İlk birinci
Bu, müasir milli tariximizin elə
mühüm hadisəsidir ki, onu sadəcə seyrçi kimi
izləyib keçmək olmaz.
Azərbaycanın dövlət
idarəçiliyi tarixində ilk dəfə baş verən
bu təyinat barədə bizdə və xaricdə indi də
danışılır və yazılır, gələcəkdə
də yazılacaq və danışılacaq.
İndi danışanlar və yazanlar
nə dərəcədə haqlıdır, - bunu sabah göstərəcək.
Sabah danışanlar və
yazanların işi daha rahat olacaq - onlar artıq arxada qalan
yolu, göz qabağındakınəticələri təhlil
edəcəklər, bu seçimin nə qədər mötəbər,
yerində olmasını ötülmüş yol özü
onlara söyləyəcək.
Həmin münsiflərin dəyərləndirmələrini
görülmüş işlərlə müqayisə etmək
imkanı olduğundan kimin qiymətvermələrdə
hansı həddə haqlı, ya haqsız, nə dərəcədə
insaflı, ya ədalətsiz olması onsuz da hər kəsə
görünəcək.
Çətin olan indi
danışmaq və yazmaq, yaxşı və yaman
hissiyyatı bir qırağa qoyaraq Azərbaycanın siyasi
gerçəkliyinin bu mühüm yeniliyini dürüst dəyərləndirməkdir.
Belə məqamlardasa adətən
ehtiyatı əldən verməyərək bir qisim adam "olmadı elə, oldu belə"
prinsipi ilə (daha dəqiqi - prinsipsizliyi ilə) hər
ehtimala qarşı susmağı üstün tutur.
Söhbət dövlətin,
millətin taleyi, gələcəyi ilə bağlı həssas
məsələlərdən gedərkən belə mövqe
yarayarmı?
Ölkəmizin bütün tarixi ərzində
əvvəlinci dəfə dövlət
başçısından sonra ən həlledici səlahiyyətlər
sahibi məqamına, sadəcə ikinci şəxs deyil,
ehtiyatdakı dövlət başçısı
sayılası ali vəzifəyə təyinat
edilib, ilk dəfə bunca yüksək mərtəbəyə
Azərbaycan qadını layiq görülüb.
Bəlkə də Azərbaycanın
ilk vitse-prezidenti ölkənin Birinci Xanımı olmasaydı,
bu təyinat belə qaynar maraq, müzakirələr,
çeşidli münasibətlər, bəzi hallarda isə
fikir müxtəlifliyi oyatmazdı.
"Fikir müxtəlifliyi"
deyərkən yalnız xaricdə və daxildə onsuz da hər
ən savab işimizə də bir qulp qoymağa girəvə
gəzən hansısa əleyhdarlarımızın paxıl,
qısqanc yanaşmalarını nəzərdə tutmuram.
Axı sadə adamlar arasında da eləsi
ola bilər ki, Prezidentin öz həyat yoldaşına belə
etimadına bir az
tərəddüdlü münasibət bəsləsin.
Məgər Mehriban
Əliyeva bütün qabiliyyət və ləyaqətiylə
bu vəzifəyə ən uyğun seçim deyilmi?
Hətta ən ürəkaçan
başlanğıclara da bir "əmma"
yapışdırmağa pərgar olanların ürəyindən
keçə bilərdi: "Layiq olmağına layiqdir,
amma"...
Ona görə də bu
seçiminə görə mən ən əvvəl Prezident
İlham Əliyevin iradəsini, tam haqlı olduğu bir
nöqtədə kiminsə kənardan buna necə
baxacağına, nə deyəcəyinə bənd olmadan bu ədalətli
və düzgün qərarı vermək qətiyyətini təqdir
edirəm.
Bəzən həyatda
çox olur ki, biz içərimizdə haqlı olduğumuzu
duysaq da, ətrafı düşünərək,
özümüzə kənardakıların gözü ilə
baxaraq, "başqaları nə deyər" eyhamından
çəkinərək atmalı olduğumuz addımı
atmırıq, sonra vaxt ötüncə bunun acı təəssüfünü
də yaşayırıq.
Haqlı olduğunu bilə-bilə
öz düz baxışını bir ayrısının
riyakar yanaşmasına qurban vermək də, əslində,
haqqı nahaq ayağına verməyin bir başqa təzahürüdür.
Mən təsəvvür
edirəm ki, Prezident İlham Əliyev son qərarını
verənə qədər daxilən nə qədər gərgin
anlar yaşayıb, hey ölçüb-biçib, həyəcanlanıb,
bu təyinatın doğuracağı bütün müzakirələrin
hər cür nəticələrini göz önünə
alandan sonra, nəhayət ki, sərəncamına imza atıb.
Dövlət
başçısının ən ümdə və onu
öndər edən başlıca məziyyəti lazım olan
qərarı gərək olan anda vermək istedadıdır.
Güman etmirəm liderlərin
ömrü elə bir ucdan belə qərarları verməklə
keçir. Bu cür həlledici seçim anları
uzaqbaşı bir karyera ərzində bir neçə dəfə
ola-olmaya.
14 ildir ki, Azərbaycanın Dövlət
Gəmisinin Sükançısı Prezident İlham
Əliyevdir, 14 ildir ki, Böyük Yolumuzu onun
ağıllı, səriştəli, müdrik bələdçiliyi
ilə gedirik.
Və bu 14 illik yol boyunca belə
qətiyyət anlarına bir neçə dəfə şahid
kəsilmişik.
Uzaq tarix deyil, əlbəttə ki,
unutmamısınız - Türkiyə Ermənistanla sərhədlərini
açmağın az qala bir
addımlığında idi.
Türkiyə
qardaşımızdır. Lakin bəzən iki
qardaşın maraqlarının da tam üst-üstə
düşmədiyi hallar araya gəlir.
Belə darmacalda qardaşa
güzəştə getməlimi, onun yanlışını
bağışlamalımı, ya özündə cəsarət,
ötkəmlik taparaq qardaşa qardaşlıqdan da ülvi
milli maraqlar olduğunu xatırlatmalımı?
Prezident İlham Əliyev
dövlətçiliyimizin və Türkiyə ilə
qardaşlıq tariximizin bu son dərəcə həssas
anında öz liderlik bioqrafiyasının ən doğru qərarlarından
birini qəbul etdi, dövlətinin və millətinin heysiyyətini
qardaş məhəbbətinə qurban vermədi, axıracan
qərarında sərt qaldı,
"qardaşlığımızın hansı tərzdə
davam etməsi bu davranışdan asılı olacaq"
mesajını pərdəsiz-filansız çatdırdı.
Və nəticədə
çox haqlı oldu.
Zənnimcə, gələcəkdə
siyasi tariximizi yazanlar Prezident İlham Əliyevin bu uğurunu qəlbən
bəyənərək minnətdar ifadələrlə yad edəcəklər.
Bir müddət keçdi. Yenə
Türkiyə həmin Türkiyə idi, İlham Əliyev həmin
İlham Əliyev.
Bu səfər Türkiyə
müşkül duruma düşmüşdü. Düşmən
əllər bir-birinin ardınca ölkədə qanlar
axıdır, vahimə yaradır, dəhşətli terrorlar
törədirdi.
Cümhurbaşqanı Rəcəb
Tayyib Ərdoğan Bakıya uçmalı idi.
Səfərin lap ərəfəsində
açıq xəbərdarlıq kimi daha bir terrorun dəhşətini
yaşadı Türkiyə.
Ola bilsin, bu, düşmənlərin
açıq hədəsi, xəbərdarlığı idi.
Prezident İlham Əliyev
Türkiyə dövlət başçısının və
qardaş ölkənin bu kədərli və sınaqlı
anında mərdanə hərəkət etdi. Özü
Türkiyəyə uçdu. Qardaşın
ağır anlarında onunla çiyin-çiyinə
dayandı.
Bu səfərin təhlükəsi də
vardı, riski də az deyildi.
Amma dərsi, ibrəti,
görkü daha böyük idi.
Həm Türkiyə və
türklük üçün, həm də dünyadan
ötrü!
Başqa bir dəfə isə
Türkiyə meydanda deyildi. 2014-cü il
aprelin 24-ü idi. Dünya erməniçiliyinin adətən
onlara qarşı guya türklərin törətdiyi
qondarma
soyqırımının ildönümünü qeyd
etdikləri həmin gündə Praqada "Şərq tərəfdaşlığı"
proqramının 5 illiyi münasibətilə zirvə
toplantısı keçirilirdi. Ermənistan
başçısı Türkiyənin əleyhinə
böhtanlar, iftiralar yağdırırdı.
Prezident İlham Əliyevə söz
verildi: "Türkiyə burda yoxdur, mən burdayam" deyib
sinəsini qabağa verdi, oturtdu
düşməni yerində!
Prezident İlham Əliyev o sözləri
söyləyəndə fərəhindən qəhərlənməyən
türkü mən ağlıma gətirə bilmirəm!
Prezident İlham Əliyev o anda
Türkiyə boyda idi, Azərbaycan boyda idi!
Elə bu cür taleyüklü dəmlərdə
tərəddüdsüz kəskin mövqeyini, kişi
sözünü Prezident İlham Əliyev yeri düşəndə
Amerika Birləşmiş Ştatları kimi nəhəngə
də deyib, Almaniyaya da, digərlərinə də!..
Fikrimcə, Mehriban
Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyinatı
da ciddi tarixi mənası olan belə qəti və qətiyyətli
addımlar silsiləsindəndir.
Əvvələn, bütün məziyyətləri
ilə bu ali vəzifəyə layiq olan bir
insanın haqqı verildi.
Layiqlərə layiq
olduqlarının əsirgənməməsi, vaxtında, məqamında
qiymət verilməsi həmişə ehtiram oyadır.
Digər tərəfdən,
heç kəsə sirr deyildi axı dövlətin yuxarı
eşelonunda olanların neçəsinin ürəyindən
yeni təsis edilmiş və hələ boş olan həmin vəzifə
keçirdi.
Siyasətşünaslar, qəzetçilər, elə son 20-30
ildə az qala onlar qədər siyasiləşmiş
camaat da istixarə edirdi, hərə öz fərziyyəsini
yürüdürdü: o olacaq, yox, bu ola bilər...
Ehtimallarımızdakı
adlardan hansınınsa üstündə dayanılsaydı, bu
yox, o biri olsaydı, bu birilərin ona, yaxud bunun obirilərə
münasibəti nə şəkildə davam edəcəkdi?
Mehriban xanımın təyinatı
isə elə sərrast bir seçimdir ki, həm balansı,
komandadakı ovqatı qorudu və həm də "mən deyiləmsə,
elə ən yaxşısı belədir" təsəllisi
ilə hər ürəyində iddiası olanı da təmin
etdi.
Və Birinci vitse-prezident hələ
fəaliyyətə başlamamışdan dərhal qüvvələr nisbəti,
idarəetmə maşınının pillə
düzümü artıq beyinlərdəcə əhəmiyyətli
səviyyədə dəyişdi.
Söz yox, gün
ötdükcə bu dəyişmələrin
reallıqdakı əhatəsi genələcək və
aydınlığı ilə üzə çıxacaq.
Yeni kompozisiyada Prezident
Administrasiyasının da, Nazirlər Kabinetinin də yeri və
mövqeləri xeyli dəqiqləşəcək.
Bilavasitə və rəsmən,
artıq dövlət idarəçiliyi şəbəkəsində
tam sədaqətli, etibarlı bir əqidə yoldaşı
qazanmasıyla Prezidentin müstəqil siyasət yürütmək
səmtində müvəffəqiyyətləri də, təbii
ki, qat-qat artacaq.
Birinci vitse-prezident vəzifəsini
qadının aparması və həm də bu vəzifəni
daşıyanın dövlət işlərində prinsipial
mövqeli bir xanımın olması, onun yüksək zövqü,
intellekti, ziyalılığı,
işgüzarlığı dövlət
maşınının iş üsullarına da şəksiz
təsirini büruzə verəcək.
Bu tandemlə - iki etibarlı yol
yoldaşının, iki məsləkdaşın, birlikdə həyatın
çox acılı-şirinli günlərinin
imtahanlarından keçmiş iki sadiq dostun ali
idarəçilikdəki birgəliyiylə, fikir, xətt
ortaqlığıyla dövlətimizin çöldən və
içəridən ən müxtəlif arzuolunmaz təmayüllərə
qarşı müqavimət gücü də artacaq.
Kim ki güman edir dövlətlərdə
bu cür ən yüksək təyinatlar zamanı
dünyanın baxışı nəzərə
alınmır, - yanılır.
Son illərdə beynəlxalq
aləmdə Mehriban Əliyevanın səmərəli və
çoxşaxəli fəaliyyətləri, ayrı-ayrı
ölkələrdəki çıxışları,
görüşləri, müsahibələri onun kimliyini,
hansı səviyyənin, hansı gücün, hansı
potensialın daşıyıcısı olmasını
dünyaya qədərincə anladıb.
Onu oralarda bizdən də
çox, bizdən də diqqətli izləyirdilər,
müşahidə və təhlil edirdilər, hansı
potensiala sahibliyini də dərk edirdilər. Ona görə
də bu təyinatı zirvəyə doğru gedişin
qanunauyğun yekunu kimi qavrayaraq sakit də qəbul etdilər.
Yolunun əvvəlində
Prezident İlham Əliyev "Mən hər bir azərbaycanlının
Prezidenti olacağam" demişdi.
Mehriban Əliyeva Prezident
İlham Əliyevin daim yanında olacağını vəd
etdiyi əziz vətəndaşlarından biridir.
Prezident İlham Əliyev Birinci
vitse-prezident vəzifəsinə həmin vətəndaşlardan
hansısa birini deyil, onların hamısından yaxşı
tanıdığı, ən çox etibar etdiyi, ən
çox inandığı, hər cəhətdən
üstünlüyünü ən yaxın məsafədən
gördüyünü təyin edibsə və bunu da ilk
növbədə hamısını bərabər tutduğu o
vətəndaşların mənafeyini düşünərək
edibsə, buna təkcə xəbislər, dargözlər,
güclü olmağımızdan çəkinənlər
ağız büzə bilər.
Əksinə, mən bir daha
vurğulayır və sevinirəm ki, nə yaxşı daxili
götür-qoylar Prezident İlham Əliyevi indiki dönəm
üçün ideal olan bu seçimdən sapındırmayıb,
bununla da həm dövlət quruculuğumuza töhfə
vermiş, həm də xalqı qarşısında səmimiyyətini
bir daha nümayiş etdirmiş olub.
Mehriban xanımı
1990-cı illərin ortalarından, Azərbaycanın asta-asta
böhranları aşaraq ayağa qalxmağa, sabahkı
yüksəlişlərinə doğru enişli-yoxuşlu
vaxt kəsiyini adlaya-adlaya irəlilədiyi illərdən
tanıyıram.
Mehriban Əliyeva
ABŞ-ın Azərbaycandakı ozamankı səfirinin
xanımı ilə birgə yeni qurduğu "Azərbaycan Mədəniyyətinin
Dostları" Fondunun həmsədri idi. Əslində, bu fondu
yaratmaq ideyası Mehriban xanımdan gəlmişdi, amma Amerika səfirinin
xanımının da bu işə cəlb edilməsi xarici
ölkələrin mədəniyyətimizə diqqət və
qayğılarının artırılması
üçün ondan bir əlverişli vasitə kimi
yararlanmaq, xarici şirkətləri də həmin yolla mədəniyyətimizə
dəstək göstərməyə cəlb etmək məqsədi
daşıyırdı.
Təxminən hər həftə
yığışırdıq. Mərhum rəssam Elçin Məmmədov,
unudulmaz dostlarımız pianoçu Rafiq Quliyev,
musiqişünas İbrahim Quliyev, Fərhad Bədəlbəyli,
Nərgiz Paşayeva, Xuraman Qasımova, Natəvan Şeyxova,
Rafiq Seyidzadə...
O müzakirələr, fikir
mübadilələri əsnasında Mehriban xanımın iti
ağlı, mənəvi sərvətlərimizə can
yanğısı, mədəniyyətimizi, sənət
irsimizi bu narahat dövrdən itkisiz çıxarmaq
üçün çalışmaları heyranlıq
doğururdu.
Mehriban xanımın səyləri ilə
o vaxt "Molla Nəsrəddin" mizah toplusunun cildləri latın qrafikasında nəfis şəkildə
nəşr edildi.
Qocaman, ahıl sənətkarlarımıza
dayaq olacaq Prezident təqaüdlərinin veriləcəyi illər
hələ qarşıda idi. Mehriban xanımın təşəbbüsü
ilə canlı klassik olan sənətkarlarımızın iri
dəstəsinə, keçid dövrünün
sıxıntıları ilə üzbəüz qalaraq əziyyət
çəkən Mikayıl Abdullayevə, Qəmər Almaszadəyə,
Bədurə Əfqanlıya, Fatma
Mehrəliyevaya və digərlərinə hər cəhətdən
dəstək niyyəti ilə "Sönməyən
ulduzlar" adlı gecələr təşkil olundu.
Daha sonra Mehriban xanım Heydər
Əliyev Fondunun prezidenti oldu.
Elə miqyaslı fəaliyyətlər
göstərdi ki, ulu öndər xalqa bir qədər də
yaxınlaşdı. Bir xeyirxahlıq timsalına çevrilən
fond ölkəmizdə və sərhədlərimizdən
uzaqlarda onlarla nəcib layihəyə həyat
bağışladı, yüzlərlə yeni məktəbin
tikilməsini, yüzlərlə təhsil, tərbiyə
müəssisəsinin əsaslı yenidənqurmasını təmin
etdi.
Bu fonddan saçan şəfqət
dalğalarından Azərbaycandakı kimsəsiz uşaqlara da
pay düşdü, Pakistanın müxtəlif əyalətlərində
qan xəstəliklərinə mübtəla körpələrə
də, Bosniya-Herseqovinadakı gözdən şikəst
balalara da, Gürcüstanda böyüyən, ana dilində dərsliklərə
ehtiyacı olan soydaş övladlarına da...
Hələ mən fondun xətti ilə
İtaliyada, Vatikanda, Fransada gerçəkləşən,
bizi dünyayla daha sıx tellərlə bağlamağı hədəf
götürmüş, dinimizin də, mədəniyyətimizin
də, insanımızın ruh dünyasının da
dünyaya açıqlığını əyani şəkildə
təcəssüm etdirən silsilə layihələri demirəm.
Muğam müsabiqələri
təşkil etdi. Bu sənət
yarışı mahiyyəti ilə dünya azərbaycanlılarını
qovuşduran qeyri-adi körpüyə çevrildi. O
müsabiqələrin canlı yayımlandığı
saatlarda bütün Yer kürəsi boyunca on milyonlarla
soydaşımız saat fərqini unudaraq ekran
qarşısında əyləşdi, bütün ürəyi
və düşüncələri ilə Vətənə
kökləndi.
Mehriban xanım Gimnastika
Federasiyasına rəhbərlik etdi. Qısa vaxt ərzində
Azərbaycanın bir-birindən istedadlı neçə
gözəl gimnastı yetişdi və onların qələbə
soraqları dünyanın məşhur idman arenalarından
ucaldı.
UNESCO-da, dünyanın bu baş elm,
təhsil, mədəniyyət təşkilatında təmsil
etdi ölkəmizi, həmin mötəbər qurumun xoş məramlar
(mətbuatımızda bu ifadə “xoşməramlı səfir”
kimi işlənsə də, mən bunu, ən azı məna
və məntiq baxımından dürüst hesab etmirəm) səfiri
seçildi, bir-birinin ardınca Azərbaycanın neçə
sənət incisi dünyanın nəzər nöqtəsinə
gəldi.
Azərbaycanın mədəniyyət
sahəsinə cavabdeh məsulları illər boyu
çalışsalar da, Qobustan kimi nadirdən-nadir tarix və
sənət möcüzəsini, bəşər
intibahının qaynaqlarından olan bu misilsiz məkanı və
onun yazılı, rəsmli daşlarını UNESCO
siyahılarına saldıra bilməmişdi.
Mehriban xanım UNESCO-nun
Baş direktorunu Qobustana gətirdi. Azacıq ötüncə Qobustanın
və onun ardınca muğamımız, tarımız,
sazımız, kəlağayımızın qədəmləri bu mötəbər təşkilata
açıldı.
Səfir Mehriban Əliyevanın sayəsində
Məhsətidən üzü bu yana
neçə klassikimizi, milli irsimizin çox-çox şah əsərini
UNESCO qanadının altına aldı, onlara dünyanı fəth
etməkçün yeni qanadlar verdi.
3 çağırış Azərbaycan
Milli Məclisinə üzv seçildi, 12 il
deputat oldu. Parlament
fəaliyyətləri ilə də önə
çıxmağı, seçicilərində "əsl
millət vəkili belə olar" inamını
oyatmağı bacardı.
Hazırladığı 3
amnistiya aktı ilə on minlərlə ailəni sevindirdi, 40
min insana azadlıq bəxş etdi.
Parlamentdə elçisi
olduğu Xəzər rayonu üçün nələr
etdiyini anlamaqdan ötrü Şüvəlanın, Zirənin,
Qalanın, Binənin, Türkanın, Buzovnanın,
Şağanın... 2005-ci ildən bu günə doğru ildən-ilə
şəhərləşən, abadlaşan, rahatlaşan,
göyçəkləşən mənzərəsini göz
önünə gətirmək yetər.
Mehriban xanım son 20 ildən
artıq bir müddətdə ictimai-siyasi, mədəni həyatdakı
fəaliyyətləri ilə həm də bənzəri
olmayan örnək yaratdı.
Azərbaycan Respublikasına əvvəllər
rəhbərlik etmiş şəxslərin də aydın məsələdir
ki, ömür-gün yoldaşları, mahiyyətcə, birinci
xanım adlandırıla biləcək qadınlar olmuşdu.
Lakin 2003-cü ildən etibarən
Mehriban Əliyeva ilk dəfə olaraq reallıqda cəmiyyətimizə
Azərbaycanın Birinci xanımının nümunəvi
obrazını təqdim etdi. Cazibədar zahiri
görünüşündən, kübar maneralarından
tutmuş dinclik bilmədən ölkə daxilində və sərhədlərimizdən
kənarlarda gerçəkləşdirdiyi misilsiz işlərlə
o, ölkə Prezidentinin obrazın tamamladı, ona sadəcə
mənəvi hayan, arxa deyil, həm də layiqli həmfikir,
silahdaş oldu.
Bu da indi mühitimizi seyr edərkən
aşkar sezilən bir cəhətdir ki, onun nümunəsi
bütövlükdə Azərbaycan qadınının, konkret olaraq isə yüksək vəzifəli
məmurlarının həyat yoldaşlarının cəmiyyət
həyatında əvvəlki zamanlara nisbətən xeyli fəallaşmasına
münbit zəmin yaratdı, bunun müsbət bəhrələri
o qədər əyanidir ki, hamımıza görünməkdədir.
Nəyə əlini vurubsa,
hansı istiqamətə üz tutubsa, Mehriban xanım millətin
üzünü ağardan, başını ucaldan işləri
ilə yadda qalıb.
Qoca Pifaqor minillər öncə
"Yaxşı başlanğıc artıq işin
yarısı deməkdir" söyləyib.
Mehriban Əliyevanın
bugünəqədərki bir-birindən faydalı,
hamısının mayasında millətə və dövlətəxeyir
səylər dayanan çalışmalarının toplusunu,
indi o, daha geniş fəzada yolunu davam etdirmək əzmindəykən,
gözəl başlanğıc adlandırmaq olar.
Lakin bunu heç vəchlə
Mehriban xanımın görə biləcəyi böyük
işlərin, keçəcəyi daha zəfərli
yolların yarısı saymaq mümkün deyil.
Bütün bunlar elə yalnız
uğurlu başlanğıc, daha inamlı davam
üçün hazırlıq mərhələsi imiş!
Azərbaycanın əvvəlinci
vitse-prezidentinin - İlk Birincimiz Mehriban xanımın bahar
astanasında başlanan ən böyük yolu Dövlətimizə
və Millətimizə nələr vəd edir? İnanıram
ki, yalnız və yalnız bu dövləti və milləti
sevən, bu yurdun yüksəlişlərinə qürrələnən
hər kəsi könül dolusu sevindirəcək uğurlu, nəcib,
qurucu əməllər.
Zəmanət isə bura qədər
yaşadığı ömür, keçdiyi yol,
gördüyü parlaq işlərdir!
Rafael HÜSEYNOV
Akademik, Milli Məclisin
deputatı
525-ci qəzet.- 2017.- 8 mart.- S.3.