"Könüldən-könülə yollar görünür"

 

AŞIQLAR BİRLİYİ MOLLA PƏNAH VAQİFİN 300 İLLİYİNİ QEYD EDİB

 

Mayın 15-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı ilə Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş "Könüldən-könülə yollar görünür" adlı tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan AAB-nin sədri, folklorşünas, professor Məhərrəm Qasımlı Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi ilə bağlı ölkə Prezidentinin sərəncamını xatırladıb qeyd edib ki, bu tədbir həmin silsilədəndir:

 

"Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi UNESCO-nun "2016-2017-ci illər üçün görkəmli şəxslərin əlamətdar hadisələrin yubileyləri proqramı"na daxil edilib.

 

Şairin yubileyi prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, ölkəmizin hər yerində təntənə ilə qeyd edilməkdədir. Biz Aşıqlar Birliyi olaraq, bu əlamətdar hadisəni qeyd etməyə bilməzdik. Vaqifin poeziyası 200-300 il əvvəl yaransa da, çox şeirində bu günkü Azərbaycanın ovqatı hiss olunur. Onun şeirlərində bir tərəfdən Azərbaycanın poetik xəritəsi, ikinci tərəfdən hadisələrə gerçəkçi münasibəti görünür. Təsadüfi deyil ki, Vaqif ədəbiyyatımızda erkən realist ədəbiyyatın yaradıcısı hesab olunur. Onun şeirlərindən hiss olunur ki, o, aşıq havalarını yaxşı bilməklə bərabər, özü saz çalmağı bacarırmış. Vaqifin şeir dili bizim gələcək nəsillərimizə əmanət qoyacağımız bir abidədir".

 

Gənc folklorşünas İlhamə Qəsəbovanın apardığı konsert proqramını Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi "Çeşmə" Folklor qrupu "Ovşarı" havası ilə açıb. Onların ardınca aşıqlardan Urfan Əli, Samirə Əliyeva, Əli Tapdıqoğlu, Altay Məmmədli, Ulduz Sönməz, Ədalət Dəlidağlı, Nemət Qasımlı, Ramin Qarayev, Əhliman Şirvanlı, Solmaz Kosayeva başqaları çıxış ediblər.

 

Gecə "Çeşmə" Folklor qrupunun ifasında "Müxəmməs" havası ilə yekunlaşıb.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2017.-17 may.-S.2.