“İri gözlü uşaq” - Vaqif Əlixanov - Alexandro

 

Kamil Vəli NƏRİMANOĞLU

Türkoloq, ədəbiyyatşünas

 

Bu başlıq mənim deyil. Keçən əsrin 60-cı illərin sonu 70-ci illərin əvvəllərində Səhhət Veysov adlı bir uşaq (təbii ki, indi yaşlanıb) qeyri-adi şəkillər çəkirdi. Və Hüsi Hacıyev küçəsində rəsm salonunda bu vunderkind uşağın (möcuzə cocuğun) rəsmləri sərgidə hər kəsin diqqətini cəlb etmişdi.

 

Bu rəsmlərdən bir az Salvador Dalinin, bir az Pikassonun, bir az da Səttar Bəhlulzadənin qoxusu gəlsə də, bu uşaq əsl rəssam idi. Balaca boyu, kiçik əlləri, böyük ürəyi və iri gözləri ilə. Vunderkindlərin taleyi çox zaman uğursuz olur. Öz orbitindən çıxan planet kimi o uşaqlar da öz ətrafından ayrılmağa, yavaş-yavaş yalquzaqlaşmağa başlayırlar. Bu cür tənhalıq çox az vaxtlarda uğurlu olur. Əksərən, azmış, qopmuş göy cisimləri kimi yox olub getməyə məhkum olurlar. Nə isə... Əgər yaşayırsa, Allah səhhət, ömür və qut versin.

 

O zaman çox məşhur olan, özəlliklə gənclərin ümüd yeri, tapınağı olan “Qobustan” toplusunda dostumuz Vaqif Əlixanovun “İri gözlü uşaq” yazısı Səhhət Veysova həsr olunmuşdu. O yazının ləzzəti hələ də canımdadır. “Qobustan”da Anarın, Azər Abdullanın, Tofiq Məhərrəmoğlunun və bəndeyi-həqirin yazıları çap olunurdu. Bu yazılanlar böyük dünyaya, xüsusən sənət dünyasına çıxmaq, Sovet əxlaq prinsiplərini və sosialist realizm kriterlərini yıxmaq, daha çox Moskva, Peterburq metropolunu anlamaq, dissident (aykırı düşüncə) axınını dərk etmək, mənimsəmək üçün edilmiş ilk təcrübələr idi.

 

Vaqif Əlixanov, Vidadi Paşayev (yayınlanınca atəşlə qarşılanan “Özüm, gözüm, sözüm” kitabının müəllifi, 25 yaşında Rəsul Rzanın xahişi, Cəfər Cəfərovun - rəhmətliklərin, tövsiyəsi ilə “Gənclik” nəşriyatının baş redaktoru - Allah rəhmət eləsin), Vidadi Məmmədov (az yaşasa da, yaşıdlarının sənət müəllimi olan, Niyazi haqqına yazısı və iki hekayəsi bizim ədəbiyyatın klassik örnəklərindən sayıla bilər), Natiq Səfərov (qapısı dünya ədəbiyyatınına açılan tərcümə məktəbinin təməlini atan dostumuz), cəsarətli yazıları ilə Azərbaycan jurnalistkasında və nəsrində məhrəm, isti və insani jurnalistikanın ciddi örnəklərini yaradan Azər Abdulla, bizim “kənd nəsrinin” Vasili Belovu, Şuşkini sayıla biləcək Mövlud Süleymanlı, Türkiyədə indi tərs köşə üslubu adlanan publisistikanın ən ciddi fiquru Tofiq Məhərrəmoğlu, yeni şeirin bayraqdarları Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Dilsuz Mustafa, rəhmətlik Eldar Baxış, əsər qoyub getməsə də, iz qoyub gedən filosof, ədəbiyyatçı, dostumuz rəhmətlik Tanrıverdı - Tango, o zaman məşhur “Süd” hekayəsinin yazarı Əli Həsənov, “Cəfəroğlunun qayıtması” hekayəsinin yazarı Vaqif Nəsib və daha kimlər, kimlər...

 

Bu nəslin ilham qaynağı və təməl sənət sığınacağı, birinci növbədə yenilikçi Azərbaycan ədəbiyyatının yeni şeiri və yeni nəsri idi.

 

Başda Rəsul Rza, Bəxtiyar Vahabzadə, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Yusif və Vaqif Səmədoğlu qardaşları, Əli Kərim, Sabir Əhmədli, İsa Hüseynov, Əkrəm Əylisli, Elçin, İsi Məlikzadə, Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, Xudu Məmmədov, Elçibəy, Firudin Şuşinski olmaqla bu yazar özgür düşüncə pleyadası Azərbaycana yeni bir hava gətirən istedadlı gənclər idi. Bu sıralama və adlar Sizə qəribə gələ bilər. Əslində, bu adlar və şəxsiyyətləri Azərbaycanın yeni ədəbi və ictimai fikrinin üç axarında dəyərləndirmək olar. Mən fərqli sıralandırmaya da, adlara da sayqılıyam. Birinci axın “ağsaqqallar” - yeni fikrin əhəng daşları, ikinci axın yeni şeirin, yeni nəsrin və yeni jurnalistikanın təməlini atanlardır. Bu sırada Abbas Abdullanın, İsa İsmayılzadənin, Ələkbər Salahzadənin, Məmməd İsmayılın adını unutmaq insafsızlıqdır. Üçüncü axın yeni siyasətin və yeni düşüncənin başını çəkənlər, yeni tənqid və yeni arayış, axtarışların təmsilçiləri idi. Yeni axının ortaya çıxmasının sosial və siyasi səbəbi Stalin buzlarının əriməsi və yeni dünya havasının Azərbaycana gəlməsi idi. Bizim nəslin bu axını  - o zaman ən gənc, indi artıq yaşlı nümayəndə, alim yazıçı Kamal Abdulla, Niyazi Mehdi, tənqidçilər Nadir Cabbarov, Vaqif Yusiflinin adlarını unutmağa haqqımız yoxdur. Bəxtiyar Vahabzadənin universitet dərsləri onun şeirləri və məqalələri qədər qiymətli və əvəzedilməz idi. Və hər nəslin çayxana məktəbi var. Azad fikrin yuvası olan bu çayxanalardan çıxan elm, sənət və fikir adamları yavaş-yavaş universitetlərdə, qəzetlərdə, radio və televiziyalarda özünə yer aldıqca, ictimai-siyasi fikir də dəyişir, ədəbi arayışlar da yeni məcraya yönəlirdi. Yenilənmənin bir adı Mirzə Cəlil məktəbi, başqa adı “Mənim Füzulim” axını, digər bir axını da Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə. Rəsulzadə indeksli və simvollu idi.

 

Mən bu girişi yazmaq məcburiyyətindəyəm. Əslində, bu giriş ayrı bir kitabın mövzusudur. Çox zaman sonraki nəsillər insanları əsərlərinə görə yox, maddiləşmiş fikirlərinə görə dəyərləndirirlər. Çox az yazıları çap olunan və ya çap olunmayan insanların xidməti unudulur. Təəssüf ki, bizdə bir sıra səbəblərdən bu ədəbi-ictimai siyasi tarix doğru-dürüst yazılmamış və təhrif edilmişdir. O dövrdə Rəsul Rzanın rəhbərlik etdiyi Azərbaycan Sovet Ensiklopediyasının yayınlandıqdan sonra toplanaraq yandırılmış birinci cildi, yuxarıda bəhs etdiyimiz “Qobustan” dərgisi, Əkrəm Əylislinin baş redaktorluğu ilə yayımlanan “Azərbaycan” jurnalı, Yusif Səmədoğlunun baş redaktoru olduğu “Ulduz” jurnalı, Məmməd İsmayılın baş redaktoru olduğu “Gənclik” jurnalı, Azərbaycan radiosunun “Bulaq” başda olmaqla ayrı-ayrı verilişlərinin, bir sıra təqiblərə baxmayaraq, yeni düşüncənin ortaya çıxmasında rolu və önəmi danılmazdır. Azərbaycanın düşüncə tarixini bu şəxsiyyətlərsiz və bu axınlarsız təsəvvür etmək mümkün deyil. Əlbəttə, bizim unutduğumuz və ya bilmədiyimiz isimləri, dərnəkləri də diqqətə almaq gərəkdir.

 

O zamanlar Azərbaycanda dissident fikrin daşıyıcısı olan insanların, yaşamağa, yaratmağa ehtiyacı olan şəxsiyyətlərin üstündən sakitcə keçmək tarixə sayqısızlıqdır. Burada mən universitetdən tanıdığım tarixçi Lətif Əsgərovun, Ədhəm Şahmalıyevin, Əli Fəhminin, riyaziyyatçı Səfər İbrahimovun, Şirməmməd Hüseynovun, Yazıçılar İttifaqında tərcüməçi İsaq İbrahimovun... adlarını çəkməməyi haqsızlıq bilirəm. Xudu müəllim diqiq elmlərdə, kristalloqrafiya sahəsində nə qədər böyük alim olsa da, düşüncə tariximizdə də bir o qədər böyük simvoldur. Və ya Elçibəy dissident düşüncənin, milli hərəkatın və müstəqil dövlət həyatının ən önəmli adı kimi ayrıca bir araşdırma mövzusudur. Bununla bərabər onun ədəbi-fəlsəfi düşüncələri də, yazıları da siyasi düşüncələri qədər önəmlidir və yeni düşüncənin memarlarından biri olaraq başqa bir önəm daşımaqdadır.

 

Ədəbiyyatda, elmdə, ictimai siyasi düşüncədə, yeniləşmədə Ziya Bünyadovun, Süleyman Əliyarovun, Mahmud İsmayılovun, Şövkət Tağıyevanın ayrı bir yeri olduğunu göstərməmək olmaz. Mən bu sıraya adları bilinən və ya bilinməyən dissidentləri yazmağın və dəyərləndirməyin tərəfdarıyam.

 

Xalq ədəbiyyatına, xalq fikrinə, əcdad ruhuna, Türklük və İslam fəlsəfəsinə, yeni dünya düşüncəsinə, milli düşüncəyə, demokratik düşüncə tərzinə yol açan insanların əməyinə, əsərlərini, fəaliyyətlərini dəyərləndirmədən bu tarixi gərəyincə öyrənmək olmaz.

 

Bu “kiçik” girişdən sonra mən yenidən dostum Vaqif Əlixanovun şəxsiyyətinə, yaradıcılıq yoluna və ruhuna, Azərbaycanın düşüncə tarixindəki roluna dönmək istəyirəm. Biz Vaqif müəllimlə Azərbaycan radiosunda tanış olmuşuq. O zamanlar onun da yazdığı “Bulaq” verilişləri, televiziyada “Politra” proqramının aparıcısı və müəllifi kimi uzaqdan tanıyır və hörmət edirdim. Tanışdıqdan sonra 40-45 illik həyat yolunda onun nə qədər istedadlı, orijinal və bütöv insan olduğunun şahidi oldum...

 

60-cı illərin sonu, 70-ci illərin əvvəli rejim havası ilə yeni dünya havasının kəsişdiyi, üz-üzə gəldiyi qarşılaşma, qurtuluşun yavaş-yavaş yalnız Azərbaycana deyil, sovet imperiyasındakı xalqlara gəlməyə başladığı illər idi. Hər dəyişmə, dönüşmə özü ilə sevinclə, coşquyla bərabər, sıxıntı, ağrı da gətirirdi. Yeni dünyaya hamilə olan köhnə dünyanın bu ağrı-acılarını yaşamaq bizim nəslin də qisməti olmuşdu.

 

Uzaq dağ kəndindən əsgərliyə, oradan da paytaxta gələn və radioda öncə texniki işə, sonra isə yaradıcı işə başlayan bu ucaboylu, ala gözlü, yaraşıqlı oğlanın gəncliyindən, kişi gözəlliyindən, boy-buxunundan və öyrənmə ehtirasından başqa heç nəyi yox idi. Doğrusu, uca dağ bölgəsi Qonaqkənd başqa bir dostumuzu - o ucalıqlardan dünyanı bir başqa şəkildə fəthə gəlmiş şair dostumuz rəhmətlik Tahir Aslanı xatırlatdı. Yox, Tahir Vaqifin sortundan deyildi. Fərasətdən yoğrulmuş Tahir yaxşı bildiyi ruscası ilə, rusca yazmağa başladığı şeirləri ilə yeni dünyanın qapılarını başqa bir açarla açmış, cavan yaşlarından, Vidadi dostumuz demişkən, dünyanı bir dəfə yaşayıb yenidən yaşamaq təcrübəsi qazana bilmişdi.

 

Moskvanın Tahirin əlində aciz qaldığı dönəmlərdə Vaqif evsiz-eşiksiz, kirayədə, dəmir çarpayıda-raskladuşkada gənclik dövrünü yaşayırdı. Bəzən ağır işdən sonra elə radioda, iş otağında stulları baş-başa qoyub yatırdı. Amma onun dünyası böyüdükcə bu məişət sıxıntıları kiçilir, yox olub gedirdi. Başının altına yastıq yerinə qoyduğu kitablar, Şıx çimərliyinin səhər erkən sərinliyi, orda top dalınca qaça-qaça Pele ilə, Eysebio ilə, Maradona ilə, bizim Ələkbər Məmmədovla, Banişevski ilə eyni meridianda yaşaması onu Şumer dünyasına, qədim Misir piramidalarına, Hind, Yapon dünyasının əsrarına aparıb çıxarırdı. Memar Tango ilə, Korbuzye ilə, rejissor Kurasava ilə, rus-tatar mənşəli Tarkovski ilə, Folknerle, Fellini ilə, Antonioni ilə, Markeslə, Salvador Dali ilə, Van Qoqla... tanışlıq ona elə bir qanad vermişdi ki, o artıq sərhəd, hüdud tanımayan bir sənət dünyasının vətəndaşı olmağın möcüzəsini yaşayırdı. O illərin gəncliyinin fikir dünyası İçərişəhərlə, Qobustanla simvollaşmışdı.

 

Bir dəfə “Bulağ”ın növbəti verilişini yazmaq üçün atalar sözlərinin klassik bilicisi və toplayıcısı 50 yaşlı Əbülqasım Hüzeynzadənin İçərişəhərdəki evinə getmişdik. Bir-birinə sıxılmış evlərin, dar küçələrin arasında bir meydançaya çıxdıq. Sonra bu qədim insan məskənində bu qala-şəhər içində bir parça səma ilə qarışmış, bir parça nağıl ilə birləşmiş evlərin, küçələrin içində 15-20 kvadratmetr kosmik səmaya - talaya çıxdıq. İçərişəhərin bağrında gizləyib saxladığı bu səma-məkan Vaqifi ovsunlamışdı. Bu meydança, bəlkə də, İçərişəhərin ovcunun içi idi, bəlkə də ürəyinin başı idi.

 

Vaqif bir anlıq dayandı və öz-özünə pıçıldadı: “Kaş Antonioni bu qəribə talanı görəydi. Filmlərdən birində İtaliyanın heç kəsin görmədiyi eşq möcüzəsini İçərişəhərə köçürərdi”.

 

Mənə deyil, özü-özünə söylədiyi bu tək cümlə Vaqifin xəyallarındakı dünyanın arayışı-axtarışı idi. Atalar sözündə, uzaq dağ kəndində bu gün də yaşayan qopuzun səsi ilə Fellininin “Bəyaz gəmisi” filmi, Dalinin dəli dünyası ilə Səməndər Rzayevin, Məhluqə xanımın hardansa uzaqlardan, tarixdən gələn səsini bir ürəkdə yaşamaq-yaşatmaq ehtirasının yeni dünya arayışının bir parçası olduğunu mən Əylislinin “Tənhaların nağılı”nda da, Eldar Baxışın, Akif Səmədin misralarında da, Səttar Bəhlulzadənin fırçasından qopmuş fəryadında da, Paracanovanın Surama qalasında axtarıb tapmadığı möcüzə dünyasında da görmüşəm. O zaman nəsillərin davası indilərin siyasi qalmaqalından daha kəskin idi. İndi bu yaşlı vaxtımda anlayıram ki, Vaqif də, Əkrəm, Əli Kərim, Anar, Yusif, Mövlud, Natiq, Vidadi kimi hüdudlar, divarlar arasında aydınlığı, gerçəkliyi, barmaqlıqlar arxasında xəyalların genişliyini görmək istəyən, rənglərin, səslərin möcuzəsini arayan dərviş xislətli yaradıcılar olmuşlar. Hər şey dərvişin ürəyində başlayırmış... Vaqifin Mədəniyyət Nazirliyində məsul vəzifəyə daşınması həm  xoş bir təsadüf idi, həm də zərurət. O zamanlar Vidadi Paşayevin “Gənclik” nəşriyyatının baş redaktoru olması, Ramiz Rövşənin kinostudiyada daşıdığı məsul vəzifəsi, Sabir Rüstəmxanlının “Yazıçı” nəşriyyatındakı baş redaktorluğu yeni nəslin ilk vəzifə qisməti idi. Rəsmiyyətin, rejim sərtliyinin içində boğulan mülayim hava, qışın bitməkdə olduğunun, yazın gəldiyinin işartıları idi.

 

Sonra Vaqif evləndi. Bizim tələbəmiz, bacımız Şəfəq xanımla evlilik dünyanın xoşbəxt izdivaclarından biri oldu. Alexandronun - Vaqif Əlixanovun ziyalı ailəsinin dörd qız uşağı daha dörd ziyalı ailəsi demək idi. İçərişəhərli Şəfəq xanım Vaqif bəyin İçərişəhərdə qaldığı illərdə axtardığı və nəhayət, tapdığı qisməti imiş.

 

Sonra nə oldu? Sonra çox şey oldu. Çox şey dəyişdi. Olan oldu, olmayan da olmadı.

 

İndi bu sözləri yazanda anlayıram ki, dünya mütləq sərhəddinin qovuşacağında deyil, bir-birinin içində yaşayan təzadların, xoşbəxtliklərin və bədbəxtliklərin, adiliyin və möcuzənin, xəyalın və gerçəkliyin zəruri bir vəhdətidir. İlahi qüdrət nə buyurmuşsa, o da olur və ya olmur. Hər nəslin öz taleyinin ardınca getdiyi bu ömür bir fürsət, gözəl dünyada Vaqif Əlixanovun doğulması, yaşaması, var olması da bir xoşbəxtlikdir.

 

Bu yaxınlarda öz qız balası ilə bir televiziya proqramında Vaqif Əlixanovun uca boyunu, ala gözlərini görəndə, doğma səsini eşidəndə dəhşətli dərəcədə sevindim. Onu görə yox ki, dostumu gördüm. Ona görə də yox ki, qürbətdə yaşayan həsrətli idim. Yox. Mən Vaqifin simasında yaşadığım yetim keçmişi, burulğan içindəki gəncliyimi, heç vaxt geri dönməyən dostlarımı gördüm.

 

Xatirələr və düşüncələr geri dönüşü olmayan insanların, olayların, duyğuların yuxusudur. Bir ömür yaşadıq, bir yuxu gördük. Gedəcəyimiz əbədiyyətdə görəcəyimiz elə bu gördüyümüz yuxu imiş.

 

lll

 

Nə deyim... Böyük oğlumun kirvəsi, qədim dostum Vaqif haqqında bir kitablıq sözüm var. Bu söz yalnız Alexandro - Vaqif Əlixanov haqqında deyil, indi artıq sıraları bir xeyli azalmış, seyrəlmiş nəslimiz haqqındadır. Allah qalanları qorusun... Allah Vaqif bəyi və ailəsini hifz eləsin. Amin.

 

525-ci qəzet  2017.- 20 may.- S.17;24.