Xocalı soyqırımı Romada anıldı

 

İtaliyanın paytaxtında faciənin 25-ci ildönümü ilə bağlı "10 hekayə. Bunlar həqiqət ola bilərdi..." adlı ədəbi-musiqili tamaşa nümayış etdirildi

 

Dünən Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Azərbaycanın İtaliyadakı Səfirliyi və “Espressione d'Arte” Assosiasiyasının birgə təşkilatçılığı ilə Romanın tarixi “Palazzo Brancaccio” sarayında Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın ideya müəllifi olduğu “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabındakı hekayələr əsasında “10 hekayə. Bunlar həqiqət ola bilərdi...” adlı ədəbi-musiqili tamaşa nümayiş etdirilib.

Səfirlikdən verilən məlumata görə, İtaliya ictimaiyyətinin böyük marağına səbəb olan tədbirə İtaliyanın dövlət qurumlarının nümayəndələri, parlament üzvləri, İtaliyada akkreditə olunan diplomatik korpusun təmsilçiləri, ölkənin mədəniyyət, elm, akademik dairələrinin tanınmış şəxsləri, jurnalistlər də daxil olmaqla 250-dən çox tamaşaçı qatılıb.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Xocalı soyqırımını Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliyin kulminasiyası adlandırıb. Xocalıda törədilənlərin insanlıq əleyhinə cinayət olduğunu bildirən diplomat cəzasızlığın yeni cinayətlərə yol açdığını, bu səbəbdən beynəlxalq ictimaiyyət tərəfindən Xocalıda baş verənlərə lazımi siyasi-hüquqi qiymət verilməsinin vacibliyini bildirib. O, bunun üçün ilk olaraq Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə daha geniş məlumatlandırmanın aparılmasının önəmini vurğulayıb, bu xüsusda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı İtaliyanın müxtəlif şəhərlərində ictimai tədbirlərin keçirildiyini deyib.

İtaliya parlamentində Azərbaycanla dostluq qrupunun sədri, senator Sercio Divina çıxış edərək ermənipərəst çevrələrin Xocalıda baş vermiş qətliam barədə həqiqətlərin yayılmasına mane olduqlarını, bu kimi tədbirlərin keçirilməsinin Xocalı həqiqətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırlılmasındakı əhəmiyyətini vurğulayıb. O, Xocalı qətliamının Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının tərkib hissəsi olması, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən münaqişə barədə qəbul edilmiş sənədlərin uzun illər keçsə də yerinə yetirilməməsinin qəbuledilməz olduğunu bildirib, Azərbaycanın hər sahədə, o cümlədən, hərbi sahədə Ermənistandan qat-qat güclü olması və öz torpaqlarını qısa müddət ərzində işğaldan azad etmək iqtidarında olması və buna da tam şəkildə haqlı olduğu bir şəraitdə münaqişənin sülh yolu ilə nizamlanmasına üstünlük verməsinin yüksək qiymətləndirilməli olduğunu deyib.

Bunun üçün italiyalı senator bütün dünya ictimaiyyətinin münaiqşənin həlli üçün Ermənistana ciddi şəkildə təzyiq etməsinin vacibliyini bildirib.

Daha sonra çıxış edən İtaliya İnsan Haqqları Liqasının sədri Antonio Stango mövzuya beynəlxalq hüquq nöqteyi-nəzərdən yanaşıb, Xocalı soyqırımı mövzusu ilə bir müddətdir məşğul olduğunu, bu mövzuda ötən illərdə bir sıra tədbirlər təşkil etdiyini, məsələyə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinin vacibliyini qeyd edib. Münaqişə haqqında danışan A.Stango Azərbaycanın Dağlıq Qarabağ regionu ilə yanaşı, digər 7 ətraf rayonlarının da Ermənistan tərəfindən işğal edildiyini, işğala son qoymaq üçün beynəlxalq ictimaiyyətin qəti mövqeyinin əhəmiyyətini vurğulayıb, İtaliyanın artıq bu ildən ATƏT sədrliyinin troykasına daxil olduğunu, gələn il isə ATƏT-ə sədrlik edəcəyini və bunun münaqişənin nizamlanmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.

 

Ceyhun ABASOV

 

525-ci qəzet.- 2017.- 22 fevral.- S.2.