Maarifçilik missiyası yeni
dönəm sınağında
Biz bu yazıda, hər şeydən əvvəl, Azərbaycan cəmiyyətinin yenidən kitaba milli səviyyədə marağından bəhs etmək istərdik.
Ona görə “yenidən” sözünü xüsusi vurğulamalı olduq ki, klassik Azərbaycan maarifçilərinin millət və xalq qarşısında böyük xidmətlərindən biri olan təhsilə, kitaba, elmə həvəs oyatmaq işi iki əsrdən artıq bir müddətdə öz bəhrəsini verdi, xalqımız uzun müddət kitabın müqəddəs dəyərini dərk edib də, ona məhəbbət göstərdi. Amma XXI yüzilliyin lap başlanğıcında baş verən eksesslər, bir sıra hallarda aldadıcı kompüter aləmi bütün dünyada olduğu kimi, Azərbaycan mühitində də kitabı oxucunun əlindən almaq təşəbbüsü göstərdi və buna nail ola bildi. Lakin son illərin təcrübəsi sübut etdi ki, kitabsız dünya, kitabsız millət maarifdən uzaq düşə bilər və uzaq düşməklik milli ruha ciddi fəsadlar vura bilər. Belə bir narahatlığı dərk edən Azərbaycan oxucusu yenidən kitaba qayıtma prosesi keçirməkdədir. Kitaba, maarifə yenidən qayıdışın əsasını ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latin qrafikasi ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı təmin etdi.
Bundan əlavə, Prezidentin Azərbaycanın klassik ədəbiyyatında, klassik jurnalistikasında maarifçilik xidməti göstərmiş böyük yazıçı və şairlərin, publisist və ictimai xadimlərin, sivil dünyaya qovuşmağımız yolunda misilsiz rol oynamış ziyalılarımızın, milli mətbuat orqanlarımızın yubileylərinin qeyd olunması ilə bağlı sərəncamları xalqın öz keçmişinə, klassik irsinə qayıdışını təmin etdi. Klassik irsə qayıdış isə, artıq aydın şəkildə hiss olunduğu kimi, bir tərəfdən xalqın, millətin özünüdərk prosesini gücləndirdi, digər tərəfdən qloballaşma şəraitində milli dəyərlərimizin nəinki qorunmasına, habelə zənginləşməsinə xidmət etdi.
Beləliklə, Azərbaycan dövlətinin iradəsini öz fəaliyyətində əsas tutan Prezidentin bu milli çağırışına ümummilli reaksiyalar başladı. Bu reaksiyalar sırasında bir qəzet olaraq, 1881-1919-cu illərdə Azərbaycanın inkişaf etməkdə və bir sistem halına düşməkdə olan mətbuat tarixində rus dilində nəşr olunan “Kaspi” qəzetinə qayıdış və onun yenidən nəşrini meydana qoymaq tarixi xidmət kimi qiymətləndirilməlidir. Bu təşəbbüs niyə “Kaspi” qəzetindən başladı? Bu suala Ümummilli liderimiz Heydər Əliyev daha dəqiq cavab vermişdir: “Kaspi” qəzetini Zeynalabdin Tağıyevin təşəbbüsü ilə, onun puluna çıxarırlar, ancaq rus dilində. Bu bizim tariximizdir. Həsən bəy Zərdabinin qoyduğu təməl daşı yaşayıb və inkişaf edibdir. Demək, bu demokratik ideyaları, dünyəvi dəyərləri bizim xalqımızın içərisindən çıxan dahi insanlar (kursiv bizimdir - Ə.A., C.M.) o vaxt yaradır, xalqımızı oyadır, onda milli oyanış, milli dirçəliş, milliçilik hissləri yaradırdılar”. Milli mətbuat tariximizə
Ümummilli liderimizin bu qiyməti, “dahi insanlar”ı, yenidən
xalqa qaytarmaq təşəbbüsü, Prezident İlham
Əliyevin Üzeyir Hacıbəylinin 125 illik, Həsən bəy
Zərdabinin 170 illik, Əlimərdan bəy
Topçubaşovun 150 illik, Əli bəy Hüseynzadənin
150 illik, Ceyhun Hacıbəylinin 125 illik yubileyinin dövlət
səviyyəsində qeyd olunması barədə sərəncamları
klassikaya qayıdışın nə qədər vacib
olduğunun göstəriciləridir.
Klassik mətbu irsimizin vacib
faktlarından olan “Kaspi” qəzetinin yenidən nəşri iki
istiqamətdən qiymətli bir xidmət oldu: birincisi, 38 illik
uzun bir yol keçmiş, H.Zərdabinin yaratdığı
“Əkinçi” məktəbinin fəal davamçısı
olan, bu uzun illər ərzində Azərbaycan maarifçilik
ideyalarını rus dilində Rusiyaya, Qafqaza, Orta Asiyaya daşıyan
bir qəzetin kontent-analizini yenidən ortaya qoymaq, yenidən onu
həm tarixi rus dilli nəşrini, eyni zamanda və əsas
olaraq, Azərbaycan dilində də nəşr etmək,
ikincisi, həmin məktəbin davamı olaraq yeni “Kaspi”də
maarifçiliyi XXI əsrin
çağırışlarına uyğun və bir az da
qabarıq şəkildə yeni nəslə ünvanlamaq. Ayrıca qeyd etmək istərdik ki, yeni “Kaspi” bu iki
milli missiyanı şərəflə yerinə yetirməkdədir.
Hər şeydən öncə qeyd edək ki,
müasir “Kaspi” bu günümüzün görkəmli
maarifçi alimi, şair və publisist, azərbaycançılıq
ideologiyasının tədqiqatçısı Sona xanım Vəliyevanın
yorulmaz xidməti sayəsində meydana çıxıb.
Sona xanım bu qəzetin-daha doğrusu, rus və
Azərbaycan dillərində nəşr edilən bu qəzetlərin
təsisçisi və rəhbəridir.
Müasir “Kaspi” öz fəaliyyətində
sələfinin maarifçilik ideyalarını əsas tutur. Onun səhifələrində
günümüzün informasiyası mütləq şəkildə
qərəzsizliyi, dəqiqliyi, balanslı informasiya siyasəti,
ədalətliliyi,
vicdanlılığı ilə hamı tərəfindən
yüksək qiymətləndirilir. “Kaspi”nin analitik yazıları
istər onun çoxsaylı ziyalı müəlliflərinin, istərsə də
redaksiya əməkdaşlarının mühüm xidmətləri
olub, yüksək peşəkarlıq səviyyəsində
oxucularını, ictimaiyyəti maraqlandıran problemlərə
səriştəli cavabları
ilə maraq doğurur. Bu qəzetin “Xüsusi buraxılışları”
öz müntəzəmliyi və peşəkarlığı
ilə diqqəti çəkir. Qəzetin
özünün də qeyd etdiyi kimi, bu xüsusi
buraxılışlarda indiyədək Əlimərdan bəy
Topçubaşov, Nəriman Nərimanov, Əhməd bəy
Ağaoğlu, Əli bəy Hüseynzadə, İsmayıl bəy
Qaspıralı, Şahtaxtlılar, Hacıbəylilər,
Şəfiqə xanım Əfəndiyeva və s. kimi görkəmli
adamların həyat və yaradıcılığı öz
əksini tapmışdır. Bundan başqa, qəzetin “Ədəbiyyat” əlavəsində
Azərbaycanın və dünyanın görkəmli
yazıçı və şairləri haqqında dəyərli
səhifələr (bəzən 15-20 səhifə) təqdim
olunur.
Və biz bu yazını
kitabla başladıqsa, indi yenidən kitaba keçid almaq istərdik. O kitaba və kitablara ki,
onlar da “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin
birgə layihəsi əsasında nəşr edilir. İndiyə qədər bu təşkilatların
nəşr etdiyi “İlham Əliyev: “Mən jurnalistləri vətənpərvərliyə
çağırıram”, “Sözün sorağı”,
“Mübariz yol”, “Üç əsrin qəzeti”, “Haqqın var
yaşamağa” (Məmməd Araz
yaradıcılığı
haqqında müsabiqə yazıları,) Hüseyn
Cavidin “Seçilmiş əsərləri” (Türkiyədə
müasir poliqrafiyanın ən yeni imkanları ilə),
“Hüseyn Cavid-Vətənə qayıdış” foto-albomu və
eyni adlı məqalələr toplusu kimi kitablar oxucular tərəfindən
rəğbətlə qarşılanıb.
Adlarından və ifadə
etdiyi tematikasından da göründüyü kimi, həmin
kitabların nəşri bir vətəndaşlıq xidməti
olaraq, klassik irsimizə (biz bu yerdə böyük Məmməd
Arazı da klassiklər sırasına qoyuruq) yeni nəsildə
sevgi hissi yaratmaq amalıdır.
Bizə elə gəlir ki, əslində
alim, tədqiqatçı, nasir və şair kimi
tanıdığımız Sona xanım Vəliyevanın
klassikamıza vətəndaşlıq hisslərindən
doğan və ünlü maarifçimiz H.Zərdabiyə həsr
etdiyi “İşığa gedən yol” romanı da elə bu nəşrlərin
sırasına qoyulmalıdır. Ədəbi
ictimaiyyətin son dərəcə böyük dəyər
verdiyi bu roman yuxarıda adlarını çəkdiyimiz
kitablar sırasında öz sanbalı ilə, H.Zərdabi
dövründəki bütöv bir epoxanın mükəmməl
obrazını yaratması ilə bədii söz sənətimizin
qiymətli nümunəsidir.
Sona xanım Vəliyevanın
təşəbbüsü və layihəsi əsasında
“Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkəti “Kaspi” nəşrləri
seriyasında yeni bir kitabı oxucuların ixtiyarına
vermişdir. “Kaspi”-maarifçilik meydanı” adlanan 41 çap vərəqi
həcmində (652 səhifə) nəşr edilən bu kitab,
sözün həqiqi mənasında, maarifçilik
meydanıdır. Bu “meydanın” çox maraqlı bir
kompozisiya-strukturu var. Əlbəttə, klassik və müasir
“Kaspi” doğrudan da, möhtəşəm bir maarifçilik
meydanıdır. Ona görə də layihənin
rəhbəri, kitabın ideya və ön sözünün
müəllifi Sona xanım Vəliyeva əsəri
“Kaspi”-maarifçilik meydanı” adlandırıb. Amma biz də bu kitabın ümumi məzmunundan
çıxış edərək onun özünü də
“maarifçilik meydanı” sanırıq. Çünki
topluda millət yolunda fədakarlıq göstərmiş on
beşə yaxın böyük maarifçinin bəzi hallarda
öz məqalələri də eyni format çərçivəsində
müasirlərimizin onlara həsr etdikləri yazıları
yer almışdır. Bir az da aydın olsun deyə
göstərə bilərik ki, məsələn, Həsən
bəy Zərdabiyə həsr olunmuş bölmədə əvvəlcə
Həsən bəyin bu günümüz üçün də son dərəcədə
aktual olan bir neçə məqaləsi verilir, daha sonra onun
haqqında müasir “Kaspi”də dərc olunmuş məqalələr
yer alır. Beləliklə, kitabda məsələn,
Həsən bəy Zərdabinin həm özü var, həm də
onun yaradıcılıq dünyasına müasir
elmi-publisistik baxış var.
Kitabın strukturundakı maraqlı cəhətlərdən
biri də odur ki, klassik maarifçinin təqdim olunduğu bir
sıra bölmə həmin şəxsiyyətin yubileyinin keçirilməsi ilə
bağlı Prezident sərəncamı ilə müşayiət
olunur.
Belə bir cəhəti ayrıca qeyd
edək ki, klassik maarifçilərimizin kitabda təqdim olunan
aktual yazıları təkcə “Kaspi”dən deyil, habelə
XIX əsrin ikinci və XX əsrin birinci yarısında nəşr
olunan qəzetlərdən də alınmışdır. Bu mənada müasir “Kaspi”çilər vətəndaşlıq
borcu olaraq, həmin şəxsiyyətləri bütöv təqdim
etmək məqsədini də gerçəkləşdirmişlər.
Bütövlükdə isə
“Kaspi”-maarifçilik meydanı” kitabı klassik maarifçilərimizin
elmi-publisistik obrazını daha çox müasirlərimizin əsərləri-tədqiqatları
ilə təqdim etmişdir.
Kitaba ön sözün müəllifinin
belə bir fikri bu əsərin qiymətini, amalını dəqiq
ifadə edir: “Kaspi” - maarifçilik meydanı” kitabında
“Kaspi” sələfləri olaraq
ömrünü-gününü xalq yolunda, millət
istiqlalı uğrunda fəda etmiş ziyalılarımız
haqqında oxuculara bəzi məlumatları çatdırmaq
istədik. Göründüyü kimi, bizim
amalımız da, yolumuz da keçmişin böyük
ideallarını bu günün maarifçilik missiyası ilə
birləşdirərək işıqlı gələcək
üçün zəngin mənəviyyatlı bir nəsil
yetişdirməyə xidmət etməkdir. Bu yolda bizim nə yorulmağa, nə də
dayanmağa haqqımız çatır. Çünki
bu həm də böyük maarifçi mütəfəkkirlər
qarşısında daşıdığımız müqəddəs
bir borcdur”.
Əlbəttə, həm məzmunca,
həm də həcmcə böyük olan bu kitabda 35-dən
çox müəllifin çoxsaylı klassik maarifçilərimiz
haqqında yüzə yaxın məqaləsi
toplanmışdır. Kitaba yazdığı “Ön söz”ün ilk sətirlərində
Sona xanım Vəliyeva onun mahiyyətini
aşağıdakı sözlərlə belə ifadə
edir: “Kaspi”-maarifçilik meydanı” adlanan bu kitab XIX əsrin sonu XX əsrin əvvəllərində
ağır, məşəqqətli, lakin şərəfli fəaliyyət
yolu keçmiş, ömrünü, gününü
xalqına, millətinə həsr etmiş Azərbaycanın
görkəmli maarifçi mütəfəkkirlərinin ruhuna
növbəti minnətdarlığımızdır”. Müasir “Kaspi” və Kaspiçilər öz sələflərinin
xalqa xidmət messiyasını (məhz messiyasını)
öz çiyinlərinə götürərək
bugünkü gənc nəsil qarşısında
borclarını yerinə yetirməkdədirlər. Kitaba
ön sözündə Sona xanım Vəliyeva bunu nəzərdə
tutaraq yazır: “Vətənpərvər ziyalı kimi milli
maarifçilərin hər birinin çiyninə o dövrdə
ağır yük düşürdü. Onlar bu
yükün ağırlığından qorxub - çəkinmədən
Vətən haqqında düşünür, onun
işıqlı sabahı üçün əlindən gələni
əsirgəmir, gördükləri işlərin məsuliyyətinin
böyüklüyünü dərindən dərk edirdilər.
1999-cu ildə Ümummilli liderimiz Heydər
Əliyevin təşəbbüsü ilə “Kaspi”nin nəşrini bərpa
edəndə biz də qarşımızda nə kimi
böyük məsuliyyət dayandığını
yaxşı dərk edirdik. Başa
düşürdük ki, təkcə gündəlik
ictimai-siyasi qəzet olmaqla kifayətlənməməli, həm
də sələflərimizin mütərəqqi
ideyalarını qorumalıyıq. Bilirdik ki,
yazdığımız hər SÖZ onların ruhuna layiq
olmalı, bizdən sonra xələflərimizə dəyərli
irs kimi qalmalıdır. Onu da bilirdik ki, Həsən
bəy Zərdabinin, Əlimərdan bəy
Topçubaşovun, Məhəmməd ağa
Şahtaxtlının, Hacı Zeynalabdin Tağıyevin,
Üzeyir bəyin ruhları bizim bu YOL ilə necə
addımlamağımızı təmkinlə, bəlkə də
bir az nigarançılıqla izləyəcək. Odur ki,
“Kaspi”nin nəşrini bərpa edərkən
öncə bu böyük şəxsiyyətlərə
halallıq borcumuzun olduğunu dərk edirdik. Beləcə,
70 illik böyük bir fasilədən- istiqlalımızın
bərpasına nail olduqdan sonra maarifçi mütəfəkkirlərimizin
bizə qoyub getdikləri “Kaspi” ənənələrinə
söykənərək fəaliyyətə başladıq”.
Deməli, hər şey dahilərə halallıq borcundan,
dahilər qarşısında, millət qarşısında
məsuliyyətdən başlamışdır. Və bu məsuliyyət
“Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin meydana
qoyduğu bir sıra sanballı nəşrlər
sırasına əlimizdəki daha bir kitabı-
“Kaspi”-maarifçilik meydanı”nı əlavə
etdi.
Bu kitab bizi yenidən klassik mətbu
irsimizə qaytarır. Biz Həsən bəy Zərdabinin, Əlimərdan bəy
Topçubaşovun, Əli bəy Hüseynzadənin,
İsmayıl bəy Qaspıralının, Üzeyir bəy və
Ceyhun bəy Hacıbəylilərin, Əhməd bəy
Ağaoğlunun, Firudin bəy Köçərlinin, Məhəmməd
ağa Şahtaxtlının, Nəriman Nərimanovun, Ömər
Faiq Nemanzadənin və s. ziyalı maarifçilərimizin
“Kaspi”dəki əsərlərini oxuyuruq və bu əsərlərin
müasir günlərimiz üçün də nə qədər
aktual olduğunu hiss edirik.
Jurnalistika nəzəriyyəsində
belə bir fikir formalaşıb ki, publisistika, publisistik əsər
daha çox yazıldığı dövrün aktual problemlərini
qaldırır . Bu fikirdən
bəzən belə bir nəticə də
çıxarılır ki, bədii ədəbiyyat klassik
nümunəyə çevrilə bildiyi halda, publisistika
yalnız öz dövründə aktuallıq kəsb edir və
yəqin elə buna görədir ki, “klassik publisistika”
anlayışı indinin özündə də xeyli dərəcədə
qısqanclıqla qəbul edilir. Lakin
dünya və eləcə də Azərbaycan ədəbi
mühitində birmənalı şəkildə klassikləşmiş
publisistika nümunələri yetərincədir.
“Kaspi”-maarifçilik meydanı” kitabında H.Zərdabinin
“Rusların Muğanda məskunlaşmasına dair”, Əli bəy
Hüseynzadənin “Yurd qayğısı”, “Ey qələm”,
“Azərbaycanda düşündüklərim”, Əhməd bəy
Ağaoğlunun “Bakı hadisələri haqqında həqiqət”,
M.Şahtaxtlının “Türk və tatar qövmünə
müraciət” və s. kimi publisistika nümunələri
dünənin, bu günün və sabahın milli dərsləridirsə,
onları klassika kimi necə qiymətləndirmək olmaz?
Haqqında bəhs etdiyimiz
kitabın qiymətini müəyyənləşdirən
meyarlardan biri də maarifçilərimizin hər biri
haqqında müasir tədqiqatçı və publisistlərimizin
sevgi dolu yazılarıdır. Bu sırada milli mətbuatımızın
cəfakeş tədqiqatçısı, C.Məmmədquluzadə,
M.Şahtaxtlı və s. kimi böyük yaradıcı şəxsiyyətləri
bizə tam şəkildə təqdim edən akademik İsa Həbibbəylinin,
yaradıcılığının böyük bir
payını klassiklərimizə həsr etmiş Sona xanım
Vəliyevanın, Vilayət Quliyevin, professor Bədirxan Əhmədlinin,
professor Şamil Vəliyevin, peşəkar jurnalist-tədqiqatçılardan
Flora xanım Xəlilzadənin, məhsuldar
yaradıcılıq nümunələri ilə, yeni-yeni
tapıntıları ilə milli
maraqlara alim xidməti göstərən Abid Tahirlinin, Qərənfil
Dünyaminqızının, Natiq Məmmədlinin, Səadət
xanım Qarabağlının və digər onlarca müəllifin
yazıları klassik jurnalistikamızın səhifələrinə
yeni bir işıq salır. Bu yazıların hər
birində milli -tarixi ziyalı maarifçilərimizə vətəndaş
qüruru hiss olunmaqdadır. Bu mənada, məsələn,
Azər Turanın Əli bəy Hüseynzadənin babası
haqqında yazdığı “Qafqazın birinci adamı” essesi
tamamilə yeni bir tədqiqatçı yanaşması kimi
qiymətləndirilməlidir. Cəmi on dörd səhifəlik
bu essedə istedadlı tədqiqatçımız A.Turan
Əli bəy Hüseynzadənin babasından miras
aldığı ideyaları Vətənə, millətə
sevgi hissləri ilə gerçəkləşdirə
bilmişdir. Bu yazının sonunda oxuyuruq: “Qafqaz
şeyxülislamının milli cəbhədə dayanması
o dövr üçün böyük siyasi hadisəydi. Nəvəsini də həmin cəbhəyə
sövq etməklə axund, əslində, Azərbaycanın
ruslaşdırılması və
farslaşdırılmasının qarşısını ala
biləcək böyük bir qüvvəni meydana
çıxarmışdı.
Bu mənada, Əli bəyin
yetişməsində başlıca amil
şeyxülislamdır. Demək, ilk milli-intellektual təkan Axund
Əhməd Səlyanidən (Əli bəyin babası -
Ə.A; C.M.) gəlir. Türkçülük
düşüncəsini Əli bəy Əhməd Səlyanidən
miras alır. Bunun nəticəsi olaraq, sonralar Bakıda və
İstanbulda türkçülük məfkurəsinin mötəbər
öndərinə çevrilən Əli bəy Hüseynzadə
bir çox türkçülərdən fərqli olaraq,
axıracan islam dəyərlərinə
sadiq qalır. Türkçülüyün əsaslarını
hazırlamış Ziya Gökalpın, Abdullah Cövdətin
təlqinləri ilə başdan-başa Qərb dəyərlərinə
istiqamətlənmiş baxışlarını Turan və
iman işığına cəzb edən, Gökalpa
türkçülüyü aşılayan (Ali Canip) Əli bəyin
qurduğu məfkurə sistemində üç təməl
prinsipin - türkləşmək, islamlaşmaq və
çağdaşlaşmaq triadasının ilk iki mərhələsi,
şübhəsiz, daha çox şeyxülislamın dəst-xəttini
yansıdırdı. Sonra Əli bəyin nişan
verdiyi bu yolu Ziya Gökalp davam etdirdi. Bu, Axundzadə və Zərdabinin,
Namiq Kamal və Əli Suavinin, krımlı İsmayıl bəy
Qaspıralı və əsədabadlı Cəmaləddin
Əfqaninin, Əhməd bəy Ağaoğlunun və Əli
bəy Hüseynzadənin, sonuncunun timsalında isə,
şübhəsiz, həm də Qafqaz
şeyxülislamının zəfəriydi”.
Kitabda yer alan yazıların
hamısını klassikaya olan sevgi birləşdirir, lakin bu
sevgiyə yanaşmanın hər birində müəlliflərin
fərdi üslubu, fərdi peşəkarlığı var.
İstedadlı jurnalist-publisist
Flora Xəlilzadənin İctimai Televiziyada müəllifi və
aparıcısı olduğu “Yadigarlar” teleproqramındakı
tematikası kitabda yadda qalan mükəmməl bir publisistikaya
çevrilir. Həm də onun yazılarında klassik
maarifçi-ziyalıların Qarabağ probleminə o
zamandan bu zamana ötən münasibətləri, “Vətən
sevgili mücahid”lərin millət qayğıları kimi
mövzuları günümüzə yetən
aktuallığı ilə diqqətimizi cəlb edir.
Tədqiqatçı alim Abid
Tahirlinin kitabdakı çoxsaylı yazıları birbaşa
mətbuat tariximiz və bu tarixi yaradanlara aid olub, oxucunu “Tərcüman”,
“İstiqlal” kimi mükəmməl qəzet dünyası,
türklər üçün ortaq dil problemi, maarifçilərimizdən
İ.Qaspıralının cəhalətə zərbə
vuran yeni məktəb ideyası və onun tarixi missiyası
kimi məsələlərlə bağlı olaraq, bu
yazıların özləri də ciddi maarifçilik işi
görməkdədir.
Əlbəttə, bizi klassik
ənənələrə qaytaran, milli klassikamıza gənc
nəsildə yeni sevgilər oyadan bu kitabdakı bütün
yazılara toxunmaq, ən azı, bir qəzet məqaləsində
mümkün deyil. Qalır bircə onu demək ki, iri həcmli bu
maarifçilik kitabında dünəndən bu günə, bu
gündən sabaha daşınacaq bir Vətən sevgisi, milli
təəssübkeşlik, vətəndaşlıq
yanğısı var. Bu sevgi, bu təəssübkeşlik və
bu yanğı oxucuda Vətənə, millətə, xalqa
sevgi hissini artırmaq, əbədiləşdirmək kimi
müqəddəs bir missiyanı yerinə yetirməkdədir.
Əflatun AMAŞOV
Cahangir MƏMMƏDLİ
525-ci qəzet.-
2017.- 11 mart.- S. 8-9.