Xocalı soyqırımı –Türkafobiyanın bariz təzahürü

 

Tarixdə XX əsr bir sıra ümumbəşəri xarakter daşıyan cinayət, təhdid və çağırışların ortaya çıxması ilə əlamətdar olmuşdur. Belə ki, məhz bu yüz ildə dünya faşizm, rasizm, ksenofobiya, aparteid, genosid, beynəlxalq terrorizm və ən nəhayət fərqli dəyərlərin qəbuledilməzliyi üzərində qurulan müxtəlif fobiyalarla, o cümlədən günümüzdə olduqca aktual olan İslamafobiyaTürkafobiya ilə daha yaxından qarşılaşmalı oldu. Keçən əsr iki dünya müharibəsi, milyonlarla insan ölümü və müharibənin yekunu olaraq atom bombasının tətbiqi ilə tarixə yazıldı. XX əsr milli, dini, irqi ayrı-seçkiliklərin təzahürünün ən kəskin formada əks olunduğu tarixi dövrlərdən biridir. Bəşəriyyət əleyhinə cinayətlər milyonlarla insanın həlak olması, milli, dini, etnik müstəvidə fobiyaların hakim olduğu bir dünya nizamının yaranmasına gətirib çıxarmışdır. Çox təəssüflə qeyd etməliyik ki, bəşəriyyəti sınaq qarşısında qoyan bütün bu hadisələr dünyada örnək qəbul edilən Qərb dünyasının, Avropanın adı ilə bağlıdır.

Məlumdur ki, beynəlxalq müstəvidə ilk dəfə yalnız ikinci dünya müharibəsindən sonra sülh və bəşəriyyət əleyhinə cinayətlərdə təqsirli  bilinənlərin cəzalandırılması ilə bağlı konkret addımlar atılmağa başlanmışdır. Bununla da dünya ictimaiyyəti faşizmin, rasizmin bəlalarında qurtulmağa, qlobal problemlərin sülh yolu ilə həllinə ümidlənmişdi. Lakin keçən əsrin sonlarında, yeni minillikdə baş verən proseslər onu göstərdi ki, tarixdən lazımi dərs çıxarılmamışdır. Müxtəlif ölkələrdə hələ də dini, milli, etnik ayrı-seçkilik dövlət siyasəti səviyyəsindədir. Son dövrlərin ən böyük reallığı, ən mühüm çağırışlardan biri isə Qərbdə artan İslamafobiya və Türkafobiyadır.

Qərbin Yaxın və Orta Şərqin siyasi arxitekturasını yenidən qurmaq cəhdləri nəticəsində günümüzdə qlobal səviyyədə ən böyük çağırışlardan biri miqrantlarla bağlıdır. Lakin təəssüf ki, Qərbdə istər siyasi, istərsə akademik dairələrdə və vətəndaş cəmiyyətində miqrantlara münasibətdə də ikili standartlar tətbiq olunur, müsəlman miqrant axınına Qərbin gələcəyinə və dəyərlər sisteminə təhdid kimi baxılır. Son 15-20 ildə Qərb mətbuatında müsəlman ölkələrdən gələnlərin az qala potensial günahkar olaraq göstərilməsi təsadüfi deyildir. Hazırda müşahidə olunan anti-miqrant siyasət bir daha sübut edir ki, Qərbdə demokratiya yalnız özünün maraqlarına xidmət etdikdə yaxşı qəbul olunur. Avropa dövlətlərinin bir sıra rəsmiləri "Stop İslam'' deyirlər. Bəziləri isə bildirirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu isə bütün dünyada ədalətli yanaşmaya olan inamı azaldır, müxtəlif radikal qüvvələrin sui-istifadəsinə yol açır.

Hazırda Qərbin gündəlik həyatında əsas trendlərdən olan İslamafobiya və Türkafobiyanın ən dəhşətli təzahürü keçən əsrin sonlarında Azərbaycana münasibətdə özünü göstərmişdir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində Xocalı şəhərində törədilmiş soyqırımı dünyada Türkafobiyanın, türk düşmənçiliyinin ən bariz nümunəsidir. Xocalıda Azərbaycan türkləri ilə yanaşı bu şəhərdə yaşayan məshəti türklərinin də məhv edilməsinintək bir səbəbi olmuşdurtürk olmaları.

Xocalı soyqırımı türk düşmənçiliyinin nəticəsi olmaqla bərabər həm də erməni terrorizminin növbəti qurbanıdır. "Erməni terroru'' bir anlayış olaraq müasir tədqiqatlarda ilk dəfə ABŞ-da Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Bürosunun əməkdaşı Andrew Corsun tərəfindən işlədilmişdir.[i] Ümumbəşəri cinayət olan terrorun dünyada hər hansı bir xalqın adı ilə çəkildiyi yeganə hal "erməni terrorudur. Çünki bir neçə əsrdir ermənilər tərəfindən sistemli şəkildə müxtəlif ölkələrdə siyasi məqsədlərinə nail olmaq üçün terror aktları həyata keçirilir. Osmanlı imperiyasında, Çar Rusiyasında, Sovetlər İttifaqında, Gürcüstanda, Azərbaycanda ermənilər terror törətmiş, Yaxın Şərqə bütün beynəlxalq terror təşkilatları ilə sıx əlaqədə olmuşlar.

Soyqırımına məruz qalan Xocalı sakinləri də erməni terrorunun qurbanıdırlar.Bu vəhşiliyin, insanlığa ləkə gətirən qəddarlığın törədilməsində ASALA erməni terror təşkilatının, Livandan və Yaxın Şərqin digər ölkələrindən radikal erməni terroristlərindən təşkil olunmuş "Araboterror dəstəsinin üzvləri xüsusi ilə fəallıq göstərmişlər. Ermənistanda hazırda hakimiyyətdə olan hərbi xunta nümayəndələri də həmin gecə şəxsən Xocalıda olmuşlar. Başda Serj Sarkisyan olmaqla bu hərbi xunta Xocalıda qətliam törətmələrini etiraf edir, hətta törətdikləri vəhşiliklə fəxr edirlər. Xocalı soyqırımı müasir mərhələdə türk düşmənçiliyinin ifrat təzahürü olmaqla bərabər, bəşər tarixində ən dəhşətli vandalizm aktlarından biridir.

Bu yerdə qeyd etməliyik ki, böyük dövlətlərin dəstəklədiyi və ermənilərdən maşa kimi istifadə olunan Türkafob hadisələr yenilik deyil, tarixən təkrarlanmış, artıb-azalmışdır. XX əsrin əvvəllərində də müxtəlif xarici qüvvələrin müdafiə və himayə etdiyi ermənilər regionda qırğınlar törətmişlər. 1905-1907-ci illərdə və 1918-ci ildə silahlı erməni dəstələri Azərbaycanın müxtəlif regionlarında – Bakıda, Qubada, Naxçıvanda, Şamaxıda, Zəngəzurda, Gürcüstanda – Borçalı və Axalkalaki bölgələrində, Şərqi Anadoluda yerli türk-müsəlman əhaliyə qarşı olmazın vəhşiliklər törətmişlər. Təəssüf ki, dünyada ədalətsizliklərin cəzasız qalması, üzləşdiyimiz ikili standartlar belə faciələrin təkrarlanmasına yol açmışdır.

Keçən dövr ərzində Azərbaycan bu soyqırımının dünya miqyasında tanıdılması üçün davamlı aparır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında "Xocalıya Ədalət'' kompaniyası dünyanın müxtəlif ölkələrində Azərbaycanın haqq səsinin eşidilməsinə çalışır. Artıq 12 ölkənin parlamentində müxtəlif səviyyələrdə Xocalı soyqırımının tanıdılması ilə bağlı qətnamə və bəyanatlar qəbul olunmuşdur. 2011-ci ildə Meksika, 2012-ci ildə Pakistan, Kolumbiya, 2013-cü ildə Çex Respublikası, BosniyaHerseqovina, Peru, Panama, İordaniya, 2014-cü ildə SudanHonduras, 2015-ci ildə Qvatemala,2017-ci ildə Cibuti parlamentlərində müvafiq qərarlar qəbul edilmişdir.[ii] İslam Əməkdaşlıq Təşkilatında Xocalı soyqırımı rəsmi olaraq tanınmışdır.

 

Ərəstü Həbibbəyli,

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının

Xarici əlaqələr şöbəsinin müdir müavini

 

525-ci qəzet.- 2017.-25 fevral.- S.7.