“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

Ərzi-hal

 

Təqdim olunan maaşlar sıralarının layihəsi komisyon tərəfindən ay yarım bundan qabaq tərtib olunmuş idi. Və əvvəl zaman hər bir zabitin ehtiyacatını bir nəfərə təyinini (payok) nəzərə alırsaq təmin edər idi.

Halbuki həyat irəliliyor və qiymətlər gündən-günə artıyor. Gəncədə dekabrda mal ətinin girvənkəsi 4 manat olduğu halda şimdi altı manata getməsini söylər isək kifayət edər. Ehtimal var ki, ət qiyməti daha da təzayüd edər.

Komisyon tərəfindən qərarə alınmış maaşlar maəqəlldir. Hal-hazırda maaş ilə təəyyüş edənlərə bir nəfər təyini verilərsə, o halda verilən maaş onları bir növ təmin edə bilər.

Böylə olmaz isə şübhə yox az bir zamandan sonra maaşların təzayüdü barəsində təkrarən vasitə qaldırılıb rica olunacaq. Bununla bərabər biz gənə də əmin degiliz ki, iləridə maaşların artmasına ehtiyac olmayacaq. Hərgah vəziyyət öylə dəgişər isə və iaşə qiymətləri xeyli düşər isə o vəqt əvvəl bir nəfər təyini ləğv olunar, sonraları isə maaşların azalması barəsində təşəbbüs edə bilər.

General Mehmandarov

Həzərat, maaş layihəsi smetanın və bu surətlə də büdcənin bir qismini təşkil edər. Parlamanın bir nəzarətə qarşı müvafiqətedici ya müvafiqət etməyən vəziyyətdə bulunması, xüsusən smeta müzakirə olunan zaman tamamilə inikas edər. Binaənileyh bən hərbiyyə nəzarətinin fəaliyyəti və əskəri işlər həqqində bir qədər məlumat verməgi lazım biliyoram.

Əlbəttə heç kəs inkar etməz ki, türklər bizim millətimizə nicat verməklə bizə böyük xidmət etmişlərdir. Amma burası, onların hərəkətini tənqid etməyimizə də mane olamaz. Hərbiyyə nəzarəti Gəncəyə köçənədək bizə xəbər veriliyordu ki, əskər işlərimiz yaxşıdır. Əskər yaxşı və çoxlu yığılır. Lazım olan kibi məşq veriliyor və ilaxır. Bən Gəncəyə böylə gözəl ümid ilə getdim. Hər yeri gəzdim. Qitəati-əskəriyyəmizə baxdım. Fəqət iş heç də yaxşı degildi. Əskərlərimiz əzgin, düşgün bir halda, yeməkləri pis, mənzilləri fəna bir halda, yorğan-döşək yox, onların çoxu xəstə idi. Xəstə əskərlərin həpsini sağlamları ilə dəyişməgə məcbur olduq. Qoşun yığmaq işləri yaxşı getmiyordu. Rəislər və mövqif komandanları öz vəziyyətlərindən suyi-istifadə ediyorlardı. Çox vəqt bir külfətin yeganə çörək gətirənini əskər alıyordular. Bu iş də cəmaəti narazı salıb qoşun yığmaqdan nifrətləndiriyorlardı. Nuru Paşa Azərbaycandan gedərkən özü bənim yanıma gəldikdə boynuna aldı ki, əskərlik barəsində Azərbaycan fəna bir halda qoyulmuşdur. Məlumdur ki, Türkiyə komandanlığı başında duran adamları aldatmışlardı. Türklər gedərkən ordu üçün bənə bilmərrə libas verməmişlərdi. Ona görə bən əskəri təşkilat ilə bərabər maddi cəhətdən çalışmalı idim, nə ki mümkün idi etdim.

Amma türklər külli-miqdarda ərzaq şeyləri qoyub getmişlərdir. Külli miqdarda taxıl, heyvan və sair makulat qalmışdır. Ona görə bən əmr etdim ki, əskərlərə yarım girvənkə əvəzinə üç rüb ət, girvənkə yarım çörək əvəzinə iki girvənkə bir rüb çörək verilsin. Xörəkləri öz cəmaətimizin adət etdigi kibi olub onlara dolma, bozbaş və sairə versinlər, həftədə bir dəfə plov verilsin. Bundan əlavə əmr etdim, əskərlərə gündə 6 misqal qənd, yarım misqal çay versinlər.Qızdırma, yatalaq və sairə kibi azar olan yerlərə əskərlərə su içməmək üçün 9 misqal qənd veriliyor.

Libas məsələsi daha da fəna idi. Gürcüstan hərbiyyə nazirinə kağız yazdım ki, libas məsələsində bənə kömək etsin. Mütəəssüfanə bir şey çıxmadı. İmdi Gürcüstan hökuməti nəzdində siyasi nümayəndəmiz Cəfərovun yanında pulumuz və adamlarımız var ki, parça alsınlar. Bundan əlavə Şuşada fabrikada yaxşı əskəri libasa yarar parça toxunuyor. Haman fabrika ilə müqavilənamə bağlamışıq. Orada külli miqdarda yararlı parça əldə etdik. Bu surətlə yaxın zamanda bu məsələ də hüsni-həll olunacaqdır. Əlbəttə möcüzə göstərmək olmaz. Amma nə ki mümkündür edəcəgəm.

Hal-hazırda hərbiyyə nəzarəti smetasının ancaq bir qismini təqdim etmişdir. Bütün smeta martda təqdim ediləcəkdir. Çünki ərzaq nəzarəti anbarlarında olan şeylərin miqdarını təyin etmək lazımdır. Hərbiyyə nəzarətinin təhti-idarəsində bu saat 3 anbar var: Hacıqabulda, Gəncədə və Ağdamda. İmdi hökumətin qərərdadına görə ərzaq nəzarəti ixtiyarında olan sair anbarların da həpsi hərbiyyə nəzarətinə veriləcəkdir. Ona görə ərzaq mövcudiyyətini tamamilə hesablamalıdır.

Bən ümdə diqqətimi əskər yığmaq işlərinə verdim. Bu vəqtədək əskər alınmalı olanların siyahısı tərtib verilməmişdi. Hər yerdə kasıblar əskər alınıyordular. Heç yerdə qoşun içində bir dövlətli, ya bəy, xan oğlu görmədim. Ona görə əmr etmişəm əskər düşənlərin siyahısı tutulsun və bir surəti hərbiyyə nəzarətinə göndərilsin. Tainki yığılanlara diqqət verək.

Əxzi-əskər rəisləri qəzaların həpsində yoxdur. Hal-hazırda əxzi-əskər idarələri bu yerlərdə mövcuddur:

Gəncə və Qazax qəzalarında - 1; Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında - 1; Ərəş, Şəki və Zaqatalada - 1; Quba və Bakı - 1; Şamaxı və Göyçay - 1; Cavad və Lənkəran - 1; Bakı ilə mədən dairəsinə də biri təyin edilmişdir. Bu surətlə cümlətanı 7 əxzi-əskər rəisimiz var. Qəza əxzi-əskər idarəsi isə 11-dir. Şikayətlərə baxmaq üçün Azərbaycan əxzi-əskər idarəsi təşkil edilməsi təhti-qərarə alınmışdır. Hal-hazırda bu xüsusda daxiliyyə nəzarəti bir qanun layihəsi tərtib veriyor və yaxın zamanda Məclisi-Məbusana təqdim olunacaqdır.

Məlumunuzdur ki, Rusiyada hər yerdə birdən əskər yığıyordular. Bən bu qaidəyi dəgişmişəm. Biz qoşunu tədricən yığacağız və yığan zaman əxzi-əskər rəisləri orada hazır olaraq düzlügünə diqqət verəcəkdir. Əskərlikdən ancaq bu adamlar azad ediləcəklərdir: Müəllimlər (çünki məktəblər milliləşmişdir), dəmiryol məktəbi mütəəllimləri, maşinist, koçeqar, hökumət mətbəələrinin mürəttibləri və çay süpərsəfain xidmətçiləri (müqavilənamə vəqtləri qurtaranadək).

Hal-hazırda 6 ilin əskəri silah altına çağrılıyor. Amma güman ediyoram ki, bu ilin axırında daha buna ehtiyac olmayacaqdır. Ancaq iki illik, yəni 19 və 20 yaşındaları yığmaq kifayət edəcəkdir. Əskərlikdən qaçmaq məsələsinə gəlincə, bu da denilən kibi olmayıb o qədər də layiqi-əhəmiyyət degildir. Hər yerdə mükəlləfiyyəti-əskəriyyə tətbiq olunanda böylə şeylər olar. Məsələn, 1888-ci sənə mükəlləfiyyəti-əskəriyyə qanunu ermənilərə və gürcülərə təmsil ediləndə çox adam əskərlikdən qaçırdı. Hələ imdi də qaçan çoxdur. Bizdə də çox adam qaçıyordu. Fəqət əksilməlidir. Bu da tədric ilə olar. Gəncədə son zamanlar bir adam qaçmamışdır. Əhali özü qaçanlara nifrət ediyor və hətta çox vəqt olmuşdur ki, əskərlikdən qaçanı döyüb sonra geri gətirmişlərdir. Güman var ki, müsəlmanlarda onlar fitri nizam və ədəbə görə vəqtilə heç kəs qaçmayacaqdır.

Qitəati-əskəriyyə təşkili barəsində bəni bağışlayın: əskəri sirlər açıq danışılmazlar.

Bir qədər də Ağdam hadisatı həqqində məlumat verməgi lazım biliyoram. Oraya getmiş heyəti-məbusanın məruzəsi olmasaydı, heç o qədər diqqət verməgə dəgməzdi. Bu məruzədə iş böyük təsvir edilmişdir. Əvvəlcə araya Bərdədə bulunan qoşun ilə general S.B.Əfəndiyev göndərilmişdi. Sonra müfəssəl təhqiqat icra edilmişdi. Bu işlərin həpsi cəmaət arasında nalayiq adamların təbliğatından nəşət etmişdi. Bən oraya gedərkən parlaman rəisi doktor Ağayev Gəncəyə gəldi, orada əskərimizə baxdı, hərçənd məşqdən sonra idi və əskərlərimiz hazırlaşmamışlardı. Fəqət doktor Ağayev bəyan etdi ki, qitəati-əskəriyyəmiz hüsni-təsir bağışlamış və çox xoşuna getmişlərdir.

Təbib və xəstəxanə işləri də fəna idi, lakin imdi bu da düzəlir. Təbiblər dəvət etmişik və xəstəxanələr yaxşı qayda ilə təşkil olunurlar.

Bir neçə söz də şəxsim ətrafında qaldırılmış səs-küy həqqində ərz edəcəyəm. Bu sözləri o ağalar danışıyorlar ki, qoymamışam Azərbaycan xəzinəsinə südlü inək və hərbiyyə nəzarətinə darüləcəzə kibi baxsınlar. Bən bəyan ediyoram ki, bu vəqtədək olduğu kibi bundan sonra da tutduğum yol ilə gedəcəyəm və heç bir qüvvə bəni bu yoldan çıxara bilməz. Hər kəs bəndən sonra nazir olsa görər ki, nə qədər zəhmət çəkilmiş və nə işlər görülmüşdür. (Şiddətli alqış).

(Hərbiyyə naziri həzrətləri axırda salondan çıxarkən yenə bütün məclis şiddətli və sürəkli alqış ilə onu təşyi ediyor).

 

“Azərbaycan”, 7 mart 1919, ¹ 131

 

Əqsam - qismlər, hissələr

Təəyyüş - yaşama, həyat sürmə

İrq - kök, əsil, nəsil

Təzayüd - artma, çoxalma

Faxir - gözəl, parlaq

Darüləcəzə - əlillər evi, qocalar evi

Mövqif - duracaq, stansiya

Qitəat - qitələrər, hissələr

Rüb - dördə bir

Əxz - alma, götürmə

Əqəll - daha az, ən aşağı, ən azı

 

Hökumətdən sonra parlaman əngəlləri

İkinci dəfədir ki, Məclisi-Məbusanda xamuşanlıqdır. Səbəbi isə bəzi məbusların ehmalçılığı, qeydsizligidir. Qanuna görə məclis iniqadı o vəqt düzələ bilər ki, hərgah məbusanların kvorumu denilən müəyyən qədəri məclisdə hazır olmuş ola. Məclisin açılmağı üçün kvorum olmadığı halda məclis münəqid olmaz. Təşrif gətirmiş məbusan da bica yerə bir qədər vəqt sərf edərək peşimancasına mənzillərinə qayıdırlar. Yəni bir neçə yoldaşın səhlənkarlığı onların qaibəti məmləkətin ən böyük müəssisəsinin ətalətinə, fəaliyyətsizliginə bais olur. Bəzi ovqat bir nəfər məbusun qaibətilə məclis münəqid olmuyor. Bir nəfərin təşrif gətirməsinə yüzlərcə toplanmış məbuslar müntəzir qalıyor. İş görmək istiyorlar, amma çifayda axsaq yoldaş mane olur, məmləkətin makinasını dayandırıyor.

Əlhəqq bu bir səhlənkarlıq deyilmi ki, bir neçə nəfər məbusun keyfəmayəşasilə məmləkətin böylə ağır və böhranlı günlərində onun parlamanı atil qalsın? Gürcüstan parlamanının az bir vəqtində gördügü işləri bizimkilər iqaz etmədimi? Yoxsa bizim məbuslar həqlərini, vəzifəhlərini kəmalınca düşünməmişlərdir? Bunları seçib Bakıya göndərmiş əhalinin məqsədi bundan ibarət degilmidir ki, məbus əfəndilər əhalinin nümayəndəsi və tərəfdarı olaraq onun halına ağlasınlar, dərdlərinə çarə arasınlar. Öylə məbuslarımız vardır ki, hələ indiyə qədər ağzını açıb əhalinin dərdindən bir kəlmə belə danışmamışdır. Nə eybi vardır - natiqlik qabiliyyətini Allah hamıya qismət eləməmişdir. Bunu biz də onlara irad tutmuyoruq (Hər oxuyan Molla Pənah olmaz). Lakin bunların borcu budur ki, hər müzakiratda bulunsunlar, iştirak etsinlər. Kənar bir iş ilə məşğul olaraq sair məbusların da işlərinə mane olmaq millət hüzurunda böyük bir məsuliyyətdir. Əcəba, bunlar nə kibi işlər ilə məşğul olurlar ki, bunların diqqətini parlaman məşğuliyyəti cəlb edəmiyor. Məmurluq və ticarət ilə məşğul ola bilməzlər. Zira yeni qanun hökmü ilə öylə məsələlər məbuslar üçün məmnudur. Zənnimcə, bu iki şeydən biri onları parlamandan ayıra bilər: 1) xəstəlik, 2) isti mənzillərdə uzun-uzadı istirahətlə səhlkarlıq. Birinci isə: şəri və məqbul bir üzrdür. İkincisinə gəldikdə qoy bunun fətvasını da millət özü versin. Xəstəliklə mübtəla olmuş məbusların birinci vəzifəhləri rəsmi sənədat ilə öz hallarından Divani-Rəyasəti xəbərdar etməkdir - zənnindəyəm.

Tamam üç gün Məclisi-Məbusan hökumətin bəzi qüsurlarına dair uzun-uzadı mübahisələr açdılar. Onu istefa verməgə də məcbur etdilər. Hökumətin istefaya məcburiyyəti ədalət üzrəmi vaqe oldu, yaxud burada ayrı bir mənzur da mülahizə olundu - bunlar ilə işim yoxdur. Lakin əsl məsələ buradadır ki, hökumət ixtiyarı parlaman əzası əlindədir. Hökumət ricalı qanundan kənar bir iş görürsə Məclisi-Məbusan dərhal onları vəzifə başından düşürməgə həqləri olur. Bəni-əzayi-hökumət parlaman hüzurunda məsuldur. Parlaman ricalına gəldikdə bunların da məsuliyyəti onları intixab etmiş əhalinin əlindədir. İştə məbuslarımızın fəaliyyəti, yaxud səhlənkarlığı mütləq əhali tərəfindən gərək təftiş olunsun. Müdam nəzərə alınsın və illa hər kəs başlı-başına davransa, istədigi vəqt məclisə gedər, istəmədigi halda da işini rəxti-xəvabdan başını qovzayıb istirahətini pozmaz. Hökumətin qüsurunu axtaran parlamanın üzərində də gərək qüsur olmasın. Yoxsa hökumət qarşısında nüfuzunu və əhalinin də etimad və etibarını itirmiş olur.

Parlamana getməyən əzaların yoldaşları gərək qabaqca buna bir çarə yapsınlar. Böylə ki, məbusların hamısı “Müsavat”, “İttihad”, “Əhrar” kimi bir neçə firqəyə mənsubdurlar. Hər firqə özünə məxsus üzvlərin iniqadlarında davamını tələb edə bilmiyorlarmı? Zənnimcə, hər firqə öz əfradını ciddi nəzarət altına alırsa qəyabətlərin də ədədi müruri-zamanla azalır. Bu da çarə etməsə iştə bilavasitə əhalinin özünə həvalə etməlidir. Lakin yüz çağrımlarca uzaqda qalmış əhalinin məbuslarından, onların hərəkətindən əsla xəbərləri yoxdur. Məbuslardan kim Bakıda nə iş görür, ümdə məşğuliyyəti nədən ibarətdir, bunu avam cəmaətimiz heç bilmiyor. Lazımdır ki, ayda bir dəfə əhaliyə məlumat göndərilsin. Qoy cəmaət bilsin ki, bir ayın ərzində neçə kərə məclis iniqadı ittifaq düşmüşdür. Bunun neçəsi məbus tərəfindən buraxılmış və neçəsi də gedilmişdir. Həmin bu məlumat əhaliyə göndərilmək ilə bərabər məhəlli cəridələrdə də dərc olunmalıdır. Ümidvaram ki, bu üsulun qəbulu ilə yevropalıların dedigi “abzanteizm” fəqərəsi özü-özündən rədd olunsun.

Bundan əlavə bəzi məbuslarımız parlamandan rüsxət alıb bir neçə həftəyə yerlərinə gediyorlar. Burası maraqlıdır ki, görək mürəxxəs məbuslar mahala gəlirkən əhalini parlaman işindən aşina qılırlarmı, siyasi cərəyanlardan məlumat veriyorlarmı? Buna dair qəzetələrdə indiyədək bir şey görünmədi. Hərgah bu adət indiyə qədər icra olunmuyordusa bundan sonra gərək icra olunsun. Divani-Rəyasət bunu mürəxxəslərdən tələb etsin. Bakıya qayıtdıqları əsnada əhalinin əhval və övzainə dair müfəssəl məlumat, nüfus təhriri və sair zəruri siyasi və ictimai nəzəriyyat təqdim etsinlər.

İştə məbusluq ondan ibarət degil ki, məvacib alıb vəzifəyə kəmetinalığı ilə kəmali-istirahətə məşğul olsunlar. Bir gün gəlir millət sizdən hesab istər. Hökuməti məsuliyyət altına almaq həqqiniz vardır, lakin özünüz-özünüzün də millət qarşısında məsul olduğunuzu düşünüb də böylə ağır günlərdə qəflət etməyiniz.

Fərhad Ağazadə

”Azərbaycan”, 7 mart 1919, ¹131

Qeyd. 1919-cu il fevralın 27-də Məclisi-Məbusanın növbəti iclası olmalı idi. Lakin kvorum olmadığından parlaman işə başlaya bilmədi. Eyni vəziyyət 1919-cu il martın 3-də də təkrar olundu. Martın 7-də “Azərbaycan” qəzeti əvvəllərdə də belə vəziyyətin bir neçə dəfə təkrar olunduğunu görərək bu münasibətlə belə bir kəskin məqaləni dərc etmişdir. - Ş.H.

 

(Ardı var)

 

Şirməmməd HÜSEYNOV

 

I cild (noyabr 1918 - aprel 1920)

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

 

525-ci qəzet.- 2017.- 4 mart.- S. 21.