Müasir anlamda qadın
və gender bərabərliyi problemi
Gender, ailə və
demoqrafiya məsələlərinin
işıqlandırılması
Gender bərabərliyi
- bütün fəaliyyət sferalarında kişi-qadın bərabərliyidir
Çağdaş dövrdə "gender bərabərliyi"
mövzusu olduqca aktualdır. Cəmiyyətin diqqət
mərkəzindəki məsələlərdən olan bu
anlayış özündə ictimai, siyasi, mədəni və
digər sahələrdə kişi-qadın bərabərliyini
ehtiva edir. Cinsi ayrı-seçkilik daha
çox idarəçilikdə və söz sahibi olmaq məqamlarında
özünü büruzə verir. Belə
halların olmaması üçün ölkə vətəndaşlarının
cins, irq, din, milliyyətindən asılı olmayaraq qanun
qarşısında bərabər olduqları və eyni məsuliyyəti
daşıdıqlarını bilmək vacibdir.
Gender bərabərliyi cəmiyyətdə daha çox
qadınlara qahmar çıxmaq, onlara xüsusi diqqət
göstərmək kimi xarakterizə edilir. Əslində
bunlar tamam fərqli anlayışlardır. Çünki sadalananlar hüquqi yox, etik müstəvidən
yanaşmadır. Qadınların çox
zaman haqlı narazılıqları, kişilərinsə idarəçilik
iddiaları gender bərabərliyinin şərtlərinə əməl
olunmamasına yol açır, nəticədə balans pozulur.
Qadın və kişilərin hüquqi, sosial, mənəvi
baxımdan bərabər olması sağlam ailə institutunun
inkişafı üçün də mühüm addım
sayıla bilər.
Əksər dünya ölkələrində bu sahədə
bir çox qanunlar qəbul edilib. Hər hansı fiziki və
cinsi özəlliyinə görə fərqlər
qoyulmasına görə müəyyən addımlar
atılıb, mühüm beynəlxalq sənədlər
müəyyən edilib.
Şərqdə
qadınlara seçki hüququ verən ilk dövlət: Azərbaycanda
gender bərabərliyinin tarixi
Dünya praktikasına nəzər salsaq, Yeni Zelandiya
1893-cü ildə qadınlara seçki hüququ verən ilk
dövlət olub. Avropada qadınlara seçki hüququnu
verən ölkələr sırasında ilk yerləri isə
müvafiq olaraq Norveç, Finlandiya və İslandiya tutur.
Qadın hüquqları məsələsinin hələ
İnqilab dövründə Olimpiya de Quj tərəfindən
səsləndirilməsinə, qabaqcıl fikir
adamlarının qadınlara cəmiyyətdə ikinci dərəcəli
kimi baxılmasının radikal tənqidçiləri
olmasına baxmayaraq, Fransa Avropada qadınlara seçki
hüququ verən son ölkələr arasındadır.
1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti
Şərqdə qadınlara seçki hüququ verən ilk
respublika kimi tarixə düşüb. Azərbaycan qadınları
İslam dünyasında səsvermə hüququnu alan ilk qadın cəmiyyəti olaraq bu
baxımdan avropalı və amerikalı həmcinslərini
geridə qoyub. Həmin dövr üçün
ağlasığmaz olan addım həm də Azərbaycanda
demokratik, hüquqi dövlətin qurulması prosesinin uzun və
şərəfli tarixə malik olmasının göstəricisidir.
Azərbaycanda
gender bərabərliyinə möhkəm təminat var
1998-ci ildə
mərhum prezident Heydər Əliyevin sərəncamı ilə
Qadın Problemləri üzrə Dövlət Komitəsinin
(indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi) yaradılması, "Azərbaycanda
qadınların rolunun artırılmasına dair tədbirlər
haqqında" sərəncamları, 2000-ci ildə
"Dövlət qadın siyasətinin həyata keçirilməsi
haqqında" fərman Heydər Əliyevin Azərbaycanda
gender bərabərliyinin təminatçısı olduğunu
təsdiq edir. 2006-cı ildə ölkəmizdə
qəbul edilən "Gender bərabərliyinin təminatı
haqqında" qanuna görə, Azərbaycanda cinsi mənsubiyyətə
görə hər cür ayrı-seçkiliyi qadağan
olunub.
H.Əliyevin
hakimiyyəti dövründə Azərbaycanda gender bərabərliyi
istiqamətində atılan addımlar, görülən
işlər ölkəmizdə demokratik cəmiyyətin
qurulmasına bir çox töhfələr verib.
Müasir
Azərbaycan: Müstəqillik dövründə qadınlar
Azərbaycan qadınları XX əsrdə qısa
müddət ərzində yüzilliklərə bərabər
inkişaf yolu keçməyi bacarıblar. Onların cəmiyyətdə,
ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər
baş verib. Bütün bunların əksər
hissəsi Sovet dövründə gerçəkləşsə
də, bu nailiyyətlərin əsas hissəsi müstəqillik
dövrünün payına düşür. Azərbaycan müstəqillik qazandıqdan, ölkədə
sabitlik bərpa edildikdən sonra qadınların siyasi, eləcə
də ictimai müstəvidə rolu xeyli dərəcədə
artıb. Konstitusiyamız
qarşısında qadınlar və kişilər eyni
hüquqlara malikdirlər. Bu prosesi daha da
sürətləndirmək üçün bir sıra qanunlar
qəbul edilib, tədbirlər planı həyata keçirilib
və keçirilməkdədir.
Birmənalı
şəkildə demək olar ki, Azərbaycanda gender bərabərliyi
dövlət tərəfindən ciddi şəkildə təmin
olunur. Ölkəmiz 1995-ci ildə BMT-nin
"Qadınlara Qarşı Ayrı-seçkiliyin
bütün növ formalarının ləğv edilməsi
haqqında" Konvensiyanı ratifikasiya edib. Sözügedən konvensiyada sadəcə cinsi əlamətə
görə, qadınlara qarşı ayrı-seçkiliyin
bütün formalarının ləğvi nəzərdə
tutulur.
Müasir Azərbaycanda elə fəaliyyət sferası
yoxdur ki, orada qadınlar təmsil olunmasın. Azərbaycan
qadını bu gün idarəçilik, qanunvericilik,
hüquq-mühafizə, ədliyyə orqanlarında təmsil
olunur, məsul vəzifə daşıyır.
Ailə,
Qadın və Uşaq Problemləri, Tələbə Qəbulu
üzrə Dövlət komitələrinin rəhbərləri,
eləcə də İnsan hüquqları üzrə müvəkkil
(Ombudsman) qadındır. Hazırda ali
qanunverici orqanımız olan Milli Məclisdə qadınlar
yüksək səviyyədə təmsil olunur. Respublikada hökm sürən demokratik mühit
qadınların istənilən sahədə inkişafı
üçün əlverişli zəmin yaradır.
Qadın
hüquqlarının fəal qoruyucusu
Respublikada
qadın hərəkatının geniş vüsət
almasında, sistemli fəaliyyətinin genişlənməsində
Azərbaycanın birinci xanımı, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev
Fondunun prezidenti, millət vəkli Mehriban Əliyevanın xidmətləri
də xüsusi vurğulanmalıdır. Azərbaycan
qadını üçün səciyyəvi
qayğıkeşlik və insanpərvərlik keyfiyyətlər
Mehriban Əliyevanın timsalında təcəssüm
tapıb. O, Azərbaycan qadınını YUNESKO və
İSESKO kimi mötəbər qurumlarda layiqincə təmsil
edir, ölkəmizi xaricdə tanıtmaq yolunda mühüm
işlər həyata keçirir.
"Şərqdə
daha çox kişilər dominantdır"
Gender bərabərliyi
ilə bağlı fikirlərini öyrəndiyimiz millət vəkili
Jalə Əliyevanın fikrincə, Azərbaycan qadını
müasirliyi, müstəqilliyi ilə yanaşı həm də
Şərqi təmsil edir:
"Bilirsiniz ki, Şərqdə daha çox kişilər
dominantdır, əksər qadınlar tabe olmaq
üçün tərbiyələndirilirlər. Son illərdə gender bərabərliyi
mövzusu xüsusən qabardılır. Düzdür,
bu müəyyən mənada qıcıq doğura bilər,
amma hesab edirəm ki, cinsi ayrı-seçkiliyi azaltmaq, cinslərarası
balansın bərpası üçün vacibdir.
Təsəvvür edin ki, hələ də ailələrdə
qız övladı ilə oğlan övladı arasında fərq
qoyulur. Bəzən selektiv aborta belə əl atılır.
Məncə, bütün bunların
qarşısını almaq üçün daha çox
maarifləndirici tədbirlər həyata keçirmək
lazımdır".
"Qadınlar
20 il əvvəl kişilərin hansısa məsələdə
dominantlıqlarını normal sayırdılarsa, indi bunu qəbul
etmirlər"
Psixoloq
Elnur Rüstəmov gender bərabərliyi
anlayışını lokallaşdırmağın əleyhinədir:
"Bu, təkcə Azərbaycanla bağlı məsələ
deyil, dövrün, sivilizasiyanın tələbidir. Qərb ölkələrindən qaynaqlanır və
bu gün Azərbaycan cəmiyyətinə sirayət etməkdədir.
Bəziləri gender bərabərliyini feminizmlə eyniləşdirir.
Əslində sözügedən
anlayışlar tamam fərqlidir. Feminizm
qadın hüquqlarını önə çəkirsə,
gender bərabərliyi bu
ayırımçılığın əleyhinə
çıxır, cinsindən asılı olmayaraq
insanların eyni hüquqa malik olması düşüncəsini
müdafiə edir".
Psixoloqun
fikrincə, ölkədə cinslərarası konfliktlər əsasən
məişət müstəvisində aktualdır:
"Əvvəllər kişi və qadın arasında
əmək bölgüsü var idisə, indi bütün
bunlar arxada qalıb. Texnologiyanın, eləcə də
sivilizasiyanın inkişafı bu fərqi heçə endirib.
Qadınlar daha aktiv, dinamik həyat tərzi
sürürlər.
Hazırda Azərbaycanda qadınlar bütün sahələrdə
vəzifə sahibidirlər. Qadın millət vəkilləri,
siyasətçilər, hərbçilər, eləcə də
bir çox başqa qadın vəzifə sahibləri kifayət
qədərdir. Düzdür, bizdə bu proses tam başa
çatmayıb. Diqqət etsək görərik ki, konfliktlər,
zorakılıqlar az deyil. Amma
bir məsələ də var ki, bütün bunlar daha
çox məişət müstəvisində cərəyan
edir. Ailədaxili məsələlərdə
bəzən kişilər qadının müstəqilliyini qəbul
edə bilmir. Yaxud qadınlar 20 il əvvəl
kişilərin hansısa məsələdə
dominantlıqlarını normal sayırdılarsa, indi bunu qəbul
etmirlər. Düşünürəm ki, zaman
keçdikcə bu məsələlər öz həllini
tapacaq".
"Qadınlar
və kişilər qanun qarşısında bərabərdir,
amma..."
Vəkil
Zülfiyyə Bayramova məsələyə hüquqi tərəfdən
yanaşıb:
"Qadınlar və kişilər qanun
qarşısında bərabərdir, amma yeganə istisna
qanunvericilikdə qadına ömürlük həbs verilməməsidir. Qalan
bütün məsələlərdə məsuliyyət bərabərdir".
Z.Babayeva
ölkədəki gender bərabərliyinin göstəricisindən
məmnun deyil:
"Cəmiyyətimizdə xeyli stereotip var.
Yazılmamış qanunlar kişilərə daha çox meydan
verir. Adicə qadın ailə quranda "ər evindən
meyiti çıxmalıdır" deyilir, yaxud
qadınların təhsil almasına qarşı
çıxılır. Bunlar yanlış
düşüncə tərzidir".
"Gənclər
ailə qurmazdan əvvəl gender stereotiplərini gözdən
keçirməlidirlər"
Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl hesab edir ki, gender bərabərliyi bir çox sahələrdə təmin edilmir:
"Azərbaycanda gender bərabərliyi qanunvericilik cəhətdən təxminən 80 faiz yaxşı vəziyyətdədir.
Qanunlarda bəzi çatışmazlıqlar olmasına baxmayaraq ümumilikdə gender bərabərliyinin təminatına şərait yaradır.
Təəssüf ki, bu məsələnin icrası ilə bağlı ciddi problemlər var. Buna görə də gender bərabərliyi bir çox sahələrdə təmin edilmir".
Ailədaxili gender bərabərliyinə də toxunan Şəhla İsmayıl bildirir ki, düzgün yanaşma sayəsndə həll edilməyəcək problem yoxdur:
"Ailə qurulmasında hər iki tərəf könüllü olmalı, məsuliyyət daşımalıdır. Gənclər ailə qurmazdan əvvəl ailə həyatı və bərabər hüquqlar barədə maarifləndirilməli, gender stereotiplərini gözdən keçirməlidirlər.
Xalqımıza xas kişi mühafizəkarlığı "sahibkarlığa" çevrilməməlidir. Hər iki tərəf danışıq aparmaq bacarığına, qarşı tərəflə ünsiyyət qabiliyyətinə malik olmalı, bir-birini dinləməyi bacarmalıdır. Qarşılıqlı hörmət əsasında ailədə həll edilməyəcək heç bir problem yoxdur. Ailə qurduqdan sonra iqtisadi azadlıq, xüsusilə də qadının iqtisadi azadlığı çox mühümdür. Hətta ailə qurmazdan əvvəl bu məsələ müzakirə olunmalıdır. Tədqiqatlar göstərir ki, işləyən qadın ailədə evdar qadından daha rahat mühit yaradır, burada anlaşma şəraiti daha əlverişli olur".
Yazı Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
keçirdiyi müsabiqəyə təqdim edilir
Cavid
QƏDİR
525-ci qəzet.- 2017.- 28 fevral.- S.4.