İrəvan Dövlət Azərbaycan Teatrı: 1882 - 1927-ci illərdə - Teatr - 135

 

2-ci məqalə

 

 

 

İrəvan teatrının 1928-ci ildə dövlət statusu alması üçün 1927-ci il bir növ keçid və hazırlıq dövrü kimi səciyyələndirilə bilər.

 

Yerli teatr həvəskarları fəallaşmışdılar və onlar məqsədyönlü şəkildə hökumət teatrı kimi tanınmaları və dövlət tərəfindən rəsmi  status almaları üçün bütün qüvvələrini səfərbər etmişdilər. Bu məqsədlə Tiflis və Bakı teatrları ilə sıx əlaqə yaradılmışdı.

 

Nəhayət, 1928-ci ildə İrəvanda yaşayan qeyrətli ziyalılar və uzun illər böyük fədakarlıqla fəaliyyət göstərən teatr həvəskarları istəklərinə nail oldular. Bu il mart ayının 15-də Ermənistan hökumətinin qərarı ilə səyyar tipli İrəvan Dövlət Azərbaycan Dram Teatrı yaradıldı. İlk günlər truppaya müxtəlif dəstələrdəki həvəskar artistlər cəlb edildilər. Truppanın formalaşmasını qocaman aktyor Yunis Nuri və baş rejissor Mkrtıç Canan həyata keçirirdilər. Canan Türkiyə ermənisi idi və türkcə təmiz, ədəbi dildə danışırdı. O, 1928-ci ilin əvvəlində inzibatçı Abdulla Ramazanovla Bakıya gəlib. Akademik teatrdan və Bakı Türk İşçi Teatrından (başda Qafar Həqqi, Xədicə İsmayılova, Qəzənfər Məlikov olmaqla) bir neçə aktyoru İrəvana aparıb. Açılış günündə teatrın aktyor ştatında Yunis Nuri, Məmmədbağır Qaraxanov, Əşrəf Yusifzadə, Hüseyn İbrahimov, Adriq Dərzaqova, Abbas Həsənov, Həmid İbrahimov, Asya Şirinova, M.Əsgərov, yunan əsilli Zariq Terova vardı.

 

Teatrın təntənəli açılışı aprel ayının 14-də oldu. Teatr həvəskarları dövlət statuslu sənət ocağı kimi tamaşaçıların görüşünə fransız dramaturqu Jan Batist Molyerin "Zorən təbib" komediyası ilə gəlmişdilər. Tamaşanın rejissoru Canan idi. Əsas rolları Yunis Nuri (Təbib İlyas), Məmmədbağır Qaraxanov (Rəhim) və Əşrəf  Yusifzadə (Qonşu nökər) ifa ediblər.

 

Teatrın təntənəli açılışından iki ay sonra, iyun ayının 14-də kollektiv Cananın səhnə quruluşunda  Cəfər Cabbarlının "Aydın" faciəsini tamaşaya hazırladı. Rejissor ictimai-sosial problemləri qabarıq verməklə mövzunun siyasi motivlərinə vurğunu gücləndirmişdi. Aktyor Həmid İbrahimov Aydın rolunu bir qədər çılğın və romantik duyğuların dumanlığında çırpınan qəhrəman kimi təqdim edirdi. Tamaşada  Əşrəf Yusifzadə (Dövlət bəy), Adriq Dərzaqova (Gültəkin), Məmmədbağır Qaraxanov və Abbas Həsənov (Balaxan), Zariq Tereva (Susanna), Asya Şirinova (Böyükxanım) maraqlı aktyor ifaları nümayiş etdirirdilər.

 

İrəvan teatrı 1929-cu ildə Cəfər Cabbarlının "Sevil" pyesini öz repertuarına daxil etdi. Tamaşaya quruluşu baş rejissor Canan vermişdi. İlk tamaşası noyabr ayının 16-da göstərilən əsər gözlənildiyindən də uğurlu keçdi. Tamaşada müxtəlif xalqların İrəvanda yaşayan teatr xadimləri də iştirak edirdilər. Kollektivin sənət nailiyyətini onlar da inamla təsdiqləyirdilər. Teatrın ilk uzunömürlü tamaşalarından sayılan "Sevil"də əsas rolları Zariq Tereva (Sevil), Adriq Dərzaqova (Gülüş), Həmid İbrahimov (Balaş), Xədicə İsmayılova (Dilbər-Edilya), Qafar Həqqi (Əbdüləli bəy), Cəmil Əliyev (Məmmədəli bəy) ifa edirdilər. Təcrübəli aktyorlar Məmmədbağır Qaraxanovun (Babakişi)  Yunis Nurinin (Atakişi) oyunları öz səmimiyyəti, realistik və sadə ifa tərzi  ilə tamaşaçılara doğma təsiri bağışlayırdı.

 

Teatr 1929-cu ildə Qaranamaz, Zəngibasar, Uluxanlı, Qarakilsə, Dilcan, Sürməli bölgələrinə qastrola çıxmışdır. Sənət ocağı Ermənistan Respublikasında olduğu üçün vaxtaşırı erməni dramaturgiyasına müraciət etmək məcburiyyətində qalırdı.

 

Anatoli Qlebovun "İnqa" pyesi sovetləşmə dövrünün aktual problemlərinə həsr edildiyi üçün 1920 - 1930-cu illərdə müxtəlif rus, həmçinin gürcü, Azərbaycan, özbək... teatrlarında tamaşaya qoyulub. Maraqlıdır ki, əksər milli sənət ocaqları baş qəhrəmanın adı ilə adlanan bu pyesi təbdil etmişdir. İrəvan Azərbaycan teatrı isə pyesi təbdil və iqtibas prinsiplərində işlənmiş variantda tamaşaya hazırlamışdır. Əsərdəki bütün hadisələr Azərbaycana köçürülümş və personajların hamısının adı dəyişdirilmişdi. Premyerası 1930-cu il noyabr ayının 28-də göstərilən "İnci" tamaşasında mübariz ruhlu, psixoloji-dramatik obraz təsiri bağışlayan İncini Xədicə İsmayılova oynayırdı. Rejissor Canan bu tamaşanın bəzi ifaçılarını və bəzi səhnələrinin bədii-estetik təqdimini dəyişərək onu 1931-ci ilin fevralında yenidən premyera kimi təqdim etdi.

 

Teatrın daimi binasının olmaması, dekorasiya, rekvizit çatışmazlığı, Ermənistan hökumətinin laqeyd münasibəti ucbatından 1931-ci ildə də teatr tamaşaları müntəzəm göstərilmirdi. Hətta hazırlanmış tamaşalar dekor, geyim və rekvizit çatışmazlığına görə repertuara daxil edilmirdi. Tamaşaların əksəriyyəti quruluşçu rejissorlar tərəfindən yığma və təkrar dekorlarla oynanıldığı üçün proqram və afişalarda rəssamın adı göstərilmirdi. Mətbuat bu çətinlikləri diqqət mərkəzində saxlayırdı. Lakin fədakar aktyorlar bütün bu çətinliklərin müqabilində Ermənistanda Azərbaycan milli mədəniyyətinin bir çırağını bacardıqca sönməyə qoymurdular...

 

Dekorasiya, rekvizit, butafor qıtlığına baxmayaraq, teatrın fədakarları sənət ocağının inkişaf və tərəqqisi yolunda hər cür çətinliyə sinə gərməyə çalışmışlar. 1931-ci ildə Üzeyir bəy Hacıbəylinin "Məşədi İbad" (22 yanvar), Sultanməcid Qənizadənin "Axşam səbri xeyir olar" (13 fevral) vodevili və Yucin O'Nilin Nuru Nuriyevin təbdilində "Qaraağaclar altında məhəbbət" ("Çinarlar altında məhəbbət" adı ilə. 16 noyabr) tamaşaya qoyulmuşdur. Sırf ideoloji sifarişlə yazılmış "Qızıl əkin" pyesi bədii cəhətdən nə qədər zəif olsa da, siyasi ruhuna görə repertuara daxil edilib.

 

İrəvan teatrı çağdaş repertuarında tərcümə əsərlərinə üstünlük verməklə müəyyən mənada özünün yaradıcılıq simasını formalaşdırmaqda çətinlik çəkirdi. Təəssüflər olsun ki, bu hal teatrın müxtəlif dövrlərində də (az və ya çox şəkildə) özünü göstərmişdir. Təkcə 1931-ci ildə kirayə götürdüyü binada ayda 4 tamaşa oynamalı olan kollektiv çox vaxt buna əməl edə bilmirdi.

 

1931-ci ildə İrəvan teatrının nəzdində "Dayıoğlu və Bibioğlu" satirik dəstəsi də yaradılıb. Bakı Türk İşçi Teatrının təkrarı olan bu truppa Qənizadənin başçılığı ilə kiçik yumorlu səhnəciklər və məsxərələr oynayırdı. Teatrın səyyar repertuarı üçün bu forma bir növ əlverişli sayılırdı və sırf  tənqid-təbliğ xarakteri daşıyırdı.

 

Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyasının premyerası 1932-ci il fevral ayının 22-də göstərildi. Kəskin ictimai-sosial konflikti qabarıq verilmiş tamaşanın quruluşçu rejissorları Canan və Rza Şeyxzadə idi. Mövzunun müasirlik baxımından bədii-estetik həllində təzadlı məqamlar vardı. Şeyx Nəsrulla kimi fəlsəfi-psixoloji dram obrazı rejissorlar tərəfindən birtərəfli, tipaj şəklində verilmişdi. Bu yozum Cəlil Məmmədquluzadənin "diri ölülər" ideyasının fəlsəfi-sosial mahiyyətini zəiflətmişdi. Tamaşada aparıcı rolları Rza Abbasov (İsgəndər), Adriq Dərzaqova (Kərbəlayi Fatmanisə), Zariq Tereva  (Nazlı), Mir Cəfər (Məşədi Oruc), Əsgər Rumi (Mir Bağır ağa), Məmmədbağır Qaraxanov (Şeyx Nəsrulla), Yunis Nuri (Şeyx Əhməd) oynayırdılar.

 

Teatr 1933-cü ildə tərcümə əsəri "Xatabala" (Quruluşçu rejissor Canan. 23  fevral), Məmmədəli Nasirin "Zorən izdivac" (Quruluşçu rejissor Yusif  Yulduz. 8 aprel), Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" (Quruluşçu rejissor Baxşı Qələndərli. 2 dekabr) əsərlərini yeni quruluşda tamaşa hazırlamışdı. İyrənc ideoloji diktə, sənətin mahiyyətini dərk etmədən ona hökm vermək kimi mənfi hallar teatrın repertuar siyasətində hərc-mərclik və primitivlik yaradırdı. Xüsusən də partiya orqanı olan qəzetlər bəzən yanlış mövqedə durmaqla, özünün israr və inadı ilə repertuar təyinini yanlış məcraya salırdı. Adi bir misal göstərsəm mənzərə oxuculara tamamilə aydın olar.

 

Teatr "İnci" və bu tipli sıfr ideoloji ruhlu tamaşaları bərpa edib oynamaq məcburiyyətində qalmışdı. Ciddi axtarışlar aparmağa cəsarət göstərilmirdi. Lakin bu il İrəvan teatrında milli rejissor kadrlarına üstünlük vermək baxımından inqilabi yeniləşmə oldu. Teatrın təcrübəli aktyoru Məmədbağır Qaraxanovla istedadlı gənc Əli Zeynalova, Leninqradda (indiki Peterburq) ali təhsil alıb gəlmiş Baxşı Qələndərliyə, Bakıdan dəvət edilmiş məşhur rejissor Yusif Yulduza müstəqil quruluşlar tapşırılmışdı. Coşqun həvəs və ilhamlı axtarışlarla işləyən kollektiv 1934-cü ildə yeddi yeni tamaşa hazırlayıb. Yusif  Yulduz Cəfər Cabbarlının "Almaz", Baxşı Qələndərli Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Üzeyir bəy Hacıbəylinin "Məşədi İbad", Süleyman Sani Axundovun "Tamahkar",  Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu", Məmmədbağır Qaraxanov və Əli Zeynalov Şirvanzadənin "Namus" əsərlərinə səhnə quruluşu veriblər.

 

Təhsil illərində çağdaş teatr estetikasını mənimsəmiş Baxşı Qələndərlinin teatra baş rejissor təyin edilməsi, onun yeni estetik prinsiplərlə işləməsi, Yusif  Yulduzun monumental-romantik teatr poetikasına üstünlük verməsi kollektivdə maraqla qarşılanmışdı. Buna görə də məşqlər əvvəlki illərlə müqayisədə daha səmərəli aparılırdı. Tamaşaların kompozisiya qurumunda, mövzunun səhnə dilində səsləndirilməsində və dil-ifadə vasitələrinin bədii təqdimində milli ruh artmışdı.

 

Qış teatr mövsümü yenicə başlayanda quruluşçu rejissorlar Məmmədbağır Qaraxanov və Əli Zeynalov "Namus" tamaşası üzərində yaradıcılıq axtarışlarını tamamladılar. Onlar öz quruluşlarında əsərin əvvəlki səhnə yozumlarından fərqli dəyişikliklər etmişdilər. Hadisələrin faciə çalarları qatılaşdırılmışdı. Məşqlər fasilələrlə aparıldığı üçün uzun çəkib. Premyera dekabrın 25-də göstərilib. Əsərin əsas qəhrəmanı Seyran rolunda Əli Zeynalov və bir müddət sonra Bakıdan gəlmiş aktyor İsmayıl Dağıstanlı çıxış ediblər. Dağıstanlı bu tamaşada həm də Rüstəm rolunu ifa edib. İlk tamaşasından sənətsevərlər arasında böyük populyarlıq qazanan "Namus" əsərində teatrın demək olar bütün yaradıcı heyəti çıxış edirdi.

 

Teatr məcburiyyət qarşısında qalaraq rayon qastrolları üçün kiçik həcmli tərcümə-təbdillərə üstünlük verirdi. Digər tərəfdən, teatrın bu əsərləri öz repertuarına daxil etməsi üçün Ermənistan hökuməti tərəfindən təzyiqlər göstərilirdi. Vodevil-məzhəkə və sentimental dram janrlı əsərlərin tamaşaları sənət ocağının yaradıcılıq iqliminə bir tərəfdən bulanıq ovqat gətirirdi. Digər tərəfdən isə, belə cəhdlər kollektivi mövzu yeknəsəkliyinə aparır, onu janr axtarışlarından uzaqlaşdırır və aktyorları yaradıcılıq çətinlikləri ilə üzləşdirirdi. Tərcümə-təbdil olunmuş birpərdəli "Qanlı vadi", "Müqəddəs səadət", "Son kəbin", "Cəsur Nəsir"  tamaşaları repertuara belə yol tapmışdı.

 

Bütün bu kimi xoşagəlməz hallarla müqayisədə teatrın 1935-ci ildə bir neçə uğurlu işi oldu. İrəvan teatrının tarixində "Ölülər"in bir neçə tamaşası olub. Lakin dramaturqun incə məqsədinin dərinliyinə varmaq, əsərin ictimai məzmununun fəlsəfi dərinliyinə müdaxilə etmək, İsgəndər, Şeyx Nəsrulla və Hacı Həsən ağa kimi klassik, milli dramaturgiyamızda analoqu olmayan dramatik obrazların daxili aləmini  hərtərəfli açmaq baxımından İsfəndiyar Hüseynovun (Baxşı Qələndərlinin bədii rəhbərliyi ilə) quruluş verdiyi tamaşa (9 aprel) daha bitkin və yaddaqalandır. "Ölülər" tamaşasının daha poetik və dramatik, daha ahəngdar və ritmik, daha dinamik və coşqun, daha əlvan və təzadlı dueti İsmayıl Dağıstanlı (İsgəndər) ilə Yunis Nuriyə (Şeyx Nəsrulla) məxsus idi. Həmin dövrdə İrəvanın məşhur erməni, rus və gürcü aktyorları  əsl sensasiyaya çevrilmiş "Ölülər" tamaşasına, Dağıstanlı ilə Nurinin ecazkar oyunlarına baxmaq üçün həvəs və maraqla teatra gəlirdilər. Hər iki aktyor final səhnəsində, qəbiristanlıq epizodunda daha canlı və daha dinamik idilər. Quruluşçu rejissor bu səhnədə sanki zülmətlə işığı, elmlə xürafatı, şüurla kütlüyü, həqiqətlə fırıldağı, mənəvi eybəcərliklə mənəvi ləyaqəti qarşı-qarşıya qoymaqla tamaşaya möhtəşəm fəlsəfi dərinlik aşılamışdı.

 

"Ölülər" tamaşasının sürət-ritmi də İrəvan teatrının ənənəvi tamaşalarından seçilirdi. Dinamik hadisələrin təzadlı dönüşləri xarakterlərin psixoloji ovqatları ilə üst-üstə düşürdü. Dirilərin ölü mənəvi mühiti ölülərin qorxunc keçmişindən daha dəhşət doğuran ifadə vasitələri ilə, orijinal  tərzdə, maraqlı və mənalı, düşündürücü və tərbiyəvi səhnə təfsiri tapmışdı.

 

Bir neçə il əvvəl Bakının Türk İşçi Teatrında tamaşaya qoyulmuş "Hind qızı" psixoloji dramına İrəvan Azərbaycan Teatrında səhnə quruluşunu Canan vermişdi (25 mart). Ən uğurlu aktyor ifasını Tomson rolunda Əli Zeynalov nümayiş etdirirdi. Eyni zamanda Rayçaran rolunda Yunis Nuri, Dikson obrazında Əziz Süleymanov, Ser Bortel surətində Məmmədbağır Qaraxanov yüksək aktyorluq məharəti nümayiş etdiriblər.

 

"Hind qızı" tamaşasının repertuara daxil edilməsi Ermənistan hökuməti tərəfindən bir qədər narazılıqla qarşılandı. Maarif Komissarlığı teatra "şəhər repertuarına" meyl etməyə irad tuturdu. Teatra göstəriş təriqi ilə tövsiyə edilirdi ki, kənd mövzusuna üstünlük versin və əsas fəaliyyətini kolxozlarda göstərsin. Göründüyü kimi, Ermənistan hökuməti İrəvanın mərkəzində kamil sənət ocağının yetişib formalaşmasını vahimə ilə qarşılayırdı. Buna görə də hər vəchlə teatrın daha çox səyyar fəaliyyətinə çalışırdılar.

 

 

Nazirliyin təkidi ilə teatr briqadalara bölünüb kəndlərdə tamaşalar göstərirdi. Aktyor heyəti nisbətən çox olan briqadalardan biri 1934 - 1935-ci il teatr mövsümündə 142 kənddə 160-dan çox tamaşa göstərmişdi. Belə prinsiplə işləmək bir tərəfdən kəndlərdə azərbaycanlıların maariflənməsinə böyük kömək göstərirdi. Digər tərəfdən Ermənistan hökuməti teatrın yalnız səyyar kollektiv kimi çalışması üçün daha israrla mübarizə aparırdı. Təbii ki, sənət ocağının yaradıcılıq axtarışlarına belə müdaxilə müəyyən mənada repertuar cılızlığına gətirib çıxarırdı. Teatrdan daha çox səyyar fəaliyyət tələb edilirdi. Bu və bu kimi basqılara, təzyiqlərə baxmayaraq İrəvan teatrı samballı repertuar uğrunda mübarizədən qalmırdı. Düzdür, bəzən bu, açıq şəkildə hiss edilmirdi, ancaq truppanın yaradıcılıq şövqü get-gedə formalaşırdı.

 

İrəvan teatrının repertuar məsələsi Maarif  Komissarlığında 1935-ci ilin əvvəllərində növbəti dəfə müzakirə edildi. Repertuar qurumunda müəyyən iradlar söylənildi. Ona görə də teatr Baxşı Qələndərlinin quruluşunda Cəfər Cabbarlının "1905-ci ildə" dramının tamaşasına fevralın 14-də açıq baxış keçirdi. Premyera səviyyəsində oynanılan tamaşanın müzakirəsi zamanı ciddi iradlar söylənildi. Maarif Komissarlığının yersiz təkidi ilə əsərin indiki formada tamaşaçılara göstərilməsinə icazə verilmədi. Baxşı Qələndərli və aktyorlar tamaşa üzərində daha iki ay işlədilər. Növbəti premyera 13 mayda oldu. "1905-ci ildə" tamaşası nəinki azərbaycanlı tamaşaçılar arasında, hətta Ermənistanın teatr ictimaiyyətində də maraqla qarşılandı. Tamaşada General-qubernatoru oynamaq üçün Bakıdan Rza Əfqanlı dəvət edilmişdi. Səhnədə onun əsas yöndaşları Ərəboğlu (Əmiraslan bəy Salamov), Məmmədbağır Qaraxanov (Eyvaz), Kazım Kazımov (Volodin), Zariq Tereva və Adriq Dərzaqova (Mariya Timofeyevna), Cəmil Əliyev (Bahadır bəy), Adil Məmmədov (Ağamyan),  Zakir Şahbazov (Aram) idilər.

 

Bu il Ətayə Əliyeva və həyat yoldaşı Həsən Mirzəyev Akademik Milli Dram Teatrından İrəvan teatrına gəliblər. Onlar müəyyən fasilələrlə bir neçə teatr mövsümündə İrəvanda işləyiblər. Həsən Mirzəyev həm aktyor, həm də inzibati rejissor kimi çalışıb. Basarkeçərdə və azərbaycanlılar yaşayan digər rayonlarda tamaşalar hazırlayıb. Adı bəzi proqramlarda Həsənağa kimi də yazılıb. Bakı Teatr Məktəbində təhsil almış gənc aktyorlar Kamil Qubuşov və Adil Əsgərov da truppaya daxil olmuşdular.

 

1935-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrına gənc yaşlarında (31 dekabr 1934) qəflətən dünyasını dəyişmiş, görkəmli dramaturq Cəfər Cabbarlının adı verildi.

 

Hüseyn Cavidin "Şeyx Sənan" mənzum məhəbbət faciəsinin premyerası 1935-ci il dekabr ayının son günlərində oldu. Bu tamaşa bir növ ictimai baxış xarakteri daşıyırdı və səhərisi gün tamaşanın geniş müzakirəsi keçirildi. Səhnə əsərinin quruluş və aktyor ifaları barədə tənqidi fikirlər söylənildi. Ona görə də 1936-cı ilin əvvəllərində tamaşa bir qədər ixtisar edilmiş və müəyyən əlavələr, dəyişikliklər olunmuş şəkildə yenidən premyera kimi göstərildi. "Şeyx Sənan" tamaşasında əsas rolları Əli Zeynalov (Şeyx Sənan), Ətayə Əliyeva və Şəfiqə Biryukova (Zəhra), Zariq Tereva (Xumar), Məmmədbağır Qaraxanov (Platon), Zakir Şahbazov (Serqo), Züleyxa Babayeva və Ətayə Əliyeva (Nina), İsfəndiyar Hüseynov (Dərviş), Cəmil Əliyev (Şeyx Kəbir), Yunis Nuri (Papas), Kazım Ziya (Şeyx Əbuzər), Dilarə Məmmədova və Adriq Dərzaqova (Əzra), Əşrəf Quliyev (Anton), Kamil Qubuşov (Simon) ifa edirdilər.

 

1935-ci ildə İrəvan teatrının truppasında təhsil görmüş aktyorlar çox az idi. Teatr özünün yaradıcılıq potensialını gücləndirmək, truppanın qüvvəsini artırmaq üçün Ermənistan Respublikasının əlaqədar təşkilatları qarşısında məsələ qaldırmışdı. Bu məqsədlə Ermənistanın Teatr Texnikumu nəzdində Azərbaycan qruppası açılmışdı. Bura 4 qız və 21 nəfər oğlan qəbul edilmişdi. Təqaüd alan, yataqxana ilə təmin olunan gənclər teatrın tamaşalarında iştirak edir, hətta kütləvi səhnə işçiləri kimi maaş alırdılar. Onların sayəsində teatr öz tamaşalarında kütləvi səhnələrdən cəsarətlə istifadə etməyə çalışırdı.

 

İrəvan teatrı 1930-cu illərin ortalarında da "aktyor kadrları cəhətdən böyük çətinlik çəkirdi. Sonralar Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı xarakter aktyorlarından olan İmamverdi Bağırov 1930 - 1932-ci illərdə Tiflis teatrında işləyəndən sonra iki il də İrəvan teatrında aktyorluq etmişdir. Bakıdan gənc, ancaq təcrübəli aktyor İsmayıl Dağıstanlının teatra daxil olması truppanı bir qədər canlandırmışdı. Repertuarda olan bəzi tamaşalar təzələndi və İsmayıl Dağıstanlı həmin əsərlərdə baş rollara daxil edildi. Aktyorun İrəvan teatrında fəaliyyət göstərdiyi iki ildə Otello rolu peşəkarlıq baxımından və bədii-estetik dəyərinə görə daha dolğun təsir bağışlayırdı. Təbiətən romantik aktyor məktəbinin ifadə prinsiplərinə, poetika göstəricilərinə üstünlük verən İsmayıl Dağıstanlı Otellonu daha çox lirik-dramatik faciə obrazı prinsiplərində oynayırdı.

 

Teatrın baş rejissoru Baxşı Qələndərli repertuarın zənginləşdirilməsi üçün ilk növbədə milli dramaturgiyaya üstünlük verirdi. İrəvanda yaşayan və teatrın direktoru işləyən Nəsib Əfəndiyev ötən ilin əvvəlində teatra "Od içində", ilin ikinci yarısında isə "Qısqanclıq" pyeslərini təqdim etmişdi. Noyabr ayında rejissor Baxşı Qələndərlinin quruluşunda əsərin məşqlərinə başlanıldı. 1936-cı il yanvarın 13-də "Qısqanclıq" dramının birinci tamaşası göstərildi. Tənqid daha çox əsərin ideoloji fikir yükünə diqqət yetirdiyinə görə tamaşanın qüsurlarından söz açmamışdır. Hətta digər dramaturqları da "kolxoz agitatorluğunu" vəsf edən pyeslər yazmağa səsləmişdir.

 

Baxşı Qələndərlinin quruluş verdiyi "Od gəlini" tamaşası mövcud qüsurlarına baxmayaraq, teatrın romantik-monumental formada tamaşalar hazırlamaq istiqamətində irəliyə bir addım kimi dəyərləndirilməyə layiq idi. Bu tamaşa Elxan rolunda romantik-dramatik pafosla, ehtiraslı psixologizmlə çıxış edən Əli Zeynalovun sənət qələbəsinə çevrildi. Sevindirici hal o idi ki, ifaçı aktyorlar Turə xanım Haşımova (Solmaz), Yunis Nuri (Yanardağ), Cəmil Əliyev (Oddamdı), Kamil Qubuşov (Aqşin), Məmmədbağır Qaraxanov (Əbu Übeyd), Əziz Süleymanov (Rəbi), Adil Məmmədov (Altunbay), Abbasqulu Tağıyev (Qorxmaz), Zakir Şahbazov (Sönməz), Tahir Əliyev (Toğrul), Dilarə Məmmədova (Gülçin) romantik aktyor məktəbi estetikasının prinsiplərinə, monumental formanın tələbindən doğan oyun tərzinə əməl etməyə cəhd göstərirdilər.

 

Teatr bu mövsümdə Cəfər Cabbarlının daha bir əsərini tamaşaya hazırladı. "Yaşar" dramı tamaşaya qoyuldu (quruluşçu rejissor Baxşı Qələndərli, rejissor İsfəndiyar Hüseynov). 12 dekabrda repertuara daxil olan tamaşada əsas rolları Əli Zeynalov (Yaşar), Əziz Süleymanov və Həsən Mirzəyev (Toğrul), Züleyxa Babayeva (Tanya), İsfəndiyar Hüseynov və Məmmədbağır Qaraxanov (İmamyar), Cəmil Əliyev (Niyaz), Ətayə Əliyeva (Yaqut), Dilarə Məmmədova (Nigar), Zakir Şahbazov (Əmirqulu), Adriq Dərzaqova (Şərəbanu), Tahir Əliyev (Bəhram), Yunis Nuri və Abbasqulu Tağıyev (Həsən), İsmayıl Dağıstanlı (Prokuror), Həsən Mirzəyev və Əziz Süleymanov (Məhkəmə sədri) oynayırdılar.

 

Akadekmik Milli Dram Teatrında, Bakı Türk İşçi Teatrında, Gəncə Dövlət Dram Teatrında aktyor işləmiş, böyük-böyük sənət nailiyyətləri qazanmış Kazım Ziyanın İrəvan teatrına işləməyə gəlməsini kollektiv rəğbətlə qarşıladı. O, bir teatr mövsümü kollektivin üzvü oldu. Aktyor əvvəlcə repertuardakı bir neçə tamaşada əsas rollara daxil edildi. Sonra o, tamaşa hazırlamaq təklifi ilə teatrın rəhbərliyinə müraciət etdi. Razılıq alan sənətkar Jan Batist Molyerin "Cancur Səməd" komediyasının məşqlərinə başladı. Kazım Ziya hazırlayacağı tamaşa üçün Məhəmmədsadıq Əfəndiyevin təbdilini seçdi. Məşqlər sürətlə aparıldı və qısa müddətə koloritli, gülməli və əyləndirici vəziyyət komediyası hazır oldu. "Cancur Səməd" tamaşasında aktyorlardan Dilarə Məmmədova və Adriq Dərzaqova (Xanbacı), Ətayə Əliyeva (Nigar), Ə.Yuniszadə (Şueyb), Əziz Süleymanov (Daşdəmir), Zariq Tereva (Nübar), Cəmil Əliyev (Abbasəli), Yunis Nuri (Qazı), Adil Məmmədov və Adil Əsgərov (Firuz), Əli Zeynalov və Zakir Şahbazov (Səlim), Baxşı Qələndərli və Kamil Qubuşov (Natarius), Abbasqulu Tağıyev (Cəmil) məşğul idilər. Qüdrətli aktyor Kazım Ziya vaxtilə Bakı Türk İşçi Teatrında böyük uğur qazandığı rolunun ifasında İrəvan teatrında yeni sənət nailiyyəti əldə edə bildi.

 

Cəfər Cabbarlının "Sevil" dramının builki tamaşasının premyerası 19 noyabr 1936-cı ildə oynanılıb. Bu quruluşda əsas rolları Zariq Tereva (Sevil), İsfəndiyar Hüseynov (Balaş), Adriq Dərzaqova (Gülüş), Yunis Nuri (Atakişi), Məmmədbağır Qaraxanov (Babakişi), Ətayə Əliyeva (Ediliya-Dilbər) ifa edirdilər. Aleksandr Korneyçukun "Polad Qartal" dramı təbdil edilmişdi. Baxşı Qələndərlinin quruluş verdiyi tamaşada baş rolları Əziz Süleymanov (Polad Qartal), Zariq Tereva (Nərgiz) oynayırdılar.

 

1937-ci ilin ilk yeni tamaşası Aleksandr Şirvanzadənin "Cinli" əsəri oldu. Teatr bu pyesi qısa müddətdə hazırlamalı olmuşdu. Quruluşçu rejissor Baxşı Qələndərli maraqlı tamaşa yarada bilmişdi. Teatr Dmitri Furmanovun "Qiyam" dramına dəvət olunmuş rejissorun quruluşunda oynadı. Rolları İsmayıl Dağıstanlı (Şahbəddinov), Əli Zeynalov (Furmanov), Məmmədbağır Qaraxanov (Müstəntiq), Əziz Süleymanov (Yereskin), Zakir Şahbazov (Çeşov), Ətayə Əliyeva (Nadya),  Tahir Əliyev (Tasimat), İsfəndiyar Hüseynov (Qaravayev), Zariq Tereva (Valya), Cəmil Əliyev (Yeqor), Adil Məmmədov (Patekin) ifa edirdilər. "Qiyam" tamaşasının dramatik mübarizə gərginliyini öz oyunlarında daha çox İsmayıl Dağıstanlı və Əli Zeynalov təcəssüm etdirə bilmişdilər.

 

1937-ci il şəxsiyyətəpərəstiş dövründə "xalq düşmənləri" damğası ilə kütləvi həbslərin və edamların Ermənistanda da azərbaycanlılara qarşı tüğyan etdi. Bu bəlalardan yan keçmək üçün İrəvan teatrı öz yaradıcılığında ciddi sənət axtarışlarını siyasi "tələblərə" qurban verməli olurdu. Təbii ki, bu qorxunun vahiməsi daha çox repertuar tərtibində nəzərə çarpırdı. Teatr məcburiyyət qarşısında qalaraq güclü ictimai-sosial xarakterli klassik əsərləri də oynamağa cəsarət göstərmirdi. Halbuki 1936-cı ilin sonlarında teatrın repertuar planına Nəriman Nərimanovun "Nadir şah", Cəfər Cabbarlının "Nəsrəddin şah", Hüseyn Cavidin "Səyavuş", Cəlil Məmmədquluzadənin "Anamın kitabı", "Dəli yığıncağı" kimi möhtəşəm dram nümunələri daxil edilsə də, onların heç biri səhnə üzü görmədi.

 

1938-ci il yanvarın 2-də "1905-ci ildə" tamaşasının ikinci premyerası göstərildi. Üç gün ərzində tamaşada müəyyən əsaslı dəyişikliklər edilmişdi. Əli Zeynalov (Volodin), Yunis Nuri (İmamverdi), Cəmil Əliyev (Allahverdi), Ətayə Əliyeva (Sona), Əhməd Səfayi (Əmiraslan bəy Salamov) öz ifalarını bir qədər də təkmilləşdirmişdilər. Aktyor oyunları içərisində əsas diqqət İsmayıl Dağıstanlının ifasına yönəlmişdi. Lakin ikinci dərəcəli surətlərin ifaçıları da maraqlı oyun nümayiş etdirə bilmişdilər. Həsən Mirzəyevin oynadığı Baxşı, Əhməd Səfayinin ifa etdiyi Salamov rolları da dramatik-psixoloji baxımdan uğurlu alınmışdı.

 

Teatr rus klassik şair və dramaturqu Aleksandr Puşkinin "Xəsis cəngavər" ("Xəsis rıtsar" adı ilə) dramını hazırlayıb repertuarına daxil etdi.  Tamaşa Aleksandr Puşkinin anadan olmasının 100 illiyinə həsr edilmişdi. Boris Lavrenyovun inqilaba həsr olunmuş "Hücum" əsəri orijinaldakı "Razlom" adı ilə tamaşaya hazırlandı. Noyabr ayının 10-da göstərilən tamaşanı rejissor Baxşı Qələndərli hazırlamışdı. Daha çox inqilabi pafosu, ideologiyanın çılpaq təbliği ilə diqqət çəkən "Razlom" tamaşasında rollar İsmayıl Dağıstanlıya (Qodun), Yunis Nuriyə (Qoca Matros), İsfəndiyar Hüseynova (Kapitan), Əli Zeynalova (Fon Ştube), Zariq Terevaa (Tatyana) tapşırılmışdı.

 

Mətbuat ilboyu teatrın uğurlarını və nöqsanlarını diqqət mərkəzində saxlamışdı. "Qızıl şəfəq" qəzetinin (21 avqust 1937) apardığı müqayisəli təhlildən məlum olurdu ki, 1936-cı ildə İrəvanda və kəndlərdə 118 tamaşa oynamış teatr 1937-ci ildə bu göstəricini 180-ə çatdırıb. Ötən il öz repertuarına iki yeni əsər daxil edən sənət ocağı 1937-ci ildə həmin göstəricini beşə çatdırıb. Hətta o da qeyd edilib ki, 1938-ci ildə 7 premyera olacağı planlaşdırılıb. Həqiqətən də teatr bu il doqquz yeni səhnə əsərinə quruluş verdi.

 

İlham RƏHİMLİ

 

525-ci qəzet.- 2017.- 7 mart.- S.6.