Sonu olmayan ricətlər...
- (Esse)
Mehman QARAXANOĞLU
Salam, Oxu, - xilasım mənim...
Ürəyimə
yatıb oxumağa macal tapa bilmədiyim kitabı çox zaman
özümlə gəzdirirəm, sanki kitab da buna can atır,
ta o vaxtacan ki, oxu prosesi başa çatdı.
"Oxu"ya
"proses" demək, nə bilim, vallah, nəsə qəribə
gəlir adama. Bəzən sözlərdə əndazəsiz
bir şuxluq olur, əvvəl keçirlər önə, sonra
başlayırlar durduğu yerlər haqda düşünməyə...
Kamal Abdullanın "Kitabi-Dədə Qorqud"un
poetikasına giriş" kitabı da dediyim taleyi
yaşayır, hara gedirəmsə, mənimlədir. Evdə, məktəbdə,
kafelərdə! 60 yaşımla bağlı
başım çox qarışıb. Dostlar
sağ olsun, lap "yubiley"ə çevirdilər. Gəldilər,
getdilər, gəlirlər, gedirlər... Hələ gəlib
getmək üçün gözəl bir bəhanə də
uydurublar: Yubiley ilboyu olur! Belə
çıxır ki, hələ çox gəlib gedəcəklər.
Hər şey gözəldir! Təki gəlsinlər! Yeni fikir
deyil, gözəl dostlar həm də peşəkar vaxt
oğrularıdır - ayılıb görürsən ki,
çırpışdırdılar e...
Bu gün də kitab mənimlə qonşu kəndə
gedəcək.
"Səyahət zamanı" vərəqləyib
istənilən yerdən oxuyaram. Hələ
də sistemli başlamağa vaxtım olmayıb. Amma halım kitabın strukturu ilə uyuşur, kitab
da anaxronik - zahirən bir-biri ilə əlaqəsi olmayan mətnlərdən
biçilib. Özümü xilas edə
bildimmi?!
Şairləri
tarixə yaxın qoymayın...
Canbatisto
Vikonun (1668-1744) sözləri kitaba epiqraf seçilib:
"İnsanlıq tarixini Şairlər yazmağa
başladı". And içə bilərəm
ki, Viko da özünü xilas etmək istəyib. Kamal
Abdulla da yeni
kitabı ilə Yazıya son qoymaq, biryolluq qurtulmaq, qurtulmaq istəyir.
(Bunu dilə gətirməsə də!) Öz Kitabını yaradan Dədə Qorqud da bu
halı yaşayıb. Amma... Və lakin Kamal Abdullanın
xoşbəxtliyi ondadır ki, o bizi xəbərdar eləyib:
"Mənə əyan oldu ki, bu kitabın
yazılışı bitməyəcək" ("Mifdən
Yazıya və yaxud Gizli Dədə Qorqud" Bakı, 2009, səh:
11). Bax, sirr bu "əyan" kəlməsindədir.
Bu saniyə mənə də əyan oldu ki,
insanlıq tarixini şairlər yazdığından bu tarix
heç bir zaman bitməyəcək. Bu,
yaxşı haldımı?! Sonda
cavablandıracağıq. Bir şərtlə, əgər
Mətndə "son"un yerini mənə
desəniz...
Əsər
"Kitabi-Dədə Qorqud"un poetikası" da ola bilərdi. Çünki
müəllif bu adı haqq eləyib. Amma o, daha
iddiasız bir variant seçir: "Kitabi-Dədə
Qorqud" poetikasına giriş". Desək
ki, "giriş" sözü ilk dəfə metafizik məna
ilə dolur, yanılmarıq. Əslində
bütün çabalarımız girişdi, vəssalam.
Lap Eyneşteynin nisbilik, Lütfüzadənin qeyri-səlis məntiq
nəzəriyyəsi də dünyadərkimizin bir kodu,
şifrəsi, girişi ola bilər. Bununla
müəllif təkcə özünü "xilas etmir",
həm də "Dədə Qorqud" poetikasının nəhayətsizliyini
və vaxtilə Yazının heç bir zaman bitməyəcəyi
ilə bağlı verdiyi vədə sadiqliyini nümayiş
etdirir. Burada "özünüqoruma"
instinkti də rol oynayır - ən yaxşı halda, niyə
haqsız hücumlara tuş gələsən?!
Müəllif "poetik" sözünün əvvəlinə
bir "bədii" sözünü də əlavə edərək
"Dədə Qorqud"da proza ilə poeziyanın vəhdətdə
olduğunu diqqətə çatdırır. Belə: Bədiipoetik. Həm də tədqiqatın sərhədsizliyinə
aid mesaj verir. Bədiipoetizm ilkin
variantdır. Bir az da primitiv. Amma qədimliklərə gedib
çıxdığına görə əntiqdir.
Sonu
olmayan ricətlər...
Azərbaycan
ədəbiyyatşünaslığında yeri gəldi, gəlmədi
nəsrin və dramaturji materialın lirizmindən, poetikasından
yetərincə danışılıb. Lirik-psixoloji
təhkiyə tərzi, üslubi-poetik özəlliklər,
sintaktik biçimlər və emosional-psixoloji ovqat daha
çox qabardılıb. Hətta folklor
süjetləri və intonasiyası da bu sıraya daxil edilib.
Bədii təsvir vasitələri ilə "bəzədilmiş"
xırda bir mətn də bəzən poetik nümunə kimi qələmə
verilib. Bu yazılarda az qala
"poetika" fiziksəl görüntülü əcaib bir
varlığa dönüşüb. Həqiqətənmi
poeziya (Və ya poetizm!) təkcə görünəndi?
Primitiv bir düşüncə ampulasında: Hə! Kosmik
anlamda isə: Yox! Və yenə də: Yox!
Kamal
Abdullanın yeni kitabı heyrətamiz elmi improvizələr və
hissi-analitik təhlillərlə dünya ədəbi-mədəni-elmi
kontekstində məhz bu "Yox"un Var
Oluşunu sübutlayır. Özü də "görünənlərdən
çox-çox güclü olan görünməyənlərin
əlaqələri" (Heraklit) fonunda! Bax, bu
sonuncu fikir müəllifin özünü də əndişələndirib
- bəlkə, oxucu kitabı başa düşə bilmədi?!
Narahat olmağa dəyər! Kitab, həqiqətən,
belə bir qorxunu maddiləşdirir. 12-ci ricətdə
(səh: 56) müəllif, O.Şpenqlerdən belə bir sitat gətirir:
"Dünyəvi qorxu hissi özündə həm də
yaradıcılıq məqamını gizlədir və bu
hiss bütün ilkin hisslərdən ən yaradıcı
olanıdır". Bu dəqiqə özüm
də bu hissi yaşayıram. Nə yaxşı ki, Kamal
Abdulla sanki mənim məlumatsızlığımı nəzərə
alıb yazır: "Qorxu və Təəccüb. Yaxud Təəccüb və Qorxu. Yaxud
bunların hər ikisi bir yerdə, bir-birinin içində..."
(12-ci ricət, səh: 56). Kitab önündə
Qorxu və Təəccübümü gizlətmirəm.
Zənnimcə, müəllifin elmi və bədii
yaradıcılığına az-çox bələd olan hər
bir oxucu bu qorxu hissini yaşayar. Çünki
Kamal Abdulla mətnləri çox mürəkkəb və qəliz
struktura malikdir. Onlar Birun və Əndərundan
biçilib. Çox zaman Birunun içində Əndərun,
Əndərun içində Birun... (Bax: "Düma ilə
Coys arasında" səh: 21) Anaxronikdir. Labirintvaridir. Labirintdən
çıxmaq üçün hökmən Ariadna ipi gərəkdir.
Bunsuz mümkün deyildir. Lakin o da var ki, bəzən
heç bu ip də kömək etmir...
Nəhayət, bu sirli və zəngin şəhərə
- Kitaba daxil olmaq üçün ricətlər mənə
ipucu verdilər. Kitabda ricətlər nömrələnməyib,
yəni onların sayı dəqiq göstərilməyib.
Onları sayıb nömrələdim və
hansı səhifədə olduğunu müəyyənləşdirdim.
Beləcə, qırx yeddi ricəti bir-birinin
ucuna bağlayıb uzun bir ip düzəltdim. Yaxud kəndir. İndi Mətnə enmək
olar! İçimdəki qorxunu dəf etmək
üçün mətnlə və ya müəlliflə
danışmaq zamanı gəldi. Çünki
"fəlsəfənin işi qadağalar qoymaqdan ibarət
deyil. Fəlsəfənin məqsədi
ortaq ağlın təlqin etdiklərini həll etməkdən
ibarətdir". (İ.Kant). Düşünürəm
ki, müəllif və ya Mətnlə söhbətim tutacaq...
Amma bir həqiqəti öncədən demək istəyirəm:
Əlahiddə şair, yazıçı dilçi, ədəbiyyatşünas
alim-semiotik Kamal Abdulla yoxdur. Bunlar hamısı
bir-birinin içindədir. Birun və
Əndərun kimi. Onun mətnlərində bir bumeranq
effekti vardır - dünyanı gəzib dolaşandan sonra
başlanğıc nöqtəsinə qayıdır, yaxud
özünü elə göstərir ki, qayıdıb...
Niyə məhz ricətlərdən başladıq?! (Məgər
ricətlərdən başlamışam?!) Ərəb
dilindən tərcümədə "qayıdış"
anlamını verən "ricət" sözü Kamal
Abdulla mətnlərində çox sirli, mübhəm mətləbləri
ehtiva edir. Labirintli ricət, kriminal ricət,
lirik ricət, düşündürücü ricət, adi ricət,
fonetik ricət, "multikultural" ricət, musiqili ricət və
s. Bunlar "Düma ilə Coys arasında"
kitabındandır. "Ricət"in
başqa bir anlamı "haşiyə", "kənaraçıxma"dır.
Obrazlı desək, Kamal Abdullada kənaraçıxmalar
həmişə olub. O, heç zaman mövcud qəliblərə
sığmayıb. Demək, "ricət"
sözü onun mətnlərinə həm də bir qiyam,
üsyan, etiraz havası gətirir. Bu, bir.
İkincisi, "ricət" onun mətnlərinin
partlayış anıdır. Mətndaxili
enerjinin dışa sıçrayış məqamıdır.
Sonsuz qəlpələrdən, tutaq ki, bircəsinin
"yaxalanıb" adlandırılmasıdır. "Kriminal ricət" kimi. Qorxulu
səslənir, elə deyilmi?! Bunun
arxasınca isə "Ricətin sonu" gəlir.
"Ricətin sonu" o deməkdir ki,
"dağıdıcı" enerjini - və ya Divi, Cini yenidən
şüşəyə yığıb qapağı qoydum. Lakin bu, ədəbi ilğımdan, blefdən,
aldanışdan, qısası, oxucunu "sakitləşdirməkdən"
başqa bir şey deyildir.
Və təkrarən Hər Şey o "son"dan sonra
yenə başlanır...
İlk
ricətdə (səh: 10) Canbatisto Viko ilə Fridrix
Şellinqin (1775-1854) Homer haqqında fikirləri
xatırlanır.Vikoya görə "İlliada"nın müəllifi Homerlə və
"Odisseya"nın müəllifi Homeri çox əsrlər
ayırır. F.Şellinq isə Homeri
epoxanın təcəssümü hesab edir. Kamal Abdulla "hazır" formulları Dədə
Qorquda tətbiq edəcəyini bəyan edir.
47-ci,
sonuncu ricətdə isə (səh: 239) Homer
dövrünün axtarışlarını aparmış
alman arxeoloqu Henrix Şlimanın (1822-1890) əslində
Troyanı deyil, məhz illər uzunu arzuladığını
tapmasından söhbət gedir. Bunların
arasında fərqin böyük olduğu vurğulanır.
Fərqin miqyası: Həqiqətdən fantoma qədər.
Biz isə deyirik: Həqiqətin özü də fantomdur.
Gözümüzə görünür və yox olur! Dədə
Qoqud həqiqətləri kimi...
Kamal Abdulla da Şlimana oxşayır. O, Gizli Dədə Qorqudu
deyil, arzuladığı və bütün ruhu ilə can
atdığı "aşkar" bir İtiyin arxasınca
düşüb. Həmin İtiyi Troya da
adlandırmaq oar. O, öz Troyasını tapmayınca
Kitabdan qopmayacaq. Sizcə, Troya mövcuddurmu?!
Mövcud olmayanı axtarmaq ehtirası onu "Dansökülən"dən
"Qürub"a atır.
"Günortac" hər ikisinin arasında bir bitiş
nöqtəsidir...
"Doğru olan nədir, Qazan?! Doğru olanı
söylərsən, yeni-yeni bəlalar gətirərsən qara
başına, bilməzmisən?!"
("Yarımçıq əlyazma", Bakı, Mütərcim-
2012, səh: 41). Həqiqəti söyləsək,
işıqlarımız sönəcək. Bunu işıq idarəsinin işçisi edəcək.
Çox rahat, işıq dirəyinə
qalxıb evimizə gələn xətti kəsəcək.
Amma Qardaş, sənin həqiqətin onu işıq dirəyinə
qaldıracaq! Həm də o dirək insanla işıqlanacaq!
Müəllifin
işinə mətn də "müdaxilə" edir (46-ci
ricət, səh:231). Heç
mətn də həqiqətin deyilməsini istəmir. Ona görə də müəllif ləngiyir.
Autentik - gerçək, əsl, lap sənədlə təsdiqlənmiş
mətnin qarşısında müəllifin duruş gətirməsi
çətindir. Belə mətnlər müəllifi
"itələyir". Uzun illərdir ki, Kamal Abdulla ilə
"Dədə Qorqud" arasında həm gizli "sövdələşmələr",
həm də amansız savaşlar gedir. Bunlar mətndə və
mətndənkənar baş verir. (Və
ya zamandankənar!) "Gizli Dədə Qorqud",
"Yarımçıq əlyazma", "Mifdən
Yazıya..." və sözügedən kitab fikrimizi
sübut edir. Müəllif oxucunu
"natamamlığı bütövləşdirdiyinə"
inandırır. Nə fayda?! Natamamlıq artıq öz damğasını vurub.
Təkcə "Yarımçıq əlyazma" deyil,
adıçəkilən kitablar da yarımçıq olaraq
qalır. Budur, müəllif daha ağır bir
işin altına verib çiyinlərini. Yenə
də nəyisə tamamlayacağına inanır. Onu heç "giriş" də xilas edə
bilmir. Hər dəfə qədimliyə
"toxunanda" nəyisə "zədələyir".
Və mətnin də gözlənilən
müdaxiləsi başlanır. Bir sözlə, yeni kitab
köhnə savaşın davamıdır...
"Dədə Qorqud" yaşamımızı
simvollaşdırır. Kiçik bir nümunə: Hər gün elə
cavablarla rastlaşırıq ki, onların suallarını
bugünəcən "gördüm!" deyən yoxdur. Bəs bu suallar harada ölüb? Özüm sərt
deyirəm! Məs, tez-tez təkrarlanan
"hamımız öləcəyik!" kimi. Və ya Kitabdakı "Çıxan can geri
dönməz" hökm-cavabını xatırlayaq.
(38-ci ricət, səh: 188). Kamal Abdulla bəyan edir: "Mətnxarici"
sualları "bərpa etməklə" biz, əslində,
Dədə Qorqud dərslərini, daha dərindən
götürsək, qədim kahin ritualını bərpa
etmiş oluruq". (səh: 188) Biz isə
deyirik: Belə hazır hökm-cavablar bizə mane olur. İstəyirik
ki, o cümlə bu cür olsun: Çıxan can geri dönər...
Geri dönüşümüzə inam
yaşamağımıza kömək edər. Və bu yerdə müəlliflə biz də
"savaşmaq istəyirik". Dədə Qorqudun mətnxarici
suallarını bərpa etməyək, o qata enməyək,
çünki ora ensək, o qat bizi daha çox
darıxdıracaq...
Homer öz poemalarında başqa bir dilin
mövcudluğundan danışır. Homerə görə
bu, Allahların Dili idi. C.Viko belə
düşünür. (30-cu ricət, səh:135-136). Bəs Kamal Abdulla?!
Əgər Allahların Dili hesabına sinonimlər
yaranmırsa, bu fikrin elmiliyinə inanmaq olmaz. (səh:136). Bu da onun qənaətidir.
Biz bir qədər başqa cür
düşünürük. "Allahların Dili"
ifadəsini kosmik anlamda götürmək gərək! Hər bir böyük sənətkarın ən
azından iki dili olmalıdır. Məhz
ikinci dil - Allahların Dili vəhy olunan dildir. O dil olmasa,
yazıçı, sehrbaza, cadugərə, masterə və s.
çevrilə bilməz. Kamal Abdulla özü də çevrilmələr səltənətindədir.
Bunlar isə Dillə hasilə gəlir. Onun sükutu da özgə bir dilin - sükutun dilindən
xəbər verir. "Tək əldən
sükutun səsinin gəldiyini" o illər öncəsi
söyləyib. "Sehirbazlar dərəsi"ndə susan sözlərin danışan sözlərdən
qat-qat çox olması da bunu işarətləyir. "Yarımçıq əlyazma" romanında
isə tamam "ayrı" bir Dili görmüşdük.
"Unutmağa kimsə yox" Azərbaycan nəsrində
İlk və hələ ki, Son möhtəşəm Poeziya
Kitabımızdır. Burada poeziyanın ölməz
atributları: Sükut, Ölüm, Ruh, Sevgi, Qadın,
Ağac, Külək, Yazı, havada dolaşan Mistik Ətir, Pərdə
və bütün bunların antik Virdi ustacasına verilir!
"Unutmağa kimsə yox..." yorğun Allahların
məhz Dildə dincəlməsini təkzibolunmaz poetik faktlarla
ortaya qoyur.
Hadisələrin Üfüqündən Möhtəşəm
Anəng - məhz Dil-Allah görünür!!!
"Kitabi-Dədə Qorqud poetikasına giriş"də təsvir olunan başlıca məkanı müəyyənləşdirək! Müəllif bu işdə özü bizə kömək edir. Məkan - poetik dansöküləndir, yəni ilkin autentik mif. Yaxud tarixəqədərki (kosmoloji) mifoloji mətnlərlə mifin kalassik dövrü arasında körpü rolunu oynayan arxaik bədiipoetik vasitə və ünsürlər. Və yaxud mif dövrünün mətni Dəşti-Müstəqimiyyə ilə yazı dövrünün mətni Dəşti-Məcaziyyə! Buradan isə Füzulinin "Şəbi-hicran" və Cavidin "Gülbahar"ına yol var. Bu məsafəni mif yaradıcılığı dövründən mif təsvirinə qədərki dövr də adlandırmaq olar. (11-cu ricət, səh: 54).
Tədqiqatın predmetini konkret olaraq göstərmək qeyri-mümkündür. Dərinliklərə endikcə işin kökü, gövdəsi (mətndə dansöküləni - M.Q) böyüyür. Aysberq şəklini alır. Sonra tədricən aysberqin üst qatındakı şüalanmalar aşağıya axır. Və üst qatla alt qat sanki yerlərini dəyişir. Aysberqin nəhəng kövdəsini görərkən insanın keçirdiyi hisslərə bənzər hiss keçirirsən...
Anaxronik mətndə gərək olan laya enib ədəbi-elmi araşdırmalar - kəşfiyyat işlərini aparmaq, özəl cəhətləri seçib ayırmaq, mətnin seysmik gücünü, potensialını Kosmosla Xaos müstəvisində müəyyən etmək və bütün bunların fonunda qonşu yataqlara xətər toxundurmamaq müəllifdən zərgər dəqiqliyi, səbr və təmkin tələb edir və son dərəcə ağır bir işdir. Amma Kamal Abdulla bu işin öhdəsindən ustalıqla gəlir. O, yeri gəldikdə Azərbaycan və türk qorqudşünaslarının, rus və dünya mifoloqları və mədəniyyətşünaslarının fikirlərinə istinad edir, öz elmi qənaətlərini onlarla sintezdə verərək fərqli yanaşmalar ortaya qoyur, hətta bəzi hallarda roman və hekayə modellərini tədqiqat işinə transfer edir.
"Kitabi-Dədə Qorqud poetikasına giriş" Azərbaycan ədəbiyyatşünaslığında, ümumən, bədii-elmi-analitik araşdırmalar tariximizdə qeyri-səlis məntiq nəzəriyyəsini möhtəşəm bir formatda (İşin əvvəli 80-ci illərdən başlanıb!) faktlaşdıran ilk tədqiqat işidir.
525-ci qəzet.-2017.-18 may.-S.7.