Şairin ədəbi mühiti və ədəbi taleyi

 

XALQ ŞAİRİ NƏRİMAN HƏSƏNZADƏYƏ AÇIQ MƏKTUB

 

Dünya gör-götür dünyasıdır. Ən böyük məktəb həyatın özüdür. İnsan dünyaya elə bil imtahan vermək üçün gəlir. Bu imtahandan insanlar necə çıxır, bunun qiymətini xalq verir.

 

Nəriman müəllim, Siz aprelin 9-da atamın il mərasiminə gəlmişdiniz. Mən o məclisdə yerlilərimin, neftçalalıların Sizə olan münasibətini gördüm. Xatırlayırsınız, mərasim sona çatandan sonra, çadırdan çıxanda nə qədər insan Sizin başınıza toplandı. O adamların bəziləri Sizi ilk dəfə idi görürdü. Amma Sizə necə böyük ehtiramları vardı. Uzun müddət Sizinlə söhbət etdilər, Sizə olan böyük hörmətlərini bildirdilər. Əgər vaxt məhdud olmasaydı, uzun müddət Sizi tərk etməyəcəkdilər. Söz adamlarını xalq elliklə o vaxt sevir ki, o söz adamlarının parlaq əsərləri ilə şəxsiyyətləri üst-üstə düşür. Şəxsiyyətləri ilə yaradıcılıqları üst-üstə düşən böyük şairlərimiz, təbii ki, olub. Bəzilərinin haqqında eşitmişəm, oxumuşam, bəzilərini isə özüm görmüşəm: Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz... Neftçaladakı insanların Sizə olan doğma, isti münasibətlərini görəndən sonra bir daha yəqin etdim ki, Nəriman Həsənzadə də xalq tərəfindən sevilən, əziz tutulan, qiymətləndirilən böyük söz adamıdır. Xalqın gözü tərəzidir deyiblər. Xalq ağı qaradan elə gözəl seçir ki... Siz bu mövqeyə təbii ki, elə- belə gəlib çıxmamısınız. Bir tərəfdən parlaq istedadınız, digər tərəfdən isə Sizin qarşınıza çıxan işıqlı insanlar, Yaradanın Sizə olan ən böyük lütfüdür deyərdim.

 

Sizin mənə göndərdiyiniz yeddi cildliyinizdən "Mənim ədəbi taleyim" əsərini bir neçə dəfə oxumuşam. Bu əsəri mənim fikrimcə, hamı oxumalıdır. Bu əsərdə öyrənməli, yadda saxlanmalı o qədər cəhətlər var ki. Əsər ümummilli liderimiz Heydər Əliyevə həsr olunub. Əslində bu əsər bir çağırışdır, bu əsər öyrənilməsi vacib və heç bir zaman yaddan çıxarmamalı olduğumuz bir dərsdir. Siz "Nəriman" poemanıza mənim ədəbi taleyimdir deyirsiniz. "Mənim ədəbi taleyim"i oxuduqca fikirləşirdim: əgər o vaxt, gənc yaşlarınızda, "Nəriman" poemasını yazmağa başlamamışdan əvvəl tale Sizi Heydər Əliyevlə görüşməyi nəsib etməsəydi, ümumiyyətlə bu əsərin taleyi necə olardı? Nəriman Nərimanovun KQB-nin arxivində olan gizli sənədləri ilə Sizin tanış olmağınıza imkan yaradan ümummilli liderimiz olub. Poemanın bütöv çapına imkan yaradan da o böyük şəxsiyyət olub, o əsəri müdafiə edən də... Təkcə o əsərinizimi? "Mənim ədəbi taleyim"də Sizə olan hücumlardan, başınızın üstündə Domokl qılıncı kimi asılmış qara buludlardan yazırsınız. Amma mən bilirəm ki, bədxahlarınızın Sizə qarşı amansız hərəkətlərinin çoxunu qələmə almamısınız. Mən Sizə qarşı olan bədxah münasibətlərin çoxunu dostunuz olan atamdan, Bəxtiyar Vahabzadədən, Xəlil Rzadan da eşitmişəm. Bütün bu amansız, qorxulu münasibətlərə tab etmək, dözmək Sizin üçün nə qədər çətin olub, mən bunu hiss edirəm. Amma nə yaxşı ki, ulu öndər Sizi bu yırtıcı, qaragüruh münasibətlərdən də qoruya bilib. Siz "Mənim ədəbi taleyim"də belə bir epiqraf gətirirsiniz: "Heydər Əliyev şairi şairdən, yazıçını yazıçıdan qoruyurdu. "Bir-birinizə xeyirxah olun" deyirdi". Mən bu sətirləri oxuyanda 37-ci ili xatırladım. Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin, Seyid Hüseynin, Salman Mümtazın... acınacaqlı talelərini düşündüm. Düzdür, 37-ci il Stalinin və onun əlaltısı Bağırovun həyata keçirdikləri şeytani bir əməl idi. Amma Stalinin, Bağırovun bu qanlı əməllərinin həyata keçirilməsində vəsilə olan bizim özümüzkülər, Cavidin, Cavadın, Müşfiqin... qələm yoldaşları oldu axı. Düzdür, kimsə etiraz edib deyə bilər ki, o şairlər, yazıçılar o vaxtkı qorxulu sistemin onlara diktə etdiklərini deməsəydilər, onların özlərinin də aqibətləri faciə ilə bitərdi. Mən əvvəllər bu fikrin doğru olduğu ilə hardasa razılaşırdım. Amma 37-ci ildə nəşr olunan mətbu orqanlarla tanış olandan, orada repressiya qurbanları haqqında sonralar ad-san qazanmış bəzi yazıçılarımızın yazılarını oxuyandan sonra nə qədər yanıldığımı başa düşdüm. Bunlar adi məqalələr, adi yazılar deyil, bu yazıların hər biri repressiya qurbanı olmuş o böyük şəxsiyyətlərimizin haqqında yazılmış ölüm hökmüdür. Yalanla, böhtanla dolu olan bu yazı müəlliflərinin qəlbində nə qədər kin, nə qədər küdurət ola bilərmiş, ilahi! Özü də kim kimə qarşı? Şair şairə qarşı, yazıçı yazıçıya qarşı, tənqidçi tənqidçiyə qarşı. Unudulmaz Yusif Səmədoğlunun "Qətl günü" romanını xatırlayırsınızmı? Yadelli hökmdar hücum etdiyi qalanı uzun müddət ala bilmir. Nəhayət, bir gün bu qəddar hökmdara xəbər verirlər ki, ala bilmədiyi qaladan iki nəfər şair onların tərəfinə keçib, qalanın gizli yolunu deyiblər. Qəddar, vahiməli hökmdar sevinir, üzü gülür, amma vəzirin dediyi növbəti xəbərdən onun üzündəki gülüş donur. Qalanın alınacağına vəsilə olan satqın şairlər onlara veriləcək qiymətli ənamlardan imtina edirlər. Gətirdikləri xəbərin müqabilində bu amansız hökmdardan qaladakı məşhur şairin başını istəyirlər... İstedada qibtə, paxıllıq bəlkə bizim xislətimizdədir?

 

Epiqrafı oxuyarkən yadıma, eyni zamanda Mehdi Hüseyn düşdü. Bəs onun ölümünə səbəb kim oldu? Bu sualın cavabı da çox təəssüf ki, ağrıdıcıdır. Bu sadaladığım üzücü hadisələri fikirləşdikcə Heydər Əliyevin böyük şəxsiyyətinə bir daha qibtə etdim. O nəinki şairi şairdən, yazıçını yazıçıdan qoruyurdu, o həm də yazıçılarımızı, şairlərimizi həbslərdən, təqiblərdən, nə bilim, təşkil olunmuş və bir qayda olaraq ölümlə nəticələnən "təsadüfi qəzalar"dan, məhrumiyyətlərdən qoruyurdu. Siz bu əsərinizdə "Ədəbiyyat və incəsənət" qəzetinin 3 illik fəaliyyətinin Mərkəzi Komitədə müzakirəsindən yazırsınız. Altı aydır redaktor təyin olunmuşunuz, amma qəzetin 3 illik fəaliyyəti müzakirə olunur. Və Yazıçılar İttifaqının birinci katibindən tutmuş ana dilini bilməyən laureat yazıçıya, qəzeti oxumayanlara qədər Sizin əleyhinizə danışırlar, Sizi ittiham edirlər. Heydər Əliyev Sizə imkan yaradır, danışırsınız, həqiqəti deyirsiniz. Yerdən xoşagəlməz replikalar olur. Amma Heydər Əliyev onların sözünü kəsir, Sizi müdafiə edir, qəzeti oxuduğunu deyir və qəzetin yaxşı çıxdığını bildirir... Sizi yazıçılardan qoruyur. Və yaxud "Kimin sualı var" poemasına olan hücumlar. Yazıçılar İttifaqında bu poemaya görə qurulan məhkəmə. Hətta Sizin həbs ediləcəyiniz barədə yaydıqları xəbərlər. Bu xəbərin rəhmətlik Sara xanıma vurduğu həm mənəvi, həm də cismani zərbə. Və rəhmətlik Həsən Əliyevin kişi hərəkəti. Redaksiyaya gəlib Yazıçılar İttifaqının rəhbərinə elədiyi zəng: "Əsərin parçalarını birinci (Heydər Əliyev) oxuyub və xoşu gəlib".

 

Həsən Əliyevlə bağlı bu riqqətedici sətirləri oxuyarkən yadıma atamla bağlı bir hadisə düşdü. Atamla Həsən müəllimin çox isti münasibətləri var idi, məktublaşırdılar. Həsən müəllim, xüsusilə hər bayramda teleqramla atamın bayramlarını təbrik edərdi. Atamın arxivində Həsən müəllimin özünün fotoaparatla çəkdiyi (təbiət mənzərələri) şəkillər var. Hər təzə kitabını avtoqrafla atama göndərərdi. 1970-ci illərin əvvəlləri idi. Atam Səməd Vurğun haqqında bir məqalə yazmışdı. Və həmin məqaləni redaksiyaya göndərmişdi. Elə həmin ərəfədə rayonumuza yeni birinci katib təyin etdilər. Təzə raykom katibi gələndən bir neçə gün sonra həmin məqalə çap olundu. Həmin məqalədə atam Səməd Vurğunun bir bənd şeirini misal gətirmişdi:

 

Yeridir bir məsəl desəm yadigar,

Deməsəm ürəyim sıxılacaqdır.

Birinci addımda lovğalananlar

İkinci addımda yıxılacaqdır.

 

Katibin ətrafında olan bəzi adamlar bu şeir parçasının ona, yəni təzə katibə işarə olduğunu dedilər. Və bu əcaib fikrə katibi inandıra bildilər... Sonra qanqaraldıcı, əsəb korlayan söz-söhbət, atama qarşı qərəzli münasibət... Həsən Əliyev bu hadisəni kimdənsə eşitmişdi və atamın gözləmədiyi halda, xəbərsiz olaraq bizə gəldi. O günü mən yaxşı xatırlayıram. Məşhur fotoaparatı əlində idi, həyətimizdəki qızıl güllərə baxırdı, atamla müxtəlif mövzulu söhbətlər edirdi. Sonra atamla birlikdə Salyan rayonunun ərazisində yerləşən qoruğa getdilər. Unudulmaz Həsən müəllimin Neftçalaya gəlməsindən, atamın qonağı olmasından rayonumuzun birinci katibi yalnız Həsən müəllim Bakıya gedəndən sonra xəbər tutdu. Bununla da Sizin yazdığınız kimi, mərəkə bitdi.

 

Hər bir azərbaycanlının boynunda ulu öndərimizin haqqı var. O, başqalarının sevincini öz sevinci bilirdi. Bir dəfə Süleyman Rüstəm bizdə olanda atama maraqlı bir hadisə danışdı. Dedi ki, 1975-ci ildə Süleyman Rəhimova Sosialist Əməyi Qəhrəmanı adı veriləndə SSRİ-nin müxtəlif şəhərlərindən olan yazıçılar Süleyman Rəhimovla mənim adımı dəyişik salıb, mənə təbrik teleqramları göndərdilər. Həmin ərəfədə hansı bir tədbirdəsə mən bu barədə Heydər Əliyevə deyəndə o, çox böyük bir nikbinliklə və əminliklə: "Sənə teleqram göndərən o yazıçıların təbriklərini gerçəkləşdirərik" dedi. Və bir neçə aydan sonra məhz Heydər Əliyevin səyilə mənə də Sosialist Əməyi Qəhrəmanı adı verildi. Belə faktlar istənilən qədərdir.

 

Vətənini sevən hər bir insan kimi rəhmətlik atam da Heydər Əliyev şəxsiyyətinə böyük hörmət bəsləyən şəxslərdən idi və Heydər Əliyev haqqında "Dünənin... sabahın... çağdaş dahisi" adlı çox maraqlı bir kitab yazıb çap etdirmişdi. Həmin kitabda atam rəhmətlik Bəxtiyar Vahabzadənin ona danışdığı belə bir hadisəni qələmə almışdı: "Şair (Bəxtiyar müəllim) xəstə nəvəsinin müalicəsi üçün çırpıntı içərisində Moskvaya gedişindən, çarəsiz qalıb mehmanxanadan Kremlə - Heydər Əliyevə zəng etməsindən, H.Əliyevin də dərhal mehmanxanaya öz xidməti maşınını göndərməsindən minnətdarlıqla danışdı.

 

- Kremldə - öz geniş kabinetində məni qarşılayan H.Əliyevin stoluna nəzər saldım, çeşidli kağızların uc tərəfində səliqə ilə yığılmış "Ədəbiyyat qəzeti"ni görəndə elə bil, gözlərimə işıq gəldi: buranın, doğrudanmı Kreml olduğuna daxili bir şübhə baş qaldırdı. Zəhmli Kreml və bizim "Ədəbiyyat qəzeti".

 

- Heyrət eləmə, Bəxtiyar, - dedi. - Məni yaxşı tanıyırsansa, heyrətlənməyə haqqın yoxdur... İndi bu yüksək etimad mənə qismət olubsa, mən bu inamdan, etibardan bütün ölkənin, ilk növbədə, Azərbaycanımızın çiçəklənməsi üçün istifadə etməliyəm, edirəm.

 

Respublikanın ümumi ovqatını, tanış ziyalıları soruşdu... Gəlişimin səbəbini bilən kimi dərhal SSRİ Səhiyyə Nazirinə zəng elədi və nəvəm üçün Moskvanın ən nümunəvi müalicə mərkəzində yer ayırdılar".

 

Ümummilli liderimiz, atamın yazdığı kimi, xəstə nəvəsinə görə çırpıntılar içərisində olan Bəxtiyar müəllimə o çətin günlərində dayaq durur, onun nəvəsini Moskvanın ən nümunəvi xəstəxanasında müalicə etdirir. Ulu öndərimizlə bağlı belə bir hadisə Sizin də həyatınızda olub. "Mənim ədəbi taleyim"də Siz bu barədə böyük minnətdarlıq hissilə yazırsınız. Moskvada rəhmətlik Zərifə Xanımın məzarını ziyarət edərkən Heydər Əliyev də gözlənilmədən oraya gəlir. Söhbət əsnasında Moskvaya gəlişinizin səbəbini soruşur. Siz Sara xanımın xəstə olduğunu, Moskva xəstəxanalarından birində müalicə olunduğunu deyirsiniz. Heç nə demir. Səhərisi gün Siz xəstəxanaya gələndə görürsünüz ki, Sizi axtarırlar. Heydər Əliyev Sizdən ayrılandan sonra Sara xanımın yatdığı xəstəxananın baş həkimi akademik Trapeznikova zəng edib, Sara xanımın vəziyyəti ilə maraqlanıb. Bu isə Sizin yazdığınız kimi, kifayət idi ki, tapılmayan dərmanlar tapılsın, xəstəyə xüsusi qayğı, diqqət göstərilsin.

 

Bu hadisə məşhur romantik yazıçıların insanın qəlbini riqqətə gətirən əsərlərindəki hadisələrə bənzəyir.

 

"Mənim ədəbi taleyim"də, elə həmin hissədə Siz Moskvada Zərifə xanımın məzarı başında ulu öndərimizə Zərifə xanıma həsr etdiyiniz şeirinizi oxuyursunuz. Heydər Əliyev şeiri alıb cibinə qoyur. Düz 11 il o şeirin taleyindən Sizin də xəbəriniz olmur. Heydər Əliyev 11 il o şeiri özündə saxlayır və 11 ildən sonra Zərifə xanıma həsr etdiyiniz şeirinizi "Azərbaycan qadını" jurnalında çap etdirir. Elə həmin ərəfədə Sizi Zərifə xanımın xatirəsinə həsr olunmuş mərasimə dəvət edir. Mən o mərasimə televiziyada baxmışam. Heydər Əliyev həmin yığıncaqda qələm sahibləri ilə - Mirvarid xanımla, Bəxtiyar Vahabzadə, Qabil, Anar, Fikrət Qoca və Sizinlə bir stol arxasında idi. Siz yazırsınız ki, həmin mərasimdə ulu öndər üçün Zərifə xanımın xatirəsinə həsr etdiyiniz ikinci şeiri oxumusunuz. Şeir ümummilli liderimizin xoşuna gəlir, Sizə təşəkkür edir və həmin şeiri Sizdən alıb qoltuq cibinə qoyur. Qələm yoldaşlarınız zarafatla deyirlər ki, yəqin cənab Prezident bu şeiri də səndən xəbərsiz çap etdirəcək. Amma çap etdirə bilmir. Çünki müalicə olunmaq üçün Klivlendə yola düşür. Mənim üçün çox maraqlıdır, həmin şeir Sizin yeddi cildliyinizdə varmı, varsa, hansı şeirdir? O şeiri çox oxumaq istərdim.

 

Ulu öndərlə Sizin qarşılıqlı münasibətiniz əsərdən də göründüyü kimi, qarşılıqlı olub. O, Sizin ədəbi taleyinizə nə qədər diqqətli idisə (Akademik teatrda "Hamlet" tamaşasının fasiləsi zamanı, çay süfrəsi arxasında ədəbiyyat-incəsənət xadimləri ilə səmimi söhbət zamanı ulu öndər Sizin "Atabəylər" əsərinizi xatırlayır - "Atabəylər" əsəri hər gün göstərilməlidir - deyir), Siz də ulu öndərə o qədər sədaqətli olmusunuz. Ümummilli lider o çətin vaxtlarda, Naxçıvandan Bakıya gələrkən təyyarə vağzalında onu qarşılamaq üçün 5 nəfər yazıçının adını çəkib. Ulu öndərimizi qarşılamağa o 5 nəfərdən yalnız 2 nəfər - Siz və rəhmətlik Bəxtiyar Vahabzadə gedib. Bu, o vaxt üçün həyatı təhlükəyə ata biləcək riskli, fəqət Vətənin gələcəyi naminə edilmiş mərd bir hərəkət idi.

 

"Mənim ədəbi taleyim"də Heydər Əliyevlə bağlı çox dəqiq bir müşahidəniz var. Yazırsınız ki: "Biz əvvəllər Azərbaycanda millətə bu qədər yaxın olan nə belə siyasi rəhbər, nə belə Mərkəzi Komitənin birinci katibi, nə də ziyalıları belə duyan, başa düşən, qoruyan KQB rəhbəri görmüşdük". Doğrudan da Sizin yazdığınız kimidir. Ulu öndər bir dəfə Naxçıvanda təntənəli bir iclasda böyük milli şairlərimiz Bəxtiyar Vahabzadə və Xəlil Rza haqqında danışdı. Bu böyük şairlərimizi həbslərdən, təqiblərdən necə qoruduğu haqqında söz açdı. Həqiqətən də "Gülüstan", "Apardı sellər Saranı"... və digər bu kimi o vaxtkı sistemin əleyhinə olan əsərlərin müəllifləri əgər min cür təqiblərə, xoşagəlməz "təsadüflərə" məruz qalmırdılarsa, bu yalnız Heydər Əliyevin sarsılmaz əzmi, böyük vətəndaşlığı sayəsində olurdu.

 

Siz "Mənim ədəbi taleyim" əsərində ulu öndəri "hamının köməyinə çatan insan" kimi xarakterizə edirsiniz. "Heydər Əliyevin məhəbbəti də nümunə idi" deyirsiniz. Mən bu sətirləri oxuyarkən yadıma yaxın keçmişimizdə televiziyada izlədiyim bəzi hadisələr düşdü: Tofiq Quliyev xəstəxanada müalicə olunur, Heydər Əliyev ona dəyməyə gəlir. Bəxtiyar Vahabzadə xəstəxanada yatır, Heydər Əliyev böyük şairin yanındadır. Yusif Səmədoğlu, Hökümə Billuri xəstəxanada xəstə yatırlar, Heydər Əliyev onların yatdıqları palatada, bu insanların başının üstündədir. Bunu hər ölkə başçısı bacarmır. Bəziləri istəsə belə bacara bilmir. Yaxşılıq etmək, insanlara gərək olmaq ulu öndərimizin fitrətində idi. O, mümkünsüzü mümkün edən, ağıla batmayanları belə həyata keçirə bilən çox güclü bir şəxsiyyət idi. Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Bakıya gətirilməsi (bu barədə Siz də yazmısınız) o vaxtkı SSRİ-də görünməmiş bir hadisə idi. O, mümkün olmayanı mümkün etmişdi.

 

Və nə yaxşı ki, möhtərəm Prezidentimiz İlham Əliyev ümummilli liderimizin o böyük işlərini ləyaqətlə davam etdirir. Böyük müğənni Müslüm Maqomayevin ölüm xəbərini Moskva televiziyasından eşitdim. Diktor qız Rusiya rəsmilərinin ünvanladığı nekroloqu oxuyandan sonra bildirdi ki, M.Maqomayev Moskvada dəfn olunacaq. Amma cənab Prezident İlham Əliyev buna imkan vermədi. Böyük azərbaycanlımızı, dünyanın sevdiyi M.Maqomayevin nəşini öz vətəninə, Bakıya gətirdi. M.Maqomayev çox böyük bir ehtiramla (onun dəfnində nə qədər insan iştirak edirdi) Bakıda, Fəxri xiyabanda dəfn olundu.

 

Yuxarıda da yazdığım kimi, Heydər Əliyev güclü, uzaqgörən, müdrik siyasi xadim idi. Onun həmişə qətiyyət ifadə edən səsi yalnız bir dəfə titrəyib, Səməd Vurğunun "Azərbaycan" şeirini söyləyərkən. O şeirə Heydər Əliyevin səsində Siz də, bütün Azərbaycan xalqı da dönə-dönə qulaq asıb. Bu, vətənini canından çox sevən insanlara məxsus müqəddəs, ali, ibrətamiz bir hadisədir.

 

"Mənim ədəbi taleyim" əsəriniz haqqında təəssüratlarım olduqca çoxdur. Mən yalnız onların bir qismini yaza bildim. Yuxarıda da yazdığım kimi, Sizin taleyinizdə həlledici rol oynayan işıqlı insanlar olub. Bu əsər həmin insanlardan birinə, Heydər Əliyevə həsr olunub. Sizin həyatınızda müstəsna rol oynayan Mir Cəlal müəllim haqqında da xeyli yazılarınız var. Çıxışlarınızda, yazılarınızda, intervülərinizdə o böyük müəlliminizi həmişə sonsuz sevgi ilə xatırlayırsınız. Sizinlə bir telefon danışığımda Siz deyəndə ki: "Mir Cəlal müəllim haqqında, onun böyük insanlığı haqqında həmişə danışmışam, ömrümün sonuna qədər də danışacağam" - mən kövrəldim. Yaxşılıq itmir deyirlər. O yaxşılıqları yaşatdığınıza görə mən Sizə təşəkkür edirəm, Nəriman əmi.

 

Mənim üçün çox maraqlıdır, Siz xatirələrinizi yazırsınızmı? Axı, Sizin çox maraqlı, enişli-yoxuşlu, acılı-şirinli, ibrətamiz bir taleyiniz, həyatınız olub. Uşaqlığınız, Gəncə tələbəlik illəri, Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxuduğunuz illər, "Ədəbiyyat və incəsənət" qəzetində baş redaktor olduğunuz dövr, ictimai-siyasi fəaliyyətiniz və həyatınızda qarşılaşdığınız ABİDƏ İNSANLARIMIZ: Heydər Əliyev, Mir Cəlal, Nazim Hikmət, Rəsul Rza, Nigar xanım, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz... Əgər xatirələrinizi (düzdür, bu xatirələrinizin böyük bir qismini ayrı-ayrı yazılarınızda qələmə almısınız, amma təbii ki, demədikləriniz, yazmadıqlarınız da var) yazsaydınız, əminəm ki, çox maraqlı, çox qiymətli bir kitab olardı.

 

Allah Sizə uzun ömür versin... Bütün işlərinizi, arzularınızı həyata keçirməyə bəs edəcək qədər məsud, sağlam bir ömür.

 

Sizin Etibar İmamverdi oğlu Əbilov.

 

27 aprel 2017-ci il.

 

525-ci qəzet.- 2017.- 16 may.- S.7.