Bir görüşün təəssüratı

 

 

 

Sanballı əsərləri imzası ilə ədəbiyyatımızda layiqli yer tutan Natəvan Dəmirçioğlunun 1984-cü ildə yazdığı "Bir ovuc torpaq" adlı ilk hekayəsi Qazaxda çıxan "Qalibiyyət bayrağı" qəzetində çap olunub. o, sonrakı illərdə Azərbaycan ədəbiyyatında öz nəfəsi, dəsti-xəttilə seçildi.

 

"Yetim", "Səbət", "Üç nöqtə" povestləri, "Dözüm", "Avey əfsanəsi", "Kəlağayı" hekayələrini təqdim etməklə fərqli düşüncə tərzi, bədii təfəkkür, poetik təsvir üslubu ilə diqqət çəkən yazar kimi ədəbiyyatımızda söz deməyə haqqı olduğunu isbat etdi.  Onun yaratdığı əsərlərdə  milli özünüdərkin yaşantısı hiss olunur. Gerçək aləmdə müşahidə edilən ən adi bir həyat hadisəsinə, hər bir insanın qarşılaşdığı, lakin sadəcə təəssüf hissi ilə yan keçdiyi məqamlara ədəbi mövqe nümayişi, bir sözlə, gündəlik həyatın bədii qiyafədə təsviri onun yaradıcılıq kredosudur.

 

Natəvan Dəmirçioğlu xaraktercə kövrək insandır. Söz adamı olduğundan "sarı simə bənd kimi"  ən adi bir məqamda gözünün yaşarması qəlbinin yuxa kimi nazik olduğunu sezdirir.

 

Bir neçə gün öncə onunla keçirilən bir görüşdə bunu lap yəqin hiss etdim ki, həyata baxışı duyğusaldır, ətrafında hər varsa, Natəvan xanım üçün dəyərlidir.

 

Respublika İncəsənət Gimnaziyasında yazıçı ilə keçirilən görüşdə sazın səsini eşidən kimi gözlərinin dolması, vücudunun titrəməsi salondakı qonaqların da diqqətindən yayınmadı. Mili Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva da öz çıxışında bunu bir daha vurğuladı: "Saz səhnəyə gətiriləndə Natəvanın gözlərindəki yaşı gördünüzmü?..."

 

Gecədə Natəvan Dəmirçioğlunun həyat yaradıcılığı geniş şəkildə işıqlandırıldı. Gimnaziyanın istedadlı şagirdlərinin ifasında əsərlərindən səhnəciklər oynanıldı. Ədəbi nümunələrindən sitatlar, aforizmlər səsləndi. Yazıçının həyatda qazandığı uğurlardan söz açıldı.

 

Natəvan Dəmirçioğlu oxucu sarıdan, əsərlərini qiymətləndirən insanlar cəhətdən özünü bəxtli qələm sahibi saya bilər. Çünki yaradıcılıq gecəsinə onun ədəbi fəaliyyətinə dəyər verən mötəbər insanlar toplaşmışdılar. Millət vəkili Jalə Əliyeva ilə bərabər, professor İfrat Əliyeva, Xalq artisti Eldost Bayram, dosent Salatın Əhmədli, yazıçının  Qazax rayonundan gəlmiş ibtidai sinif müəllimi Şərqiyyə xanım digər qonaqlar ona böyük hörmət nümayiş etdirdilər. Bu gecədə bəlkə daha çox həyacanlanan onun ömür-gün yoldaşı idi. O qadın mənən güclüdür ki, arxasında  daima dəstək gördüyü həyat yoldaşı dayanır, əli çiynində, nəzəri üstündə yol göstərən bir mayak kimi həyatına işıq salır. Gecədə anası ilə fəxr edən iki fidan balanın yerə-göyə sığmayan qürurlu davranışları ana sevgisinin, qadın məhəbbətinin nəyə qadir olduğunu bir daha sübut edirdi.

 

Natəvan Dəmirçioğlunun gecəsinə BDU-nun jurnalistika fakültəsində dərs dediyi bir qrup tələbəsi qatılmışdı. Uzun müddətdən bəri çalışdığı Azərbaycan Radiosunun əməkdaşları da onunla bərabər idi. Natəvan xanım orada şöbə müdiridir, Cənubi Azərbaycandakı soydaşlarımız üçün hazırlanan proqramlara rəhbərlik edir. Bu istiqamətdə "Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq radiosunun rolu" mövzulu elmi tədqiqat işi yazaraq filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

 

İnsan istedadlıdırsa, Tanrıdan güc alaraq istənilən zirvəni fəth edə bilər. Zəhmət çəkərsə, istədiyinə əvvəl-axır nail ola bilər. Uğurlarına sevindiyim həmkarım Natəvan Dəmirçioğlu da məhz yoxuşu pillə-pillə qalxaraq bu yüksəkliyə ucalıb. Yüksəklikdən baxanda hər şey daha aydın görünər, dərk edilər. Ona görə tam əminliklə deyə bilərəm ki, Natəvan Dəmirçioğlunun bundan sonra yazacağı əsərlər ədəbiyyatımızda özünəməxsus yenilik olacaq.

 

 

Şəlalə MƏHYƏDDİNQIZI

Azərbaycan Radiosunun redaktoru

 

525-ci qəzet.- 2017.- 3 may.- S.7.