Elşən Əzimin şeirləri və şair obrazı

 

 

Elşən Əzimi ilk dəfə Aşıq Elbrusun dilindən eşitdiyim bu misralarla tanımışam.

 

Sənə güldən ağır söz deyərəmmi?

Sənə sözdən ağır gül tapa bilsəm.

 

Qulaqlarıma dəyən gündən dilimin ucundan asılı qaldı bu misralar...

 

2014-cü ildə Gəncə şəhər Mərkəzi  Kitabxanasında Elşən Əzimin "İllərin o tayı" adlı kitabının təqdimatı keçirildi. Dəvətliydim. Getməyə həvəsliydim. Gülnar Səma Tovuzdan, Şahinə Könül Ağstafadan, Elməddin Nicat  Şəmkirdən, Samir Mustafayev Bakıdan gəlirdi bu kitabın işığına... Mənim əlimdə kitab da yox idi. Ucundan-qulağından eşitdim ki, universitetin qarşısındakı köşkdə; Zəhra xalada iki kitab var. Yüyürdüm ora. Zəhra xala iki kitabın ikisini mənə göstərdi, sonra da qaytarıb yerinə qoydu.

 

- Satammaram - dedi. - Elşən Əzim tapşırıb ki, kim gəlsə pulsuz verim. Amma, şairlərdən kim gəlsə ha!

 

İlk dəfə şair olduğumu cidd-cəhdlə, sənədlə sübut etməyə çalışdım. Çantamdakı "Ruzigar" qəzetini çıxardım. Yeni məqaləm çap olunmuşdu. Qəzetdəki şəklimi Zəhra xalaya qürurla göstərdim. gülümsədi:

 

-Bilirəm, yazırsan. Çoxdan bilirəm, - dedi, - rəhmətlik Sədnik müəllim yaman tərifləyirdi sənin yazılarını.

 

Kitabın birini mənə uzatdı. "İllərin o tayı" çantama qoyub gülə-gülə evə tələsdim. Həmin axşam oxumuşdum Elşən Əzimin şeirlərini. Hər şeirdə bir ayrı şair, bir ayrı ruh, bir başqa duyğular vardı. Kitab, sanki, bir insanın ruh halının müxtəlifliyini izah etmək üçün yazılmışdı.

 

Bunu müəllifin özüylə müzakirə etmək, kitaba avtoqraf yazdırmaq fürsətim yalnız təqdimatda olacaqdı. Lakin günümün saatı qəfil uzadıldığından Tovuzdan, Ağstafadan, Şəmkirdən, Bakıdan gələn gənc qələm dostlarımla bərabər Elşən Əzimin kitabının işığına gedəmmədim. qədər təəssüf etdiyimi şairə sonradan dedim. Elə onun təqdimata getmədiyimçün məndən incidiyini sonradan eşitdim. Daha əlim nəyə çatardı ki?! Beləcə, "İllərin o tayı" avtoqrafsız, müəlliflə poetik obrazların müxtəlifliyini müzakirə etmək istəyim ürəyimdə qaldı...

 

Keçən həftə kitab qəfil yadıma düşdü. Gedib çıxardım əzizləyib bükdüyüm kitablarımın arasından. Başladım Elşən Əzimin şair obrazını oxumağa...

 

Şeirlərin arasıyla "addımladıqca" rastlaşdığım şairlər   fərqli idi. Hər biri mənə şeir hökmünün izaholunmazlığını fərqli düşüncələrlə anlatmağa çalışırdı. Biri deyirdi ki:

 

Adam ağıllananda

Şairlik əldən gedir.

 

Razıydım... Bir dəfə demişdim: "Şair yaşayan evlərdə bir dəli var, demək ki..."  Gənc şair Elvin Ramizoğlu az qala məni topa tutmuşdu:

 

-Şairin ağıllısı olur.

 

İndi Elşən Əzimin bu şair obrazı əsl həqiqətin dərininə varmışdı. Ən gözəl şeirlər hisslərin dəli vaxtından doğulur, ən yanğılı "ah"lar məntiqə sığmır.

 

"İllərin o tayı"nda başqa bir şair mənə qələmin müqəddəsliyindən danışdı. Onun varağa yazdığı hər bir hərfin, hər bir  durğu işarəsinin şairin böyük sirrinin kiçik qızıl açarlarından biri olduğunu söylədi:

 

Qələm sözümü çalır, gözümdən varağacan.

 

Sonra bir az birgə düşündük o şairlə... Fikrimizi yolçu edib göndərdik ürək dağına. Gəzdi, dolandı, çiskində üşüyüb, üzü  yamaca gedən cığırla dikdirə qalxdı, yoruldu... Dərdi gərmə edib yandırdı, amma bu ocaq onu isitmədi. Daha doğrusu, gərmənin həzin-həzin od tutmasını gözləməyə səbri  çatmadı. Yolçu fikirlər qaçaraq geri döndü. Elşən Əzimin şair obrazı bunu da şeirlə dilə gətirdi:

 

Düşdü varağın üstə

Alnımın incə təri...

Fikrimin göz yaşıdı.

 

Kitabın hər vərəqində inzivaya çəkilmiş bir şair varmış kimi səhifələri astaca çevirirdim. Ya o şairlərdən birinin könlünə dəyərəmsə?! Allah eləməsin! Təmkinimi qorumağa çalışdım. Bilirdim ki, hökmüm dünyanın şairə etdiyi nazın bircəciyini çəkə bilməyəcək.  Amma Elşən Əzimin yeni bir şair obrazı mənə doğru bildiklərimin yanlışlığını anlatdı:

 

Ən başda yerləri var

Hökmlərə baş əyən

Hökmlü şairlərin.

Quru şeirləri var

Təmkinli şairlərin.

 

Oturub bir az da öz quru, sevincə yavanlıq olmayan şeirlərimə ağlamaq gəldi içimdən. Amma ağlamadım. Qarı dünyanın qarılığından da ulu olan sözə ağlayammadım. Qayıdıb "İllərin o tayı"nda daha bir şairin hikmətini ürəyimlə dinlədim:

 

Ürəyimdə doğulan söz

Varağa qədər qocaldı.

 

Məni gözəl anlamışdı bu şair. İstədim şeirlərim göz yaşı acı olduğu üçün özümü günahkar sayım. Buna da cəsarət etmədim. Qorxdum. Elşən Əzimin növbəti şair obrazı gözümün önündəcə cəzasını alırdı:

 

Üzümdə bir cəllad nəzəri donub,

Sözümdə bir şair ürəyi yanıb.

Şeirimdən bir edam kötüyü yonub,

Vurdular başımı sözümün üstə.

 

Sükutdan bərk qışqıran misraların önündə əllərimi qoynuma qoyub başımı aşağı salmaqdan özgə çarə qalmadı.

 

Şair Elşən Əzimin mənimçün heyrət dolu obrazından biri cəsarətini toplayıb etirafa başladığı an gördüyüm idi:

 

Almadığım

Lotoreya bileti kimi

Yandırar məni

Yazmadığım şeirlər.

 

Kitabın mündəricatına çatanda qayıdıb bir sondan əvvələ qədər vərəqlərə sığal çəkdim. Şair ömrünün təzadlı, uyumlu, saya, əlvan yaşantılarının hamısını yenidən, yenidən ürəyimə yığıb saxlamaq istədim. Acgöz oxucu idim, bilirdim. Bir kitabla "doyası" deyildim. "İllərin o tayı" ilə sağollaşmadan öncə növbəti kitaba inam vardı ürəyimdə. Müəllif özü oxucusunda bu inamı yaratmaq üçün demişdi:

 

Hopur varaqların bəyaz sətrinə,

Qarışır çiçəyin, gülün ətrinə.

Bir ömür itirir şeirin xətrinə,

Sizin Elşən Əzim belə yaşayır.

 

 

Şəfa VƏLİ

 

 

525-ci qəzet.- 2017.- 8 iyun.- S.8.