Tanıdığımız və tanımadığımız Əlabbas

 

Ədəbiyyat ümmanına hər an yeni nümunələr axıb gəlsə də, ağır oturub batman gələn “Köhnə kişi”lər zaman keçdikcə bu ənginlikdə ahəstə-ahəstə lövbər salıb, yol bəlirləyən mayak kimi daha sanballı və sirli-sehrli görünməyə başlayırlar. Həm də bu kimi nümunələr Azərbaycan ədəbiyyatında köhnə kişilərin ünvanı olan əsərlərlə də (“Dəli Kür” və b.) bir işıq körpüsü yaradır. Örnək nümunələr həmişə yaransa da, yaxşılar yaxşısının ədəbi aləmdə təkəmseyrək üzə çıxmasını əngəlləyən təməllərdən biri də abır-həya, mənlik və əyilməzliyin daha çox öndə olmasıdır. Onsuz da, yaxşılar üçün olmayan bu dünyada, özünü reklam müstəvisinə hər vasitəylə çıxarmaqdan çəkinənlərin, hər şeyə düzgünlükvicdan mövqeyindən yanaşanların həyat yolunda əngəllər yox yerdən də peyda olur. Düz söz deyənin bir ayağı üzəngidə gərək” atalar sözünə yiyəlik edən Şərq xalqları içərisində köhnə kişi olmaqya onu təbliğ etmək – hər an imtahan qarşısına çıxmaq, uğura doğru getməkdən dana çox, üzəngiyə doğru getmək tələbini ortaya qoyur. Görünür, “Köhnə kişi” həm də bu səbəbdən ədəbi aləmdən kənar tutularaq 8 il ağzı qıfıllı “srokunu” yatıb.

 

Əlabbasın özünün etirafına görə, ilk eşqinin qara qutusu olan bu povestin yaranışını, yazı masası arxasındakı fəaliyyətini müqəddəs bir ritual kimi hiss edirmiş. Bu onu göstərir ki, o, sözün özünə də müqəddəs varlıq kimi baxıb. Çünki bu “xırdaca” varlıq olan sözlər insani mahiyyətin, eşqin, dünyanın, pünhan dərdlərin ən böyük güvənc yeriymiş. Əlabbas eşq, qürur və mənəviyyat qarşısında nə qədər heyrət və hörmətlə dayandığını qələmin “əliylə” canlıdan da canlı ortaya qoyursa, bununla bahəm, ona hər şeyi təmənasız bəxş edən el dilindəki deyimlər qarşısında da sayğısını o dərəcədə aydın büruzə verir. Kənd gözəli Qaratelin leksikonuna bu dərəcədə sədaqət göstərmək, həm ona vurğunluğu əbədi yaşatmaq eşqinin, həm də əsl yazıçı ürəyinin özündən ixtiyarsız necə bir məhəbbətə vaqif olmasının təzahürüdür. Məhz bu səbəbdəndir ki, o, yaratdıqlarını daha çox frazeoloji birləşmə, təşbeh, epitet, metafora, bəzi hallarda isə dialektizmlər vasitəsilə ətə-qana gətirə bilib. Məs, kələfcəsi düyünə düşmək, canı cəzana gəlmək, yola rəvan olmaq, özünü ölü kimi salmaq, məhbus üzüyolalığı, quşqun təklifi, dovşantəpəl (at), dibinə daş atmaq (axırına çıxmaq), eygili vaxt, yol-riz, yolun damarını kəsmək, anşıra bilmək, dinşəmək, danlayıb-dansımaq, Fatıya tuman olmaq, özündən toqquşdurmaq (quraşdırmaq), cələkəsənlik, gillətmək (içmək), vıdır-vıdır ötmək, dədə-baba mətəsi, işi qibləsinə qoymaq, sərhesab olmağa çağırmaq, dişinin dibindən çıxan latayırları kiminsə qabırğasına döşəmək, toyu küllükdə çalınmaq, ağzında dilin kimi istəmək, ovdanına qoymaq, çörəyi ovsanata keçmək, dananı qurda verən bir söhbət başlamaq, ağzını boza vermək, saqqal-birçək yoldusuna çıxmaq, briqadir atına dönmək, eymənmək, Allahın var günü, boynumun borcu, cingənə, tapqır, və s. və i. a. Bunlar yaxşıdır, səni böyüdən ananın, kənd-kəsəyin, sevginin, çölün-düzün təbiiliyini yazıçı kimi əbədiləşdirmək isə ondan da yaxşıdır. Elə bu özü köhnə kişiliyin bariz təzahürüdür. Lakin hər yaxşı işin qulağının dibində həmişə bir əmma dayandığı kimi, uzun illərin təəssüratından, burada da bir problem ortaya çıxdığı görünür. Belə ki, əsərlərində yaşadığı o əsrarəngiz kəndin dialekt-şivə sözlərini, deyim və ifadələrini geninə-boluna işlətdiyindən, bir xeyli oxucu, tənqidçi (hələ o da tapılsa) üçün əsərin dili bir az ağır, ədəbi dil baxımından “özgə” görüntülü ola bilər (Ədəbi aləmin onun əsərləri barədə uzun müddət susqunluğa dalmasında bu cəhətin də rolu yəqin ki, vardır).

 

Bir il öncə özünü, bir-iki ay əvvəlsə əsərlərini tanıdığım bu maraqlı, fərqli nasirin müsbət mənada söz oyunu, rəngarəng dil konfiqurasiyaları, təmkinli təhkiyəsi, nitq və danışıqdakı ustalığı yekunda məndə belə bir qənaət yaratdı ki, bir yazıçı olaraq Əlabbas daha çox dil hadisəsidir.

 

Onun ədəbiyyatımız üçün şedevr sayılacaq əsərlərindən biri “Mərənd ölüsüdür. Əsərin qəhrəmanı Talıb kimi yüksək əxlaqi keyfiyyətli, hamıya qayğıkeş, ətrafındakı həpənd sürüsünün simasızlığına görə hər an onların yerinə xəcalət çəkən, tam mənada insaniliyə və alimliyə layiq olan bu şəxs, hamının heyfini axırda özündən çıxır. Onun intiharı – zəmanə, cəmiyyət və insan münasibətlərinə aid bütün bəlağətli sözlərin, əslində bir sabun köpüyündən başqa bir şey olmadığının göstəricisidir. Talıbın yas mərasimini böyük qardaşı Əşrəfin yüksək səviyyədə təşkil etməsi də, əslində cəmiyyətin eybəcərliyə doğru diyirlənmiş paradoksallığının tutarlı təsvirdir. Çünki bu dəm-dəsgah, təmtəraq Talıb adına olsa da, Talıba görə yox, Əşrəfin özünü ətrafdakıların gözündə “uca dağa” döndərməyinə hesablanıb. (Halbuki sağlığında qardaşının qapısını nə vaxt açdığını da yaddan çıxarıb)

 

Ədəbi aləm çoxdan özünə bəlli edib ki, ən yaxşı əsərlərinin qəhrəmanı ilə müəllifin özü arasında daxili bir bağlılıq var. Bu mənada müəllifin etiraf edib-etməməsindən asılı olmayaraq, qəhrəmanı Talıb onun özüdür. Həyatın hər tərəfindən fışqıran nataraz qayğı və ağrı-acıları ürəyinə sala-sala yaşayan Əlabbas, şükürlər olsun ki, özü demişkən, 60 yaşın kürəyini yerə qoyur. Talıbdan fərqli olaraq, Əlabbas başqaları üçün heç kimin oxumayacağı dissertasiya əvəzinə, ondan həmişə yaxşı əsərlər gözləməyə öyrəşmiş oxucuların ümidinə xilaf çıxmamaqçün, həyatda çıraqla tapılan əvəzedilməzləri və həm də tör-töküntüləri bədiyyatda əbədiləşdirmək üçün yüz yaşa çatmağa məcburdur. O bu hekayə ilə demək istəyib ki, istənilən Azərbaycan ziyalısı Talıbın seçdiyi həyat yolundan sığortalanmayıb. O tale hər birimizi qarabaqara izləyir.

 

O ki qaldı ədəbi tənqid tərəfindən öz obyektiv qiymətini almağa, nədənsə həyat elə qurulub ki, öz halalca haqqını həddən artıq həssaslıqla, aşiq hövsələsizliyi ilə gözləyənlərə, təəssüf ki, dünya həmişə nazlı qız kimi dirsək göstərir.

 

Onun yaradıcılığına xas cəhətlərdən biri də yaratdığı obrazları təkcə cəmiyyətin üzdə olan kəsimindən deyil, ən müxtəlif “künc-bucağından” aylar və illərlə rast gəlmədiyimiz, amma yaşamın kəskin dönəmlərində davranış koloritinin dolğunluğu ilə seçilən psixoloji tipləri eyni ustalıqla qələm hüzuruna gətirməsidir. Məsələn, Murad, Qaratel, Gülab, Səfi, Məhəmməd (“Köhnə kişi”), Talıb (“Mərənd ölüsü”), Əli (“Şəbi-hicran”), Əlvənd kişi, Seymur (“Halal qan”), kirayənişin (“Küçə”), Tahir, Gülşən (“Qul”), Fərəc, Ülkər (“Gəlin ayaqqabısı”), Qasım, Məryəm (“Yük”) kimi gözünün qabağındakı personajlarla bərabər, Əfrayıl (“Ovçu”), Ağca (“Arvanada dəfn”) Bəşir (“Şəhər”) kimi, belə demək mümkünsə, həyatın ucqar səmtlərində, hər qələm əhlinin da əhəmiyyət vermədiyi, müəllifin öz ruhuna, bəlkə də, doğma olmayan surətləri də çox dolğun, püxtə və əsl yazıçı məsuliyyətilə yaradıb.

 

Qul” hekayəsı təkcə intellektual səviyyəli, vicdanlı, məğrur, düzgünlük axtaran, ziyalı bir cavanın deyil, həmçinin bu günümüzün və cəmiyyətin öz portretidir.

 

“Qiyamçı” romanı isə Əlabbasın daxili dünyasının vizit kartıdır. Dünya çox mürəkkəb olduğundan hər bir varlığın ən müxtəlif variasiyalarda təzahür formaları mümkündürolur. Bu mənada “Qiyamçı” Əlabbasın bədiyyata yansımış forması və “genetik kodudur. Əlabbas öz əlilə özünü kağıza köçürüb. Təbriz cəmiyyətin gün-gündən tündləşən xaos bataqlığında çabalasa da, el-obaya, torpağa, doğma ocağa olan sədaqət yükünü bir an belə çiynindən kənara atmır. Hər şeydən və hətta hamıdan imtina bahasına, əyilməz köhnə kişilər kimi (yenə köhnə kişi!) ata ocağının odunu sönməyə qoymur. Bu Şərq mentalitetinin təzahürüdür və onun təqdimatı bu əsərdə əla alınıb. (Millətlər var ki, harda günü xoşdur, ora vətəndir. Bizim isə bu baxımdan mənliyimizə o biri möhürdən vurulub.) Bədiilik baxımından da əsər zərgər dəqiqliyilə, həssaslıq və ustalıqla işlənib. U.Folkner yazıçılığı ona görə məğlubiyyət sayırdı ki, yazıçı həyatda fərd kimi uduzduqlarını yaradıcılığıyla etiraf edir. Reallıqdakı məğlubiyyətlərini virtuallıqdakı qəhrəmanlarına sığındırmaqla, onların öhdəsinə tapındırmaqla özünü realizə edib təsəlli tapır. Qəhrəmanlıq və öndə getmək üçün yarananlar, bunun reallaşmayacağını yəqin etdikdən sonra ya intihara, ya da daxildəki Don Kixota müxtəlif variantlarla ( əsasən yaradıcılıqla) yaşam hüququ verməklə məşğul olurlar. Əlabbasın da qəhrəmanları, onun özünün reallıqda görmək istədiklərinin platformasına yiyələnən, daxili aləmdən üsyanla baş qaldırıb gələn qiyamçı doğmalarıdır (Bu mənada yazıçılara “yalançı, özündən quraşdırıb yazan” deyənlər də haqlı deyillər).

 

Qaraqovaq çölləri” romanı yazıçının yaradıcılığında və ümumiyyətlə, Azərbaycan ədəbiyyatında mühüm yeri olan əsərlərdəndir. Romanın məzmununa ümumi şəkildə nəzər salsaq, burada qarşı-qarşıya dayanan iki obraz var. Biriuzaqlardan baş götürüb dədə-baba yurduna qaçmış Əfsun, o biri isə 90-cı illərin əvvəlində başını itirmiş Azərbaycan obrazı. Bir aylıq ac-susuz, məşəqqətli yollarla, qatarlarda gizlənə-gizlənə uzaq Xabarovskdan gəlib vətənə - sərhədyanı kəndlərinə çatan Əfsun təsəvvür etdiyindən də ağır mənzərə ilə qarşılaşır. Evləri düşmən tərəfindən dağıdılıb, valideynləri həlak olub, bacısı Əfruz isə əsir düşüb! Bunlar azmış kimi, onun vətənin imdadına qaranəfəs yetmək arzusu da rayon hərbi komissarlığında gözləmədiyi bir təpki ilə qarşılanır: “Bilirsən də onu? Məcəllədə ordudan qaçmağa görə xüsusi maddə var... Səni kimilərini çox görmüşük. Ordan qaçan, burdan da qaçar. Nə silah? Elə bir o qalmışdı hər yoldan ötənə silah versinlər?” Belə həssas bir məqama təbiətən barışmaz bir yazıçının biganə qalması, təbii ki, mümkün olan hal deyildi. O yazdı, öz sözünü dedi, münasibətini bildirdi, amma Əfsunun taleyi ilə olduğu kimi, “Qaraqovaq çölləri”nin də taleyi ilə oynayanlar, qarasınca danışanlar tapıldı.

 

Görünür, həmin o illərdə vətənə və torpağa aid prinsipial məsələlərdə güclü xəyanət və laqeydliklər yazıçıya ağır təsir etdiyindəndir ki, “Qaraqovaq çöllərində”ki olayları daha çox qara fonda təsvirə cəhd edib. Amma məsələyə əhatəli baxsaq, bu cəhətə görə onu qətiyyən qınamaq olmur. Çünki həmin illərin “məhsulu” göz qabağındadır. İyirmi faiz torpağımız işğal edilib, minlərlə igid oğul və qızımız şəhid olub, əsir düşüb, qısası, görünən dağa nə bələdçi? Bu roman həmin günlərin salnaməsidir. Aristotelin təbirini xatırlamaq yerinə düşər: “Poeziya tarixdən daha ciddi və fəlsəfidir”. Fakt budur ki, belə bir əsərin ortada olması həmin dövrün mənzərəsini daha təsirli və dəqiq cizgilərlə üzə çıxarır. Bütün əsər boyu istər orduda, istər də həyatda qarşılaşdığı hər üzücü hadisədən sonra yenidən özündə güc tapıb ayağa duran, çarpışan, susmaq bilməyən bir gənci sındırmaq və əymək üçün böyük bir məmur ordusunun missiyasını əfsuslar ki, sonda müəllifin öz cəbhədaşları olan ədəbi tənqid öz üzərinə götürüb ustalıqla davam etdirdi. Təbii ki, bu qəbildən olan qəhrəmanlar sonda ya qələbə çalmalı, ya da həlak olmalıdırlar! Yazıçı etikası və mənəvi qüruru da ona yol vermir ki, böyük mənlik sahibi olan bir qəhrəman – Əfsun, naxələflər, öz cibini güdənlər, “vətən” deyəndə ancaq evini, ailəsini düşünənlərlə bir arada sonadək, barışaraq yaşasın. Əfsun sonda bütün haqsızlıqların əvəzi olaraq, qisasını alıb həyatdan gedir! Əsərdəki hadisələr və çıxarılan nəticə - qürurverici yox, təəssüf doğurucudur. Bu isə yazıçının yox, bizim hamımızın günahıdır. Ordudakı əsgərimizə necə sahib çıxırıqsa, yaradıcı insanlara da o cür həyan oluruq.

 

Portuqaliya yazıçısı Joze SaramaqoKorluq” romanına görə Nobel mükafatı (1998) aldı. Əsərin özəlliyi onda idi ki, sıravidən tutmuş dahiyə qədər hamı ətrafdakı insanları və olayları əksər hallarda ya görə, qiymətləndirə bilmir, ya da işdən keçəndən sonra ona dəyər verir. Bir sözlə, insan korluğa mübtəladır düşüncəsi...

 

Yaxud, M.Cəlil və H.Cavid Yazıçılar İttifaqının tək-tək yığıncağı olarmış ki, qulaqları eşidə-eşidə tənqid olunmasınlar. (Ə.Cavad, T.Şahbazı, Ə.Nazım, S.Hüseyn, S.Mumtaz, Y.Çəmənzəminli, Sanılı, M. Hadı və başqaları da həmçinin.) Bu, M.Hüseynin C.Məmmədquluzadənin qəbri üstə dediyi sözdür: “Mirzə Cəlil, sən sağ ikən səninlə mübarizə apardıq, öləndən sonra da səninlə mübarizə aparacağıq!”

 

Yaxud Belinski rusdünya ədəbiyyatının nəhəngi sayılan F.M.Dostoyevskinin “Cinayət və cəza” əsərini bir neçə səhifə oxuduqdan sonra onanerviçeskiy çepuxa” (əsəbi cəfəngiyat) demişdi. İ.TurgenyevDostoyevskini “ədəbiyyatın burnuna çıxmış sızanaq” adlandırmışdı... İndi Saramaqonun qənaətini necə qəribçiliyə salasandünyaya hansı tərəfdən baxasan?

 

Böyük alim Xudu Məmmədov deyirdi: “Elə bil Allah sevdiklərini döyüş meydanında tək qoymaqdan zövq alır”.

 

Bütün bunlardan belə nəticə çıxır ki, Əlabbas layiqli qiymətini almaq üçün səbir dünyasından hələ bir xeyli zaman və “ənam” gözləyəsi olacaqdır.

 

Əlabbasın boyu əsl ədəbiyyatın “boyundan” yəqin ki, bir xeyli bəstə olar. Amma daxili ucalığını adamlara yox, qələmə etibar edən, qələmi də başı üzərində arzularının boyu qədər qaldıran Əlabbasın əsl ədəbiyyatla necə yanaşı addımladığını, onun boyuna səmimi bir əzəmətlə boy verdiyini zaman keçdikcə daha yaxşı görəcəyik.

 

60 yaşın mübarək, ustad! Qəhrəmanlarınıza səbir və dözüm, sizə isə can sağlığı arzulayırıq! Sizin yazı stiliniz və dəst-xəttiniz birbaşqa yerdə yada düşür, tanış gəlir – Ç.Aytmatovu oxuyanda. Uzaqdan-uzağa bir-birinə çox yaxın, yaxından-yaxına bir-birindən çox uzaq adamlarla doluymuş bu dünya! Ucalıqda olanları, yaxınları və yaxşıları bir-birinə qovuşduran, nikbin ruhlu əsərlər yaratmanız arzusuyla, sizə uğurlar, əziz yazıçı!

 

525-ci qəzet.- 2017.- 6 may.- S.16.