Sayğınlığın dəyişilməz formulu: dürüstlük
və xeyirxahlıq
Tağı Əhmədov
- bu ad bütün Azərbaycan xalqına tanışdır. Çünki xalq onu yaxın
vaxtlara qədər tez-tez görürdü televiziya efirində, qəzetlərdə, jurnallarda
demək olar, bütün kütləvi
informasiya vasitələrində.
O tez-tez çıxışlar edir,
jurnalistlərin suallarına
cavab verirdi, hərdən əsəbiləşirdi,
hərdən gülürdü;
amma hamıya qulaq asırdı, cavab verirdi. Özü də fikirləşdiyini deyirdi, təmiz Azərbaycan dilində, bu xalqın öz danışıq dilində, ürəkdən,
səmimi heç nəyi gizlətmirdi, yalan danışmırdı.
Niyə?
Çünki siyasət adamı
deyildi Tağı müəllim. Axı siyasət
(politikos) yunan sözüdür, özü
də "yalan" deməkdir. Siyasətçilərin çoxu fikirlərində
tutduqlarını demirlər,
başqa şey deyirlər; bəziləri
qorxur, bəziləri isə sadəcə əsl siyasətçidirlər,
diplomatdırlar. Tağı müəllim
bunların heç birindən deyil. Tağı Əhmədov xalqın içindən çıxmış
və öz xəlqiliyini, səmimiyyətini
saxlamış, onu itirməmiş Azərbaycan
oğludur. O, kişi adamdır! Bunu təkcə mən demirəm, çoxları
deyir. Bizdə necədir? Bir atalar
misalında deyildiyi kimi, adətən "Yıxılana baltalı da, baltasız da", yəni vəzifədən çıxandan
hamı qaçır,
onun arxasınca hərə bir söz deyir. Ancaq tək-tük adamlar olur ki, onlar
vəzifədən çıxandan
sonra da həmin hörmətini saxlayır, bəlkə daha da hörmətli
olur. Bir atalar misalımızda da deyirlər: "Kişi gərək atdan düşəndə,
addan düşməsin".
Bax, Tağı müəllim belə kişilərdəndir.
Deyəcəksiz, niyə mən belə tərifləyirəm
Tağı müəllimi? Görəsən o mənə nə edib? Vallah, heç nə! Sadəcə
mən də fikirləşdiyimi, gördüyümü,
bildiyimi deyirəm.
Gərək elə kimsə
kiməsə nə isə eləsinmi? Mənə eləməyib, başqalarına
eləyib, Vətəninə,
torpağına, xalqına
çox şeylər
eləyib. Əsas da
budur. Mən bircə misal
çəkəcəm. Ağstafanın Poylu kəndinin
bir tərəfi susuzluqdan, quraqlıqdan pis günə düşmüşdü. O yer həmin yerdir ki, orada
Azərbaycanın Xalq
şairi Nəriman Həsənzadə doğulub.
İndi gəlin baxın ora! Tağı müəllim orada bir sərin
artezian bulağı vurdurub,
üstünü də düzəltdirib; mən həmişə kəndə gedəndə
orada düşüb su içir, Tağı müəllimin
atasına-anasına rəhmət,
özünə və
bizim qeyrətli bacımız Salatın Əhmədliyə cansağlığı
diləyirəm. Eləcə
də o yurdun sakinləri: hamının
qapısı, bağı-bağçası
yamyaşıl, yolların
qırağı gül-çiçək.
Hələ üstəlik
Tağı müəllim
hörmətli şairimiz
Nəriman Həsənzadənin
ata yurdunda, yolun qırağında ona ora gedəndə
yaxşı istirahət
etmək üçün
bir gözəl ev də
tikdirmiş ki, gəl görəsən.
Eləcə də vəzifədə olan vaxt həyat yoldaşı, gözəl
yazıçı, alim,
jurnalist elqızımız
Salatın Əhmədli
ilə birgə nə qədər xeyirxah işlər görmüşdür bu adam. Amma heç
vaxt onlar bu işləri reklam etməmiş, heç kimə bildirməmişlər. Odur ki, bu gün Tağı
müəllim hamımızın
doğmasına, əzizinə
çevrilmiş, bizimlə
qaynayıb-qarışmış bir insandı, bir şəxsiyyətdi, bir kişidi. Bəli, vəzifə, var-dövlət
insan üçün
Allah tərəfindən ona
verilmiş bir sınaq məqamıdır.
Hamı ondan Tağı müəllim kimi istifadə etsə ona ölüm
yoxdur; yox, kim ondan
ancaq özü və özününkülər
üçün istifadə
edəcəksə, onda
vay onun elə sağ vaxtı halına. Atalarımız bir də deyiblər: "Verdiyin sənindir, yığdığın özgənin".
Tağı müəllim bunu
yaxşı bilirdi və bilir. Tağı müəllim həm də romantikdir, gözəl şairdir, onun çoxlu sayda gözəl şeirləri və bu şeirlərə bəstələnmiş bir
neçə gözəl
mahnılar var.
Burada rus yazıçısı Konstantin Paustovskinin bir sözü yadıma düşür: "Romantik
xasiyyət insana yalançı, ağılsız,
qorxaq və qəddar olmağa imkan vermir". Əksinə,
o, həmişə həqiqətpərəst,
ağıllı, cəsarətli
və xeyirxah olur. Tağı Əhmədov belə
insandır, şəxsiyyətdir.
Tağı müəllim,
mən sizə Ulu Tanrıdan can- sağlığı, beləcə
qalmağı, həmişə
belə uca olmağı, Salatın bacımızla daima qoşa uçmağı
arzulayıram! 70 yaşınız
mübarək!
Əlillərin cəmiyyətə
inteqrasiya imkanlarının
artırılması Azərbaycanın
sosial dövlət modelinin mühüm komponentlərindəndir
Qaçqın və məcburi köçkünlərin,
əhalinin sosial cəhətdən qayğıya
ehtiyacı olan təbəqələrinin problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması
Azərbaycanın sürətli sosial-iqtisadi
inkişafının əsas
xarakterik xüsusiyyətlərindən
biri yaşanan tərəqqinin hər bir vətəndaşın
həyatında öz
əksini tapması, insanların rifah halının günü-gündən
yaxşılaşdırılmasıdır. Əhalinin
maddi gəlirlərinin
davamlı şəkildə
çoxalması, əməkhaqqı
və pensiyaların, eləcə də büdcədən maliyyələşən
insanlara ödənilən
vəsaitlərin Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən
vaxtaşırı artırılması
və bu qəbildən olan digər tədbirlərin ölkədə sosial sferada vəziyyətin daha da yaxşılaşmasını
xarakterizə edən mühüm parametrlərdir.
Əlilliyi olan şəxslərin maddi və mənəvi
təminatlarının gücləndirilməsi,
onların ictimai həyatın bütün
sahələrində bərabər
hüquqlu iştirakına
şərait yaradılması
və layiqli həyat səviyyəsinin
təmin edilməsi Azərbaycan dövlətinin
ildən-ilə güclənən
sosial siyasətinin mühüm tərkib hissəsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin gözdən əlillər üçün
inşa etdirdiyi yaşayış binasının
açılışı mərasimində Prezident İlham
Əliyevin dediyi "Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər
cəmiyyətdə fəal
rol oynasınlar" fikri bu gün
ölkədə əlilliyi
olan şəxslərlə
bağlı həyata
keçirilən kompleks
tədbirlərin əsas
məramını ifadə
edir. Ümumdünya Səhiyyə Təşkilatının
məlumatına əsasən,
dünya əhalisinin
15 faizini əlilliyi olan şəxslər təşkil etdiyi halda Azərbaycanda əlilliyin səviyyəsi
bundan 2,5 dəfə azdır. Belə ki, ölkə əhalisinin təqribən
6 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardan ibarətdir.
Azərbaycanda əlilliyi olan
şəxslər və
sağlamlıq imkanları
məhdud uşaqlar ölkə qanunvericiliyində
və BMT Baş Məclisinin qəbul etdiyi Əlillərin hüquq bəyannaməsində
təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər.
Əlilliyi olan şəxslərin
maddi təminatı da diqqətdə saxlanılır. Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək
pensiyası və ya aylıq sosial
müavinətlə təmin
edilənlərin 36 faizə
qədərini, Prezidentin
aylıq təqaüdü
ilə təmin olunanların isə 71 faizini məhz əlilliyi olan şəxslər təşkil
edir.
Valeh NƏSİBLİ
525-ci qəzet.- 2017.- 2 mart.- S.7.