Səməd Mənsurun qayıdışı

 

Görkəmli ədəbiyyatşünas alim, tənqidçi Nizami Cəfərov  uzun illər  unudulmuş  və az qala unutdurulmuş şairimiz Səməd Mənsur haqqında dəyərli  kitab yazıb.

Bəzən deyirlər “filan klassikimizi yetərincə təbliğ edə bilməmişik”. Bu fikir mənə mübahisəli görünür. Hər bir yazıçının, şairin ən böyük və ən əsas təbliğat mənbəyi onun öz əsərləridir, əgər  öz  yaradıcılığıyla maraq oyatmayıbsa, yüz tərifli yazıyla onu məşhurlaşdırmaq mümkün deyil. Bu, şübhəsiz, belədir, amma onu da unutmamalıyıq ki, hər bir   sənətkarın   onun özünə layiq şəkildə tədqiq olunması, yaradıcılığını dövrün kontekstində, sələfləri və xələfləriylə müqayisədə araşdırılması,  müəllifin ədəbiyyat tarixində yerinin müəyyənləşdirilməsi də çox önəmli məsələdir.

Nizami Cəfərovun Səməd Mənsur irsinə belə toplu baxışı, şairin zəngin poeziyasını müxtəlif dövrlər, üslublar üzrə təsnif etməsi, haqqında daha əvvəl  yazılanlara nəzər salıb dəyərləndirməsi, yaradıcılığını   sələfləri və çağdaşlarıyla müqayisəli şəkildə tədqiq etməsi  Səməd Mənsurun ədəbiyyat tariximizə   samballı  şəkildə qayıdışı kimi qiymətləndirilə bilər.

Səməd Mənsurun adına ilk olaraq rast gəldiyim mətnlərdən biri atamın “Rənglər” silsiləsiydi. Bu başı bəlalı silsiləni tamamlayan son şeir “Əl vurmayın, rənglənib” adlanırdı və ən çox da tənələrə, rişxəndlərə məruz qalan elə bu şeirin misraları idi. Doğrudan da, necə  yəni “Qara qatıq, ağ qurum, yeməli qum?”  Tənqidçilər Rəsul Rzanı öyrədirdilər ki qatıq ağ, qurum qaradır və qumu yemək olmaz. Bir şeyi nəzərə almırdılar - şeirin adını. 1960-cı ildə yazılmış “Əl vurmayın, rənglənib” sözləri məhz tərs yozumlara, saxta dəyərlərə, yalan anlayışlara işarə vururdu və məhz bu yöndən Səməd Mənsurun məşhur “Həpsi rəngdir” şeiriylə çağdaş dildə və çağdaş üslubda   səsləşirdi. Bu şeirə Səməd Mənsurun adının düşməsi də təsadüfi deyildi.

Fil görünən birələr,

Səməd Mənsur haqqında xatirələr                     

Doğruya bənzəyən yalanlar.

Sonralar  Səməd Mənsurun 1926-cı ildə nəşr olunmuş həmin şeirini   tapıb oxudum, daha sonralar isə məşhur teatr rejissorumuz Tofiq Kazımovun şairin oğlu olduğunu bildim. Tofiq müəllim “Şəhərin yay günləri” pyesimi tamaşaya qoyanda onunla daha sıx-sıx ünsiyyətdə olurduq,  bəzən tamaşanın bəstəkarı Emin Sabitoğluna və mənə atasının çap olunmamış şeirlərini oxuyurdu. Bir dəfə Tofiq müəllimə ərklə: bütün dünya teatrları Brextin əsərlərini tamaşaya qoyur- dedim. - Siz niyə onun dramaturgiyasına müraciət etmirsiniz? Cavab verdi ki, “zəhləm Brextdən gedir, sital (məhz bu sözü işlətdi)  kommunistdir. Heç dəxli var sən Allah, camaatı  evindən- eşiyindən at, var-yoxunu əlindən al ki, hamı bərabər olmalıdır...”

Onun bir qədər  qabardaraq dediyi bu fikirdə həqiqətən də  kommunist ideologiyasının  mayasından gələn əqidəyə etiraz vardı və sonralar başa düşdüm ki, bu münasibətin  kökü  atasının o çap olunmamış satirasından gəlir hardasa... 

Bir  dəfə mənim xahişimlə atasının çap olunmamış şeirlərini mənə və Eminə verdi. Əlbəttə o vaxt bunları nəşr etmək mümkün deyildi, şeirlər məndə qaldı və necə deyərlər “saxla samanı, gələr zamanı”. Dövr, quruluş dəyişdi     Səməd Mənsurun ümumiyyətlə ilk kitabı olan “Həpsi rəngdir” adlı toplusunu tərtib edib həmin şeirləri də ora saldım. Kitabı nəşr edən hörmətli jurnalistimiz rəhmətlik Hacı Hacıyevi də minnətdarlıq hissiylə yad etməliyəm.

Kitabının bir fəslini “Sabirdən sonrakı Sabir” adlandıran Nizami Cəfərov bu təbirində tamamilə haqlıdır. Səməd Mənsur,  əlbəttə öz istedadı  çərçivəsində, Sovet dövründə Sabir satirasının ilk  görkəmli nümayəndəsi sayıla bilər. Amal Sabir amali idi, dövr o dövr deyildi. Nizaminin bir qənaəti də çox dəqiqdir: “Sovet ədəbiyyatşünaslığı “tənqidi realizmi” qəbul etmişdi, ancaq o şərtlə ki, bu tənqid (və onun realizmi) sovetləşmədən əvvəlki illərlə yekunlaşmalı, bir-iki gün də bu tərəfə keçməməli idi”.

Düzdür, Sovet dövrünün ədəbiyyatında tənqidi realizm “sosialist realizmi”, başqa sözlə “tərifli realizm”lə əvəz edilmişdi. Səməd Mənsur poeziyası  isə təbii ki, bu metoda uyğun gəlmirdi. “İmkan düşən kimi Cavidin, Cavadın özlərini, sonra sözlərini həbs etdilər. Mənsurun isə otuzlara qalmadığından sözü məhbəsə atıldı”.

Bu da düzdü...

“İki aşığın deyişməsi”ndə  Qoca aşığın sorularına  qarşıduranı belə cavab verir:

O kəndlidir qan ağlayır qəmindən

İspalkomdur heç düşməyir dəmindən.

Başqa bir sorunun cavabı:

İnqilabdır qazan kimi qaynayır,

Dövlətlidir dil-dodağın çeynəyir

Narkomlardır heç bilməyir neyləyir

Söz soran aşığa Allah yar olsun.

O fəhlədir , aran bilməz, qış bilməz,

Dövlətlidir  pul qazanar, iş bilməz.

O kəndlidir aylarla bişmiş bilməz

Söz soran aşığa Allah yar olsun.

və nəhayət:

O ÇEKAdır sürətləri  soldurur,

O rüşvətdir cibişdanı doldurur,

Təriflərdir toyuqları güldürür.

37-ci ilə qalsaydı ən azı  elə bu şeirə görə  (axtarış zamanı evindən çıxa bilərdi) ÇK şairi “soldurardı”.

Aqibətini bilirdi Səməl Mənsur, amma onu da bilirdi ki:

“Bu, tarixi heç təyin edilməyən əsgi dünyada milyard-milyard insanlar gəlib yaşamış və ölmüşlər, bunların içində milyon-milyon canilər, xainlər, qatillər, oğrular  yaşamışlardır,  eyni zamanda milyonlar ilə də mələk xislətli, pak  vicdanlı insanlar da bulunmuşlardır.  İndi baxsanız, dünyada nam-nişan qalmışsa, həpsi vicdanlı taqımın içindən çıxan ərbabi-hünərdən qalmışdır. Milyonlarla  yaşamış alçaqlardan isə heç bir nişan aləmdə qalmamışdır”. (“Övladlarıma vəsiyyətim” dən).

Bu sözlərdən sonra əlavə etdiyi  kövrək cümlələr isə riqqətləndiricidir:

“Bu zamanə alçaqlıq zamanı, ayaqöpənlər,  vicdansızlar meydanıdır. Bu zəmanədə hər kəs vicdanını satmaqla yaşayır. Vicdanlar alqı-satqı malı olmuşdur. Üzlərdən həyalar mədum olmuşlar, insaf  və mürüvvətdən əsər qalmamışdır. Lakin mən, atanız, vicdanımı hifz etdim. Ac da qaldım, təməllüq etmədim. Kimsənin qabağında kiçilmədim”.

Bu sözləri ilk dəfə Nizami Cəfərovun kitabında  oxuyarkən gözlərim qarşısında  bir çox işıqlı insanlarımızın surətləri canlandı. Öz mənfəəti üçün bir quruş para qazanmadan qapı-qapı varlıların ayağına gedib “Əkinçi”nı çıxarmaq üçün vəsait istəyən Həsən bəy Zərdabi, ailəsini sabun bişirməklə dolandıran Sabir, əlyazmalarını sobaya atıb oğlanlarının otağını isitməyə çalışan Mirzə Cəlil. Və Səməd Mənsurun özü:

Nə cibimdə para, nə evdə çörək var, ey həkim

Nəbzimi bihudə sıxma, çəkmə azar, ey həkim

Ət yemək pəhrizini əmr etmə ki, bazarda

Nə qədər axtarsa ət, tapmaz xiridar, ey həkim.

Qəlbini sıxma deyirsən, ac qalıbdır külfətim

Olmuşam mən onların fikriylə bimar, ey həkim...

Rədifiylə Füzuli qəzəliylə bağlı bu  şeiri Nizami Cəfərov  belə qiymətləndirir ki, bu “ bir tərəfdən Füzuli sənətinə ehtiramdırsa, digər tərəfdən artıq Sabir satira məktəbinə mənsubdur”.

Amma  şeir  müraciətiylə (ey həkim!) Füzulini xatırlatsa da,  mövzusu etibariylə  Molla Pənah Vaqifi yada salır.

Bayram oldu heç bir bilmirəm neyləyim

Bizim evdə dolu çuval da yoxdur

Düyüylə yağ hamı çoxdan tükənmiş

Ət heç ələ düşməz, motal da yoxdur.

Əgər Nizami  “Həpsi rəngdir” şeirinin M.P.Vaqifin “Görmədim” müxəmməsiylə  müqayisəsini ümumi fəlsəfi müstəvidə  aparırsa, iki şairin  bu kasıbçılıqdan şikayət misraları bir-biriylə məişət məhrumiyyətləri cəhətdən   bağlanır.

Ümumiyyətlə Səməd Mənsur poeziyasında ən böyük ustadı saydığı Füzulidən üzü bəri Molla Pənah Vaqif və aşıq şeirindən keçərək Sabir satirasına gələn bir yolu izləyə bilirik. Doğrudur, Sabirin yalnız satirasından yox, “ Ol qədər cövr  et mənə, ah etmək imkan olmasın” qəzəlinin ruhunu Mənsurun məşhur  “Naz et” şeirində də   duyuruq.

Ədəbiyyat tariximizə ümumi baxış atan alim qeyd edir ki, “Ümumiyyətlə, dil, özünün bütün plastik imkanları ilə Şərq poeziyasının əsas qəhrəmanıdır. Xüsusilə türk dili… Çünki türk dilinin sərəncamında Şərqin üç dilinin (və təfəkkürünün) imkanları var: türkcənin, farscanın və ərəbcənin”.

Bu fikrə bir əlavə etmək istərdim. Üç dildə yazan Nəsiminin,  Füzulinin şeirlərindəki fars izafətləri, ərəb kəlmələri təbiidir, çünki öz dilimizdə yaranan yazılı şeirimiz (şifahi ədəbiyyat və Yunis İmrə xaric) bu iki dilin təsirindən və cazibəsindən yavaş-yavaş, addım-addım xilas olurdu. İkinci cəhət isə o idi ki, dövrün yazıları üç dili mükəmməl bilən oxucuya hesablanırdı. X1X və özəlliklə XX əsrdə  fars və ərəb dillərini bilənlər barmaqla sayılan zaman Hadinin dili kimi Səməd Mənsurun da müəyyən əsərləri   oxucu üçün anlaşılmaz qalır. Tutalım:

“Bir güşədə gör məcmeyi- mərdani - həqiqət.                           

Üşşaqı-fəlakətzədə, üftadeyi zillət,

Vaqif hamı öz fəlsəfeyi-məni və surət,

Səy et verələr bari- hüzura sənə rüsxət

 kimi misralardan  müasir   oxucu nə anlaya bilər? Amma  satiralarını Səməd Mənsur hər kəsə anlaşıqlı  təmiz azəri türkcəsində  yazırdı və acı gülüş hədəfi  üç müxtəlif dönəm, üç siyasi rejim  idi -Çar imperiyası - müstəmləkəlik dövrü, 1918-1920-ci illərdə müstəqil Cümhuriyyətimiz  və Şura dövrü. Səməd Mənsur da  Sabir kimi, Səhhət, Hadi kimi, Cavid, Şaiq, Müznib, Cavad kimi milli ruhlu şair idi, amma o da qəribədir ki, tərkdünyalıq, küskünlük, bədbinlik dalğasında köklənmiş “Həpsi rəngdir” şeirini məhz 1919-cu ildə - milli müstəqilliyimizə qovuşduğumuz dövrdə yazıb.

Çox vaxt rejimin daşıyıcıları başa düşmək istəmirlər ki, əsl sənətkar həmişə NARAZIDIR. Lap ürəyincə olan quruluşda yaşasa belə, arzuladığı ictimai  amallar həyata keçsə   belə ümumi, metofizik “anlamaq dərdi” hər həqiqi sənətkarın əbədi həmdəmidir, çünki dünya axır əlbət  ölüm-itim dünyasıdır, ayrılıq və kədər   dünyasıdır, fanidir, gəlimli-gedimlidir. Bir də ki

Müstəbidlik bəşərin mayeyi-zatində imiş...

Odur ki, bütün dinlərin cənnət xülyaları kimi kommunizmin bərabərlik və xoşbəxtlik   vədləri də  boş və puçdur. Bu fikri Səməd Mənsur minillik poeziyamızın bəlkə  də ən ümidsiz beytiylə ifadə edib:

Derlər: “Ərzi-bəşər axır olacaqdır cənnət”

Böylə bir zənni -xəta sizdə də var, bizdə də var”.

Bəs beləysə çıxış yolu nədədir? Bəlkə:

Bir zaman vardı ki, mən həmfikir idim  zöhhad ilə

Sonra gördüm fərqi yoxmuş zahidin cəllad ilə

Dedim , əyyaş olmalı, ta gün keçə mötad ilə.

Cümlə eyşi nuşi gördüm müxtəlif  fəryad ilə

Anladım ki zövqü, təqva, eyşü - işrət rəngdir

...və ona görə də...

İndi ki mümkün deyil aləmdə olmaq kamiyab

ey gözün qurbanı saqi, ver yenə sağər şərab

Bəlkə elə Sovet dövründə arabir Leninə, Stalinə, partiyaya misralar  həsr etsə də yaradıcılığıyla,  həyat tərziylə bir rind ömrü yaşamış Əliağa Vahidçün də  bu  bir xilas yolu olmuşdur.

Bir insan kimi Səməd Mənsurun bir üstün cəhəti də tək sələflərinə yox, çağdaş həmkarlarına da hörmətlə, sevgiylə yanaşmasıdır. Həsən bəy Zərdabinin hünərindən, Nəcəf bəy Vəzirovun fəaliyyətinin səmərəsindən, M.C.Məmmədquluzadənin “Molla Nəsrəddin”indən  qürurla yazan  Səməd Mənsur ilk operamızın müəllifi Üzeyir bəyin xidmətlərini də  “min təşəkkürlə” qeyd edir. “Bacıoğlunun dayıya ərizəsi” və  “Dayının bacıoğluna cavabı” şeirləri də dolayısıyla Nərimanovun qarşılaşdığı problemlərə satirik üslubda sataşsa da, Nərimanovun özünü,  şəxsiyyətini yüksək dəyərləndirən şeir də yazıb.

Vaxtilə Abbas Səhhət dostu Sabirin ölümündən sonra onun əsərlərini “Hophopnamə”də topladığı kimi, Əliabbas Müznib də Səməd Mənsurun hələ sağlığında şeirlərini toplamışdı və bu da ədəbiyyat adamları  arasında nadir olan təmənnasızlığın  örnək olacaq  faktlarındandır. Yəqin özü də məhz belə təbiətli şəxs olduğu üçün Səməd Mənsurun yazıçılar arasında nifaqı damğalayan şeiri  ibrətamizdir.

Söyüşün ey  nəciblər söyüşün

Fəxri-millət ədiblər söyüşün

Söyüşün kəşf ola nəcabətiniz

Söyüşün artıq ola hörmətiniz

Çünki yoxdur bir özgə sənətiniz

Həcv satmaq olub ticarətiniz

Pul qazanmaq olarsa niyyətiniz

Gərək hökman ola rəqabətiniz

Yazılar aləmin bazar eyləyin

Ərsəni bir-birinə dar eyləyin

Bir birin səhnədən kənar eyləyin

Nə xəcalat çəkin, nə ar eyləyin

Söyüşün ey nəciblər, söyüşün

Fəxri-millət ədiblər söyüşün!

Çox müasir səslənir, deyilmi?

Bütün bədbin ovqatlarına baxmayaraq Səməd Mənsur gələcəyə inamını da itirmirdi və bu  inam, bu ümid   “Oğlum Əhməd Tofiqə nəsihətim” şeirində parlaq ifadə olunub  (Əhməd Tofiq -T.Kazımovun tam adıdır)

Bizim də ölkədə Əhməd, gələr bir oylə zaman

Hüquqa malik olar millət, gülür vətənim

Hüquq-hüquq nə gözəl şey! Yetişməz isə əlim,

Mən ölmüş olsam, unutma hüquqa həsrətimi.

Qızıl qüyuddə mənən çəkən əziyyətimi.

O gün məzırıma qoş! Sanma bir ovuc xakəm

O gün vürüdünü gözlər o xaki- qəmnakım

Qoşub məzarıma ver Əhmədim bəşarətini

Duyar qübarım inan giryeyi-səadətimi.  

Neçə il bundan qabaq şairə Anaxanım Əlibəylini dəfn edərkən onun qazılmış qəbrinin yanında başqa baxımsız  məzarı   gördüm. Sinə daşında  “Səməd Mənsur Kazımzadə” yazılmışdı.

Bu gün ədəbiyyat tariximizə şərəflə qayıdan Səməd Mənsurun  bir gün qəbri də səliqəyə salınar inşallah...

Nizami Cəfərovun vaxtında yazılmış önəmli kitabıyla bağlı  həm bu tədqiqat  haqqında, həm də Səməd Mənsur haqqında düşüncələrimi oxucularla bölüşmək istədim.

 

18 fevral 2017

 

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

 

525-ci qəzet.- 2017.-11 mart.- S.11, 13