedilər ki, sərnişin biletləri təarifi artmasın. Amma burasını bilməlidir ki, bu saat dəmiryolu ilə gedənlərin əksəri alış-verişçidir. Kəndçilər isə dəmiryolu ilə ancaq quberniya şəhərlərinə gediyorlar. Bu da nadirətən düşüyor. Onların çox getdikləri uyezd şəhərləridir ki, oralarda dəmiryolu olmadığından hər kəs öz atı və arabası ilə gediyor. Kəndçilərin quberniya şəhərlərinə gəlmələri üçün 4-cü sinif vaqonları təklif olunur. Bunun da qiyməti 3-cü sinifdən ucuzdur. Böylə ki, Seym qabaqda 6 dəfə artırdığı 3-cü sinifdən imdiki 4-cü sinif daha ucuzdur.

Bir də o vəqt Maksim Qorki adlı 4-cü sinif bir qatar gedirdi ki, bir günlük yola 5 günə ancaq gedib çıxırdı. İmdi isə dəmiryol naziri 4-cü sinfi sərnişin qatarı ilə yola salacaqdır. Bu surətlə fəqir-füqəranın da halı nəzərə alınıb yüngülləşdirilmişdir. Bir də istərdik deyək və sübut edək ki, təariflərin artması malların bahalanmasına səbəb olmayacaqdır. Məsələn, bu saat şəhərdə hər şeydən ucuz kartofdur. Onun da pulu bir manat artırılsa, girvənkəsinə 2 qəpik yarım düşür ki, bu da imdiki vəqtdə bir pul degildir. Bir də buğda 160 manata qalxmışdır. İmdi yenə 120 manata düşmüşdür. Vəhalonki bu vəqt zərfində təarif nə artmış, nə də əksilmişdir. Təarif artmadığı halda ət bahalaşmışdır. Halbuki təarif artsa belə ətin qiymətinə təsir edəməz. Çünki qaramal çöl ilə gətiriliyor. Bu barədə fraksiyaların məlumatı olmadığından təariflərin artmasına riza vermiyorlar. Amma biz təklif edirdik ki, qanun müvəqqəti olduğu üçün qəbul edilsin və arzu edirdik ki, mütləqa müvəqqəti olsun. O vəqtə qədər də yollar naziri ətraflı məlumat toplar və hasil olan məlumatı əsil bir qanun layihəsilə təqdim edər. İmdi isə “Müsavat” fraksiyası bu layihənin qəbulunu təklif edir.

Əhməd Cövdət - Keçən səfərki iclasda bən də, Əbilov cənabları da bu xüsusda öz nöqteyi-nəzərimizi bəyan etdik. Bu gün də məsələ müzakirə olunduğundan, gənə də fraksiya tərəfindən təkrar olaraq diyoruz ki, bizim nöqteyi-nəzərimiz budur ki, bu kibi layihələr parlamana təqdim olunan vəqt nəzarət gərək ətraflıca bütün səfərlər ilə bərabər səhih məlumat versin. Nəzarət diyor ki, ayda 8 milyon zərər oluyor. Və bu zərərləri göstərmək üçün misal olaraq dekabr ayını göstəriyor. Məlumunuzdur ki, dekabr ayı pək qarışıq bir zaman idi.

O zaman bir çox vaqonlar əskərlər tərəfindən alınmış bütün dəmiryol işləri cığırından çıxmış və idarə pərişan bir halda idi. Bu səbəbdən bəlkə o ayda kassaya mədaxil gəlməmiş idi. Lakin getdikcə hərəkət qaidəyə düşüb, işlər düzəlib mədaxil də artmaqdadır. Yanvar ayındakı mədaxili bilmiyoruz. Lakin onu biliyoruz ki, zərər 8 milyon degil, azdır. Yük təariflərinin artmasına sözümüz yox. Amma sərnişin təariflərinin artması füqərayi-kasibənin mənafeyinə toxunacaqdır. Buyurdular ki, füqəra üçün ayrıca 4-cü klas vaqonu buraxılacaqdır. Amma o haman vaqonlardır ki, iləri 36 at doldurulurdu, imdi 100 adam doldurulacaqdır. Amma hər vətəndaşın hüququnu gözləmək lazımdır. Biletləri artırmaq surətilə fəqir-füqəranın at vaqonu ilə getməsinə səbəbiyyət verilməsin. Bu mülahizələr ilədir ki, yük təariflərinin artmasına razı ola bilərik. Amma sərnişin təariflərinin artması əleyhindəyiz. Əgər alış-verişçilər üçün artırılıyorsa, bu pul onlardan başqa qaidə ilə alınsın. Bunun üçün xüsusi bir qanun tərtib verilsin. Nəzarət məxarici qapatmaq üçün yalnız böylə təarif artırmaq və sairə kibi şeylər düşünməyib başqa mədaxil yolları tapmağa çalışsın. Məsələn, bizim Gürcüstanda vaqon və paravozlarımız var. Uzun müddətdən bəri orada saxlanıyorlar. Onlar gərək tezlik ilə alınsınlar. Hökumət və nəzarət bu xüsusda ciddi tədbirlər görməlidir. Bir para vaqon və paravozlarımız var ki, təmirə möhtacdırlar, onların da təmiri ağır gediyor. Səbəbi də taxta əqsamının olmadığıdır. Nəzarət bu xüsusda da tədbirlər görərək haradan mümkün isə tapsın, meşələrə sifariş versin və işlər qabağa getsin. Bir də Hacıqabul stansiyonunda paravozlar dəgişməlidir, vaqonların bir çoxunu agentlər xüsusi işdən ötrü alıyorlar. Bu kibi xüsusi işlərdən ötrü təxsis edilən vaqonların miqdarı azalmalı, hətta tamamilə cəmaətə verilməlidir ki, cəmaət istifadə edə bilsin. Daha bir çox xüsuslar da var ki, tədbir görülsə gediş-gəliş artar və dolayısı ilə mədaxil artaraq zərər azalar. Hətta heç zərər olmaz. Fraksiyamız tərəfindən təklif ediyoruz komisyonun yük təarifəsi artırılması həqqindəki təklifi qəbul edilsin, biletlərin qiyməti isə artırılmasın.

(Yenə var)

 

“Azərbaycan”, 5 mart 1919, ¹129

 

Təriq - yol

Məabir - keçidlər

Əqsam - qisimlər, hissələr

Təəssürat

Vüzəra böhranımız nə oldu? Bitdimi? Bitmədimi? Bitmədi isə nə üçün? Bu cürə ciddi bir zamanda nə məntiq ilə bu böhranı bir bu qədər uzadırlar? Yeni bir kabinə təşkilinə hazır adamlarımız varmı? Varsa pəs neyçin kabinə təşəkkül etmiyor. Bəlkə təşkilinə mane olanlar var? Neyçin mane olurlar? Qorxmurlarmı ki, bu uzun böhran dövlətimizi həmi daxilən və həm də xaricən böyük mümkülata sala bilər?..

Denikin qoşunu paytaxtımızdan tamamiləmi rədd oldu? Nə şərt ilə onları yola saldıq? Silahlımı getdilər, silahsızmı getdilər? Nərəyə getdilər? Dağıstanamı? Pəs Dağıstan buna razı idimi? Şimaldan denikinlər hücumuna məruz qalan dağıstanlılar, cənubdan dəxi denikinlilərin gəlməsinə nə nəzərlə baxarlar? Denikin hücumlarına qarşı dağıstanlı qardaşlarımız yalnızmı müdafiə edirlər? Biz onlara kömək yetirməyə borclu degilmiyik? Dağıstan denikinlilərin çəngalınə keçərsə bizim dövlətimizin halı necə olar?

Nə üçün ingilislər flotun silahlarını aldılar? Kimdən ötrü aldılar? Nədən ötrü ingilislər flotun silahını alıb denikinlərə vermək istiyor, ingilislər ilə Denikinin əlaqəsi nədir? Flotun silahından biz də istifadə edə bilərikmi????

Qərəz bu növ suallardır ki, başımıza dolub, cavab istiyorlar və cavab tapılmadığı halda beynimizi deşəcək dərəcədə bizi incidib istirahətdən salırlar.

Birdən istiyorsan ki, bu sualların hamısına bir kərəlik:

- “Əşşi mən nə bilim?!”

deyib, yaxanı qurtarasan, lakin olmur. Suallar səndən əl çəkmiyorlar. Nərdə olsan, nə halda olsan səni təqib edib cavab istiyorlar. Diyorlar indi ki qəzetəçi olub da bu cürə işlərə qatışırsan, onda bu sualların cavabını ver. Diyorsan ki, bu sualların cavabını gərək hökumət versin. Diyorlar ki, rlə biz də onu soruşuruq ki, pəs hanı hökumət? Diyorsan ki, inşaallah hökumət bu tezlikdə əmələ gələr, diyorlar ki, hanı “bu tezlik” ki hələ heç axırı görünmiyor. Diyorsan ki, yəqin partiyalar səy edərlər ki, öylə bir möhkəm hökumət əmələ gətirsinlər ki, daha bir də itələyəndə yıxılmasın. Diyorlar ki, onlar səy edib yeni hökumət əmələ gətirincə düşmənlərimiz də “səy” edib başqa bir hökumət əmələ gətirirlər...

O halda qalırsan belə, bilmirsən ki, nə cavab verəsən...

Birdən fikrinə bir şey düşür. O “şey” səni şadlandırır, qəlbin rahat olur, fikir səni basmır. Hətta iştahan açılır. Vəqtində yeyib və vəqtində yatırsan və başındakı suallara diyorsan ki, bir az səbr ediniz, inşaallah, hamınıza cavab verəcəyəm.

O şey nədir?

Parlaman.

Bu gün parlamanın iclasıdır. Gedirəm oraya və məbuslarımızın məhəbbətlərini eşidib işlərimizdən xəbərdar olaram. Bu ciddi və həyəcanlı vaqelərə dair nəzərlərini bilib - pəs nəzərdə olsa qəbuldur, təki nəzər yetirdiklərini bilim - cahil ikən alim olaram.

Saata baxıb gördüm ki, parlaman iclasına bir qədər gecikmiş olacağam. Tez kağız-kuğuzlarımı yığıb, kəmali-əcələ və sürət ilə parlaman imarətinə tərəf yorturam ki, birdən:

- “Nahaq yerə özünü yorma!” - sədası məni bilaixtiyar dayandırır. Səda sahibi tanışımdır.

- Parlamanamı yüyürürsən?

- Bəli.

- Nahaq yerə.

- Neyçin?

- Bu gün zasedaniyanı atlajit elədilər.

- O neyçin?

- Kvorum yox idi.

- Pəs o neyçin?!

- Məbuslar yığılmadılar...

- Hansı məbuslar?

- Əlbəttə müsəlman məbusları! Ermənilər, ruslar, yəhudi, polyaklar hamısı vəqtində gəlmişdilər. Müsəlmanlardan da ancaq bir neçəsi vardı. Yerdə qalanlarını sədr cənabları gözlədi, gözlədi - gəlib çıxmadılar. Ona görə də kvorum əmələ gəlmədi və iclas baş tutmadı...

Əgər mən bizim müqəddəratımızın parlaq gələcəginə inanmayan bədbinlər cümləsindən olsaydım, bu əhvalatdan heç də mütəəssir olmayıb, bədbinligimi isbat edəcək keyfiyyətlərdən ən qüvvətlisidir, deyə sakit olardım.

Lakin bədbin olmadığıma görə sakit ola bilmədim. Və o dərəcə mütəəssir oldum ki, axırı özümə də acındım...

Necə də mütəəssir olmayım ki, bu cürə fövqəladə bir zamanda parlamanımızın fövqəladə iclaslar qurmağı lazım gələrkən millət “seçilmişləri” öz adi vəzifələrini də ifa etməyib müəyyən iclaslara gəlmirlər və gəlməyib də gələnlərin də işini görməyib məclisin baş tutmamağına səbəb olurlar.

Bu növ həyəcanlı bir zamanda Azərbaycan parlamanı ikinci kərədir ki, məbusların yığılmadığına görə mövquf olub bizi əğyarlar yanunda gülünc edir. “Yedinaya Rossiya” qəzetəsi bizim parlamanımıza “əz bərai xali nə budən mərasle” qondarma bir şeydir dedikdə bizim acığımız dutur, halbuki bu cürə gülünc töhmətlərə səbəbiyyət verən özümüzük...

 

Hacıbəyli Üzeyir

“Azərbaycan”, 5 mart 1919, ¹ 129

 

(Ardı var)

 

Şirməmməd HÜSEYNOV

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni,

ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

 

525-ci qəzet.- 2017.- 18 fevral.- S. 21.