Bakı Xoreoqrafiya Akademiyasında Xalq yazıçısı anıldı

 

Bakı Xoreoqrafiya Akademiyasının Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 103 illiyinə həsr olunmuş "Siz həmişə bizimləsiniz" adlı ədəbi-bədii gecə keçirilib.

 

Tədbirdə yazıçının həyat və yaradıcılığından geniş söz açılaraq, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışılıb.

 

Tədbirdə ədibin qələminə məxsus "Unuda bilmirəm", "Sən həmişə mənimləsən"  televiziya tamaşalarından fraqmentlər, akademiyanın tələbələri Fərid Əzizov, Arzu Əsədova, Fatimə Əlimova və Elvin Nurinin ifalarında isə "Mənim günahım", "Mahnı dağlarda qaldı", "Xurşidbanu Natəvan" pyeslərindən səhnələr nümayiş etdirilib.

 

Akademiyanın orta ixtisas (kollec) pilləsinin III kurs tələbəsi, Azərbaycan Yazıçılar Birliyinin Gənc ədiblər məktəbinin üzvü Elvin Nuri dahi yazıçıya həsr etdiyi "Mahnısı dağlarda qalan sənətkar" şerini səsləndirib.

 

Sonda Xalq artisti Ağaxan Salmanlı və Bakı Xoreoqrafiya Akademiyasının Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Vəfa Əliyev çıxış edərək ədibin Azərbaycan ədəbiyyatı tarixindəki rolundan söz açıblar. 

 

525-ci qəzet.-2017.-18 may.-S.7.