Yaddaşın
ağrıları
İstedadlı yazıçı Mustafa Çəmənlinin
yaradıcılığının ana xəttini yaddaş və
ondan irəli gələn vətəndaş
duyğu-düşüncələrinin ideya-bədii əksi təşkil
edir.
Məsələn,
onun "Xallı gürzə" romanında Azərbaycanın
Qarabağ mahalı, yeraltı və yerüstü sərvətləri
ilə bu "rəngin və zəngin" (M.Hadi) diyar, həmçinin
Qarabağ xanlığının bərqərar olması, Pənahəli
xanın quruculuq tədbirləri və xanlığın, onun
yerləşdiyi həm də strateji cəhətdən
xüsusi əhəmiyyətə malik Şuşa, Əsgəran
qalaları ətrafında cərəyan edən siyasi hadisələrdən,
məkrli həmlələrdən qorunma cəhdləri ilə
bağlı həyata keçirdiyi müxtəlif xarakterli -
siyasi, iqtisadi, hərbi-strateji, diplomatik və s. tədbirlər
xallı gürzənin "yaddaş gözü ilə"
oxucu nəzərində canlandırılır. Tarixin
yaddaş səhifəsinin hər vərəqi çevrildikcə
oradakı quruculuq, ayıq diplomatik işlərinə rəğmən
zaman-zaman qaçırılan fürsətlərin
doğurduğu ağrının zindan
ağırlığı altında Xalı gürzə qəzəblə
yığılıb açılır, fısıldayır.
Bu fısıltılardan yüksələn qəzəb
dalğaları oxucu varlığını qarsır, vətəndaş
ruhunu qovurur. Ədibin "3 yaşlı əsir
(povest və hekayələr)" kitabında toplanan müxtəlif
janr və ölçülü əsərlərin də
aparıcı leyitotivi milli-tarixi yaddaş və onun
doğurduğu çağırış ruhlu
çoxçalarlı duyğular, düşüncə və
qənaətlər təşkil edir.
Kitabdakı
"3 yaşlı əsir" povesti "Axşamın şər
vaxtı erməni əsgərlərinin işğal ərazisindən
atılaraq cəbhənin beş yüz
metrliyində yerləşən Qaraqaşlı kəndinin səksən
beş yaşlı sakini Qaratel müəllimənin budunu
parçalayan düşmən gülləsinin Şakirin
yaddaşında doğurduğu təəssübkeşlik dolu
düşüncələrlə başlayır. Şakir
aldığı qəfil güllə yarasının
ağrısından qıvrılan, dişini-dişinə
sıxan səksən beş yaşlı
anasının çəkdiyi işgəncə və
ağrılardan keçirdiyi övlad yanğısının
qəzəbini sanki təkcə Qaratel müəllimənin
deyil, bütövlükdə ürəyiyuxa, rəhmdilliyimizin
ifrata varmasından irəli gələn milli
yaddaşsızlığın üstünə tökür.
Çünki onun qənaətinə görə, Qaratel
analarımıza dəyən güllələri söz yox ki,
onların vaxtilə - 25 il əvvəl,
1992-ci ildə həmin "ürəyiyuxalıq, rəhmdillik"lə
körpənin nə günahı, qənaəti ilə
bağrlarına basaraq iki ay saxladıqdan sonra anası
Siranuşa təhvil verdikləri erməni Sergey və sergeylər
atmışdır. Ona görə dəfələrlə
"güllə ilə yox, güllə qarşılansalar
da" dönüb insan olmaq keyfiyyətindən tamamilə
uzaq, məhrum bir millətin hər hansı fərdinə
ürək qızdırmağın sonradan
doğuracağı fəlakətlərdən
qorunmağın yolunu milli tərbiyə metoduna "düzəliş
etməklə", daha doğrusu, unutqanlığın, tarixi
sosial mənəvi yaddaşsızlığın
daşını atmaqda, həyata, ətrafda cərəyan edən
proseslərə reallığın ayıq, uzaqgörən
gözü ilə baxmaqda görür. Şakirin öz
anası Qaratel müəlliməyə verdiyi qəzəb
yanğılı suallar, ona etdiyi qınaqlar, Dəllək Qənərlə
üç yaşlı "əsirin" - Sergeyin anası
Siranuş arasındakı sorğu-sual çox mətləbdən,
yaxın tariximizin müəyyən səhifələrindən
xəbər verir. Bu tipli
çağırış dolu xatırlamalar öz
işığını getdikcə tarixin daha uzaq
qaranlıqlarına salır; Şakirin Mingəçevirdə
yaşayan Səfər dayısı saxta "sosialist beynəlmiləlçilik"
təbliğatının toruna düşüb erməni
qızı Anya ilə bəhrəsiz nigah qurmuşdur.
Azadlıq hərəkatı zamanı həmin hərəkatın
Mingəçevirdəki mitinqlərində fəal iştirak
edən Səfərin Anya ilə olan nigahı bəhrəsiz
olsa da, pozmağa, Anyanın təklifinə baxmayaraq,
ayrılmağa onun "ürəyiyuxalığı,
humanistliyi" yol vermir. Nəticədə yeni
baxışların ağırlığından yaxa qurtarmaq
ümidi ilə vətəndən uzaqlarda nisgilli bir
ömür sürməyə məhkum olur. Qaratel
xanım öz qardaşının aqibətindən yana intizar çəkir.
Rusiyanın ucqarlarından digər cavan sənaye şəhərləri
kimi Mingəçevirə də rus qızları
köçürülmüşdü. Azərbaycanlı
oğlanların həmin qızlarla keçirdikləri
"sevgi macəraları"nın
çoxu müxtəlif xarakterli şəxsi və ya sosial-mənəvi
problemlərlə nəticələnirdi... Yataqxana - otaq
yoldaşı Rahim Ağdaşlının bütün bu və
digər məsələlərə ciddi münasibəti və
qəti mövqeyi Şakiri bu cür fəlakət
uçurumlarından birinə yuvarlanmaq ehtimalından xilas
edirsə, sovet imperiyasının məqsədyönlü
şəkildə bütün keçmiş SSRİ-də həyata
keçirdiyi "vahid sosialist milləti" yaratmaq siyasətinin
qurbanı və həmin nigahların hibrid törəmələri
az olmur...
Eyni
zamanda, imperiyanın "vahid sosialist milləti" yaratmaq
siyasətinin aqibətinin uğursuzluğunu keçmiş
SSRİ vətəndaşlarının yaşadığı
"qardaş xalqlar" cəmiyyətinin aborigen nümayəndələri
əksərən pataloji nifrətlə qarşılayırlar.
Bu sövq-təbii sosial-psixoloji müqavimətin ibrətamiz
epizodlarından birini Şakirin əsgərlik yoldaşı
Qafqazın üsyankarlığında və acınacaqlı
taleyində görürük...
Şakirin şahidi və iştirakçısı
olduğu bu cür hadisə və əhvalatlar onu Bakıda
kirayə qaldığı evin qızı olan erməni
Susannaya olan duyğu və hisslərinin önünə sədd
çəkir.
Şakir onunla tək qalanda qabağında
qızılgül kolu kimi bitib, yanaqları xəfifcə
qızararaq, dolaqları bir şirin öpüş
üçün səyriyən Susanna ilə eşq macərası
keçirə bilərdi. Ancaq cürbəcür
hisslər və düşüncələr onu qoymur,
yaddaşın və vicdanın səsi
qarşısını kəsirdi. O, "qızla
qarşılaşanda bədəni od tutub yansa da
özünü ələ alırdı. Elə
bil onu sevməkdən qorxurdu. Çünki
anasıgili vaxtilə (1948-də - A.B.) Susannanın
mənsub olduğu xalq doğma yurdlarından didərgin
salmışdı. O hadisədən illər keçsə
belə, anası (Qaratel - A.B.) bu haqsızlıqla
barışmamışdı. Dayısının
(Səfərin - A.B.) erməni qızı ilə evlənməyi
ona dərd olmuşdu, bu azmış kimi, Şakir də erməni
qızı ilə evlənsəydi, arvad yəqin hikkəsindən
yorğan-döşəyə düşərdi. Buna
görə də Şakir saf bir qızın təmiz, bakirə
hissləriylə oynamaq istəməmişdi..." Əsərdə göründüyü kimi, ermənilərin
Azərbaycan xalqına qarşı məkrli və düşmən
əməllərindən Susanna da xəbərdardır. Ona görə istər-istəməz Şakirin onunla
özü arasında, çox çətinliklə də
olsa, məsafə saxlamağının səbəbləri ilə
hesablaşmalı olur.
Şakirin
Susanna ilə ünsiyyətində həm vicdanı
saflığı, həm də digər keyfiyyətləri, o
cümlədən, hisslərin deyil, ağılın səsinə
üstünlük verməsinə yazıçının bəraəti
belədir: "Bəzi adamlar bütün gözlənilməz
sədləri ona görə aşırlar ki, sabahı
düşünmürlər. Ehtiras sönəndən
sonra keçiriləcək peşimançılıq hissini,
müqəddəs duyğuları ayaq altına alıb
tapdalayırlar". Bütün bu sədləri
keçib, sonra da "məhəbbət oğrusu" kimi
aradan çıxmağı kişilikdən hesab etməyən
Şakir kirayənişin olduğu növbəti həyətdə
bu cür səhvlərdən birinin acısını
yaşayan Atababa kişi ilə həftədə bir dəfə
qadınlıq izzət-nəfsinin tapdalandığına
dözməyə məhkum olan "dolubədənli,
qaraqaş, qaragöz ev sahibəsinin" keçirdikləri mənəvi-psixoloji
yaddaş ağrılarının şahidinə
çevrilir...
Şakirin saflığı, vicdani təmizliyi onun tale
yoluna ucaboylu, xurmayı saçlı, "dodağı təbəssümlü"
bir qismət çıxarır və "...bu get-gəlin
sonu toyla bitir".
Mustafa Çəmənlinin incə müşahidə, həssas
yanaşma və sənətkarlıqla təsvir
ustalığında milli koloritin qorunması, gözlənilməsi
də daim diqqəti cəlb edir. Bunu biz Teymurla Gültəkinin həyat
romanlarında - onların yeniyetməlik dövrü, Teymurun əsgərlikqabağı
vidalaşmalarında, Teymurun 3 yaşlı əsirlə evə
dönüşü zamanı çimərkən Gültəkinin
girəvələyib hamama girərək ömür-gün
yoldaşının kürəyini nəvazişli
qılıq dolu pıçıltı ilə sürtməsində,
ona verdiyi ilıqlı, nəvazişli "saqqalını da
qırxarsan" "tapşırı"ğında,
hamamdan çıxan Teymurun sinəsinə
sığınmasında... Şakirin "xəstələnib"
özünü həkim qıza göstərməsi səhnəsinin
detallarında, həmçinin Şakirin dayısı Səfərgildə
qalacağını biləndə həmişə
"qılıqlı" görünən onun arvadı erməni
Anyanın verdiyi reaksiyanın mətbəxdən gələn əks-sədasında,
körpə, 3 yaşlı əsir Sergeyin ata-anasının
yataq otağı ilə Teymurla Gültəkinin bir-birlərinə
doğru uçan titrəyişli hənirtilərinin həyalı
tül pərdəli təsvirində və s. aydın
müşahidə edirik.
Povestdə
3 yaşlı əsir uşağın kəndə gətirilib
himayə edilərək sağ-salamat ata-anasına verilməsinədək
həm kənd sakinlərinin, veteran və əlil
düşmüşlərin, həm Teymurun cəbhədaşlarının,
həm də erməni tərəfin göstərdiyi dərin
psixoloji gərginlik, qəzəb, iradi dayanıqlıq, mərhəmət
və əlacsızlıqdan doğan peşmanlıq səhnə
və duyğularının çalarları da sənətkar
həssaslığı, yazıçı-vətəndaş
mövqeyi ilə təsvir və təqdim edilmişdir. Həmin
ağrılı və gərgin səhnələrdə
bütün baş verənlərin, cərəyan edən
proseslərin imperialist qüvvələrin məkrli, siyasi
oyunlarının nəticəsi olduğu, Teymurun da, digər
şəhid, əlil və deportasiyaya məruz qalanların
da... həmin proseslərin əlacsız, qeyri-iradi
iştirakçısına çevrilmələrinin dərki
və bütün bunlara qarşı kəskin qəzəbdolu
üsyankar münasibətlərinin təsviri zamanı
yazıçının vətəndaşlıq mövqeyi,
hadisə və proseslərin sosial-siyasi dərkinin obyektivliyi də
diqqəti cəlb edir. Hadisə və proseslərin yaddaş
ağrılarının ağırlıq mərkəzində
duran Şakir başa düşür ki, Qaratel müəlliməyə
dəyən güllənin zaman məsafəsi daha uzaqdır,
bu məsafə bizim "ürəyiyuxalıq və
humanistliklə" insanlıq, dəyərləri ilə
süslənmiş milli bəşəri əxlaqi dəyərlərimizin
heç də hamı tərəfindən birmənalı
qarşılanmadığı bir "məkandan", 1948-ci
ildən, mən deyərdim ki, Azərbaycanın ikiyə
bölünməsini sənədləşdirən
"Gülüstan" və "Türkmənçay"
müqavilələrindən gəlir. Azərbaycan
varlığına, milli dəyərlərimizə
tuşlanaraq, zaman-zaman "Gülüstandan atılan güllələrin"
(Aslan Salmansoy) yaddaş ağrısı bizi daimi
sayıqlığa, siyasi və diplomatik düşüncə
sərvaxtlığına səsləyir.
Kitabda "Həyat hekayələri",
"Yaddaş çiçəkləri", "Maraqlı əhvalatlar"
və "Sənətkar etirafları" bölmələrində
yer alan yazılar bütövlükdə Azərbaycanın əfsunkar
təbiəti və onun ayrılmaz hissəsi olan insanın
bütün bu cazibədarlıqları ən incə
çalarlarına qədər duyub dəyərləndirən
azərbaycanlının zəngin daxili dünyasının
obrazlı təqdimidir. Həmin təqdimatlarda təbiət və
insan dünyasının mənəvi-əxlaqi bənzərsizliyi,
əxlaq və tərbiyə sistemi bütün koloriti, ibrətamiz
yumor çalarları ilə canlandırılır. Təsvir və təqdim edilən bütün dəyərlər,
təbiət və insan dünyasının zənginliyi də
oxucunu həmin dəyərlərin qədrini bilməyə,
bütövlükdə vətəni və milli-mənəvi
dəyərlər sistemini hər hansı aşınmadan uzaq
tutmağa, qorumağa təlqin edir,
çağırır.
Alxan BAYRAMOĞLU
Filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 2017.- 13 iyun.- S.8.