Roman kimi ömür, yaxud məsləki tərcümeyi-halıdır

 

 

Rudyard Kiplingin sözüdür: "Qadınlar haqqında bildiyim bütün şeyləri bir tək qadından öyrəndim". Rəhilə Gülgünün "Elmira Mirzəyeva. Ömür hekayəti" kitabını oxuyanda, bu fikri xatırladım. Hər şeyi özündə ehtiva etməyə qadir olan Qadın...

 

Nədənsə, biz fədakar insan obrazlarını daha çox əsərlərdə axtarırıq. Bizə elə gəlir ki, yaxşı insanlar mif personajları kimi ancaq nağıllarda olur. Yanımızdan ötüb keçən roman kimi ömürlərə adi yanaşırıq. Amma yanaşmayanlar da var, deyəsən. Rəhilə Gülgün kimi. O, laqeyd yanaşmayıb tanıdığına. Yanından görməzdən gəlir kimi ötüb keçə bilməyib. Dolu-dolu yaşanılan bir ömrü mətnləşdirməyə çalışıb. Onun psixoloq Elmira Mirzəyeva haqqında kitabı ilə tanışlıq bu iki qadını yaxından tanımağıma vəsilə olmaqla bərabər, sabaha daha ümidlə baxmağa ruhlandırdı məni. Bütün hallarda insanlıq qalibdir, düşündüm. İşində, fəaliyyətində nə qədər uğur qazansan, böyük nailiyyətlərə imza atsan belə... İnsanlıq qalibdir. Niyə? Çünki Elmira Mirzəyevanın ömür hekayəti, elmi yaradıcılıq yolunun zamanlar içrə açılaraq təqdim olunması ilk növbədə, bir qadının insanlıq yönündə böyük savaşıdır. İçinin böyük qadınlıq savaşı.

 

Psixoloqdur, əlbəttə. Cəmiyyət onu bu statusla tanıyıb dəyərləndirir. Bu statusu qazanmağa bir ömür nisar edib: gərgin və üzücü zəhmət, davamsız və yorulmaz mütaliə, ailə yükü və onun çəkilmə çətinliyi, elm yolunda irəliləyiş və hədəfə doğru addımlamaq əzmi. Üstəlik, işlə bağlı müxtəlif şəhər və rayonlara səfərlər, bir çox layihələrlə bağlı təşkil edilən treninqlər, çıxış və dinləmələr. Altmış beş illik ömrün akkordları... Çətindir deyilmi? Bir qadın zərifliyinin meydana qoyduğu faktlar, bir qadın çiyinlərinin daşımalı olduğu şərəf yükü. Elmira Mirzəyeva ailəsi və işi qarşısında missiyasını qoşa qanad kimi eyni əzmlə daşıyıb özü ilə. Çünki stimul aldığı dəyərlərin ünvanı böyük olub. Bəşəriyyətə sağlam ruhlu, sağlam əqidəli vətəndaş yetirməyə məsuliyyət daşıyan qadının potensial enerjisi ailə ilə birlikdə ictimai fəaliyyət sferasında çalışmağa da transformasiya olunub. Kitabın təqdimatında oğlu Elşadın dediyi fikir süzülür yaddaşımdan: "Heç vaxt anamızın bizə lazımi qədər vaxt ayırmamasına narahat olmamışıq. Çünki yaxşı bilmişik. Bizim payımızdan ayrılmış vaxt başqa insanların ömrünü xeyirli etməyə sərf olunub". Bu işlər hansıdır? Rəhilə Gülgünün kitabında bunların hər biri haqqında ətraflı məlumat alırıq: UNİSEF-lə 1994-cü ildən başlayan əməkdaşlıq, onun təklifi əsasında gerçəkləşən "Bakı SOS Uşaq Kəndləri" layihəsi, Heydər Əliyev Fondunun "Şəkərli diabetli uşaqlara ən yüksək qayğı" layihəsi, Almaniyanın yoxsulluqla mübarizə aparan "Heifer" beynəlxalq təşkilatının treninqləri, Beynəlxalq Qızıl Xaç Komitəsinin "İtkin düşmüş şəxslərin ailələrinin müşayiəti" layihəsi və s.

 

"Hər layihə ömrümə yeni rəng qatdı. Məndən nələrisə aldı, amma verdikləri aldıqlarından çox oldu" - deyir, Elmira Mirzəyeva. Bu, yalnız o zaman mümkün olur ki, mütəxəssis məşğul olduğu sahənin ən üstün dəyərləri ilə yoluxub zənginləşir, daxilən də, mənən də içindəki həyat kredosu ilə müştərək ovqata, amala qaynayıb qarışır. Əks halda, ilahi impulsların dövriyyəsi deyil, ünsiyyətdə olduğu şəxslərlə, gördüyü işlərlə adi mexaniki kontakt baş verər. Elmira Mirzəyevanın gördüyü işlərin miqyası onun psixoloq ixtisasından yalnız sxematik, səthi-liberal tərzdə bəhrələndiyini deyil, ən əsası məslək, əqidə və bütövlük kimi ali xüsusiyyətləri əxz elədiyini sübut edir. Bu baxımdan, Abbas Səhhətə məxsus "Məsləkim tərcümeyi-halımdır" fikrinin Elmira xanıma da aidliyi həm də onun həyat idealına bəslənən rəğbət və ehtiramı çevrələməyə imkan verir.

 

Elmira Mirzəyevanın psixoloq kimi yetişməsində, bu yolu seçməsində 1990-cı ildə törədilən 20 Yanvar faciəsinin əsas rolu olub. Bu, bəlkə də zamanın ən böyük tələbi idi. Çünki o zamana qədər dostluq və qardaşlıq şəraitində yaşamış Azərbaycan insanı üçün yaşadığı fəci durumları adlatmaq çətin idi və Elmira Mirzəyevanın bir ziyalı olaraq məramı bu məqamda daha gerçək və əhəmiyyətli əməl cizgisi kəsb edirdi. İnsanların psixoloji sabitliyə ehtiyacı vardı, qayğıya, sevgiyə ehtiyacı vardı. Rəsul Rzanın şeirlərinin birində belə misralar var:

 

Belə olur insanın

insana əvəzsiz hədiyyəsi

Bir xoş baxışı,

Bir inamlı səsi,

Bir ümidli sözü. 

 

Elmira Mirzəyeva ən çətin məqamlarda belə inam və ümidin səsi kimi doğdu ehtiyacı olan insanların həyatında. Təsadüfi deyil ki, bütün layihələrin gerçəkləşməsində Elmira Mirzəyevanın rolu yalnız mexaniki icraçı olmaqdan çıxıb daha böyük vüsət daşıyır. İnsanlara psixoloji dəstək olmaq məramı daha öndə olur. Bu məram Elmira xanımın xüsusilə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanda həyata keçirdiyi "İtkin düşmüş şəxslərin ailələrinin müşayiəti" layihəsinin realizəsi zamanı daha böyük nüfuz qazanır. "Bu işə razılıq verəndə çətindən çətin olacağını bilirdim, deyir. Asan başa gələn işlər mənə görə deyil... amma Sumqayıtda 25 il itkin oğul yolu gözləməkdən kor olan ata yaxamdan yapışıb, mənə xoş xəbər söylə, de ki, gözün aydın olsun, oğlunun ölüm xəbəri gəldi, onda rahat nəfəs alaram, dünyadan gözü açıq getmərəm, dediyi vaxt ayağım yerdən üzüldü. Hansı işin altına girdiyimin fərqində idim. Həyatımda ilk dəfə bacara biləcəksənmi, Elmira, deyə öz-özümdən soruşdum. Cavab yoxdu... Geriyə dönüş haqqında isə söz ola bilməzdi". 

 

Adətən bir nəfərin tərcümeyi halı, bioqrafiyasından bəhs edən əsərlər sonadək maraqla oxunmur. Müəyyən həddən sonra yeknəsək və monotonluqdan bezirsən. Rəhilə Gülgünün kitabının mütaliəsindən alınan həzz ilk növbədə, bunun fərqində olmağa yönləndirdi məni. Səbəblərinə varmağa çalışdım. Məncə burada başlıca uğur müəllifin yazı manerası, yanaşma tərzində və onu ifadə bacarığındadı. Kitabda aydın və səlis üslubdan başqa çoxsəslilik hakimdir. Birinci müəllifin səsi, ikinci Elmira xanımın səsi, bir də toplum şəkildə digər insanların səsi. O səsləri biz daim eşidirik. Elmira xanımın ömür bioqrafiyasından keçən insanların səsi var bu kitabda. Kitabı canlı edən də bu səslərdir. Lazımi məqamlarda Rəhilə xanım, obyektivi onlara fokuslayır, öz dillərindən səsləndirir hekayətləri. Bax, bura "Sos uşaq kəndi"dir. Burada şəkərli diabetdən əziyyət çəkən uşaqlar var. Qoy onlar anlatsın dərdlərini və onlara bu dərdə sarılıb yaşamağı öyrədən Elmira Mirzəyeva yanğısını. Bu isə ərləri Qarabağ müharibəsində itkin düşmüş, ümidləri üzülsə də, gözləri yollardan çəkilməyən qadınlardır. Ağrılı, nisgilli ömür hekayətləri. Yaşanmamış, yarımçıq qalmış talelər, itirilən səadətlər. Xəstəliyə, təkliyə, ağrıya tərk edilmiş insanların yanında olmaq, onlara mənəvi həyan olmaq missiyası...

 

Qəribədir, bu kitabı oxuyandan və səslərlə bağlı öz kiçik "kəşfim"dən sonra Svetlana Alekseyeviçin "Müharibənin qadın üzü olmur" kitabı keçir əlimə və təbii ki, 2015-ci ilin Nobelçisi olan bu yazar xanımın ünlü əsərini oxumaq şansını qaçırmıram. Oradakı bir məqama çatanda isə diksinirəm sanki. Müəllif yazır: "Ölkə boyunca onlarla səfərlər, yüzlərlə yazılı kasetlər, minlərlə metr yazılı maqnitafon lentləri. Beş yüzdən çox görüş, sonra saymağı dayandırdım, simalar yaddaşımdan silinirdi, yerindəcə ancaq səslər qalırdı. Mənim yaddaşımda xor səsi var. Əzəmətli bir xor, çox vaxt səslər eşidilmir, təkcə ağlaşmalarını duymaq olur. Etiraf edim: bu yolu qət etməyə gücümün çatacağına çox vaxt inanmırdım".

 

Məsələ orda da eşidilən "səs"lərin mövcudluğunda deyil. Həm də o səslərin qadın başlanğıclı olmasındadır. Bəli, müharibənin qadın üzü olmur. Çünki müharibəni ömründən keçirən qadının qadın kimi ömrü yaşanmır artıq. "Sən məndən əvvəlcə bir qadın yarat"... Bu fikir müharibəni görən bütün qadınların dilindən refren kimi səslənə bilər. Elmira Mirzəyevanın ərləri müharibədə itkin düşmüş qadınlarla ünsiyyəti, onlara qaytardığı həyat eşqi və qadınların ona münasibəti barədə oxuyarkən düşünürəm: Elmira xanım onlara yalnız həyat eşqini qaytarmayıb ki... Həm də qadınlıqlarını qaytarıb geri. Yaşanmamış ömrün acısına sarılıb yaşamağı, ağrılara qala kimi dözüb dayanmaq gücünü aşılayıb onlara.

 

Kitabda Elmira xanım bir neçə rakursdan işıqlandırılır: ilk növbədə, işgüzar xanım olaraq, bütün fəaliyyət sahələrindəki yorulmaz əməyi təqdim olunur. Daha sonra ana və dost olaraq tanıdılır. Bu təbii ki, məqsədyönlü şəkildə baş vermir. Elmira xanımın ömür yolu hekayəti ilə tanışlıq onun əxlayi-mənəvi keyfiyyət özəlliklərinin meydana çıxmasına vəsilə olur. Bütün təqdimatlar sonucda bir nöqtədə təmərküzləşir. Onun ləyaqətli bir Azərbaycan xanımı olaraq milləti, dövləti qarşısında gördüyü işlərin miqyasında. Elmira xanımın nə qədər yurd sevdalısı olmasını kitabda yer alan bu epizod uğurla sərgiləyir: "Qızıl Aypara Cəmiyyətinin xətti ilə xarici ekspertlərə təlim keçməli idi. Zalda hər kəs yerini tutandan sonra Elmira xanım avazla Azərbaycanın dövlət himnini oxumağa başladı. Xarici ekspertlər də yerli mütəxəssislərlə bərabər ayağa qalxıb ona qoşuldu. Sonrakı tədbirlərdə bu, ənənə halını aldı".

 

Amma unutmayaq, Elmira Mirzəyeva sadalanan miqyaslı işləri adında ehtiva olunan qadınlıq, zəriflik anlayışı ilə savaşa girərək gerçəkləşdirib. Bu qat özlüyündə çox əhəmiyyətli və vacib məqamdır. Elmira Mirzəyevanın psixoloq kimi fəaliyyət dönəmi 90-cı illərdən sonraya təsadüf edir. Bu, o zamandır ki, bütün sferalarda qadın azadlığı məsələsi qabarmışdı. Qərb qadın azadlığı uğrunda çabalar meydana qoyduğu dönəmdə Şərq bu hisslərin təsiri altında feminist meyillərə yönəlməklə qadını psevdoazadlıq libasına bürüyüb təqdim etməyə çalışırdı. Əlbəttə, azadlıq bütün hallarda gözəl anlayışdır. Öz hissini, düşüncələrini heç kimə və heç nəyə tabe tutmadan, öz içinə yıxılıban yaşamaqdan üstün nə ola bilər? Adətən, azadlıq sözünü ismin müxtəlif hallarına salandan sonra, nədənsə mütləq bir ifadəyə, anarxiya ifadəsinə gəlib çıxırıq. Azadlıqdan anarxiyaya. Bəlkə də hər şeyə ifrat aludəlik onu bir addım bu tərəfə, əks qütbə yuvarladır.

 

1990-cı illərin müstəqillik dalğası qadınlarımızın azadlıq əldə etməsinə və bu azadlıqdan maksimum bəhrələnərək cəmiyyətin müxtəlif sferalarında fəaliyyət göstərmələrinə zəmin yaratdı. İndi cəmiyyət daha sürətlə irəliləyir, dünya cinsi fərdlər arasındakı hüquqları daha çox bərabərləşdirməyə çalışır. Bu gün bir çox beynəlxalq simpozium və konfranslar gender problemlərinə həsr olunur. Azərbaycan qadını da sivil və müstəqildir, onun öz düşüncələrinə sahib çıxması, öz maraqlarında və baxışlarında qətiyyətli mövqe nümayiş etdirməsi qarşısında maneə yoxdur. Amma bütün hallarda bizim cəmiyyətin qadınlıqla bağlı dəyərləri mühafizəkardır və bu mühafizəkarlıq ağıllı qadının qarşısında ancaq bircə məqamda tərksilah ola bilir. O, cəmiyyət üçün yararlı olduğunu hiss edib öz yaşam kredosu və daxili-mənəvi potensialını millətin sabahı naminə işlər görməyə sərf edəndə. Bu, təbii ki, sovet dövrünün qadına ayırdığı məqamın alternativi də deyil. Sovet ideologiyası yalnız sənəti, ədəbiyyat və mədəniyyəti deyil, insanı, hətta zərif cins adlandırdığı qadını belə öz siyasətinin təkərciyinə, vintciyinə çevirmişdi. Qadını pambıq, taxıl tarlalarında işləməyə təhrik eləməklə onu bütün mənəvi dünyasından, bir qadın olaraq həyatın dadını yaşamaq hissindən məhrum eləmişdi. Təsadüfi deyil ki, həmin ideologiyanın hökm sürdüyü ən sərt vaxtlarda yaradılan əsərlərdən birinin adı simvolik olaraq "Erkək Tükəzban" (B.Talıblı) adlanırdı. Qadın adına epitet kimi erkək sözü seçilirdi və bu təyin ona başucalığı gətirən nəsnə kimi xarakterizə olunurdu. Müstəqillik dövrünün qadınları isə çalışdığı müəyyən dairələrdə daha çox qadın yaşamının ekzistensiyasına kökləndilər, natur-fəlsəfi məqamlara diqqət yönəltməklə onun mənəvi sarsıntı və yaşamını ictimai-psixoloji müstəviyə çıxartdılar. Bu dövrdə qadın məfhumunda ehtiva olunan zəriflik və gücsuzlük anlayışına üsyan qabarır, onlarda mütilik əleyhinə güc və möhkəmlik hissi aşılanırdı. Sosial-ictimai təzyiqlərdən mənəvi sarsıntılara uğraya biləcək qadına cəmiyyətdə yaşamağa hazır olmaq naminə...

 

Elmira Mirzəyevanın nümunəsində azadlığın daha gözəl və dəyərli forması yaşanır: ömrü xeyirxah işlərə sərf etmək. Gələcək üçün sağlam düşüncəli övladlar yetişdirmək. O övladı dünyaya gətirən ananın psixoloji durumunun sabit olmasına çalışmaq.  Çünki ailə bizim mentalitetdə ən öndə duran faktorlardan biridir və Azərbaycan milli təfəkkürünün daşıyıcısı olan qadın cəmiyyətdə qazandığı nüfuzun, tutduğu mövqenin dərəcəsindən asılı olmayaraq, ailə çərçivəsində xoşbəxtliyini təmin edəndə daha böyük yüksəlişlərə imza ata bilir.

 

Yüksəlişə aparan yol isə bəzən sadəcə, yaxşı insan olmaqdan keçir. Bu baxımdan, kitabda diqqətimi cəlb etmiş və hələ də təsirindən çıxa bilmədiyim bir epizod var: Sankt-Peterburq. Elmira Mirzəyevanın "Şəkərli diabetli uşaqlara psixo-sosial dəstək" mövzusunda yazdığı elmi tədqiqat işinin müdafiəsi. Müdafiədə beş Nobel mükafatçısı, iki keşiş daxil olmaqla 38 nəfər iştirak edir. Müdafiə uğurla keçir. Birdən Akopov adlı erməni alimin sualı zalı silkələyir: "Əgər sizi erməni uşaqlarına yardım üçün göndərsələr, gedərdinizmi?" Cavab özünü çox gözlətmir: "Uşaqlar Allahın yaratdığı müqəddəs varlıqlardı və onlar hər şeyin fövqündədir. Uşaq olan yerdə nə siyasət, nə dini, nə də irqi ayrı-seçkilik ola bilər". 

 

Elmira xanımın doktorluq müdafiəsinə toplaşan 38 nəfər onu ayaq üstə alqışlayır.

 

Belə... Hətta ən kəskin sınaq məqamlarında belə millətimiz sevgi aşılayır, nifrət yox. İnsan olduğunu sübut edir dünyaya, Tanrı mələkləri önündə gücü ancaq sevgiyə çatır.  Mənə elə gəlir, bəşəriyyətin təməli elə bu sevgilərin üzərində qərar tutub. Onun nicatı da bu sevginin gücündədir. Bu yerdə "sürüklənən bəşəriyyət qadınla yüksələcək", - yazan  Hüseyn Cavidin bu misralarını aksioma kimi qəbul etməkdən başqa çarə qalmır. Qarşımızda Elmira Mirzəyeva kimi qadınların ömür hekayətləri varkən, əlbəttə.

 

Bütün bunlar Elmira Mirzəyevanın həyat və sənət qrammatikasında büllurlaşan və təsdiqini tapan əməl dünyasından müəyyən etüd və ştrixlər idi ki,  bunları əyaniləşdirməyə bir ömür sərf edilmişdir. Bu gün Elmira Mirzəyevanın varislik haqqına tapınaraq gördüyü əməllər layiqli irs timsalında estafeti yeni nəslə ötürür. Bu qənaətləri bizdə doğuran Elmira Mirzəyevanın hazırda çalışdığı və çox böyük layihələrə imza atan "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi, orda çalışan qadınların xidmətlərində əyaniləşən gerçəklərdi. Məsləkləri tərcümeyi-hallarına çevrilən həmin Azərbaycan qadınlarının roman kimi yaşanan ömürlərini isə zamanla hələ çox səhifələyəcəyik.

 

 

Elnarə AKİMOVA

 

 

525-ci qəzet.- 2017.- 16 may.- S.8.