Rəssam Əzim Əzimzadə bir qələm sahibi kimi...

 

 

Bu essenin başlığındakı sözlərin yeri dəyişilsəydi, bəlkə daha düzgün olardı.

 

Orası danılmazdır ki, sənətkarın qələmə aldığı ədəbi mətnlərdə rəssamın, necə deyərlər, “ovçu gözüduyulur, karikatürlərində isə adi məişət xırdalıqlarının yazıçı təfsilatı ilə, dəqiq təsvirini görürsən.

 

XX əsrin əvvəli, xüsusilə birinci iyirmi il, mən yeri gəldi-gəlmədi deyilənçiçəklənməsözünü işlətmək istəməzdim,   bəli, o dövr Azərbaycan mədəniyyətinin həqiqətən yüksəliş illəri sayıla bilər. M.Ə.Sabir, M.Hadi, A.Səhhət, A.Şaiq, Əhməd Cavad kimi şairlər, nasir dramaturqlardan Hüseyn Cavid, Cəfər Cabbarlı həmin illərdə milli ədəbiyyatımızı dəyərli əsərlərlə zənginləşdirdilər. O dövrdə Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Z.Hacıbəylinin yaratdığı ilk opera musiqili komediyalar xalq arasında böyük şöhrət qazandı. Teatr səhnəsində Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski kimi istedadlı aktyorlar parlamış oldu.

 

“Molla Nəsrəddin”, “Füyuzat” jurnallarında, “Şərqi-Rus”, “Həyat”, “Kaspi” kimi qəzetlərdə Əlimərdan bəy Topçubaşov, Məhəmmədağa Şahtaxtinski, Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev, N.Nərimanov, M.Ə.Rəsulzadənin dərin məzmunlu məqalələri, Cəlil Məmmədquluzadə, Ömər Faiq, Üzeyir və Ceyhun Hacıbəylilərin kəskin pamflet və felyetonları müntəzəm olaraq dərc edilirdi.

 

Azərbaycanda ilk rəngli nəşr sayılan “Molla Nəsrəddin”də Oskar Şmerlinq, İosif Rotter, Musa Xəlilov (Çoxski), B.R.Telinqator (Beno) və ilk azərbaycanlı-karikatürçü Əzim Əzimzadə kimi rəssamlar əməkdaşlıq edirdi.

 

Orta əsrlərin miniatürçü rəssamları, şərq şairlərinin əsərlərini şəkillərlə bəzəyəndə, əsasən lirik və qəhrəmanlıq süjetlərinə üstünlük verərdilər. M.F.Axundzadədən üzü bəri Azərbaycan ədəbiyyatında artıq satirik-yumoristik janrlar qabağa düşdü, təsviri sənətdə isə bu qolun ilk və ən müqtədir nümayəndəsi Əzim Əzimzadə (1980-1943) oldu. Əzimzadə Mirzə Fətəlinin yaratdığı obrazlara öz baxış bucağından baxdı, Sabirin “Hophopnamə”sinə klassik illüstrasiyalar çəkdi, Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəylinin komediyalarına tərtibat verdi...

 

Ə.Əzimzadə “Molla Nəsrəddin”lə yanaşı, sovetəqədərki dövrdə çap üzü görən “Zənbur”, “Kəlniyat”, “Baraban”, “Məzəli”, “Tuti”, “Babayi-Əmir” kimi jurnallarla da əməkdaşlıq edirdi.

 

Sözsüz ki, Əzim Əzimzadə karikatürlərinin reallığı, ilk növbədə rəssamın iti müşahidəsiylə bağlıdır. Onun karikatürləri həyatın özündən qopub gəlir, inandırıcıdır,   çünki, ətraf, onun təzahürü, həndəvərdə gəzib-dolaşan “əşxas” və surətlərin özləri belə, gülməli idilər. Belə baxanda Əzimzadə adi məişət səhnələrini çəkirdi, hətta obrazların görkəmindəki xəfif şarjvarilik belə onları gündə rast gəldiyimiz gerçək adamlar, obrazlar kimi qəbul etməyimizə zərrəcə maneçilik törətmir. “Köhnə və təzə arvad”, “Ər öz arvadını döyür”, “Anadan qız olub”, “Kasıb evində toy”, “Varlı evində toy”, “Kasıb ailədə ramazan bayramı”, “Varlı ailəsində ramazan bayramı” və bir çox belə rəsmləri   o dövr milli gün-güzəranımızın öz əksini təsviri sənətdə tapan doğruçu salnaməsidir.

 

Əzim Əzimzadənin nəsri ilə tanış olandan sonra onun yazıçı qələmindəki ayrıntı dəqiqliyi, müşahidə qabiliyyəti aydın olur. Bu məqamda ötən əsrin əvvəlindəki mədəni yüksəlişin bir özəlliyini də məxsusi olaraq nəzərə çatdırmaq yerinə düşərdi. Qeyd edək ki, o vaxtkı mədəniyyət xadimlərinin bir çoxu özlərini artıq müxtəlif sahələrdə sınamış və tanıtdırmış hərtərəfli şəxsiyyətlər idi. Məsələn, dahi bəstəkar Üzeyir Hacıbəyli istedadlı dramaturq olaraq, özünün sovetəqədərki (“Arşın mal alan” və “O olmasın, bu olsun” da daxil olmaqla)   bütün opera və musiqili komediyalarının libretto müəllifi idi. İctimai-siyasi mövzuda bir çox felyeton və pamfletlərin yazarı olan Ü.Hacıbəyli jurnalistika ilə yanaşı, eyni zamanda pedaqoji fəaliyyətlə və tərcüməçiliklə də məşğul olurdu. İxtisasca dermatoloq-həkim olan Əlibəy Hüseynzadə ədəbiyyat adamı, şair və publisist, mütərcim, alim, mütəfəkkir, hələ üstəlik bacarıqlı rəssam idi. Üzeyir Hacıbəylinin məşhur operasında Məcnun rolunun ilk ifaçısı Hüseynqulu Sarabski köhnə Bakı haqqında çox dəyərli, tarixi-etnoqrafik kitab yazmışdı. Əzim Əzimzadənin də adı o sıradandır, təkcə karikatürçü rəssam, illüstrasiyaçı, mənzərə ustası, teatr tamaşalarının dekorçusu kimi deyil, həm də “Mənim səfərim” adlı çox maraqlı yol qeydlərinin müəllifi kimi... Belə məlum olur ki, bu əsər əzəl başdan tərcümeyi-hal üslubunda düşünülübmüş,   əvvəlki “Mənim həyatım” başlığı, eləcə də avtobioqrafik ruhda qələmə alınmış bir neçə səhifə bunu sübuta yetirir. Onu deyim ki, həmin mətn ilk dəfə 1980-ci ildə “Qobustan” sənət toplusunda (¹ 3) çap olundu, ondan sonra təəssüf ki, heç yerdə nəşr edilmədi. O vaxt həmin yazını öz elmi izahı və şərhləri ilə sənətşünaslıq doktoru, rəhmətlik Mürsəl Nəcəfov hazırlayıb redaksiyaya təqdim etmişdi... İndi Əzimzadənin nəsr əsərini Azərbaycan Yazıçılar Birliyi böyük rəssamın xatirəsinə hörmət əlaməti olaraq, ədəbiyyat tariximizin maraqlı mətni kimi ayrıca kitab şəklində buraxır.

 

Həmin yol qeydlərində Əzim Əzimzadə İran və İraqdan keçərək müsəlmanların müqəddəs şəhəri Kərbəlaya səyahətindən bəhs edir. Yol boyunca gördüyü şəhər və kəndləri, rastına çıxan müxtəlif insanlarla görüşlərini təsvir etməklə canlı mənzərələr yaradır, adamların xarakterini yazıçı ustalığı ilə açır, bəzən həmin təsvirlərdə absurda varmaqdan belə çəkinmir və bununla da Şərqin təkrarsız abu-havasını oxucuya çatdırır. Ə.Əzimzadənin qələm peşəkarlığı ilə təsvir etdiyi bu fonda yəqin ki, M.F.Axundzadənin, yaxud da C.Məmmədquluzadənin əsərlərindən ayrı-ayrı səhnələr oynanıla bilərdi.

 

Ə.Əzimzadənin ədəbiyyata yaxınlığı bir də onunla təsdiq olunur ki, o, M.F.Axundzadə, C.Məmmədquluzadə və M.Ə.Sabirlə yanaşı, Ə.Haqverdiyev, N.Nərimanov, A.Şaiq və Y.V.Çəmənzəminlinin kitablarına illüstrasiyalar çəkib, C.Cabbarlının tamaşalarına tərtibat verib, Cəlaləddin Ruminin, Nazim Hikmətin portretlərini yaradıb.

 

Ə.Əzimzadənin ədiblərlə canlı təmasına bir tutarqa da onun 1936-cı ildə Yazıçılar İttifaqında keçirilən plenumun gedişində çəkdiyi dostluq şarjlarıdır. Mənhus 37-ci ilin ərəfəsində rəssam hələ ki öz rəsmlərində İttifaq kürsüsündən yazıçıların ünvanına söylənən iddiaları zarafata salıb gülməyi özünə rəva bilir. Çox yox, bircə ildən sonra söylənən iddialar artıq siyasi ittihamlara dönübən amansız məhkəmə hökmləri şəklində səslənəcəkdi, qələm sahiblərinin taleyini müəyyənləşdirəcəkdi. Məsələn, H.Cavidə 36-da çəkilmiş dostluq şarjının altında belə bir yazı var: “Bütün ölkələrdən yazacağam, Azərbaycandan başqa”, bu, Cavid yaradıcılığındakı coğrafi genişliyə eyham idi ki, o vaxt bu məziyyət şairə nöqsan tutulurdu. Yaxud Sanılıya çəkilən şarjın altındakı atmaca: “Siz də şairsiz? Şairlər yanında uşaqsız!”   Bu, şairin guya ki, özündən müştəbehliyinə vurulan işarəydi.

 

Rəfilinin şarjında isə Füzuli üzünü Rəfiliyə tutub söyləyir: “Qardaşoğlu, buyur keç, sən məndən də irəlidəsən”.   Guya Rəfilinin dilindən çıxıbmış ki, o, özünü Füzulidən sonra ikinci şair sayır.

 

Bu minvalla, sözün əsl mənasında deyə bilərik ki, Əzim Əzimzadə Azərbaycan təsviri sənətinə misilsiz töhfələr bəxş etməklə yanaşı, həm də ədəbiyyatımızda öz layiqli yerini tutmuş sənətkardır...

 

19 mart 2011-ci il

 

ANAR

525-ci qəzet.- 2017.- 20 may. S. 11.