General
rütbəsini elmə qurban verən fədai
"Əgər qardaşlarım gəlib
çıxmasalar, onda
nəyim varsa, T.Levitskiyə qoyub gedirəm. Mənə uzun müddətli sədaqətli xidmətinə
görə Severina Vilkoşinskayaya üç
yüz zlot, Teodozi Krulyovaya yüz zlot, Olqa Voşçaka - mənim şagirdimə bir kitab və
istədiyi üç
qramafon val verərsiniz".
1943-cü
il... Aclıq və
səfalətin hökm
sürdüyü müharibə
illərində bir zamanların tanınmış
hərbçisi, general-mayoru
ölüm ayağında
bu sözləri yazır. Yaşadığı
daxma (əslində, zirzəmi) vətəndən
çox uzaqda, soyuq Lvovdadır... Ömrünün son illərində burnunun ucu göynədiyi
vətəndən, yaxınlarından
heç bir xəbər tuta bilmir. Həsrətlə qardaşlarının yolunu gözləyir.
Ukraynalı tələbələri ağır xəstəliyə
tuş gələn bu şəxs üçün əllərindən
gələni etsələr
də, o, aclıqdan, soyuqdan, səfalətdən
yox, məhz vətənsizlikdən dünyasını
dəyişir.
Söhbət Azərbaycan Xalq Cümhuriyyətinin 21 generalından
biri, milli hökumətdə daxili işlər nazirinin müavini olmuş
general-mayor, Ukraynanın Lvov Universitetinin professoru Məmmədsadıq bəy
Ağabəyzadədən gedir.
Həyatda gördüyü ağrı-acılar
azmış kimi, ölümündən sonra
da onun şəxsiyyətinə
laqeyd münasibət göstərilib. Bəziləri onu 21 AXC generalı
arasında ən zəif hərbi potensiala malik kadr kimi qələmə
verir. Amma azərbaycanlıların hərbi
xidmətə çağırılmadığı
dönəmdə çox
az müddətdə
çar ordusunun "əjdaha"ları arasında
general rütbəsinə qədər
yüksələn Sadıq
bəyi milli hökumətə birbaşa
nazir müavini kimi işə dəvət edilib. O, polis və güc orqanlarında müəyyən
islahatlar apara bilib. Amerika prezidentinin gənc
Azərbaycan dövlətinə
göndərdiyi şəxsi
nümayəndəsi olan
generalı da məhz Sadıq bəy qarşılayıb.
Həmin
general da Hacı Zeynalabdin Tağıyevin evində bütün rəhbərləri bir qırağa qoyaraq ancaq onun sağlığına
badə qaldırıb.
Qəhrəmanımızın qısa bioqrafiyası belədir:
"Sadıq bəy Ağabəyzadə 1865-ci il mart ayının
15-də Bakı quberniyasının
Göyçay şəhərində
dünyaya gəlib. 1883-cü ildə Bakı real məktəbini
bitirib. Məktəbi bitirdikdən sonra
Peterburq şəhərində
II Konstantinov hərbi məktəbinə daxil olub.
1886-cı
ildə, Qafqazda podporuçik (çar ordusunda hərbi rütbə) rütbəsində
xidmət etməyə
başlayıb, 10 il keçdikdən sonra - 1896-cı ildə imtahanlarını müvəffəqiyyətlə
verərək, Sankt-Peterburq
şəhərində Şərq
Dilləri İnstitutuna
qəbul olur. Həmin institutu bitirdikdən sonra, 1899-cu ildə hərbi xidmət keçmək üçün
Türküstan vilayətinə
göndərilib.
1913-cü ildə Sadıq
bəy xəstəliyinə
görə general-mayor rütbəsində
istefaya çıxıb".
Amma yuxarıdakı bioqrafiyada
böyük bir kəsir var: orada Sadıq bəy (rəsmi adı Məmmədsadıq
olsa da, hamı onu bu
cür adlandırıb)
yalnız hərbçi
kimi göstərilib. Amma
general-mayor kimi yüksək
rütbəli zabit olmasına və AXC-də nazir müavini
kimi fəaliyyət göstərməsinə baxmayaraq,
Sadıq bəyin əsas işi elm olub. Elmə, Şərq dünyasına
çox bağlı olan Sadıq bəy hərbçi kimi yollandığı ərazilərin tarixini, folklor və etnoqrafiyasını da öyrənirdi. Bir yandan
ağır döyüşlər,
bir yandan da xəstəlik məngənəsində qıvrılsa
da, bu sevimli
işindən ayrı
qalmır.
Çar ordusunun Türkmənistana
xidmətə göndərdiyi
zabit orada türklərin tarixi rəvayətlərini, dastanlarını,
əsatirlərini toplayır. Topladığı materialları bir yerə yığaraq
"Türkmən ləhcəsi"
adlı dərslik tərtib edir. Şərq elmləri, türk tarixi üzərində araşdırmalar onu hərbdən get-gedə soyudub. Nəhayət,
o, 1913-cü ildə Türkmənistandan
başqa yerə təyinat alan zaman istefa vermək qərarına gəlir. Bu zaman
48 yaşlı zabit artıq rus ordusunun tək-tük türk generallarından biri idi.
Deyilənlərə görə, Sadıq bəy çox cılız-cansız
bir adam
olub. Rus ordusunda qafqazlı
generallar fiziki göstəricilərinə görə
hamısından fərqlənirdilər.
Lakin uşaqlıqdan xeyli məhrumiyyətlər yaşayan
Sadıq bəy yalnız strateqlik bacarığına, hərbi
strategiya və taktikaları yaxşı bildiyi üçün orduda irəli gedə bilir. Demək, burada da ona
elm kömək olub.
Şərqi dərindən bilən
zabitin əlindən yenə də bu qədim hikmət
diyarı tutub.
O, bəlkə də,
Şərqin hərb tarixindən bildiklərini,
rus ordusunda tətbiq etməklə
"canavarlar" içində
general rütbəsinə qədər
qalxmışdı. Kim bilir...
Amma xaraktercə
çox güclü idi. Bunu iki faktla göstərə bilərik: Məsələn, 1914-cü ildə
Birinci Dünya Müharibəsi başlayan
zaman əslində istefa vermiş general bunu özünə sığışdıra bilmir.
Yenidən orduya qayıdır.
Xəstəliklərlə çarpışa-çarpışa
iki il
bu orduda döyüşür. Lakin 1916-cı ildə mübarizə gücünün tükəndiyini
görüb yenidən
istefa verir.
İki il müalicə
aldıqdan sonra özünə gəlir. Lakin iki ildən
sonra, yəni 1918-ci ildə möhtəşəm
tarixi hadisə baş verir: Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti qurulur. İstefada olan generala Rəsulzadə
hökumətinin çox
böyük ehtiyacı
olur. Sadıq bəy bu təklifi
geri çevirmir və daxili işlər nazirinin müavini vəzifəsini
qəbul edir.
Lakin əlahəzrət
səhhət yenə də təcrübəli kadrın işləməsinə
imkan vermir. O, qısa
müddətdən sonra
istefa verir və xəstəliklə
mübarizə apardığı
ömrünü elmə
həsr edir. Bu həm də
onu xilas etmiş olur. 1920-ci ildə AXC süquta
uğradıqdan sonra bir çox cümhuriyyətçi nazir
və vəzifəli şəxslər bolşeviklər
tərəfindən öldürülür
və həbs edilir. Bəziləri isə məcburiyyətdən
ölkəni tərk etməli olurlar. Amma bu zaman Sadıq
bəy gözdən uzaqda qalır. Nəhayət, 1927-ci ildə Lvov universitetinin professoru Ziqmund Smoqjevskinin dəvəti ilə orada işləməyə
başlayır. O, ərəb,
fars, türk
dillərindən dərs
deyir, İslam paleoqrafiyasını, epiqrafiyasını
və kaliqrafiyasını
tədris edir.
Tələbələrə özünün vaxtilə
general-mayor, nazir müavini
olması barəsində
heç nə demirdi. Hamı Sadıq bəyi
məhz buna görə sevirdi.
1944-cü ildə uzun
sürən ağır
xəstəlikdən vəfat
edir. Onu iki nəfər tələbəsi
Lvov qəbiristanlığında dəfn edir...
Firayə ALLAHVERDİYEVA
BDU-nun jurnalistika fakültəsinin
IV kurs tələbəsi
525-ci qəzet.-2017.-17 may.-S.8.