Bakıda "Azərkitab" Mərkəzinin açılışı oldu  

 

Mayın 9-da Bakıda Azərbaycanın ən böyük kitab mağazasının - "Azərkitab" Təbliğat Mərkəzinin açılış mərasimi keçirilib.

Mərasimə millət vəkilləri, yazarlar, tanınmış sənət nümayəndələri, jurnalistlər oxucular qatılıb.

"Azərkitab"ın rəhbəri Sabir Həsənov qonaqları salamladıqdan sonra kitab evinin fəaliyyəti haqqında geniş məlumat verib. Qeyd edib ki, bu Kitab Təbliğatı Mərkəzi 1924-2000-ci illərdə fəaliyyət göstərmiş "Azərkitab"ın mənəvi varisidir: "Bu kitab evinin açılışının məhz bu gün - Ulu öndər Heydər Əliyevin 94-cü doğum günü ərəfəsində keçirilməsi heç təsadüfi deyil. Başda prezidentimiz İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla, Azərbaycan rəhbərliyi Ulu öndərin təhsilə, kitaba, mütaliəyə qayğısını rəhbər tutaraq, onun irsini davam etdirir. Biz hər zaman fəaliyyətimizdə ümumilli liderimizin ənənələrini davam etdirməyə çalışırıq. Mən uzun illər əməkdaşı olduğum "Azərkitab"ın mənəvi varisi kimi bu kitab evini yaşatmağı özümün insanlıq vətəndaşlıq borcum bilirəm. Bu Mərkəzi yaratmaqda məqsədimiz insanlarımızın kitaba qayıdışına, gənclərin sağlam, zəngin dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına dəstək verməkdir".

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bu ideyanı dəstəklədiyini gələcəkdə "Azərkitab"ın inkişafı üçün hər cür köməyə hazır olduğunu vurğulayıb: "Hazırkı şəraitdə kitabın təbliğatı üçün görülən hər bir böyük qəhrəmanlıqdır. Bunun üçün Sabir müəllimə Azərbaycan jurnalistləri adından təşəkkür edirəm. Mən tez-tez kitab evlərində, mütaliənin təbliği ilə bağlı keçirilən tədbirlərdə oluram görürəm ki, cəmiyyətimizdə kitaba maraq getdikcə artmaqdadır. Belə bir mərkəz isə Azərbaycanda bir ilkdir. Bu ideyanın daha da genişlənməsini arzu edirəm".

Bu mərasimi kitab bayramı adlandıran Xalq şairi Sabir Rüstəmxanlı deyib: "Hesab edirəm ki, bu gün Azərbaycanın, xüsusən Bakının mənəvi həyatında çox böyük hadisə baş verir. Bir kitab bir millətin tarixini min il irəli çəkir. "Sürətlə artan texnoloji inkişaf kitabı dəyərdən salır"- fikri ilə razı deyiləm. Əksinə, düşünürəm ki, yeni oxu sistemi yarandıqca köhnələr öz qiymətini daha da artırır. Biz ölkədə, xüsusən rayonlarda kitabxanaların sayının artmasına, kitabların insanlara çatdırılmasına çalışmalıyıq. Çox istərdim ki, bu kitab mərkəzinin bölgələrdə filialları açılsın".

 

Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev Kitab Təbliğatı Mərkəzinin açılışını alqışlamaqla bərabər, ölkədə kitabxanaların azlığından doğan təəssüfünü ifadə edib: "Kitab mənəvi silahdır. Bizim hər sahədəki qələbəmiz ondan asılıdır. Kitabdan qaçan, kitabı sevməyən millətin heç bir gələcəyindən söhbət gedə bilməz. Mən istərdim ki, televiziya kanallarımızda kitabların da reklamına, təbliğatına yer verilsin".

 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli son zamanlar kitaba marağın artmasından məmnunluq duyduğunu vurğulayıb: "Bu cür mərkəzin yaradılması təkcə mədəni yox, həm böyük elmi, ictimai-siyasi hadisədir. Gəncliyi kitab oxumamaqda günahlandırmağı düzgün hesab etmirəm. Son dövrlər gənclərin kitaba marağını, sevgisini sübut edən çox hadisələrin şahidi olmuşam. Ölkəmizdə bu proses uğurla davam etdirilir. Açılan hər kitabxana bir ordunun işini görmək qüdrətinə malikdir. Biz elmimizin, ədəbiyyatımızın keşiyində duran ziyalı kimi hər zaman bu cür tədbirlərə dəstək verməyə hazırıq".

 

Millət vəkili Fəzail İbrahimli, Milli Məclisin Vətəndaşların şöbə müdiri İbrahim Yusifzadə  "Azərkitab" Mərkəzinin yaradılmasını dövlətçiliyə, xalqa, sözə, ədəbiyyata böyük xidmət kimi dəyərləndiriblər.

 

Millət vəkili, yazıçı Aqil Abbas deyib: "Son zamanlar kitab ardıcıl təbliğ olunur, kitab evləri açılır, Oxu günləri keçirilir, məktəblərdə şair-yazıçılarla görüşlər təşkil olunur. Bunlar çox gözəl işlərdir. "Azərkitab"ın açılışı bu sahədə daha bir uğurlu addımdır. Belə görürük ki, bu Mərkəz həm tamam fərqli, həm də səmərəli formada fəaliyyət göstərəcək. Burada hətta azyaşlılar üçün ayrıca guşə hazırlanıb. Bu fədakar insanlar mütaliənin inkişafı üçün lazım olan hər bir şəraiti yaradıblar. Mən kitabı sevən biri kimi bu təşəbbüsü ürəkdən alqışlayıram".

 

Yazıçı-publisist  Dilarə Ağamusa yeni  Mərkəzin açılışına ürəkdən sevindiyini bildiribözünün üç kitabını quruma hədiyyə edib.

 

Keçmiş "Azərkitab"ın əməkdaşı Zemfira Əliyeva sevincini belə ifadə edib: "1968-ci ildən etibarən "Azərkitab"da işləmişəm. Bu gün onun varisi hesab olunan belə bir kitab mərkəzinin yaradılmasına ən çox sevinənlərdən biri də mənəm".

 

Xalq artistləri Ramiz Novruz və Hacı İsmayılov, şair-publisist İradə Əlili, Əməkdar artist Rafael İsgəndərov, Niderland-Azərbaycan Mədəniyyət Evinin sədri Elxan Mirhəşimli, yazıçı Elxan Elatlı da Mərkəzin yaradılmasını məmnunluqla qarşıladıqlarını, kitabın təbliğinin vacibliyini vurğulayıblar.

 

Qeyd edək ki, "Azərkitab"da təkcə kitab satışı deyil, nəşr təqdimatları, imza günləri, yazıçılarla, ziyalılarla görüşlərin keçirilməsi də nəzərdə tutulub. Mərkəzdə tədbirlər üçün otaqlar, akt zalı, müxtəlif kitabların yer aldığı "Book cafe" bölməsi, uşaqlar üçün "Nağıl otağı" da istifadəyə verilib.

 

Şahanə MÜŞFİQ

 

 

525-ci qəzet.- 2017.- 11 may.- S.7.