“Xalçaçı günü” ilə bağlı silsilə tədbirlər  

 

 

Mayın 4-5-də Azərbaycan Xalça Muzeyində ilk dəfə olaraq “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilib. Bununla əlaqədar müasir xalçaçılığa həsr olunmuş silsilə tədbirlər - dəyirmi masa, sərgi və ustad dərsləri keçirilib.

 

Tədbirlərdə ölkə üzrə 100-dən çox fəal toxucu, xalçaçı rəssam və ekspert, Rəssamlıq Akademiyasının müəllim-tələbə heyəti və bu sahədə çalışan digər mütəxəssislər, media nümayəndələri iştirak ediblər.

 

Mayın 4-də keçirilən müzakirədə xalçaçılığın müasir inkişafı, mövcud problemlər və onların aradan qaldırılması yolları, unudulmaqda olan toxuculuq texnikalarının tədqiqi və təbliği, gələcək nəsillərə çatdırılması, əl ilə toxunan xalçaların ölkə və dünya bazarına çıxarılması, xalça toxucularının xammalla təmin olunması, qloballaşma dövründə hər bölgənin spesifik xalçaçılıq xüsusiyyətlərini yaşatmaq və digər məsələlər müzakirə olunub.

 

Azərbaycan Xalça Muzeyinin direktoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Rəssamlıq Akademiyasının dosenti Şirin Məlikova milli xalçaçılıq sənətimizin qədim tarixindən söz açıb, “Xalçaçı günü”nün keçirilməsini bu sənətin inkişafı üçün mühüm addım kimi dəyərləndirib: “Azərbaycan xalçası beynəlxalq miqyasda tanınır, dünya muzeylərində və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Dövlətimizin qayğısı nəticəsində 2010-cu ilin 10 noyabrında Azərbaycan xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Keçirilən “Xalçaçı günü” də bu sənətə olan qayğının, diqqətin əyani sübutudur”.

 

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, “Azərbaycan xalçaları” jurnalının baş redaktoru, professor Vidadi Muradov da ölkədə toxuculuq sənətinin inkişafına göstərilən yüksək qayğıdan danışıb: “Toxuculuğun inkişafı haqqında Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm qanun və sərəncamlar imzalanıb. Bunlara misal olaraq, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının qanunu”nu, “Xalçaçı günü” peşə bayramının təsis olunması ilə bağlı sərəncamı göstərə bilərik. Son dövrlərdə bu qayğının nəticəsidir ki, gənclərimizdə bu qədim sənətə maraq getdikcə artmaqdadır”.

 

Görkəmli xalçaçı-rəssam Eldar Mikayılzadə bu tədbirlərin təşkilində xidməti olan insanlara təşəkkürünü bildirərək qeyd edib ki, bütün bunlar gözəl bir ənənənin mühüm tərkib hissəsinə çevrilir, onun davamına və inkişafına təkan verir.

 

“Xalça dünyası” Assosiasiyasının prezidenti Fatimə Ağamizəyeva, “Qədim Quba” xalça müəssisəsinin direktoru Humay Məmmədova, Gəncə 1 saylı Peşə məktəbinin Xalçaçılıq tədrisi üzrə müəllimi Elyar Quliyev, Rəssamlar İttifaqının Dekorativ tətbiqi sənət bölməsinin sədri Aydın Rəcəbov, Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynov və başqaları da xalça sənəti və “Xalçaçı günü” barədə düşüncələrini bölüşüblər.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 6 may.- S.12.