Xoreoqrafiya Akademiyasında “Xocalı həftəsi”  

 

 

 

   Bəşər tarixinin ən amansız faciələrindən və xalqımıza qarşı həyata keçirilən ən dəhşətli qırğınlardan biri olan Xocalı faciəsinin 25-ci ildönümü Bakı Xoreoqrafiya Akademiyası tərəfindən özünəməxsus tərzdə qeyd edilmişdir. Akademiyanın rəhbərliyi tərəfindən xüsusi tədbirlər planına əsasən Akademiyada “Xocalı həftəsi” keçirildi.

    20-24 fevral tarixlərini və Bakı Xoreoqrafiya Akademiyasının bütün təhsil pillələrini əhatə edən “Xocalı həftəsi” çərçivəsində hər gün ilk dərslər Xocalı soyqırımına həsr olunmuş, “Xocalı soyqırımı şagirdlərin gözü ilə” foto və rəsm sərgisi keçirilmiş, inşa və məqalələr yazılmışdır. Bununla yanaşı “Tariximizi unutmayaqmövzusunda seminar keçirilmiş, “Xocalı analarının fəryadı” adlı bədii-xoreoqrafik kompozisiya və Bakı şəhəri Sabunçu rayonu Pirşağı İstirahət Mərkəzində yerləşən Xocalı şəhər 2¹-li Musiqi Məktəbi və 2¹-li Tam orta məktəbində “Biz o yerlərə qayıdacağıq” adlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

    Keçirilmiş dərslər, foto və rəsm sərgisi Akademiyada təhsil alan uşaqların vətənpərvərlik hissinin yüksək olduğu və həmin tarixi hadisələri heç zaman unuda bilməyəcəklərinə dəlalət edir.

    Akademiyanın orta ixtisas təhsil pilləsinin tələbələri tərəfindən hazırlanan və Akademiyada nümayiş etdirilən “Xocalı analarının fəryadı” adlı bədii-xoreoqrafik kompozisiyada, Akademiyanın Tam Orta Məktəbin şagirdləri tərəfindən hazırlanan və Xocalı məktəbində nümayiş etdirilən “Biz o yerlərə qayıdacağıq” adlı ədəbi-bədii kompozisiyada şagird və tələbələr çıxış edərək, peşəkar ifaçılıq məharəti ilə Xocalı qətliyamı zamanı baş verən hadisələri olduğu kimi bədii ifadələrlə canlandırmışdır. Akademiyanın bakalavriaturamagistratura pillələrində təhsil alan tələbələr isə “Xocalı faciəsi” mövzusunda xoreoqrafik quruluşlarını açıq dərslərdə nümayiş etdirmişdir.

    “Xocalı həftəsi”nin yekunlarına dair konfransda Bakı Xoreoqrafiya Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev çıxış edərək, qeyd etdi ki, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən iyirmi beş il keçsə də, 1992-ci ilin o müdhiş fevral gecəsi Ermənistan Silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktının törədilməsi heç zaman unudulmayacaq. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutulmuş, soyqırımı nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olmuşdur. Yüzlərlə insan yaralanmış, xəsarət almış, şikəst olmuş, əsir düşmüşdür.

    Xocalı soyqırımında həlak olanlar Azərbaycanın əziz vətəndaşlarıdır. Onlar respublikamızın ərazi bütövlüyü yolunda şəhid olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır. Onların faciəli surətdə şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının və cəsarətinin nümayişidir.

    Rektor Bakı Xoreoqrafiya Akademiyasında “Xocalı həftəsi” çərçivəsində keçirilmiş bütün tədbirləri yüksək qiymətləndirdi və onları gələcək nəsillərin vətənpərvərlik ruhunda böyüyüb, tərbiyə olunmasına töhfə olduğunu bildirdi.

 

525-ci qəzet.- 2017.- 28 fevral.- S.7.