Minimum
söz, maksimum məna
“Ver sözə ehya ki, tutduqda səni
xabi-əcəl
Edə hər saət səni ol
uyğudan bidar söz”
Füzuli
Günlərin bir
günü səyyah səhrada özü kimi ədəb-ərkanlı
bir nəfərlə yol yoldaşı olur, heybələrində
yeyib-içməli nə varsa bir-birindən əsirgəmədən
çətin yolu birgə qət edirlər. Mənzil
başına çatıb ayrılmaq məqamı gələndə
səyyah soruşur ki, a qardaş, bunca yol gəldik, heç
adını da soruşmadım. Kimsən,
nəkarəsən? Həmin adam cavab
verir ki, haqqımda eşitməmiş olmazsan, mən
Şeytanam.
Səyyah çaşıb qalır:
- Necə-necə, Şeytan? Bəs onda sənin buynuzların hanı?
Bu dəfə də Şeytan məəttəl
qalır:
- Nə buynuz, buynuz nədi?
- Axı deyirlər ki, Şeytanın
qoşa buynuzu olur, idbar bir sifəti var, camaat sənə “ kor Şeytan”- deyə lənət
yağdırır. Sən ki gözəl-göyçək
bir oğlansan, bunu necə anlayaq?
- Burda anlaşılmaz bir şey
yoxdur. Sadəcə qələm düşmən
əlindədi.
Sözün düzü, bu yazıda az sözlə dərin məna kəsb edən ədəbi
nümunələrdən bəhs etmək, onları bədii əsər
oxumağa vaxtları olmayan oxucularla paylaşmaq istəyirdim. Amma sözə ehya vermək cəhdimdə söz
sözü gətirdi, arşın bezi. Ən
əvvəl söz haqqında söz demək zərurəti
yarandı. Nə etməli, mətləbə
keçmək üçün gərək ənənəyə
hörmət edəsən.
Söz! Cəmi
üç hərfdən ibarət olan bu kəlmədə
böyük qüdrət və qüvvət vardır. Söz insanın tutan əli, görən
gözü, cəmiyyətdə insana verilən dəyərin
ən dəqiq barometridir. Sokratın adamlarla
tanışlığı onların ilk kəlməsindən
başlayardı: “İnsan, danış, mən səni
görüm”. O, bilirdi ki, hər kəs öz dilinin altında
gizlənib. Elə ki, gül ağzını açdı,
danışdı, ilk kəlmələrdən
özünü bəlli edəcək. Vay
odu ki, naxçıvanlılar demişkən, qatıqlaya.
Onda qulağında Mirzə Cəlilin ehmalca qulağına
pıçıldadığı bu kəlmələr səslənəcək:”-
Maşallah söz danışana! Götürüb
qarpız qabığını şappıltı ilə
vurasan bu cür sözləri danışanın
ağzından, ağzını yumsun, qoysun getsin işinə.
Müsəlmana ağıl fikirləşmək
üçün verilməyib, məşğulat
üçün verilib”.
Sözlər yarpaqlara bənzəyir,
çoxlu yarpağı olan ağac az bəhrə
verir. Sözə verilən dəyər insana
verilən dəyərdir, sözün dəyərsiz olduğu
cəmiyyətdə insan da dəyərsiz olur. Sözün qədri uca tutulanda sözdən üz
qızarır, əyrilər düzəlir, söz qədirsiz
olanda salamı da almırlar.
Böyük türkoloq Mahmud
Kaşğari deyib ki, erdem başı til (ərdəmin, fəzilətin,
tərbiyənin başı dildir). Söz “Divan”da kəlam anlamında
işlənib: Ol anğar tıl teqürdi-O, ona söz
toxundurdu, dillə sözlə incitdi.-İyi işin
başı til. Söylenilen söz atılan ok.
Müdriklərin fikrincə,
söz yağış kimidir. Əvvəli bərəkət,
arxası fəlakətdir. İnsana
danışmağı öyrənmək üçün iki
il, danışmamağı öyrənməyə
isə altmış il lazımdır. Köynəyin
ləkəsi su ilə gedər, ürəyin ləkəsi
söz ilə. El arasında məsəllər də var:
Heyvanı qulağından tanıyarlar, insanı sözündən.
Deyilmədən əvvəl söz sahibinin əsiridir,
deyildikdən sonra isə sahibi sözün əsiridir.
İstər xoş söz olsun, istər naxoş.
Ustadnamədə deyildiyi kimi:
Söz var ki, gövhərdən, ləldən
qiymətli,
Söz var ki, həyasız,
söz var ismətli.
Söz var ki, mənalı,
güclü, qüvvətli,
Söz var ki, düşmənlə
açıq cəngi var.
Yəni sözü necə
demək, ifadələri necə seçmək çox
mühüm məsələdir. Sözü elə deyərsən,
könül alar; elə deyərsən, ürək qırar.
Daşdan süzülə-süzülə
damlayan suyun büllurlaşdığı kimi,
düşünülüb ifadə edilən sözlər də
istiqamətverici olar. Addım atmadan
“yüz dəfə ölçüb, bir dəfə biçmək”
nə qədər vacibdirsə, danışmadan və fikir bəyan
etməzdən əvvəl düşünmə də o qədər
əhəmiyyətlidir.
Bir də ki söz dediyin, sadəcə,
ağızdan çıxan səs toplusu deyil,
baxışların ifadə etdiyi məna da sözdür, əllərin
həyəcandan titrəməsi də, sifətin səyriməsi
də... Söz dediyin yaşadığın
duyğuların ifadəsidir. Əslində
bütün insanlar eyni, yaxud da oxşar duyğular
yaşayırlar, amma hər kəs öz
yaşadığını eyni dərəcədə ifadə
edə, başqalarına çatdıra bilmir. Təbii o duyğuların ən gözəl şəkildə
ifadəsi bir özgə sənətdir ki, bu sənətin
zövqünü, gözəlliyini də söz adamları,
daha çox şairlər yaşayırlar. Və sən bir gün əlinə keçən bir
qəzet səhifəsində, yaxud da kitabda oxuduğun
şeirlərin daşıdığı hissləri o qədər
yaxın, doğma bilirsən ki, sanki şair sənin
yaşantılarını qələmə alıb.
Bu məqamda klassik şairlərimizin
söz barədəki şeirlərindən nümunələr
vermək olardı. Amma onların oxucu üçün əlçatan
olduğunu nəzərə alıb təkcə Saib Təbrizinin
kəlamlarını xatırladıram: “Söz yalnız səmimi
keyfiyyətə malik olduğu təqdirdə təsir edə
bilər. Məna əhli üçün
yalandan bətər eyb yoxdur. İlk kərpicləri əyri
qoyulan bina göylərə qalxsa da, etibarsız olduğu kimi,
yalan sözlərdən tikilmiş sənət mülkü də
əbədi ola bilməz”.
Söz güllənəndə,
söz çiçəkləyəndə, söz ağ buludun yağışına dönüb
insanın ruhuna yağanda insanın üzü gülər,
öz qaranlığından çıxar, başa düşər
ki, qaranlıq onun içindən gəlsə də, onun mənəviyyatına
çöksə də, qaranlıqla yaşaya bilməz. İnsan işıq istəyir. İşıq
isə ağ bulud timsallı sözdədir.
Fikirlərin, düşüncələrin
qaranlığını dağıdan ağ
yağış timsallı söz də ağ bulud
gücündədir.
Mirzə Cəlil söz haqqında
deyilənləri belə ümumiləşdirir: “dünyada...
sözdən böyük yadigar yoxdur. Zira
mal-mülk tələf olub gedir, söz qalır”.
Dənizin dibindən
çıxarılmış heykəl ilk baxışda
tanınmır, gərək cilini, yosununu təmizləyəsən,
o zaman bütün gözəlliyilə üzə
çıxacaq. Parlaq bir fikir də sözün
naxışı ilə yaranır. Fikrin
düyün nöqtələri xalçanın ilmələri
kimidir. Lakin xalçada ilmələr vahid
bir ahəngin ifadəsinə xidmət etdiyi halda, fikir
düyünlərini eyni bir ahənglə düzmək daha
çətin bir məsələdir. Ona
görə də fikirlərin düzülüşündən,
neçə birləşməsindən asılı olaraq,
çox müxtəlif ahənglər yaranır. Ona görə də bədii sözün,
müdrikliyin qavranılması da müəyyən
hazırlıq tələb edir. Sözün
yarısı onu deyənə, yarısı da qulaq asana məxsusdur.
Məşhur həkim Pol
Raskin tələbələrinə qocalığın psixoloji
təsirlərindən mühazirə oxumalı idi. Raskin mühazirəyə
belə bir misalla başladı:
- “Xəstə” nə
danışır, nə deyilənləri başa
düşür. Bəzən saatlarla anlaşılmaz
şeylər söyləyir. Zaman, məkan
və ya şəxs anlayışı yoxdur. Yalnız adı ilə çağıranda reaksiya
verir. Onu həmişə kimsə yedirir,
yuyundurur, geyindirir. Dişləri yoxdur.
Yeməklərini əzib verməkdən
başqa çarə qalmır. Ağzından
su axdığı üçün köynəyi həmişə
ləkə içində olur. Yeriyə
bilmir. Nə vaxt yatıb, nə vaxt
duracağı məlum deyil. Bəzən
gecə yarısı oyanıb qışqırır və
heç kimi yatmağa qoymur. Bəzən
sakit, bəzən də əsəbi olur. Kimsə
gəlib onu yatızdırmayana qədər
qışqırıb ağlayır”.
Bu misaldan sonra Raskin tələbələrindən
bu “xəstəyə” baxmaq istəyib istəmədiklərini
soruşdu. Təbii ki, tələbələr bunu edə bilməyəcəklərini
söylədilər. Raskin isə hər
gün bu işi böyük zövqlə
gördüyünü və gələcəkdə
onların da bu işi görəcəklərini öyrənəndə
tələbələr təəccübləndilər. Daha sonra Raskin “xəstənin” fotoşəklini
göstərdi. Bu həkiminin 6 aylıq qızı
idi....
Deməli əsas məsələ
sözü necə deməklə yanaşı, həm də
necə başa düşməkdir. Aforizmlər də belə
yaranıb, onların düzgün dozası belədir: minimum
söz, maksimum məna. Belə ifadələrə çox
rast gəlmişik : “Bağışla,
vaxtım az olduğu üçün məktub uzun
çıxdı”. Viktor Hüqo “Səfillər”
romanının necə reaksiya doğurduğunu öyrənmək
üçün redaktoruna cəmi bir işarəlik məktub
yazmışdı:”? “Cavab isə, sual kimi lakonik idi: “! “
İki il əvvəl
ingilislər ən qısa hekayə müsabiqəsi elan ediblər.
Yarışmanın şərtlərinə
görə, hekayədə kraliça, tanrı, seks, sirr kimi
anlayışlar olmalıydı. Birinci yeri tutan müəllifin
hekayəsi beləydi:
“-İlahi,-kraliça
qışqırdı,-mən hamiləyəm, amma bilmirəm
kimdən!”
Frederik Braun tarixin ən qısa
qorxulu hekayəsinin müəllifidir:
“Dünyadakı ən sonuncu adam otaqda oturmuşdu. Qapı
döyüldü...”
Klassik lakonikliyə ən gözəl
nümunələrdən biri bir çox yunan şəhərlərini
işğal edən Makedoniyalı II Filippə
spartalıların verdiyi cavabdır:
“Sizə dərhal təslim
olmağı məsləhət görərdim, əgər mənim
ordum sizin torpaqlarınıza daxil olsa, mən
bağlarınızı məhv edəcəm, əhalinizi qul
edəcəm, şəhərlərinizi isə yerlə-yeksan
edəcəm”.
Spartalı eforlar bu hədə-qorxuya
bircə kəlməylə cavab veriblər: “Əgər...”
Amerikalı
yazıçı O.Henri ən qısa hekayə
yarışmasının qalibi olub. Onun yazdığı nəsr ənənəvi
hekayə janrının düyün, kulimanasiya,
çözüm kimi şərtlərinə uyğun
olmalıydı:
“Sürücü siqaretindən
bir qullab alıb yanacaq çənində nə qədər
benzinin qaldığını görmək üçün əyildi. Mərhumun 23
yaşı vardı”.
O.Henrinin tiplərinin özünəməxsus
danışıq tərzi, monoloq və dialoqları var.
“Himeneyin məlumat kitabı”nda qızıl axtaran iki dost ilk
qar lopaları düşəndə yerləşdikləri
komada öz duzlu zarafatlarına qəhqəhə çəkib
gülür, qazançadan çıxarıb içdikləri
horranı tərifləyib, hətta bunu çörək də
adlandırırlar. Qar yol-izi bağladığından komada əsir
olan dostlar uçucu həftənin tamamında yalnız Qərb ədəbiyyatına
məxsus təmtəraqla necə “səmimi” söhbət edirlər:
“- Mən bilmirəm hava şarından dəmir qazanın dibinə
damcılayan qatıq nə cür səs çıxarır,
amma mənə elə gəlir ki, bu, sizin danışıq
orqanlarınızdan sıyıq kimi axan ölü fikirlərə
nisbətən ilahi musiqi olardı. Hər
gün sizin çeynəməyib
çıxardığınız səslər mənə inəyin
gövşəməsini xatırladır. Təkcə
bir fərqlə; inək tərbiyəlidir, gövşəyini
özündə saxlayır, siz isə yox.
Mən,-Mister Qrin,-deyirəm,-siz
bir vaxt mənim dostum olmusunuz, bu, açıq
danışmağıma maneçilik törədir, əgər
mən sizi, ya da adi pırtlaşıq tüklü, əyriqıç
həyət itini özümə həmsöhbət seçməli
olsaydım, indi bu komanın sakinlərindən biri quyruğunu
bulayardı”.
Qar pəncərəni də
basan vaxt dostlar şkafın üstündə iki kitab aşkar
edəndə on unsiyalıq qızıl külçəsi
tapdıqlarından daha çox sevinirlər. Azadlıqda
bir səhifə də açmayan dostlar püşk atıb
kitabları acgözlüklə oxumağa başlayırlar.
Təhkiyəçi “Herkimerin zəruri biliklər”
kitabından öyrənir ki, dəvənin neçə
dişi var, gündə üç parç pivə içməsən,
bunun puluna neçə girvənkə düyü almaq olar, bir
girvənkədə neçə mismar olur və ilaxır. Digər
kitabla da maraqlanır:
“- Aydaho, sənə hansı
kitab düşüb?
- Bu şeir kitabıdır, müəllifi
də Ömər Xəyyamdır. O bir növ çaxır
satmaq üzrə agentə oxşayır. Özü
də deyəsən farsdır.
- Fars? Ola bilməz.
Mən bir dəfə də eşitməmişəm
ki, İran türk xalçaları və malta pişiklərindən
savayı, adı çəkilməyə layiq bir şey hasil
edib”.
Söz sənətkarları
bədii əsərdə yaratdıqları surətlərin
portretini verdikləri kimi, onun müəyyən anlarda
keçirdiyi əhvali-ruhiyyəni; şən vəziyyətini,
nigarançılığını, məyusluğunu təsvir
edirlər. Çünki obrazın oxucu tərəfindən
başa düşülüb dərk edilməsində əhvali-ruhiyyə
təsviri böyük əhəmiyyətə malikdir. Bu yerdə yenə O. Henridən.
Adi bir donuzu
fırıldaqçıdan 800 dollara alan
Ceff onun sirk donuzu olmadığını, sadəcə
aldandığıını başa düşüncə ən
yaxın xiyabana yollanır. Arxasını belə nəql
edir:” Orada donuzu kisədən çıxardım, diqqətlə
yerə qoydum, bir xeyli nişan aldım və elə təpik
ilişdirdim ki, donuz öz çığırtısından
iyirmi fut qabağa, xiyabanın o başından da o yana
uçdu”.
Donuzu satan Tatam
Cefflə bir evdə kirayədə qalır. Ev sahibi nahar
zamanı Ceffdən soruşur ki, mister Tatam üçün
ocağın üstündə bir az
şorba saxlayımmı? Tatamın artıq aradan
çıxdığına əmin olan Ceffin cavabı
sözlərdən hörülmüş yumor çələngidir:
“- Çox gözləməli
olacaqsınız,-dedim,-ona isti şorba saxlaya-saxlaya siz
bütün kömür yataqlarını və hər iki
yarımkürənin meşəsini yandırıb
qurtararsınız,” deyir.
Söz yerinə düşəndə,
onu əhatə edən dil vahidləri ilə bütün
üslubi əlaqələri möhkəmlədəndə
olduqca mənalı görkəm alır. Onun
bütün daxili enerjisi və bədiilik potensialı
aşkarlanır, yüksək hissi-emosional səviyyə
qazanır. Belə üslubi şəraitdə
sözün bədii məna siqləti daha təsirli və
anlaşıqlı olur.
1960-1975- ci illər arasında Avropa,
xüsusən İtaliya rejissorları tərəfindən
çəkilən Spaghetti Western filmləri qeyri-adi ifadə tərzi
ilə diqqəti çəkir: “
Görünür bu məmləkətin qəbiristanlığında
basdırılmaq üçün təkcə cənazə
olmaq kifayət etmir”. (“Möhtəşəm
yeddiliyin dönüşü” filmindən; yeri gəlmişkən,
baş rolda Yul Brynnerin çəkildiyi bu filmin özü də
möhtəşəmdir. Baxmayanlara
baxmağı tövsiyə edirəm.)
Yazıçı bədii əsərdə
yaratdığı surəti oxucuya daha dolğun, yadda qalan
şəkildə təqdim etmək üçün ona
müxtəlif rakurslardan yanaşır; onun danışıq
tərzini, davranışını, rəftarını təsvir
etməklə yanaşı, xarici görkəmi: boyu, bədəninin
quruluşu, rəngi, üzünün əsas cizgiləri,
geyimi haqqında məlumat verir. Həmin əlamətlərin
köməyi ilə bu və ya başqa surəti oxucunun nəzərində
canlandırır. Daha doğrusu, o, sözlə
obrazın portretini çəkir: Bu mənada O.Henrinin
“Çoşka etikası” hekayəsindəki Kənd
Maymağının tipik obrazı sanki səninlə üzbəüzdür:
“Onun boyu nəhəng, gözləri buxarı üstünə
qoyulan, Harriyet xalanın hələ qız ikən
oynatdığı çini itin gözləri kimi göy və
yaltaq idi. Saçları Vatikandakı diskatanın
saçları kimi qıvrım, saçlarının rəngi
isə Amerika rəssamının çəkdiyi və Amerika
mehmanxanasında divar kağızındakı deşikləri
örtmək üçün asılmış “Böyük
Kanyoda günəşin qürubu” rəsmini
andırırdı”.
Mən sözlə
yaradılmış parlaq ədəbi obrazlar üçün
Alyaskaya baş vurduğum zaman lap yaxında kiminsə hənirtisini
eşidirəm.Bu, “Danabaş kəndinin əhvalatları”ndakı
Xudayar bəydir. “Xudayar bəyin ancaq otuz yeddi, otuz səkkiz
sinni olar, artıq olmaz, bəlkə əskik olar. Boyu ucadı, saqqalı, qaşları tünd
qaradı. Bir tikə ağ yoxdu
gözlərində. Belə ki, bəzi vaxt
Xudayar bəy papağı basır gözünün
üstünə. Papaq qara, üz qara.
Papağın altından gözlər belə
işarır ki, adamın canına vahimə ötürür.
Bunlar hamısı ötər, Xudayar bəyin
bir böyük qüsuru var. Burnu əyridi, amma pis əyridi.
Əyri də var, əyri də var. Mən
çox gözəllər görmüşəm ki, burnu əyridir.Amma
Xudayar bəyin burnu pis əyridir. Burnunun
yuxarı tərəfindən bir sümük dikəlib,
sümük düzdü, amma aşağısının əti
xoruz pipiyi kimi düşüb sol yana”.
Mən fırça ilə
çəkilən çox rəsmlər görmüşəm,
sözün qüdrəti ilə yaradılmış obrazlarla
tanışam.
Amma qələmin yaratdığı belə
bitkin, bədii obraza rast gəlməmişəm. Odur ki,
qətiyyətlə deyə bilərəm: Təsviri incəsənətdə
“Mona Liza” hansı pillədə durursa, Xudayar bəyin bədii
portreti də o pillədədir. O artıq təxəyyül məsulundan
çox canlı insanın foto-şəklidir.
Elə adamlar var ki,
onların ən səciyyəvi və tipik mahiyyətini
açıb göstərə biləcək bir şey
söyləmək çətindir; bunlar elə adamlardır
ki, belələrini adətən “adi” insanlar, “əksəriyyət”
adlandırırlar. Onlar sənsən, mənəm, odur.
Bizim hər birimiz söz sənətinin
predmetiyik. Lakin sadə insanın daxili aləmini
açıb tipik surət səviyyəsinə qaldırmaq hər
yazıçının hünəri deyil. Odur ki, bir çoxları oğruları, qatilləri,
yaxud məzlumları, yaxud varlıları, fahişələri,
mafiozları-bir sözlə, əcaib və qeyri-adi elə
adamları əsər qəhrəmanına çevirirlər.
Təki qələmə alınan hadisə
oxucunu cəlb etsin, əsəri tirajlansın. Bir
çox hallarda istəklərinə nail də ola
bilirlər. Müasir dedektiv romanlarının
müəllifləri kimi.
Lakin hamının avtomobili yoxdur axı. İlya İlf və Yevgeni Petrovun dediyi kimi, bəşəriyyətin
ən böyük hissəsini piyadalar təşkil edir. Qüdrətli sənətkarlar qəhrəmanlarını
əsasən sıravi adamlar arasından seçərək
ölməzlik zirvəsinə qaldırırlar. Qoqol “kiçik insanın” sarsıdıcı
yaşantılarına işıq salır, ona dərin rəğbət
aşılayırdı. “Şinel”
povestinin qəhrəmanları ilə biz bu gün də
addımbaşı rastlaşıb, diqqət yetirmədən
ötüb keçirik. Qoqol isə hələ
o zaman dayandı, adi insan Başmaçkinin daxili aləmini kəşf
edərək əbədi söz abidəsi yaratdı.
Saysız-hesabsız ağıllı adamlar Başmaçkinlə
tanış olanda dərhal
ağıllarına gəldi ki, onlar və yüzlərlə
tanışları, dostları Başmaçkinə yaman
oxşayırlar. Bu adamlar Qoqoldan qabaq da bilirdilər
ki, onların bu dostları Başmaçkin kimidirlər, lakin
təkcə bunu bilmirdilər ki, onların adı məhz
Başmaçkindir. Onlar
gözümüzün qabağında hər gün vurnuxur,
qaçışırlar, lakin müəyyən dərəcədə
tutqun şəkildə təcəssüm edirlər.
Qoqolun özünəməxsus düşüncə tərzi
və yaradıcılıq üsulu elə əsərlər
yaratmağa imkan verdi ki, bundan nəinki rus
yazıçıları, dünya ədəbiyyatının
nümayəndələri də heyranlıqla bəhrələnirlər.
Dostoyevskinin 1846-cı ildə nəşr
olunan “Zavallı insanlar” romanı haqqında Belinski bu qənaətdə
idi: “Oxucunu eyni zamanda güldürmək, həm də onun
ruhunu təlatümə gətirmək, oxucunu göz
yaşları içində gülümsəməyə məcbur
etmək - heç bilirsinizmi, nə böyük bacarıq, nə
böyük istedaddır?! ... Biz hamımız
Qoqolun “Şinel”indən çıxmışıq. Lakin Dostoyevskinin “Zavallı insanlar”ı dünyaya
yeni bir Qoqolun gəldiyini xəbər verir. Roman, Qoqolun “Şinel”indən sonra kiçik rus
çinovnikinin acınacaqlı həyatına həsr
edilmiş ikinci güclü əsərdir”.
İlya İlf və Yevgeni Petrovun
“Qızıl dana” əsərində yaratdıqları Kukuşkind obrazı
Başmaçkini xatırladır. Lakin
Kukuşkindin şineldən betər bir dərdi var. O, yaşa
dolduğundan daim işdən çıxarılacağı
qorxusu ilə yaşayır. Kukuşkindin
dostları yoxdur. O ki qaldı iş yoldaşlarına,
onlar ciddi adamlar idi və yalnız ildə bir dəfə-aprelin
birində zarafat edirdilər. Həm də bu şən əyləncə
və fərəfli aldatma günü onlar ancaq bir kədərli
zarafat edirdilər: makinada Kukuşkindin işdən azad
olunması haqqında saxta əmr hazırlayır və onun
stolunun üstünə qoyurdular. Və yeddi il
ərzində hər dəfə qoca ürəyini tuturdu, bu isə
hamını çox əyləndirirdi.
Əlbəttə,
sözün rəngi ilə adi adamların portretini yaratmaq hər
bir yazıçının fərdi manerasıdır. Azərbaycan ədəbiyyatında
Novruzəli, usta Zeynal kimi kiçik adamlar ədəbiyyatda
adətən öz üzərlərinə düşən
ictimai vəzifəni vicdanla və bacarıqla yerinə yetirmək,
bu baxımdan fədakarlıq göstərmək, çiyinlərini
yükün ağırına vermək sifətləri ilə
müəlliflər tərəfindən səxavətlə
mükafatlandırılırlar. “Dantenin yubileyi”
əsərinin qəhrəmanı Kəbirlinski isə bu cəhətdən
də mağmındır. Hamının
güldüyü, uğursuzluq və səfehlik nümunəsi
olan istedadsız aktyor Kəbirlinskinin əcayib səadəti
filmdə açıq-aşkar görünür. Ancaq o, təkcə özünün sənətə
təmənnasız bağlılığı, teatra
böyük məhəbbəti ilə xoşbəxtdir.
Mən “Səfər
Alışarlını ədəbiyyata gətirən
kiçik adamlar oldu” desəm, yəqin ki yanılmaram. Ötən əsrin
səksəninci illərində gənc
yazıçının “Azərbaycan” jurnalında nəşr
olunmuş “Zəng” və “Qasım” hekayələri ədəbi
hadisə idi. Lakin sonralar
S.Alışarlı yaxşı tanıdığı adamlara
arxa çevirib, ədəbiyyatın ağır artilleriyasına
- romana üz tutmaqla sanki dostlarına da arxa çevirdi.
Bədii ədəbiyyatın
birinci ünsürü, bilavasitə predmeti olan söz elmi və
bədii fikrin təzahürüdür. Funksiya dairəsinin
genişliyi, universal xarakteri ilə bir çox cəhətdən
yüksək semantik qiymətə malik olan söz
adlandırma, məlumat vermə, ümumiləşdirmə,
danışanın və dinləyənin münasibətini,
hisslərini ifadə etmə qüdrətinə malikdir. Buna görə də yazıçı söz dənizini
səbr və zəhmətlə nəzərdən
keçirir, fikrin, anlayışın onlarca ifadəçilərindən
daha dəqiq və sərrast olanını, ekspressiv
yüklü söz vahidlərini sənətin ilkin elementləri
kimi birləşdirir, təsviri zəruri olan fikrin yüksək
səviyyədə ifadəsinə nail olmağa
çalışır. A. Fadeyev sənətkar əməyinin
çətinliklərindən bəhs edərək
yazırdı: “Yazıçının qarşısında nəhəng
söz, anlayış dənizi durur: hər hansı fikrin,
obrazın ifadəsi üçün on, on beş,
iyirmi söz yada düşür. Lakin necə edəsən ki,
gördüyünü, demək istədiyini son dərəcə
dəqiqliklə deyə biləsən! Yazıçını
bürüyən söz dənizinin dalğaları sahilsiz və
dibsizdir” Yazıçı bu dalğaları öz sənət
məcrasına uğurla yönəltdikdə onun əsərinin
dili də dəniz dalğaları kimi parlaq və təlatümlü
olur. Hər bir ədəbi əsər
sözlərdən toxunan obrazlar qalereyasıdır. Əsərdəki obrazların xarakterini, həyata
baxışını mükəmməl öyrənməklə
yazıçını düşündürən problemi, əsərin
ideyasını anlamaq və dəyərləndirmək
mümkündür. Bu, obrazların
ustalıqla, orijinal bədii vasitələrlə
yaradılmasından irəli gəlir.
Həmin o sözü tapmaq
isə axtarışlar tələb edir. Mayakovski demişkən:
Nə yoxsuldur dünyanın
söz emalatxanası!
Lazım olan bir sözü kimdən,
ya hardan alaq?
Yalnış söz Sizif əməyi
kimidir, nə qədər yüksəyə qaldırsan da
dığırlanıb üstünə gələcək. B.Nuşiç
yazırdı: “Bu barədə düşünməyə dəyər,
lakin nəyinən?” “Siçovullar gəmiyə
qayıdırlar. İndi daha o, batmaz”.
Pis adamın düşüncəsi isə belədir:
Yuxarıya dırmaşandan sonra adamın ürəyindən ən
çox nə keçir? Aşağıya tüpürmək!
Mark Tvenin təbirincə,
sözün düzünü desən, heç bir şeyi
yadda saxlamaq lazım gəlməz, şübhə edəndə
sözün düzünü de. Səs-küy özlüyündə
heç bir şeyi sübut etmir: bəzən toyuq yumurta
yumurtlayır, amma elə qaqqıldayır ki, elə bil
bütöv bir planet yumurtlamışdır.
Tom Soyyerin müəllifi
yazırdı: “Nə yaxşı oldu ki, Amerikanı kəşf
etdilər, amma onu görməyib yanından keçsəydilər,
daha yaxşı olardı...” Allahın mərhəməti ilə
biz Amerikada üç qiymətli hədiyyə
almışıq: söz azadlığı, vicdan
azadlığı və bizi bu azadlıqlardan istifadə etməkdən
çəkindirən ağıl.” “Bank işçisi sənə
günəşli havada öz çətirini verən və
yağış yağmağa başlayan kimi onu geri alan kəsdir.”
Karel Çapek müxtəlif
düşüncələri belə ifadə edirdi: “Xoruz: Hələ
işıqlanmır. Çünki
banlamamışam”. “Milçək pəncərə
şüşəsində: Mən indi kainatın
axırının harada olduğunu bilirəm”. “Donuz
və mirvari: Brr! Mənim yeməyimə nə töküblər?
Bu, lap yaramazlıqdır”. Kötüyü
narahat edən odur ki, görəsən nə üçün
“Hörmətli kötük” demirlər? Eşşək
də narahatdır: “Ay-hay, bu cür ciddi vaxtdır, amma gilas qətiyyən
utanmadan çiçək açır.
Robin Şarma məsləhət
görür ki, imkan olduqca, ucadan sənə uğur gətirəcəyinə
inandığın, olmasını istədiyin sözləri
de! Bunlar “mantra” adlanır və mənası
“şüurunu azad etməkdir”. Bu sözlər
səndə gerçəkləşəcək. Sən gün ərzində nə
düşünürsənsə, nə deyirsənsə
“onların cəmisən”. Pozitiv və güclü ol! Sənin öz gözündəki obrazın, sənin
öngörməndir, yalnızca yaxşı şeylər
düşün.
Bəzən sözün ifadə
etdiyi anlayış onun dildəki real, nominativ mənasından
çıxara, söz fərdin düşüncə tərzinə
ziddiyyət yarada bilir. Belə məqamlarda sözün mənfi
və müsbət mənaları öz məhvərindən
çıxır, başqa fikrin məhvəri ətrafında
fırlanmağa başlayır. Məsələn,
müsahibə zamanı jurnalistin, məhkəmədə vəkilin
gülüş doğuran belə suallarını kim eşitməyib ki:
-”Fotonuz çəkilərkən
orada idinizmi?”
- “Yalnız idiniz, yoxsa təkbaşına?”
- “Döyüşdə
öldürülən siz idiniz, yoxsa qardaşınız?”
-” O, sizi
öldürdümü?”
-”Toqquşan maşınlar
arasında nə qədər məsafə vardı?”
- “Oradan ayrılana qədər
orada qaldınız?”
-”Neçə dəfə
intihar etmisiniz?”
Sual: “Üç övladınız
var dediniz!”
Cavab: “Bəli.”
Sual: “Neçəsi oğlandır?”
Cavab: “Oğlum yoxdur.”
Sual: “Bəs neçə
qızınız var?”
Sual: “İlk evliliyiniz nə
üçün sona çatmışdı?”
Cavab: “Ölüm səbəbiylə.”
Sual: “Kim ölmüşdü?”
Sual: “Şübhəli adamın əlamətləri
necə idi?”
Cavab: “Orta boyluydu, saqqalı
vardı.”
Sual: “Kişiydi, yoxsa qadın?”
Çex satiriki Karel Çapekin hekayələrindən
birində belə bir dialoq var:
Sual: “Yarmağa başlamadan əvvəl
adamın nəbzinə baxdınızmı, doktor?”
Cavab: “Xeyr.”
Sual : “Ürəyini dinlədinizmi?”
Cavab: “Xeyr.”
Sual: “Nəfəs alıb
almadığını yoxladınızmı?”
Cavab: “Xeyr.”
Sual: “O halda siz yarmağa başlayarkən
adam hələ sağ ola bilərdi, elə
deyilmi?”
Cavab: “Xeyr.”
Sual: “Nəyə görə bu qədər
əminsiniz, doktor?”
Cavab: “Çünkü adamın
beyni masamın üstündə bir bankanım içindəydi.”
Sual: “Yenə də xəstə hələ
sağ qala bilməzdimi?”
Cavab: “Qala bilərdi, hətta bu anda
bir məhkəmə salonunda vəkillik də edə bilərdi.
Dünya satirasının şah əsəri
olan “Qulliverin səyahəti”nin müəllifi
C. Svift oxucularına belə xitab edirdi: “Mən ən sadə
bir dildə yalnız olan hadisələri ifadə etməyə
çalışdım. Məqsədim heç
də səni əyləndirmək deyil, sənə bir
çox yeni məlumatlar verməkdir”.
Qulliver xəyali Laqoda şəhərinin
akademiyasında aparılan elmi-tədqiqat işləri ilə
maraqlanır.
Burada hətta ən qabiliyyətsiz və cahil adam
azacıq vəsait və fiziki qüvvə sərf etməklə
xüsusi mexaniki cihaz vasitəsilə fəlsəfə,
şeir, siyasət, hüquq, riyaziyyat və ilahiyyatdan kitablar
yaza bilər. Üsul da indiki lotereya oyunlarına
bənzəyir. Otağın ortasına
qoyulmuş çərçivənin səthində taxta
lövhəciklər qurulur. Bu lövhəciklərə
yapışdırılmış xırda
kağızların üstünə Balnibarbi dilində olan
bütün sözlər cürbəcür hallarda, zamanlarda,
təsrif şəkillərində yazılmış və
ardıcıl şəkildə düzülmüşdür.
Çərçivənin böyründəki
dəstəyi çevirəndə lövhəciklər sətirlərdə
yan-yana düşüb cümlə təşkil edir. Müəllif onları kağıza
köçürməklə mükəmməl foliantlar ərsəyə
gətirir. Bu kitablar sadə adamlar
üçün deyil, çünki onu anlamaq səviyyəsində
deyillər. Hökumət rüsum və
vergiləri, qiymətləri artıranda bu üsulla izahat
verdiyindən qara camaat peysərini qaşıyıb bir-birinin
üzünə baxır. Şeirlər də
onlarlıq deyil. Ali təbəqə bu
şeirləri yeni ədəbi cərəyanların bədii
nümunəsi kimi qiymətləndirdiyi halda, rəiyyət
mat-mat başını bulayır.
Qulliver akademiyanın
dilşünaslıq bölməsində daha bir layihə ilə
tanış olur. Həmin
layihədə tələb edilir ki, bütün sözlər
tamamilə atılsın. Bunun
başlıca olaraq sağlamlığa və vaxta qənaət
etməyə xeyri çoxdur. Axı tamamilə
aydındır ki, söz söyləmək insanın
boğazını və ciyərlərini yorur və beləliklə
bizim ömrümüzü qısaldır. Sözlər yalnız cisimlərin adlarından ibarət
olduğu üçün, öz fikir və
arzularımızı ifadə etməyə lazım gələn
cisimləri yanımızda gəzdirmək xeyli əlverişlidir.
Məsələn, papaq salamlaşmağa işarədir,
papağını çıxarıb təzim edirsən, tərəf-müqabili
də əlini atır papağına .
Ayrılanda dəsmallar yellənir, yəni ki, xudahafiz! Heç xarici dil bilməyə də ehtiyac yoxdur.
Nə bilim, orevuar, qud bay, do svidaniya filan.
Bu üsulun yeganə
nöqsanı bundan ibarətdir ki, bir-birilə
danışanlar söhbət zamanı lazım olacaq müxtəlif
şeylərlə dolu iri bağlamaları dallarında gəzdirməli
olurlar. Qulliver ağır yük altında, hamballar kimi,
ikiqat olmuş belə alimlərə tez-tez rast gəlir. Onlar küçədə bir-birini gördükdə,
öz kisələrini çiyinlərindən yerə qoyub
açır və oradan lazım olan şeyləri
çıxarıb bir-birilə söhbət edirdilər.
İndiki vaxtda isə bu üsul heç
ağlabatan deyil. Məsələn, gedib məhkəməyə
necə şikayət edəsən ki, filankəs mənə
filan qədər atıb, xahiş edirəm borcumu qaytarsın.
Görüntülü telefonda “ta nə var, nə
yox”u necə ifadə edəsən və sair və ilaxır.
Adam lüt olanda ayıb
sayıldığı kimi, sözlər də çılpaq
olanda ədəbsizlik sayılır. Odur ki, sözü
geyindirmək, yaraşığa salmaq, mənalandırmaq bədii
ədəbiyyatın əsas şərtlərindən biridir.
Müəlliflərinin adını unutsam da əsərlərindən
bu seçmələrin məzmunu yaddaşımdadır:
“Əgər bir yerdə kiçik insanların kölgəsi
böyüyürsə, demək o yerdə Günəş
batır”. “Aşiq olarkən insan ağlını itirir və
yalnız evləndikdən sonra bu itkini hiss edir”. “Qadın çox şey istəyir, amma birindən.
Kişi bir şey istəyir, amma çoxundan”.
“Necə ər istəyirsən-kasıb, yoxsa
varlı? Kasıba ərə gedəcəksən-ərindən
başqa heç nəyin olmayacaq. Varlıya
ərə gedəcəksən-ərindən başqa hər
şeyin olacaq”. “Yaxşı geyinmiş
axmaq məclisdə ağzını açana qədər
parlayacaq”. “Arxanca danışırlarsa deməli
sən qabaqdasan”. “Ölmək dəhşət
deyil, dəhşət yaşamaqdır”. “Dünya
hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa
çalışmaqdansa, öz yerin haqqında fikirləş”.
“Dünyada üç fəlakət var: yanğın,
qadın, dəniz”. “İnsan həyatının
bir dövründə aldanır, o biri dövründə
aldadır, başqa sözlə desək, dünyaya quzu kimi gəlir,
tülkü kimi gedir”.
Polşa yumoristi Yeji Lents: “ - Yaxşı, tutaq ki, başınla vurub
divarı deşdin. Bəs qonşu kamerada nə
edəcəksən?” - sualı ilə
totalitar rejimin siyasi mənzərəsini böyük
ustalıqla yaradır. Cəlladı məzəmmət etdilər
ki, o bütün siyasi quruluşlarda cəlladlıq edib və
sonralar əvvəl sərəncamı ilə edamları yerinə
yetirdiyi şəxslərin özlərini edam
edib. Cəllad deyir: “ Siyasi
baxışların mənə dəxli yoxdur. Mən
qarşımda yalnız insanı görürəm.”
“Başını dik tut! - deyə cəllad
ilgəyi məhbusun boynuna keçirdi”.
Cəmi-cümlətanı
bir-iki cümlədi, amma satirik yükü bütöv bir
romandan ağırdır.
Boğazdan asılanın evində kəndirdən danışmazlar. Bəs cəlladın evində necə?
Totalitar rejimdə yaranan bədii
sözün ömrü daha uzun olur. Çünki mənası
alt qatdadır, onu anlamaq düşüncə tələb
edir. Belə rejimdə fikir mübadiləsi aparmaq
üçün öz fikirləri ilə rəis yanına gedən
adam rəisinin fikri ilə geri
qayıdır. Əgər söz insanlarda hətta
azadlıq illüziyası yaratsa belə, bunun özü
diktatorlar üçün çox qorxuludur.Elə buna görə
də zora söykənmiş bütün sistemlər
sözü nəzarət altında saxlamağa
çalışıblar. Sözü
mühasirəyə alıblar. Bunun nəticəsidir
ki, söz sənəti digər sahələrə nisbətən
daha çox itki verib. Sürgünlər, həbslər,
edamlar, işgəncələr, intiharlar...
Sözlə insanları birləşdirmək
də olar, ayırmaq da. Sözlə mərhəmət də
qazanmaq olar, ədavət və düşmənçilik də.
Söz imperiyalar yaradıb, söz imperiyalar
çökdürüb. Mistik, demaqoqik
söz Adolf Hitler kimi diktatorların da hakimiyyət əldə
etməsində mühüm rol oynamışdır. Hansı din, hansı sistem sözə
zorakılıqla cavab veribsə, nüfuzunu itirib. Sözə
zorakılıqla cavab verən sistemin, dinin, hər hansı təşkilatın
yaxşı reputasiyası ola bilməz. Söz həm də xalqın gücünü,
potensialını ortaya qoyan ifadə vasitəsidir. Umberto Eko deyirdi ki, əgər Hitler Tolstoyun “Hərb
və Sülh” romanını oxusaydı, Rusiyaya hücum etməzdi.
Hüqonun “Səfillər” əsəri ilə milyonlarla insana
şamdan verdiyini kim bilmir ki?
Söz sənəti bu qədər
ciddi sahə olmasaydı, bir çox ölkələrdə
yazı adamlarına heykəllər qoyulmazdı. Doğrudur, bu
məsələdə bəzən subyektiv amillər də
olur. Məsəlçün belə:
Bir gün Brejnev küçə
ilə gəzir, Puşkinin heykəlini görüb
yanındakı şəxsdən soruşur ki, kimin heykəlidir. Yanındakı şəxs
cavab verir:
- Puşkinin heykəlidir.
- Hansı Puşkin, “Mumu”nu yazan?
- Yox, “Mumu”nu Turgenev yazıb.
- Qəribədir. “Mumu”nu
Turgenev yazır, amma heykəli Puşkinə qoyurlar.
Deyilənə görə,
Balzakın masasının üstündə Napoleonun balaca heykəlciyi
varmış.
Balzak həmin heykəlciyin altına yazıb ki,
sənin qılıncla ala bilmədiyin yerləri mən qələmlə
alacağam.Həqiqətən də elə oldu. Bu gün Balzakın əsərləri
dünyanın bir çox dillərinə
çevrilib.İnsanlar hələ də Balzakı sevə-sevə
oxuyurlar. “Qorio ata” romanı dünya ədəbiyyatının
ən güclü nümunələrindən biri hesab olunur.
Söz və üslub, məntiq-məna
ilə bağlı əlamətlər Saltıkov-Şedrin
yaradıcılığında satirik bədiiyyatın əsas
vasitəsidir.
“Mesenat qartal” hekayəsində
yaradılmış Qartal obrazı yığcam sözün
tam fərqli ifadə vasitəsidir. Şairlərin
vəsf elədiyi qartalın baxışları itidir,
uçuşu əzəmətlidir. O, başqa quşlar
kimi uçmur, havada süzür, göy gurultusu ilə bəhsə
girişir. Şedrinin qartalı isə bu keyfiyyətlərlə
yanaşı, həm də alicənabdır. Məsələn, nişanı olan filan qorodovoy
qartal kimi güdür, alıb yatır, sorğu-sual eləyir,
sonra da bağışlayır.
Sonra bu “bağışlamaq”
söhbəti Şedrini düşündürür ki,
alıb-yatacaqdısa, sonra bağışlayacaqdısa, onda
niyə zülm çəkib tuturdu?
Alicənab qartalın qəzəbli
vaxtı qızılquş ona sual verir:
- Sənə belə bir məsələ
verirəm: bu gecə iki pud ov əti qarət edilmişdir. Bunu düz iki yerə bölsək,
yarısını sənə, yarısını da
bütün nökər-naibə versək, onda sənin
payına nə düşər?
Qartal cavab verdi ki:
- Hamısı.
Qızılquş etiraz etdi. Onun ifadə tərzi
qartala dözülməz bir şey kimi göründü.
O, “hamısı” dediyi halda nökərin nə ixtiyarı var
idi ki, buna etiraz eləyib “yox” desin? Bunu
düşünərkən qan başına vurdu. “Məlumdur ki, qartalların qan başına vuranda,
onlar pedaqoji üsulları qiyamdan ayıra bilmirlər”. İndi də elə oldu, qartal qızılquşun
işini bitirdi.
Qartalın başı olar
bir yumruq boyda, uşaq yumruğu ilə götürsək, iki
yumruq boyda. Ora ki qan sızdı ha, dostundursa,
bıçağı arxadan saplayacaq, rəisindisə “of” demədən
işdən qovacaq, qardaşındırsa, dədəni
yandıracaq. Bu, məğlubların
alın yazısıdırsa, sözün qələbəsi,
bədii ifadə simvolu, məcaz və rəmzi, məna-məzmun
açımı, hiddət və münasibət,
sözün ifşa gücünün göstəricisidir.
Sözlə başladıq, sözlə
də yekun vuraq: Ey İlahi Söz! Sənin
böyüklüyün, ululuğun önündə dilimiz lal,
qolumuz gücsüz, nitqimiz kəsərsizdir. Ey Haqq
Söz! Sən alilər alisi, xalislər xalisi,
müqəddəslər müqəddəsi, əzizlər əzizisən.
İnsanın varlığını əsir alan,
onu özünə tabe edən söz... Sözün aciz
olduğu elə məqamlar var ki, onu rənglər deyir...
Dünyada maddi varlıq adına hər şeyin öz rəngi
olduğu kimi, sözün də rəngi var: mavi,
yaşıl, göy, qırmızı...
Söz var ki, qırmızıcana
adamın üzünə deyilir, biri söznən ağ eləyir, digəri qan qaraldır. Sözün deyilmə tərzinə görə
sozalma, bozarma, qaralma, qızarma, saralma, göyərmə
hallarına da tez-tez rast gəlinir.
Sözün çəkisi də
var. Çəkiyə fikir verəndə gərək
çalışasan ki, həmin söz güldən
ağır olmasın. Bu gül də ibarət olmalıdı
qızıl güldən. Yoxsa Saxarada
gül var ki, çəkisi bir tondur. Bu
çəkidə sözü bir batman bala qatıb yemək
olmaz.
Xətai demişkən,
söz var kəsdirər başı, söz var kəsər
savaşı.
Söz var vəzir eylər, söz var rəzil
eylər. Şimşək kimi çaxanı,
yandırıb yaxanı, yara vuranı, ara
vuranı var. Sözün həngi də var, ahəngi də. Alisi də var, ulusu da, qəmbərqulusu da. Gerçək sözlər hər zaman gözəl
deyildir. Gözəl sözlər də hər
zaman gerçək deyildir.
Gözəl odur ki, qısa
olsun, mənalı olsun. Sonda müdriklərdən bir kəlam da yadıma
düşdü: Bağışlayın ki, vaxtımın
azlığından bu yazı uzun çıxdı.
Naxçıvan
şəhəri
22 fevral 2017-ci il
Hüseyn
ƏSGƏROV
525-ci qəzet.- 2017.- 11 mart.- S. 14, 15, 17.