Səhərdi Şabran

 

 

 

BU YAZ DAHA XOŞDU...

 

Baharın gəlişi başqa bir ovqat, ruh bəxş edir insana... Təbiət boyanınca, çiçəklərin qırmızısına, yarpaqların yaşılına bürününcə içimiz, düşüncələrimiz də ayrı rəng alır elə bil.

 

Günəş təkcə soyuqdan, qışdan bezmiş canımızı yox, ruhumuzu da isidir, hüzur, rahatlıq gətirir. Həm də ümidlərimizə işıq salır sanki... Yayın üzücü istisini, kələyimizi kəsəcək bürküsünü təxmin etsək belə, yenə bahardan zövq almağa çalışırıq. Yaradıcı adamlar üçün isə sənətdən, ədəbiyyatdan kənar heç bir zövq ola bilməz.

 

May ayından başlayaraq ədəbi mühitimizdə ardıcıl keçirilən tədbirlər, şeir gecələri bu yaza ayrı bir rəng, təzə bir ab-hava qatdı. 30 mayda Şamaxıda keçirilən ənənəvi Sabir poeziya günlərinin ardınca iyun ayında Bakıda VII Şairlər günü silsilə tədbirlərinə başlanıldı. 5 iyunda - Mikayıl Müşfiqin və Vaqif Səmədoğlunun doğum günlərində başqa bir böyük şairimiz Məmməd Arazın xatirəsinə həsr olunmuş şeir gecəsi keçirildi. Türkiyədən elm və ədəbiyyat adamlarını öz ətrafında cəm edən, nüfuzlu İLESAM təşkilatının rəhbəri, şair Məhməd Nuri Barmaqsız başda olmaqla, bir çox türk şair, yazıçı, tərcüməçilər tədbirə qatıldılar, çıxış edib şeirlərini səsləndirdilər. 6 iyunda isə Məhməd Nuri bəyin Rəşid Behbudov adına Mahnı Teatrında yaradıcılıq gecəsi keçirildi. Zərif ruhlu şeirləri ilə, eşq haqqında qeyri-adi tapıntıları, qafiyələri, söz oyunları ilə seçilən Məhməd Nuri bəyin poeziya gecəsi “Kəpənək ömrü” adlanırdı. Artıq təkcə Türkiyədə yox Azərbaycanda da məşhur olan Məhməd Nuri bəyin eyniadlı şeiri dillər əzbəridir.

 

Hakkın bizi halk ettiği toprak

ne de paktır

Herhalde bu yüzden ki

mezar taşları aktır

Heyhat! Kara sevda denilen

yol ne de dardır

Aşk bitti mi dünya

kelebek ömrü kadardır.

 

Elə bütün gecə boyu da anladığımız o oldu ki, şair, bu gözəl misraların müəllifi yer üzündə  sevgidən, eşqdən başqa heç nədə məna görmür. Sevgisiz dünyanı bir kəpənəyin ömrü qədər fani, qısa sayır. Şeirləri, çıxışları dinlədikcə hələ keçən il Ankarada olanda Məhməd Nuri bəyin yoğun qrafikindən təəccüblənib “Bəs bu işləri necə çatdırırsınız?” - soruşmağımı xatırlayıram. “Dəqiqələrlə çarpışırıq” - demişdi. Bu tədbirdə isə başa düşdüm ki, Məhməd Nuri Barmaqsız təkcə dəqiqələrlə yox, həm də hissləri, duyğuları ilə çarpışır. Elə şeirləri də bu bitib-tükənməyən mübarizənin nəticəsidir.

 

Növbəti gün, 7 iyunda Beyləqanda Mücirəddin Beyləqaninin xatirəsinə həsr olunmuş şeir gecəsi keçirildi... Bu şeir, poeziya gecələrinin sonluğu, finalı Şabranda baş tutmalı idi. Xaqani Şirvaninin xatirəsinə həsr olunmuş VII Beynəlxalq Şairlər günü kimi...

 

BU YOL ŞABRAN YOLUDU...

 

Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçi qərarını bir gün öncə Beynəlxalq Muğam Mərkəzində verir. Türkiyədən gəlmiş “Önder Focan ve Şalliel Bros” Caz qrupunun konsertində. Müxtəlif improvizələri, beynimizi dincəldən musiqi nömrələrini dinləyəndən sonra... Deyir ki, sabah Şabrana, Xaqani Poeziya Günlərinə mən də gedirəm. Son dərəcə qeyri-adi intellektə və dünya duyumuna malik İrfan bəylə nədən desən danışmaq olar. Üstəlik, Azərbaycana böyük sevgisi, ədəbiyyatımızı, kinomuzu, musiqimizi yaxşı bilməsi, müxtəlif sənət adamları ilə dostluğu onu bizlərə xeyli doğmalaşdırıb.

 

...İyunun 8-də səhər-səhər İrfan bəyi səfirliyin önündən götürüb Anar müəllimin ardınca gedirik. Köhnə Sovetskinin yolları keçilməz olub. Yazıçının evinə yaxınlaşa bilmirik. Sürücü bir az aralıda saxlayıb gözləyir. Anar müəllim kələ-kötür yolları piyada gəlməli olur. Baxıb düşünürəm, görünür bunun özü də bir simvoldu, yazıçının yolu hamar, maneəsiz ola bilməz...

 

Amma əsas yol, Şabran yolu qarşıdadı. Sürücümüz sükanı Rəşad Məcidin ixtiyarına verib gedir. Uzun zamandı maşın idarə etməyən Rəşad müəllimin təcrübəsizliyi elə sükan arxasına keçən kimi hiss olunur. Tabloda hansısa səbəbi məlum olmayan işıqlar yanıb sönür, qapı açıq qalıb, yanımızdan ötən maşınlar siqnal verib nəyəsə işarə edirlər. Rəşad müəllim əsəbi halda bütün düymələri sıxıb maşını ram etməyə çalışır. Deyəsən, arada əyləci də basır. Başım qarşıdakı oturacağa iki dəfə dəyib qayıdanda anlayıram ki, nə isə qaydasında deyil... Zarafatla “gedib yazacam ki, Rəşad Məcidin sürücülüyü redaktorluğu səviyyəsində deyil” - deyirəm. Anar müəllim iti yumoru ilə reaksiya verir: “Sən bunu o halda yaza bilərsən ki, gedib Bakıya salamat çıxasan”. Deyəsən İrfan bəy daha narahatdı, nə qədər olmasa, evində deyil axı... Azərbaycanı da vətən saysa belə, yenə doğmalarından uzaqdı da... Rəşad Məcidə zarafatla “Azərbaycan ədəbiyyatının gələcəyi sizin əlinizdədi” - deyib gülürük. Anar müəllim bir əhvalatı yada salır. Bir gün Rəsul Rza, Səməd Vurğun, Sabit Rəhman maşında rayondan qayıdırlarmış. Birdən qarşıda tülkü görürlər, maşını tülkünün ardınca sürdürürlər. Tülkü qaçdıqca bir az da içərilərə, dərinlərə doğru gedirlər. Birdən sürücü maşının əyləcini sıxır və baxırlar ki, düz uçurumun qabağında durublar. Səməd Vurğun deyir: “İşə bax ey, bütün Azərbaycan ədəbiyyatı bir tülküyə qurban gedəcəkdi...”

 

İrfan bəy ilk dəfədi Azərbaycanda Bakıdan kənara çıxır. Rəşad müəllim həm də bələdçilik edir, yolboyu yanından keçdiyimiz obyektlərdən, dənizdən, çaylardan danışır. Beşbarmaq dağına yaxınlaşanda Anar müəllim “Bu dağı Məhməd Nuri Barmaqsızın şərəfinə belə adlandırmışıq” - deyir. Və deyəsən İrfan bəy bir az qısqanır: “Bəs Ataol Bəhramoğlunun şərəfinə bir qaya yoxmu burda?”

 

Onu vurğulamağı unutdum ki, Rəşad müəllimin maşını özünə tabe etməyi çox çəkmədi, düz yola çıxınca hər şey qaydasına düşdü. Və biz beləcə danışa-danışa, gülə-gülə bir də baxdıq ki, Şabranın qapıları ağzındayıq...

 

QƏDİM VƏ TƏZƏ...

 

Türkiyədən olan qonaqlarımız bizdən daha əvvəl gəlib Şabran Diyarşünaslıq Muzeyini gəziblər. Bu muzeyi hələ 2012-ci ildə burda ilk kitabım “Qar yağacağ”ın imza günündən əvvəl ziyarət etmişdim. Yadımdadı ki, hələ o zaman muzeyin həyətində Şabranın qədim tarixini əks etdirən daş eksponatlar, o cümlədən, rayonda aparılan arxeoloji qazıntılar nəticəsində tapılan müxtəlif növ əşyalar diqqətimi çəkmişdi. Həmçinin, muzeydə nümayiş olunan Şabran xalçaları da xeyli maraqlandırmışdı məni. Sonradan öyrəndim ki, Şabranda “Pirəbədil”, “Şahnəzərli”, “Zeyrə”, “Pirəbədil-Heyrəti”, “Hacı Qayıb”, “Yeni Çiçi” xalçaları toxunur. Və bu xalçaların hər birinin özünün “dramaturgiyası” var. Burda gördüyüm, Şabranın ilkin orta əsrlər maketi də xeyli düşündürmüşdü məni.

 

Hələ eradan əvvəl yaşayış məskəni olan bu yerdə qədim şəhər mədəniyyətinin izləri aşkarlanıb. Lakin XVIII əsrdən o qədim Şabran tənəzzülə uğrayıb və günümüzə yalnız xarabalıqları gəlib çatıb. Ümummilli lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı Sərəncama əsasən qədim Şabran şəhəri tarix və mədəniyyət abidəsi kimi qoruq elan edilib.

 

Qədimliklə yenilik, tarixiliklə müasirlik çiyin-çiyinədir Şabranda... Son dərəcə müasir şəkildə təmir olunmuş muzeydə əski eksponatlar nümayiş etdirilir. Müstəqil ölkəmizin üçrəngli bayrağı köhnə qaya daşlarından inşa olunmuş, qədimliyi özündə ehtiva edən qalaçanın başında dalğalanır. XII əsrin söz ustadı, mütəfəkkiri Xaqani Şirvaninin heykəli elə şairin özünün adını daşıyan müasir Poeziya Evinin qarşısında ucaldılıb. Bir az da içərilərə getsək təbiətin ibtidai, bakirə gözəlliyi içərisindəki çağdaş standartlara cavab verən “Qalaaltı Hotel and Spa” beşulduzlu istirahət kompleksini, əsrarəngizliyi ilə təbii göllərdən seçilməyən Taxtakörpü Su Anbarını görə bilərik. Hələ əzəməti ilə insanları heyrətləndirən Çıraqqala... Bir sözlə, məncə burada əsas deviz belədir - “İnkişaf edək, amma keçmişi də unutmayaq”.

 

...Şabran Diyarşünaslıq Muzeyində beş il öncə gördüyüm eksponatlardan ən yaddaqalanı məhək daşları olmuşdu. O zamana kimi “məhək daşı” ifadəsini məcazi mənada, təşbeh kimi bilirdim. Amma muzeydə bu daşın real olduğunu, keçmişdə qızılın əyarını, xalisliyini yoxlamaq üçün bundan istifadə edildiyini öyrəndim. Və nədənsə elə bu dəfəki gəlişimizdə də o məhək daşları yadıma düşür. Həm də böyük türk şairi Nazım Hikmətin “Son avtobus” şeirindən olan misralarıyla:    

 

Yeniden vurdum mihenge

inandığım şeyleri,

çoğu katkısız çıktı çok şükür.

Ne böylesine pırıl-pırıl

olmuşluğum vardı,

ne böylesine hür.

 

Şairlərin məhək daşı sözdür yəqin... İnsanların əyarını sözüylə, sözə, şeirə  münasibətiylə müəyyənləşdirirlər. Bir azdan Şabran Mədəniyyət Sarayındakı tədbirdə də sözün, şeirin vasitəsiylə “tanıyacayıq” bir-birimizi...

 

Xaqaniyə AZADLIQ!!!

 

XII əsrin böyük şairi, lirik şeirlər ustası Xaqani Şirvani Şabran qalasında məhbəsdə olub. Öncədən sarayın sayıb-seçdiyi şair, məliküş-şüəra rütbəsinə ucaldılan Xaqani sonralar sərt, barışmaz, əyilməz xarakterinə görə saraydan uzaqlaşdırılır, həbs olunur. “Həbsiyyə”sini də burda, Şabranda yazır... Ömrünün son illərini, son günlərini   Təbrizdə keçirir, burda, “Şairlər qəbiristanlığı”nda dəfn edilir.

 

Xaqaninin çətin günləri ilə bağlı olan Şabran son illərdə şairin qarşısındakı tarixi “günahı” yumaqdadı. 2012-ci ildə Rayon İcra Hakimiyyətinin qərarı ilə burda Xaqaninin heykəli qoyulub, adına Poeziya Evi tikilib, Xaqani Poeziya günlərinin keçirilməsi üçün sərəncam verilib. Elə o zamandan hər il şairin xatirəsinə ithaf olunan Poeziya Günləri keçirilir.

 

Elə tədbirdəcə düşünürəm, görəsən, nədir bu şeir yığıncaqlarının faydası? Və bir az tarixə boylanıb anlayıram ki, faydası çoxdur. Poeziyamızın inkişafında müxtəlif dövrlərdə yaranmış ədəbi məclislər önəmli rol oynayıb. Yalnız Bakıda deyil, ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərən bu məclislər bir çox parlaq imzaların tanınmasına yol açıb. XIX əsrdə Gəncədə (sonralar Tiflisdə) “Divani-hikmət”, Bakıda “Məcməüş-şüəra”, Şamaxıda “Beytüs-Səfa”, Qubada “Gülüstan”, Lənkəranda “Fövcül-füsəha”, Qarabağda “Məclisi-üns” və “Məclisi-fəramuşan” adlanan ədəbi məclislər Azərbaycandan kənarda da əks-səda doğurub. Əlbəttə, indiki Poeziya görüşləri o ədəbi məclislərdən xeyli seçilir. Amma istənilən halda mahiyyət eynidir. Əsas şərt söz, sənət adamlarının bir yerə toplaşmaları, müzakirələr edib, polemikalara qoşulmalarıdır. Əslində, elə bu fikir mübadilələrində bir çox yeni əsərlərin ideyaları yaranıb...

 

Şabranda indiyə kimi “Şabran” və “Çıraqqala” ədəbi məclisləri fəaliyyət göstərir. Artıq altıncı dəfə gerçəkləşən Xaqani Poeziya günləri daha əvvəllər elə bu məclislərin üzvlərinin iştirakı ilə rayon səviyyəsində keçirilib. Sonralar Azərbaycan Yazıçılar Birliyinin Şabran bölməsi yaradılıb, “Xaqani Poeziya günləri” komissiyası təsis olunub və bu tədbir ölkə səviyyəsində keçirilməyə başlanıb. Bu il isə artıq xarici qonaqların, şairlərin iştirakı ilə Beynəlxalq səviyyə aldı...

 

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Nuşiyev qonaqları salamlayır, böyük şairin adını daşıyan poeziya bayramının önəmindən, tarixçəsindən danışır: “Ulu və şanlı bir tarixə malik olan bizim qədim Şabran torpağı bu gün əlamətdar bir gün yaşayır. Bildiyimiz kimi, 2012-ci ildən başlayaraq Şabranda Xaqani Poeziya günləri keçirilir. Bu il də həmin ənənəyə sadiq qalmışıq. Və belə qərara gəlmişik ki, VII Beynəlxalq Şairlər Gününü Xaqani Şirvaninin xatirəsinə həsr edək. Şabran bölgəsinin hər bir sakini, eləcə də rayon İcra Hakimiyyətinin rəhbərliyi adından hər birinizi salamlayır, “xoş gəlmişsiniz” deyirəm”. Daha sonra Fikrət Nuşiyev ölkə rəhbərliyinin ədəbiyyata, sənətə göstərdiyi qayğıdan söz açır və bu tədbirin də dövlətin uğurlu siyasətinin nəticəsi olduğunu qeyd edir.

 

“Xaqani Poeziya günləri” komissiyasının sədri, yazıçı Elçin Hüseynbəyli daha əvvəlki illərdə keçirilən tədbirlərlə bağlı xatirələrini bölüşür.

 

Xalq yazıçısı Anar isə məhz Xaqaninin məhbəsdə olduğu Şabranda bu cür qədrşünaslıqla anılmasını tarixi ədalət kimi dəyərləndirir. Görünür, həqiqətən də belədir. Əslində, Şabranlılar sanki əsrlər sonra böyük şairin hürriyyətini, azadlığını ona qaytarmış olurlar. Hər il ondan, əsərlərindən, ədəbiyyatımızda tutduğu mövqedən, oynadığı roldan danışaraq, xatirəsini anaraq edirlər bunu... Bu il isə Xaqaninin ərəbcə əsərlərinin filoloji tərcüməsi Şabran rayon İcra Hakimiyyətinin dəstəyi ilə kitab şəklində çapdan çıxıb.

 

Şabranın millət vəkili Tahir Süleymanov türk qardaşlarımızın gəlişindən duyğulandığını deyir: “Qürur duyuram ki, bu gün 20-dən çox türk qardaşımız, şair, yazıçı dostumuz Şabrana gəlib. Bu gün Şabranın taleyində ən gözəl günlərdən biridir”. Tahir müəllim danışdıqca həqiqətən kövrəldiyi, fərəhləndiyi hiss olunur. Üç gün öncə Muğam Mərkəzindəki tədbirdə türk şair Yadigar Sarı da dodaqları əsə-əsə “Elə bilirəm ki, qardaşımın evinə qonaq gəlmişəm” - deyib kövrəlmişdi. Görünür, bütün bu zərif hisslərə yol açan qadağalardı. İllərlə bir-birinə həsrət qardaşlar bu olmazlardan, qadağalardan xilasın sevincini yaşayırlar. 26 il öncə kim inanardı ki, Türkiyə və Azərbaycan şairləri birgə Poeziya günləri keçirəcəklər? Heç kim! Və həyat elə buna görə də mənalıdır!

 

NAĞIL ADAMIN MÜKAFATI

 

Şabranın yazıçı simasıdır Aydın Tağıyev... Novruz Nəcəfoğlunun Nağıl-Adamıdır. Doğrusu, Aydın müəllim haqqında bu romanı oxumazdan öncə düşünürdüm, görəsən, bu əsərin adı dost mübaliğəsi deyil ki... Oxudum və inandım ki, deyil! Aydın müəllimin həm özü ilə, həm də əsərləri ilə ünsiyyətimdən sonra isə bu adın dəqiqliyinə lap çox əmin oldum. Tənqidçi Vaqif Yusifli “Görünən adam” məqaləsində yazır: “Aydın Tağıyev bu ömürlə sübut etdi ki, əyalətdə yaşayıb Azərbaycanın gözəl bir yazıçısı kimi tanınmaq mümkündür”. Əziz Vaqif müəllimin sözlərinə onu əlavə edə bilərəm ki, Aydın müəllim, deyəsən, heç əyalətdə də yaşamır. Ümumiyyətlə, bu dünyanın adamı deyil... İşıqlı, çox işıqlı gələcəyə də elə ürəkdən inanır ki... “Buz heykəl”lərin əriməsi üçün iynənin ucu boyda işıq bəsdi ona... 2012-ci ildə 60 illik yubileyi rayon rəhbərliyinin təşkilatçılığı ilə yüksək səviyyədə qeyd olunan, 2016-cı ildə AYB-nin Şabran rayon bölməsinin sədri seçilən Aydın Tağıyev bütün bu böyük, ya kiçik uğurlarının sevincini təvazökarlıqla yaşayır... Elə bu dəfə Müşfiq Poeziya günlərinin rəhbəri Xəyal Rzanın ona təqdim etdiyi mükafatdan da qəribə bir təvazökarlıq “dalğa”sına düşmüşdü. Bununla belə, ürəklə çıxış edib həm Anar müəllimə, həm də icra başçısı Novruz Novruzova ona göstərdikləri etimada görə təşəkkürlərini bildirdi. Və yaradıcı adamların əzəli mövzusu olan “yollar” haqqında fikirlərini bölüşdü: “İnsan dünyaya gələndən yol gedir. Bu yol hara aparır, harda sona çatır bilmirik. Nə bilmək olar, bəlkə Xaqani də əsrlər öncə elə buralardan, bu yollardan keçib. Ruhu da indi bu böyük təntənəni görüb şad olur”. Bu yol mövzusuna müxtəlif şairlərin, sənətkarların fərqli yanaşmaları olub. Şabran rayonunun icra başçısı, qələm adamlarının isə sadəcə şair-yazıçı dostu, həm də bizim qəzetimizin daimi müəlliflərindən biri Novruz Nəcəfoğlu isə yolları “ömür kəmərimiz” adlandırır. Ayrı bir şeirində isə:

 

Çarəsizəm mən biçarə,

Gülüstan hara, mən hara

Dirənib üzü divara,

 

Bir keçilməz yol olmuşam. - deyir. Bu misralar müəllifin şairə dostu Aybəniz Əliyara yazdığı şeirdə yer alıb. Aybəniz xanım da Şabran ədəbi mühitinin tanınmış simalarındandır. Bu tədbirdə “Sevə biləydim” şeirini oxuyur, gizlin istəklərini də dilə gətirir:

 

Bu dünyada ən sevilən,

ən xoşbəxt qadın olaydım!

 

İLESAM-ın yeni üzvü... 

 

Tədbirin sonunda Şabran rayon İcra Hakimiyyətinin başçısı, yazıçı-publisist, şair Novruz Nəcəfoğlu qonaqlara, iştirakçılara təşəkkürlərini çatdırır. Həmçinin, Xaqani Poeziya Günlərinin fəlsəfəsindən, mahiyyətindən də söz açır: “Möhtərəm cənab Prezidentin, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətlə, ədəbiyyatla bağlı qəbul etdiyi qərarlar, həyata keçirdiyi tədbirlər sənətə verilən dəyərin ən bariz nümunəsidir. Elə bizim Xaqani Poeziya Günlərimiz də bu qayğıdan bəhrələnir, qaynaqlanır. Xaqani Şirvani təkcə Şərqdə yox, bütün dünyada məşhurdur. Ədəbiyyatşünasların Xaqaniyə başqa münasibəti var, oxucuların fərqli yanaşması var onun əsərlərinə. Mən Xaqaniyə bir oxucu kimi baxıram, onu şair kimi sevirəm. Xaqanini biz bu yurdla bağlamışıq. Şübhə yoxdur ki, insan əziyyət çəkdiyi məkanı, gününün xoş keçmədiyi ünvanı özü üçün xoş qarşılamaz. Ona görə biz bilmirik ki, Xaqani bizə necə baxır? Amma bizlər onu sevirik və bütün bu tədbirlərin kökündə şabranlıların Xaqaniyə sevgisi, sayğısı dayanır. Əgər Şabranda, bu coğrafi məkanda yaşayan mərd insanlar, sözü dəyərləndirən insanlar olmasaydı, Xaqani elə bəlkə də, “Həbsiyyəsi” ilə birgə Şabran qalasında illərlə qalacaqdı. Görün şabranlılar necə mərd, cəsarətli, igid adamlar olublar ki, o qalabəyi necə böyük ürək sahibi olub ki, Xaqani Şirvaninin Rum Qeysərinə yazdığı məktubun ünvanına çatdırılmasına şərait yaradıb. Ona görə elə bilirəm ki, Xaqaninin ruhu bütün bu işlərimizə sevgiylə baxmalıdır. Biz də onu sevməkdə haqlıyıq!”

 

Daha sonra İLESAM rəhbəri Məhməd Nuri Barmaqsız və Azərbaycan nümayəndəliyinin başçısı Xəyal Rza Bakıda və Türkiyədə çıxan nəsr, publisistika, şeir kitablarının müəllifinə, Novruz Nəcəfoğluna İLESAM-ın üzvlük vəsiqəsini və yeni təsis olunmuş Xaqani Şirvani mükafatını təqdim edirlər. Məhməd Nuri bəy dahi Füzulinin məşhur misralarını yada salır:

 

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,

Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?

 

Sonra üzünü Novruz müəllimə tutub: “Mən bu misraları sizə şamil edirəm. Ədəbiyyat, sənət sevdalısısınız. Böyük işlər görürsüz, amma heç usanmırsız... Nədi bunun səbəbi?” - deyə soruşur.

 

Məncə, səbəbi Novruz müəllim elə çıxışının sonunda açıqlamışdı. AYB sədri Anara, gələn qonaqlara, tədbirin təşkilatında əziyyəti keçənlərə təşəkkür edib pauza vermişdi birdən. Üzünü zalda əyləşmiş şabranlılara tutub: “Ən böyük sevginin ünvanı sizlərsiniz” - demişdi. Bu məqamda, nədənsə polyak rejissoru, Kann mükafatçısı Kşiştof Zanussi ilə söhbətim yadıma düşür. Dünyaca məşhur Zanussi müsahibəsində kiçik bir sirrini açmışdı, “işlədiyim aktyorları sevməsəm, heç bir uğur qazana bilmərəm, hətta ən bəyənmədiyim adamı da sevməyə çalışıram. Əks halda heç nə alınmaz”. Yəqin elə usanmazlığın, yorulmazlığın resepti budur... Yanındakı, ətrafındakı, birgə çalışdığın, hər gün ünsiyyətdə olduğun adamları sevmək...

 

SÖZdən MUSİQİyə... 

 

Tədbirin söz hissəsi bitir, musiqiyə keçir... Bizlər də “toxdaq dayanıb, diqqətlə baxırıq”... Tamaraya! Son illərdə Şabranın qürur duya biləcəyi gənclərdəndir Tamara Muradova. Hələ yeniyetməlik çağından “Xalq ulduzu”, “O səs Türkiyə” yarışmalarında iştirak edən gənc müğənninin artıq özünün dinləyici auditoriyası var. İndi də “Şabran” mahnısını, türküləri oxuyur... Novruz müəllim bir vaxt Tamaraya həsr etdiyi şeirində soruşur ki:

 

Göylərdənmi gəlir bu səs?

Tanrı duyur, bəndə duyur...

 

Elə bu sualın cavabını düşündüyüm anda Şabranın “Xınayaxdı” Xalq Teatrının aktyorları musiqili səhnəciklər göstərirlər... Millətimizə xas qədim ənənələr səhnədə şərti formada canlandırılır... İgidlər yer şumlayır, torpaq əkirlər, xanımlar sözləriylə, mahnılarıyla dayaq olurlar onlara... Bütün bunlar birliyimizi, bağlılığımızı simvolizə edir.

 

Şabran Musiqi məktəbinin müəllimi, müğənni Eldar Mustafayev Hüseyn Arifin sözlərinə bəstələnmiş “Şeir deyilmi” mahnısını oxuyur. Axı əslində yaradıcı adam üçün həyatın özü, bütövlükdə şeirdi... Doğma adamların, sözünü anlayan kəslərin arasında olmaq da...

 

Bax elə indi, Şabrandan xoş duyğular, unudulmayacaq xatirələrlə ayrılmaq da şeirdi!

 

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2017.- 10 iyun.- S.16-17.