Sevgimi neylədin, Daşaltı dərəsi?

 

 

 

-Zirzəmiyə doluşun! Hamınız zirzəmiyə!

 

Şuşanın qədim tikililərinə düşmən “Qrad”ları tuşlananda qonşu Məhəmməd kişinin amiranə səsi məhəllə camaatını ayağa qaldırdı. Məscidin yanındakı köhnə binaların --vaxtilə bəy-xan mülkləri olmuş bu evlərin sakinləri bir göz qırpımında dar pillələrlə artıq aşağı enirdi.Yaxşı ki, bu qədim evlərin iri zirzəmiləri vardı. Şuşa əsilzadələri mülk tikdirərkən, yəqin ki, hansısa qəzavü-qədəri nəzərə almışdılar. Axı, erməni-müsəlman davası təzə məsələ deyildi.

 

 Qolundan tutub iki cavanın güc-bəla ilə zirzəmiyə düşürdüyü yüz doqquz yaşlı, əsl qalalı (köhnə şuşalılara belə deyirlər) Fatma nənə nəfəsini dərib qonşulara bunları söyləyirdi:

 

-Erməni dığaların fitnə-fəsadına mən şahidəm, a bala. Hələ Nikolay vaxtı ermənilər qırğınlar törədəndə  25-26 yaşım olardı. Müsəlman kəndlərinə od vurub yandırır, girov götürdüklərınə  işgəncə verirdilər. Qonşumuz Heybətin belinə qaynar samovar şəlləmişdilər. İndiki kimi yadımdadı, samovarın lüləyini açıb isti suyu qolubağlı Yusifin boğazına axıtmış, neçə körpəni qaynar  qazanlara atmışdılar.

 

Fatma nənə azca toxdadı, boğazını arıtlayıb:

 

-Bütün bunları gözlərimlə görmüşəm,-dedi. -Bu qoca, üzgün vaxtımda bir də görmək istəməzdim. Yaxşı heç nə yoxdu, bala. Dam-daşımızı vurub uçururlar, gör neçə nəfəri dəfn eləmişik. Əgər qaçaqaç düşsə, məni qoyub getməyin ha...Bu, sizdən axırıncı istəyimdi.

 

Dünyanın hər üzünü görmüş qarı ürəyini boşaldıb susdu. Sanki son vəsiyyətiydi söylədikləri. Əriyib lap yun çubuğuna dönsə də, hər şeyə rəğmən, hələ də həyat eşqi sönməmişdi.

 

Nəticəsi Gülər qarının böyrünə sığınıb onun arıq, sısqa çiyinlərini qucaqladı. Alnının qırışlarına, səyriyən üzünə, çuxura düşmüş, parıltısını  itirmiş gözlərinə  baxdı.  Ayazıyıb  soluxmuş yanaqlarından yaş süzülürdü. Gülər Fatma nənənin damarları çıxmış, codlaşmış əllərini tumarlayır, vaxtilə qulac-qulac saçlarının yerində indi gözə dəyən ağappaq,  nazik  hörüklərini sığallayırdı.

 

Qonşular dağıdıcı zərbədən qurtulduğuna sevinir, qoltuqlarına vurub gətirdikləri mütəkkələri, xalça-palazı bir küncdən zirzəminin döşəməsinə sərir, bu müvəqqəti sığınacaqda yerbəyer olurdular. Süfrəsinin ruzisini, təknə-tabağının çörəyini, balası üçün bükdüyü dürməyi gətirib paylaşan kim...

 

lll

 

Gülər isə bir neçə  gün öncə baş vermiş hadisənin hələ də təsiri altında idi. Nankor ermənilər uzun illərdən bəri  göz dikdikləri bu şəhərə  yenə  “Qrad” yağdırırdılar. Qaş qaralan kimi, düşmən artilleriyası meydan sulayır, işıq gələn hər yerə  atır, şəhəri gülləbaran eləyirdi.

 

Gülərgilin ailəsi axşam süfrəsinə təzəcə cəm olmuşdu ki, mərmilər gurlamağa başladı. Həmlələrin ardı-arası kəsilmirdi, sanki yerlə göy bir olmuşdu.  “Qrad”ın zərbəsindən evin bir divarı tamamilə uçdu, daş-kəsək qalaqları süfrəyə töküldü. Qorxudan bənizi  qaçmış, gözləri bərələ qalmış bacılar atalarının köməyi  ilə  zirzəmiyə endilər. Bu hadisənin həyəcanı qızları səhərədək tərk etmədi.

 

Dərd-sər isə bitib tükənmirdi. Sabahkı gün bugünkündən daha pis gəlirdi və bu bəd günlər tərs kimi bir-birinə calanmışdı. Ermənilər xəlvət yerlərdə yaxaladıqları insanları əzab-əziyyətlə öldürürdülər. Qaladərəsində Rza adlı cavanı  qanına qəltan eləmiş, Meşəlidə iki azərbaycanlı gənci qətlə yetirmişdilər. Gülərin qardaşı Ənvər və dostları itkin düşən cavanların eybəcər hala salınıb  ağacdan asılmış meyitlərini meşənin dərinliyindən  tapmışdı.

 

Şuşanın canında təpər, qolunda qüvvə olan başıpapaqlıları artıq şəhərin girəcəyində, Qalanın ətrafında növbə ilə keşik çəkirdilər ki, erməni yaraqlıları gecə vaxtı dinc əhaliyə ziyan vurmasın. Az sonra Xankəndindən keçən Ağdam-Şuşa yolu tamamilə bağlandı, ümid yalnız helikopterlərə qaldı.

 

Gülər daha nələri xatırlamadı o gecə. Fikirləri onu gah dağa, gah arana aparır, xəyal köhləni dördnala çapırdı. Düşünürdü ki, qanlı-qadalı 1990-cı il bütün ağrı-acısıyla  şuşalıların da həyatında ağır izlər qoyub. Ermənilər Ağdamdan Şuşaya uçan helikopteri vurmuş, insan tələfatı ürəklərə dağ çəkmişdi.  Gülərgilin ailəsi   doğmalarını itirmişdi. Xərçəng  xəstəliyindən əziyyət çəkən anası Təhminənin  Laçından keçərək  ağır vəziyyətdə Bakıya aparılması, son nəfəsində övladlarının üzünü görmədən orada vəfat etməsi, Günəşli qəbiristanlığında dəfn olunması... bütün bunlar Gülərin qəlbini göyüm-göyüm göynədirdi.

 

lll

 

Atışmalar ara vermirdi.  Gülərin təhsil aldığı Şuşa Pedaqoji İnstitutu da  bu üzdən  bağlanmış, dərslər kəsilmişdi. Heç  olmasa dərsə gedəndə istəklisi Salehi görə bilirdi. Onların mehr-ülfəti ailə üzvlərinə  bəlli idi. Salehin anası oğlunun seçimini bəyənib, Gülərin  evlərində gəlin olacağı günü arzulayırdı.

 

Gülərin gözəl çöhrəsi, xoş təbiəti, şirin dili, qonur gözlərində parlayan işıq bu cavanı çoxdan ovsunlamışdı. Fikri, xəyalı sevdiyi qızın yanındaydı. Gülərsə  günlərin birində hiss eləmişdi ki, qonşuluqda yaşayan ucaboylu, sarışın oğlanın odlu baxışları onu yandırıb yaxır. Öz qəlbinin çırpıntılarından çox onun ürək döyüntülərini eşidir.

 

Son günlər çox səbrsiz idi. Elə hey düşünürdü ki, kaş əsəbləri tarıma çəkən bu amansız müharibə olmayaydı! Gündən-günə alovlanan savaşın isə ucu-bucağı görünmürdü...

 

Saleh təhsilini başa vurmuşdu, polis idarəsində işləyir, silah yoldaşları ilə birgə erməni quldurlarına qarşı vuruşurdu. Cəlilli və Kərkicahan kəndlərinə basqınların  qarşısının  alınmasında  iştirak  etmişdilər.

 

Təbiətin canlanan vədəsi, yaz çağı olsa da, bu qala şəhərinin başı üstündə xəzan yelləri əsirdi. Zümrüd rəngli bağların, yamacların növrağı pozulmuşdu.Yağı güllələri, qətllər, qarətlər bu şəhərin cah-cəlalını büsbütün dağıtmışdı. İsa bulağının gözündən qan damırdı.  Cıdır düzündə  şəhid  məzarlığı  göyərmişdi. Gülər də, Saleh də bu gerçəkliyi sövq-təbii duyur, itirilmiş yurd yerlərinə, elatı köç edən kəndlərə  baxanda  üşünürdü.

 

lll

 

Daha nələr olmadı bu dəhşətli illərdə? 1992-ci ilin yanvarı çox sərt keçirdi. Qar, sazaq göz açmağa aman vermirdi. Gözəlliklər məskəni Şuşa yenə də ağır günlərin əsarətində təntiyirdi. Şuşaya yaxın yerləşən Kosalar, Meşəli kəndləri işğal edilmışdi.

 

Yaxın vaxtlarda gözlənilən həlledici döyüşdən əvvəl Suşada böyükdən-kiçiyə hamı yanvarın 25-26-da bizimkilərin Daşaltı kəndinin azad edilməsi məqsədi ilə ermənilər üzərinə hücuma keçəcəyindən danışırdı. Həmin günlərdə Saleh Gülərlə görüşüb ürəyini didib parçalayan fikirlərini bölüşmək istəyirdi. Aralarında  söhbət  çox qısa oldu:

 

-Sabah döyüşə gedirəm. İstədim səninlə görüşüb halallaşım.

 

-Halallaşım? Bu sözü elə deyirsən  ki, az qalır ürəyim partlasın.- Gülərin səsi titrəyirdi:

 

-Bəlkə, sən getməyəsən...

 

-Camaat qəfil basqınlardan, təxribatlardan cana doyub. Belə vəziyyət nə qədər davam edə bilər?! Bizim polis dəstəsi də hücum əməliyyatına qatılacaq. Getməmək-mümkünsüz!                                                                                                                                                                                                                                                                                                                                                                                                     

 

Sonra da əlavə etdi:

 

- Pis olan odur ki, hərbi sirr xaincəsinə yayılır.

 

Saleh bu sözləri söyləyib susdu. Sevgilisinin əllərini ovcuna alıb dodaqlarına yaxınlaşdırdı, nəfəsi ilə isitdi. Baxışlarını Gülərin vurğunu olduğu iri, badamı gözlərindən çəkə bilmirdi.

 

Görəsən,  bu ayrılıq anlarında nə düşünürdü? Savaşdan qalib çıxıb istəklisini bir də görə  biləcəkdimi?..

 

Ayrılığın acısını duyan Gülərsə aram olmur, bulud tək dolub - boşalırdı.

 

lll       

 

Ertəsi gün Saleh silah yoldaşlarına qoşulub ön xəttə yollanmışdı.Yenicə yaradılmış Milli Ordumuzun birinci taboru döyüş əməliyyatından  əvvəl helikopterlərlə Şuşaya göndərilmişdi. Döyüşçülər qarlı havada düşmənin diqqətini cəlb etməmək üçün  ağappaq xalat geymişdilər. Salehgilin polis dəstəsi, habelə Şuşanın özünümüdafiə dəstələri   Daşaltı əməliyyatında iştirak edirdi.

 

Döyüşə bələdçilik edən şəxsin səhlənkarlığı üzündən əməliyyat bir qədər gec başladı. Bələdçi taboru vaxtında aparıb lazımi yerə çatdıra bilməmişdi. Buna baxmayaraq, düşmənin canlı qüvvəsini, texnikasını məhv etmək üçün artilleriyaımız bir an dayanmırdı.

 

Salehgilin döyüşçüləri   Daşaltıya Nəbilər kəndindən salınmışdı. Bu döyüş əməliyyatında Saleh hünər göstərib, yağı mövqeyinə sərrast zərbələr endirir, cəhənnəmə vasil etdiyi erməni quldurları leş kimi yerə sərilirdi. Sonra isə o, düşmən pulemyotçusunu susdurub, qayaların arasında qalmış neçə silah yoldaşının mühasirədən çıxmasına yol açmışdı.

 

İlikləri donduran şaxta qılınc kimi kəsir, toran qovuşur, amansız döyüş səngimək  bilmirdi. Yaralı dostlarının taleyi də onu rahat buraxmırdı. Yanaşı düşüb qalmış  döyüşçüləri odun-alovun içindən çıxarmaq üçün kol-kosdan tutub qarın içi ilə üzüaşağı diyirləndi. Mərmi yağışı altında əyilib qaçırdı.  Qıçı sərpsə də, inadından dönmür, bir dəstədə döyüşdüyü, ağır yaralanmış Əsədə tərəf sürünürdü. Onu çiyninə alıb qismən təhlükəsiz yerə-qayaların arasına çəkib gətirdi. Bir neçə patronunu silah dostuna verdi. Yarıdonmuş su qabını Əsədin od tutub yanan dodaqlarına yaxınlaşdırdı. Qalan üç-dörd damcının dostunun təşnə ürəyinə sərinlik çiləyəcəyini düşünürdü bu anda.

 

Sonra qayanın arasından çıxdı. Ətraf meyitlərlə doluydu. Uğursuzluğun səbəblərini təfərrüatı ilə dərk eləmək istəyirdı. Beynində dolaşan fikir bu idi ki, niyə taktiki səhvlər, taborlar arasında rabitə əlaqəsinin olmaması üzündən pusquya düşən neçə-neçə əsgərimizi itirmişik. İtkilərin çox olması o demək idi ki, təxribat öz işini görüb.

 

Bir bölük mühasirəyə düşmüşdü. Elektrik stansiyasının yaxınlığında  toplarımız atəş açırdı. Daşaltıya birinci düşən zirehli döyüş maşını isə minalanmış sahədən keçərkən partlayıb sıradan çıxmışdı. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilmişdi.

 

Saleh isə xeyli qan itirmiş Süleymana tərəf irəliləyirdi. Onu sürüyə-sürüyə təhlükəli yerdən uzaqlaşdırmağa başladı. İlk baxışda bəlkə də asan görünən bu xeyirxahlıq onu ölümlə üz-üzə qoymuşdu. Düşmən snayperinin  açdığı atəş Salehə tuşlandı.Yer-göy gözündə qaraldı. Qan itirdikcə gücdən düşür, sustalırdı. Gözlərini son dəfə açıb doğma yurdun səmasına və şəhid oğulların qanına bələnmiş Daşaltı dərəsinə baxdı. Həyatla vidalaşan Saleh sanki bütün bunları axırıncı dəfə gözlərinə köçürmək istəyirdi...

 

lll

 

Salehin ölüm xəbərini eşidəndə Gülər donub qalmış, sanki daşa dönmüşdü. Ürəyi göynəsə də, ağlaya bilmirdi. Dağdan ağır dərdi, kədəri ilə baş-başa idi. Qəlbi yaralı, qüssə içində qovrulan Gülərin heç ağlına belə gəlməzdı ki, bu, Salehin  sonuncu savaşı  olacaq və o, qanlı döyüş meydanından geri dönməyəcək. Hələ uşaqlıq çağlarından sevdiyi, çəmənindən gül-çiçək dərib tellərinə düzdüyü, büllur suları par-par parıldayan Çətir şəlaləli Daşaltı dərəsində istəklisi düşmənə qarşı son nəfəsinədək döyüşüb şəhid olmuşdu.

 

lll

 

Gülərin atası onu   həyat yoldaşını itirmiş bacısını iki yaşlı oğlu Sadiqlə və Fatma qarıyla birgə Laçına gətirdi. Dörd ay Gülərin dayısıgildə yaşamalı oldular. Atası gerı qayıtmışdı, qardaşı Ənvər  isə  igid  Ramiz Qənbərovun  taborunda  döyüşürdü.

 

Ara bir az sakitləşəndə yenidən Şuşaya qayıtmışdılar. Əslində heç nə dəyişməmişdi. İndi evlərinin iri  zirzəmisində qonşularla birgə  daldalanıb olub- keçənləri yaddaşında çözələyirdi...Dəmir qapının qəfil cırıltısı və qonşu Məhəmmədin zəhmli səsi onu xəyallarından ayırdı:

 

-Düşmən Şuşanın beş addımlığındadır, artıq şəhəri bombalayır, ay camaat! Qırxqızda və Kirsdə ağır döyüşlər gedir.  Tez  olun, arvad-uşağı şəhərdən çıxarırıq!

 

lll

 

...İnsanlar pərən-pərən düşür, yük maşınlarına yükləndikcə  şuşalıların qürbət ömrü başlayırdı. Qaçaqaçda Güləri qəribə hisslər bürümüş, kövrəlmişdi. Üzünü  bacısına  tutub:

 

-Sevil, Şuşaya yaxşı-yaxşı bax, bəlkə,  bir də  görə  bilmədik...

 

Bacısı üzgün halətlə, amma hökmlə demişdi:

 

-Dilin qurusun, ay qız, nəhs gətirmə!

 

...Onlar çox çətinliklə şəhərdən çıxmış, alovlanan Şuşa arxada qalmışdı. Qəhər içində boğulan Gülərin baxışları yol boyu igid Salehi arayırdı. Nakam sevgisi ilə bağlı acı xatirələri onu qarşıda gözləyən naməlum bir həyata aparırdı. Nə vaxtsa, doğma Şuşanın dolamalarına qalxa bilsə, Daşaltıya əli yetsəydi, fikrində, xəyalında   qövr eləyən bir sualı dilə gətirərdi: “Sevgimi neylədin, Daşaltı dərəsi?”

 

 

Zemfira MƏHƏRRƏMLİ

 

525-ci qəzet.- 2017.- 6 may.- S.22.