İrəvan Dövlət Azərbaycan Teatrı: 1882 - 1927-ci illərdə

 

Teatr - 135

 

1-ci məqalə

 

Qədim Azərbaycanın Qarabağ - Zəngəzur, Təbriz - Ərdəbil, Xoy - Urmu, Bakı - Şirvan, Gəncəbasar, Talış - Muğan, Quba - Dərbənd, Borçalı, Naxçıvan və sairə bölgələrində olduğu kimi, İrəvanda da xalq oyun-tamaşaları geniş təşəkkül tapmışdır. Tapmış və xalqın məişətinə dərindən müdaxilə etmişdir.

Məhərrəmlik ayında, xüsusən Aşura günündə məscidlərin həyətində, böyük və geniş meydanları olan məhəllələrdə şəbih tamaşaları göstərilib. Məhərrəmlik ayı qış günlərinə təsadüf edəndə mərasim varlı adamların böyük mənzillərinin iri otaqlarında keçirilib.

Təbii ki, bütün bunlar Azərbaycan peşəkar teatrının XIX əsrin ikinci yarısında Bakıdan (10 mart 1873) və Tiflisdən (mart 1873) sonra İrəvanda da təşəkkül tapmasına zəmin yaradıb. Peşəkar teatrın təşəkkül tapmasının başqa bir zəmini də İrəvan mahalında maarifçiliyin tərəqqisi ilə bağlıdır. XIX əsrin əvvəllərində İrəvanda mövcud olan mədrəsə təhsil ocaqları ilə yanaşı, yeni tipli məktəblər də açılıb. Xüsusən türk-rus (rus-tatar da deyilib) məktəblərində təhsil proqramı daha müasir prinsip və formalarda qurulub. Vaxtilə həmin məktəblərdə oxumuş, əcnəbi ölkələrdə ali təhsil alıb qayıtmış və orada dərs verən müəllimlər, eləcə də yuxarı sinif şagirdləri də İrəvanda peşəkar Azərbaycan teatrının təşəkkülündə və tərəqqisində böyük xidmətlər göstərmişlər.

Müxtəlif tarixi mənbələrdən əldə olunan məlumatlara görə, güman var ki, İrəvan şəhərində tamaşa 1880-ci il mart ayının 10-da (təzə təqvimlə martın 23-ü), Novruz bayramında göstərilib. Düzdür, həmin tamaşanın nə proqramı, nə afişası əlimizdə yoxdur. Buna görə də Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı adı ilə fəaliyyət göstərən sənət ocağının təşəkkül tarixini hələ ki, 1882-ci ilin fevralından götürmək olar. Əgər gələcəkdə hansısa teatrşünas alim İrəvanda teatr tamaşası oynanılması barədə daha qədim tarixi fakt taparsa (mən buna əminəm ki, həmin fakt tapılacaq), onda tarixi bir az da geriyə çəkmək olar.

Qayıdıram İrəvanda ilk teatr tamaşası oynanılan günə: 27 fevral 1882-ci ilə.

İrəvanın tanınmış möminlərindən ziyalılarından olan Məşədi İsmayılın yazdığı "İrəvan xanı və Novruz bayramı" məsxərəsi əsasında tamaşa hazırlanıb və tamaşaçılara göstərilib. Güman və fərziyələrə görə bu tarix 1881-ci ilə təsadüf edir. Deməli, bu tarix də İrəvan Azərbaycan teatrının təşəkkül tapmasının göstəricisi kimi dəyərlidir. Ancaq yenə təəssüflə qeyd edirəm ki, həmin tamaşanın da proqram və afişası əlimizdə yoxdur. Oynanılan tamaşa barədə mətbuat məlumatı da rastımıza çıxmayıb.

Arada göstərilən tamaşalar barəsində səhih məlumat yoxdur. Lakin həqiqət olanı budur ki, 1882-ci ilin əvvəllərində İrəvan gimnaziyasının şagirdləri Məşədi İsmayılın rəhbərliyi ilə Vasaq Mədətovun "Tamahkarlıq düşmən qazanır" vodevilini tamaşaya hazırlayıblar. Tamaşa maraqla qarşılanıb. Fevral ayının 27-də, Novruz bayramının ilk çərşənbəsində oynanılıb. Elə bu il aprel ayının 2-də həmin tamaşa ikinci dəfə göstərilib. Tamaşadan hasil olan gəlir kasıb tələbələrin geyimlə və məktəb ləvazimatı ilə təchizatına məsrəf olunub. Tamşada əsas rolları Məşədi İsmayıl və Mirzə Xəlil Hacıyev ifa etmişlər. "Tamahkarlıq düşmən qazanır" əsərinin səhnə həyatında həmçinin Nəzmi (Məşədi Fərəc), Mirzə Xəlil Hacıyev (Məmmədqulu), Rüstəm xan Abbasquluxanov (Fətəli Mirzə), Məhəmməd (Həsən) müxtəlif rollarda çıxış etmişlər.

Alim İsrafil Məmmədovun bu fikri maraqlıdır ki, "Tamahkarlıq düşmən qazanır" 1881-ci il martın 16-da İrəvanda Azərbaycan dilində şəhər məktəbinin müəllimi Məşədi İsmayıl Hacı Kazımzadənın təşəbbüs və təkidi ilə yazılmış, sonralar Zaqafqaziyanın müxtəlif şəhərlərinin səhnələrində ayrı-ayrı vaxtlarda "Bacı və qardaş" adı ilə də oynanılmış, nəhayət 1900-cu ildə elə İrəvanın özündəki Edilson mətbəəsində ayrıca kitabça şəklində çap edilmişdir. 44 səhifəlik bu kitabçanın naşiri Xəlilov olmuşdur" ("Sovet Ermənistanı", 14 yanvar 1984).

Bu əsərə yazılmış ön sözdə hekayətin Məşədi İsmayıl Kazımzadəyə kim tərəfindən danışıldığı barədə də məlumat vardır. Orada göstərilir ki, Məşədi İsmayılın söylədiyi hekayəti Nəzmi (Vasaq Mədətov) çox cüzi dəyişiklik edərək Azərbaycan dilində qələmə almışdır.

İrəvanda 1881-ci ilə qədər də mədəniyyət sahəsində müəyyən işlər görülüb və o cümlədən də teatr tamaşası oynanılıb. Məşədi İsmayıl Kazımzadə həmin teatr tamaşalarının ya təşkilatçılarından, ya da iştirakçılarından biri olub. Onun teatr və dramaturgiya barədə məlumatı olduğuna görə də hekayəti Nəzmiyə məhz dialoqlar, yəni pyes şəklində diktə edib. Çox güman ki, bu işdə kişi gimnaziyasının müəllim və şagirdləri də iştirak ediblər.

Görkəmli Azərbaycan maarifçisi, şöhrətli pedaqoq, milli filologiya elmimizin banilərindən biri olan Firudin bəy Köçərli 1885-ci ildə Qori Müəllimlər Seminariyasını bitirib. O, 1985 - 1986-cı dərs ilindən İrəvana işləməyə göndərilib. Köçərli İrəvan gimnaziyasında dərs deyib və on il burada çalışıb. Firudin bəy həm gimnaziyada, həm də şəhərin ictimai mühitində teatr sənətinin inkişafı üçün dəyərli işlər görüb. Onun pedaqoji fəaliyyəti İrəvan teatrının fəallaşması üçün geniş zəmin yaradıb.

İrəvan teatrının peşəkarlıq istiqamətində formalaşmasında böyük xidmətlər göstərmiş Yunis Nuri (Süleymanov) məhz Firudin bəyin qayğısı ilə səhnə sənətinə bağlanmışdır. Köçərlinin quruluş verdiyi "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşasında Yunis Nuri Şəhrəbanunun maraqlı ifaçılarından biri sayılıb.

1898 - 1903-cü illərdə Cəlil Məmmədquluzadə müəyyən fasilələrlə İrəvanda yaşayıb. İrəvan quberniyasının Uluxanlı kəndində dərs deyib. Onun buraya gəlməsi teatr sənətinin inkişafına yeni təkan verib. Firudin bəy 1886-cı il fevral ayının 4-də Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasını tamaşaya hazırlayıb. Tamaşa müxtəlif çətinliklərə baxmayaraq, oynanılıb. Köçərli "Kəşkül" qəzetinin 20 aprel tarixli sayında yazır ki, "darülmüəllimində elm və kamal təhsil edən müsəlman cavanları hökumət rüsxəti ilə mərhum Mirzə Fətəli Axundzadənin "Məstəli şah" ünvanlı tərtib etdiyi komediyanı oynayıb, cümlənin diqqət və hörmətini cəlb etdilər. Komediya türk dilində oynanıldı". "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşasından sonra məktəbin istedadlı şagirdi Rzayevin qələmə aldığı "Könülsüz nikah" məsxərəsi də səhnədə göstərilib.

Bunun ardınca teatr həvəskarları Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" (1890, 1895, 1896 və 1897), "Hacı Qara" (1894), "Lənkəran xanının vəziri" (1897), yerli müəllif Rzayevin "Zor ilə evlənməyin nəticəsi" ("Könülsüz nigah". 1890, 1896 və 1899), Sultanməcid Qənizadənin "Dursunəli və ballıbadı" (1893), Vasaq Mədətov Nəzminin "Qırt-qırt" (1893), "Tamahkarlıq düşmən qazanır" (1899) məsxərə, vodevil və komediyalarını tamaşaya qoymuşlar.

Həmin dövrdə İrəvanda göstərilən tamaşaların əksəriyyəti "Canpoladovlar qardaşlarının teatrı" adlanan, nisbətən əlverşli və geniş binada göstərilib. Mətbuat səhifələrində, tamaşaların proqram afişalarında bu binanın adı "Canpoladov teatrı", "Canpoladov klubu" kimi də yazılıb. Klub böyük qardaş İsay Canpoladovun təşəbbüsü ilə inşa edilib. Eyni zamanda İrəvan şəhərinin tanınmış ziyalıları və hörməti yüksək tutulan izzət və şərəf sahibləri Pənah xan Makinski, Əli xan Makinski, Qazıyev qardaşları, Təkinskilər, İrəvanskilər və başqaları İrəvanda milli teatrın tərəqqisi üçün müəyyən faydalı və eyni zamanda cəsarətli işlər görmüşlər. İrəvan Müəllimlər Seminariyası on doqquzuncu əsrin sonlarında teatr prosesinin inkişafında diqqətəlayiq rol oynamışdır. Seminariyanın müəllimləri və yuxarı sinif şagirdləri tamaşalar hazırlayıb oynamışlar.

Yunis Nuri 1890-cı illərin sonlarından İrəvanda teatr tamaşaları oynanılmasında və əsərlərin tamaşaya hazırlanmasında öncüllüyü ələ alıb. Onun rejissorluğu ilə hazırlanmış "Qırt-qırt" tamaşası 1903-cü ilin yayında Pənah xan Makinskinin evində göstərilib. Həmin tamaşa məxsusi Makinskinin ailəsi üçün də oynanılıb. Teatr həvəskarları ilə belə yaxınlığı və maarifə, sənətə rəğbəti sayəsində Makinskinin evi tez bir zamanda teatr mərkəzinə çevrilib.

1903-cü ilin payızında teatr həvəskarları artıq bir dəstə şəklində birləşib və ona rəhbərliyi Yunis Nuri edib. Həmin dövrdə və ümumiyyətlə iyirminci əsrin ilk on ilində truppada Yunis Nuri (rəhbər), Kərim Əhmədov, Mirzəli, Qənnadı Cabbar, Cəfər Əhmədov, Hüseyn Salmanov kimi fədakarlar çalışırdılar. Sonralar Rza Şeyxzadə, Mustafa Rəcəbov, Məcid Rəcəbov, Mehdi Kazımov, Asəf bəy Şəfiyev, Məmmədağa Şahtaxtlı (Şahtaxtinski), Ayaqçı Sadıq, Məşədi Hüseynoğlu və başqaları da truppanın tamaşalarında çıxışlar etmişlər.

XX əsrin əvvəllərindən başlayaraq on il ərzində azərbaycanlı teatr həvəskarları əsasən Canpoladov teatrında, Camaat klubunda və Pənah xan Makinskinin mülkündə tamaşalar oynamışlar. Həmin tamaşaların arasında Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" (1901, 1903, 1904, 1905, 1906), Vasaq Mədətov Nəzminin "Qırt-qırt" (1900, 1903), "Tamahkarılq düşmən qazanır" (1903, 1905, 1906), Nəcəf bəy Vəzirovun "Hacı Qənbər" (1904, 1908), "Ev tərbiyəsinin bir şəkli" (1905, 1906, 1908), Rüstəm xanın "Əqdi biməhəbbət" (1906), Namiq Kamalın "Vətən" (1908), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (1909, 1910) pyeslərinin səhnə təfsiri peşəkarlıq xüsusiyyətləri ilə daha çox nəzər-diqqəti cəlb etmişdir. Teatr həvəskarları vaxtaşırı vodevil və məsxərələr göstərmişlər.

Bu tamaşaların bir qismi 1905-ci ildə erməni - türk müharibəsində zərər çəkənlərin, kasıb məktəb şagirdlərinin və İran azərbaycanlılarının "Əncüməni-xeyriyyə" cəmiyyətinin açdığı "Xəstəxaneyi-füqəra"nın nəfinə oynanılmışdır.

1912-ci ilin əvvəllərində teatr truppası dağılmaq həddinə çatıb. Demək olar, tamaşalar göstərilməyib, həvəskar aktyorlar hərəsi öz işinin dalınca olub. Ancaq may ayında Yunis Nurinin səyi ilə həvəskarlar Canpoladov klubunda toplaşıb fəaliyyətlərini yenidən qurmağa səy göstərdilər. Elə may ayının ortalarında İstanbuldan gəlmiş Osman bəy, Əli Fəhmi və Mərziyə xanım irəvanlı həmkarlarının yaxından iştirakı ilə osmanlı dramaturqu Namiq Kamalın "Vətən" ("Vətən, yaxud Silistirə") faciəsini oynadılar.

1912-ci ilin sonlarında Zülfüqar bəy Hacıbəylinin "Evliykən subay", "Əlli yaşında cavan" ("Qocalıqda yorğalıq" adı ilə) musiqili komediyaları Tiflisin aparıcı aktyoru Mirzəxan Quliyevin başçılığı ilə İrəvan teatr həvəskarları tərəfindən oynanılıb. Üzeyir bəy Hacıbəylinin "Məşədi İbad" operettası və "Leyli və "Məcnun" operası da repertuarda yer tutub.

Teatr dəstəsi oynadığı əsərlərin mövzu genişliyinə nail olmaq üçün müəyyən cəhdlər göstərib. Ancaq truppa monumental səpkili, güclü xarakterli, möhtəşəm kompozisiyalı pyesləri tamaşaya hazırlamağa çalışmayıb. Yunis Nuri 1913-cü ildə də tamaşalar hazırlamaqda fəallığı əldən verməyib. Onun quruluşunda Üzeyir bəy Hacıbəylinin "Məşədi İbad", Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər" komediyası, "Bəxtsiz cavan" faciəsi, Nəcəf bəy Vəzirovun "Daldan atılan daş topuğa dəyər" məzhəkəsi, Sultanməcid Qənizadənin "Dursunəli və ballıbadı", "Xor-xor" vodevilləri tamaşaçılara göstərilib.

Əli Rəhimzadə (Məhzun) və Əsgər Axundov rəsmi dairələrdən icazə alaraq 1913-cü ildə bir dram şirkəti yaradıblar. Dəstə mart ayında toplanıb və "İrəvan islam dram şirkəti" adlanıb. "Şirkət"in truppasında Mir Abbas, Əli Məhzun (Rəhimzadə), Asif bəy Şəfibəyov, Mehdi Kazımov, Yunis Nuri, Məcid Rəcəbov xüsusi fəallıq göstərmişlər. "Şirkət" aprel ayının 29-da Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər" və "Kimdir müqəssir?" pyeslərini, mayın 16-da "Sevgili övlad" və Əlipaşa Hüseynzadənin "Millətpərəstlər" ("Millətpərəstlər, yaxud ürəfa qiyafəsində səfehlər") dramlarını, oktyabrın 18-də Haşım bəy Vəzirovun "Döymə qapımı, döyərlər qapını" məsxərəsini, noyabrın 15-də osmanlı ədibləri Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin "İbrahim bəy, yaxud istibdad qurbanı" faciəsini tamaşaya hazırlayıb. Dəstənin həvəskar aktyorları il ərzində daha bir neçə məsxərə və dramı tamaşaya qoyublar. Onlar repertuar seçərkən yerli müəlliflərin məzhəkələrinə də xüsusi diqqət yetiriblər.

İrəvan teatrının yeni peşəkarlıq mərhələsinə keçidi ilk növbədə "İrəvan islam dram şirkəti" təminatlandırıb. Bu truppa ətrafında birləşən həvəskarlar peşəkar teatrın tnkişafında daha məqsədyönlü işlər görə biliblər. Bir sıra vacib teatrdaxili qaydalara (məsələn, məşqlərin müəyyən qrafiklə, müntəzəm və səmərəli aparılması, tərtibatdan məqsədyönlü istifadə, geyim atributlarının pyesdəki hadisələrə və dövrə uyğun seçilməsi və sairə) əməl olunmasında ciddilik artıb. "İrəvan islam dram şirkəti"nin adı müxtəlif mətbuat səhifələrində "İrəvan dram şirkəti", "İslam dram şirkəti", "Şirkət" kimi də verilib.

İrəvandakı teatr qüvvələrinin "Şirkət"in ətrafında cəmləşmələri ümumilkdə şəhərin teatr prosesinə canlanma verib. Hətta hazırlanan tamaşaların bədii səviyyələrində yüksəlmə də hiss edilib. Lakin repertuarda müəyyən təkrarlar, lüzumsuz pyeslərə müraciət halları hələ aradan tam götürülməmişdi. İfaçılıqda ştampçılıq hökm sürürdü və bu hal truppanın əksər aktyorlarını mürəkkəb səhnə personajı yaratmaqdan uzaqlaşdırırdı.

Yunis Nuri 1914-cü ildə "İrəvan islam dram şirkəti"ndə rejissorluq və aktyorluq fəaliyyətini bir qədər də səfərbərlik və coşqunluqla davam etdirib. Onun rejissorluğu ilə Canpoladov klubunda Jan Batist Molyerin "Zorən təbib" (24 yanvar), Üzeyir bəy Hacıbəylinin "Məşədi İbad" (31 yanvar), Əli Məhzunun benefisinə Əlipaşa Hüseynzadənin "Millətpərəstlər" (27 fevral), Rza Quluzadənin "Pul, yoxsa Allah?" (16 mart) tamaşaları göstərilib. Müxtəlif aktyor-rejissorların quruluşlarında həvəskar aktyorlar Mirmahmud Kazımovskinin "Daşım-daşım", tərcümə edilmiş "Mən ölmüşəm", "Sevgili övlad" vodevillərini tamaşaçılara təqdim ediblər. Teatr dəstəsi bir neçə tamaşadan əldə olunan vəsaiti "Ləklək" jurnalının çapı üçün verib. Çinovniklər klubunda isə avqustun 25-də yaralı rus əsgərlərinin nəfinə Üzeyir bəy Hacıbəylinin "Məşədi İbad" musiqili komediyası oynanılıb. Tamaşada səhhətləri nisbətən gümrah olan əsgərlər də iştirak ediblər.

"Məşədi İbad" tamaşası 1914-cü il sentyabrın 4-də və 8-də Əli xanın evində qadınlar üçün göstərilib. Buradan əldə olunmuş pul isə Birinci Dünya müharibəsində yaralanan insanlara qayğı göstərən "Qırmızı xaç" cəmiyyətinə verilib. Ümumiyyətlə, İrəvandakı azərbaycanlı teatr həvəskarları humanizm tədbirlərinin həyata keçirilməsində həmişə öndə olublar.

"Məktəbi-İslamiyyə"nin şagirdləri 1914-cü ilin may və iyun aylarında Məmmədəli Nasirin "Millətpərəstlikmi, şərabxorluqmu?", "Zorən izdivac" və "Rüşvətxor qazı" dramlarını tamaşaya hazırlayıblar. Toplanan pul məktəbin kasıb şagirdlərinin ehtiyaclarına xərclənib. "İrəvan İslam dram şirkəti" də Məmmədəli Nasirin adları sadalanan və "Bədbəxt ailə" dramlarını öz repertuarına tez-tez daxil edib. Truppa 1915-ci ildə demək olar ki, keçən ilki repertuarına təzə tamaşa əlavə etməyib. 1916-cı ildə isə "Şirkət"in repertuarında Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (3 fevral), Nəriman Nərimanovun "Nadanlıq" (19 may), Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" (26 may), Anton Çexovun "Qız istəmək" ("Elçilik") və imzasını gizli saxlayan yerli müəllifin "İran faciələri" (20 iyun), Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" (11 sentyabr), Mirməmməd Mirfətullayevin "Kefçil və kefçillər" pyeslərinin tamaşaları mühüm yer tutub. Həmin tamaşaların əksəriyyəti ayrı-ayrılıqda bir neçə dəfə göstərilib ki, bu da bir növ dəstənin yaradıcılıq fəaliyyətində yeni cəhd idi. 1916-cı ildə Məmmədəli Şahtaxtlı (Şahtaxtinski), qadın rollarını oynayan Ayaqçı Sadıq, Məşədi Hüseynoğlu, gimnaziyanın son sinif şagirdi Mirzə Bağırbəyov "Şirkət"in truppasında aktyorluq ediblər.

"Şirkət"in repertuarında 1917-ci ildə yeni tamaşalar da yer tutub. Bunlardan Mehdi bəy Hacınskinin "Zülm və istibdadın axırı", Rzayevin "Könülsüz nigah" əsərlərinin tamaşaları nisbətən uğurlu alınıb. 1915 - 1917-ci illərdə göstərilən tamaşaların əksəriyyətinin quruluşçu rejissoru Yunis Nuri olub.

1918-ci ilin mart ayında daşnak ermənilər Bakıda və İrəvan şəhərində kütləvi qırğınlar törətməyə başlayıblar. Bu kütləvi qırğınlarla bağlı İrəvanın həvəskar aktyorlarının böyük bir qismi, başda Yunis Nuri olmaqla, İranın Xoy şəhərinə mühacirət ediblər. Həmin truppa üç ilə qədər orada qalıb. 1920-ci illərin sonlarından başlayaraq İrəvanda yaşayan azərbaycanlı teatr həvəskarları tədricən yenidən bir yerə cəm olmağa başlayıblar. 1921-ci ilin əvvəllərində şəhərdə Məşədi Əzizbəyov adına klub təşkil olundu. Həmin vaxt Yunis Nuri və şəhərin əsas teatr fədailəri İranın Xoy şəhərində idilər. Əzizbəyov klubunda dram dərnəyi də yaradılmışdı. Dərnəyin yaradılmasında və onun fəaliyyət dairəsinin genişləndirilməsində Bala Əfəndiyev səylə çalışmış, hətta özü də tamaşalar hazırlamış, müxtəlif rollar oynamışdır. Bu dram dərnəyi təkcə 1924-cü ildə 45 tamaşa vermişdir. 1924-cü ilin əvvəllərində dərnəyə rəhbərlik etmək üçün Əbdülsəməd Rzayev Naxçıvandan İrəvana dəvət edilmişdir. Əbdülsəməd Rzayevin rejissorluğu ilə repertuarda maraqlı tamaşalar yer tutmuşdur. Bu dərnək 1923-cü ildən sonra əsasən Yunis Nurinin dram dəstəsi ilə bir yerdə çalışmışdır.

Sənət fədaisi Yunis Nurinin başçılığı ilə 1922-ci ildə teatr dəstəsi yenidən coşqun fəaliyyətə başladı. Bu cəhd nə qədər çətin olsa da, əsl qeyrət və cəsarət tələb edirdi və nə yaxşı ki, səhnə fədailəri bunu vicdanla həyata keçirdilər. Tezliklə dəstənin yaradıcılıq potensialı artdı. Truppaya Bala Əfəndiyev, A.Axundov, Əkbər Rzayev, M.Rzayev, Yusif Ziya daxil idilər. Hökumət işində çalışan rəhbər işçilərin arvadları Fatma Əfəndiyeva və Firəngiz Rzayeva, dəri zavodunun fəhləsi Gövhər xanım truppanın tamaşalarında çıxış edirdilər. Gövhər xanım "Arşın mal alan" operettasında Gülçöhrənin ariyasını məharətlə ifa edib.

Şəhərin mədəni həyatını canlandırmaq, əhalini kütləvi şəkildə maarifçiliyə sövq etmək üçün 1923-cü ildə Pənah xanın evində Qadınlar klubu təşkil olundu. Bir müddət "Müsəlman Qadınlar klubu" adlanan bu mədəniyyət mərkəzi sonralar Klara Setkinin adını daşıyan klub kimi fəaliyyət göstərirdi. Klubda müxtəlif dərnəklər, savad və peşə kursları, kitabxana vardı. Qərbi Azərbaycanın Həqiqət Abbasova, Bülbül Kəngərli, Tacirə Bağırova, Sona Bağırova, Zərri Rəcəbova, Tərlan Rəcəbova kimi məşhur ziyalı qadınları bu klubun mədəni-maarif həyatı ilə sıx bağlı olmuşlar. Onlar və daha neçə-neçə azərbaycanlı qızı çadralarını məhz bu klubun mədəniyyət tədbirlərində atmışlar.

Qadınlar klubunun yaranmasından bir il sonra isə şəhərdə Azərbaycan klubu açıldı. Hər iki mədəniyyət ocağında teatr tamaşaları göstərilirdi. 1923-cü ildə teatr prosesinin əlamətdar hadisələrindən biri odur ki, truppa bir neçə dəfə bölgələrə gedərək kəndlərdə də tamaşalar oynamışdır. Bu cəhd get-gedə gücləndi və sonrakı illərdə, hətta teatrın dövlət statusu ilə fəaliyyət göstərdiyi dövrlərdə ənənəyə çevrildi. Sonra bu iki klubun dram dərnəyi birləşərək daha samballı truppaya çevrildi.

1924-cü ildə İrəvanın teatr prosesində məktəblər də fəallıq göstərmişlər. Xüsusilə şəhərdəki 10 saylı Azərbaycan məktəbində müəllimlərin rəhbərliyi ilə şagirdlərin tamaşalar hazırlayıb göstərmələri ənənə halını alıb. Yunis Nurinin rəhbərlik etdiyi truppanın aktyorları bu işdə şagirdlərə yaxından köməklik göstəriblər, bir növ onları hamiliyə götürüblər. Belə gecələrdə orijinal və tərcümə pyeslər, məzhəkələr, vodevillər, iri həcmli əsərlərdən parçalar oynanılmışdır. 1924-cü il teatr prosesinin maraqlı hadisələrindən biri o olub ki, "azərbaycanlı Mirkazım ağanın qızı Fatma xanım Əfəndiyeva ilk dəfə İrəvanda səhnəyə çıxıb. Gənc qız "İki yol və yaxud Məhəmmədəmin Azəri" pyesində Gülsüm rolunda oynamışdır" ("Yeni fikir", 3 mart 1925). Fatma xanımın əri məsul hökumət işçisi olub.

İrəvanın teatr həvəskarları Hüseyn Cavidin "İblis" faciəsini tamaşaya qoymuşlar (30 dekabr 1924). "İblis" kimi mürəkkəb pyesi, poetik teatr estetikasının incəliklərinə əsaslanan faciəni oynamaq truppa üçün çətin idi. Hər halda bu tamaşa Hüsen Cavid dramaturgiyası ilə tanışlığın reallaşıb daha da dərinləşməsi baxımından təqdirəlayiq hadisə kimi dəyərlidir. "İblis" tamaşasında rolları Əbdülsəməd Rzayev (İblis), Əkbər Rzayev (Arif), Yunis Nuri (İxtiyar), Fatma Əfəndiyeva (Rəna) ifa edirdilər. Tamaşaya quruluşu Əbdülsəməd Rzayev vermişdi. Tamaşa 1925-ci ildə də bir neçə dəfə göstərilib.

1924 - 1928-ci illərdə illərdə İrəvan aktyorları Süleyman Sani Axundovun "Laçın yuvası", "İki yol", Nəriman Nərimanovun "Nadir şah", Mirzağa Əliyevin "Orada elə, burada belə", İsmayılovun "Sosializm uğrunda", S.Axundzadənin "Molla Nəsrəddin", Süleyman Rüstəmin "Çimnaz xanım yuxudadır", Rza Quluzadənin "İran və ingilis", Sultan Muradovun "Kəblə Xudu", Sultanməcid Qənizadə "Axşam səbri xeyir olar" pyeslərini, təbdil edilmiş "Hiyləgər arvad", "Bizim kirayənişin özünü öldürdü", "Mən ölmüşəm" vodevillərini tamaşaya hazırlayıblar.

Şəhərdə teatr prosesinin canlanmasında məktəb şagirdləri və müəllimləri ilə yanaşı, müxtəlif texnikumlar da coşqun həvəslə çalışırdılar. Fəhlə fakültəsinin (Rabfak) Azərbaycan şöbəsində təhsil alan tələbələr 1926-cı il mart ayının 9-da Hüseyn Cavidin "Şeyda" dramını tamaşaya hazırlayıblar. Əsas rollarda Məşədi Rzayev (Şeyda), Fatma Əfəndiyeva (Roza), Abdullayev (Qara Musa) çıxış ediblər.

Gündən-günə güclənən teatr truppası iri həcmli pyeslər də oynayırdı. 1926-cı ilin yazında demək olar bir-birinin ardınca Hüseyn Cavidin "Şeyda" faciəsini (18 mart. Quruluşçu rejissor Yunis Nuri) və Jan Batist Molyerin "Zorən təbib" komediyasını (12 may. Quruluşçu rejissor Yunis Nuri) tamaşaya hazırlayıb. İlin birinci yarısında oynanılan, dəfələrlə göstərilən tamaşalar içərisində "Məşədi İbad" (Üzeyir bəy Hacıbəyli) musiqili komediyası xüsusi yer tutub. Əsərə quruluşu Yunis Nuri verib və ilk tamaşa mayın 16-da göstərilib.

Azərbaycan Dövlət Dram Teatrı (bugünkü Akademik Milli Dram Teatrı) 1926-cı il iyun ayının 2-dən 11-ə qədər İrəvanda böyük uğurla keçən qastrol səfərində olub. Hüseyn Cavidin "İblis", Cəfər Cabbarlının "Aydın" və Uilyam Şekspirin "Otello" pyeslərinin tamaşaları oynanılıb. Təcrübəli sənət ocağının bu səfərindən sonra İrəvanda fəaliyyət göstərən Azərbaycan teatr truppasının yaradıcılıq cəhdləri daha da güclənib. Kollektiv "dövlət" statusu almaq üçün yaradıcılıq axtarışlarını daha inamla, daha səmərəli səylə artırıb. 1927-ci ilin iyun ayında akademik teatrın İrəvana yaradıcılıq səfəri haqqında söhbət gedən prosesə sanki canlanma və şövq verdi. Bakı aktyorları bu gəlişlərində İrəvanda "Hamlet" və "Otello" (Uilyam Şekspir), "Müfəttiş" (Nikolay Qoqol), "Qaçaqlar" (Fridrix Şiller), "İki yetimə" (Adolf D'Enneri və Germon), "Qaçaq Kərəm" (Vano Mçedaşvili) tamaşalarını göstərdilər. Kütləvi səhnələrdə və bəzi tamaşaların epizod rollarında İrəvan aktyorları da çıxış edirdilər.

İlin sonlarından teatr truppası dövlət statusu almaq üçün daha əzmlə çalışmağa başladı.

 

İlham RƏHİMLİ

 

525-ci qəzet.- 2017.- 1 mart.- S.6.