Atamın mənə aldığı ilk kitab

 

 Görkəmli şair Hüseyn Kürdoğlunun şeirləri haqqında

 

Qəşəm NƏCƏFZADƏ

 

Gözəl şairimiz Hüseyn Kürdoğlu mənim ilk şairim idi, şeirlərini orta məktəb illərindən oxuyub əzbərləyirdim.

 

Ədəbiyyat və nəğmə dərslərində müəllimlər  mənə ən azı 3-4 dəfə söz verərdilər. Dərs saatımız Hüseyn Kürdoğlundan başlar, mənim cızma-qaramla bitərdi. Artıq  məktəbimizdə  "Hüseyn Kürdoğlu saatı", yəni onun şeirlərinin oxunuşu  ənənəvi hal aldı və mən indi başa düşürəm ki, sinifdənxaric oxu kimi həmin saatlar nə qədər əhəmiyyətli imiş. Görünür müəllimlərimiz   bunu bilirmiş və o boyda  vaxtı həvəslə Hüseyn Kürdoğlu dünyasına ayırırlarmış.

 

Get-gedə Hüseyn Kürdoğlunun şeirlərini sinif yoldaşlarım da əzbərləyirdi,  hələ  o biri siniflərə    qoşmalar, gəraylılar cığır açmaqda idi və yenə də əsas mənbə mən idim. Hüseyn Kürdoğlunun  o vaxt məndə  bir  kitabı vardı, adı da "Qaya çiçəklər"i.

 

Atam 1973-cü ildə Kəlbəcərdən xahişimlə bir neçə kitab almışdı: Aşıq Şəmşir, Məmməd Aslan və Hüseyn Kürdoğlunun  kitablarını. O vaxtdan "Qaya çiçəklər”i mənim ən sevimli kitabım oldu.

 

Bəzən həmin kitabın üzünü  köçürüb  verirdim  uşaqlara.  Çox vaxt  əzbər bildiklərimi imla kimi deyirdim, uşaqlar yazırdılar. Kim deyə bilərdi ki, şeirdən imla  dərsi  olmaz. Sən demə ən gözəl imlalar  şeir mətnləri imiş. Məktəbdə şairin kitablarını  məndən istəyənlər də olurdu. Vermirdim, çünki  məndə  dəbdən, şöhrətdən düşmək qorxusu vardı, hər gün lövhəyə çıxıb  şeir demək sevincindən ayrı düşə bilərdim.

 

Biz tərəkəmə camaatı yayı  Laçın  və Kəlbəcər yaylaqlarına gedərdik. Beyləqan, Qubadlı, Cəbrayıl  istiqamətində gedib  çıxardıq Laçına. Ordan dolanıb gələrdik Kəlbəcər yaylaqlarına.  Biz bazarlıq üçün ya Laçına - Minkəndə gedərdik, ya da Kəlbəcərə.

 

Atam kitab alan günü bütün ferma camaatı yığıldı həmin kitabların tamaşasına. Yan- yörəm ferma adamları ilə doldu. Kitabdakı şeirləri ucadan oxuyurdum, hamı qulaq asırdı. Məndən başqa fermada hərf tanıyan yox idi. 6-cı sinifə yenicə keçmişdim. Şeir oxumağıma görə mənə xələt verənlər də olurdu.

 

Hüseyn Kürdoğlunun heca şeirləri; qoşma, gəraylı - hamının ürəyinə yatırdı. Qoynunda binə qurduğumuz dağların, suyundan içdiyimiz bulaqların bədii tərənnümü ferma camaatına, çobanlara, onların qadınlarına  ləzzət eləyirdi.

 

3 ay dağda qaldıq. Bu müddət ərzində oxuduğum şeirlərə görə hər çoban mənə bir tutma quzu verdi. Üst- üstə hesablayanda, məktəb paltarımın, dəftər- kitabımın pulunu çıxandan sonra yerdə 15 quzu qalırdı.

 

Hüseyn Kürdoğlunun şeirləri əməlli - başlı mənə pul, kitab, yazıçı dilində desək, qonorar qazandırmışdı.

 

Yay başa çatandan sonra yaylaqda öyrəndiyim şeirləri  sinif otaqlarında söyləyirdim. Şübhəsiz, bu da  dərs və imtahan qiymətlərimin yüksək yazılmasına kömək eləyirdi.

 

Atamın aldığı  kitablar, əzbərlədiyim şeirlər yazdığım  şeirlərə   istiqamət verirdi.  Hüseyn  Kürdoğlunun  şeirlərinin  intonasiyası, havacatı şeirlərimin  ilk binəsi, yurdu idi. Bu intonasiyadan qanadlanmağa başlayırdım.

 

Bizim Laçın, Kəlbəcər yaylaqlarında  əbədi yurd yerlərimiz var. Anamın yük altı üçün uzaqdan çəkib gətirdiyi sal daşlar  indinin özündə də  alaçığımız qurulan yerlərdə düzüm- düzüm durur. Hər il gedəndə o yurda, o daşın üstə düşürdük. Lap əvvələr də belə olub. Yurd yerləri dəyişmir. Bu mənada  ilk şairim Hüseyn Kürdoğlunun şeirləri mənim şeirlərimin  yurdu idi. Hara getsəm, deyək ki, sərbəst şeirə keçsəm də yenə  şeirimin ilk  yurduna dönməyim var. Həyatın dialektikası budur. Vay odur ki, dönməyə  yurd  yerin olmaya.

 

Yuxarıda qeyd etdiyim  kimi, Hüseyn Kürdoğlunu  o vaxt bizim  camaata  sevdirən  şeirlərinin axıcılığı idi. Elat camaatının  təfəkkürünə uyğun gəlməyi, dilinə uyuşması idi.

 

Bu əsas cəhət olsa da,  həm də bizim tərəfin adamları  Laçınla, onun adət - ənənəsi ilə  sıx bağlıdılar. 

 

Həmişə  bir - birimizin  xeyr- şərində  yaxından iştirak edirik. Ta qədimlərdən  Laçın camaatı ilə  get - gəlimiz, kirvəliyimiz , qız qohumluğumuz, ən başlıcası "Qonaq" deyilən güclü bir anlayışımız var.  Bu qonaq anlayışı  bir günlük, iki günlük deyil. Yüz illər  boyu davam edən qohumluqdur. "Laçından  qonağım gəlib və ya İmişlidən  qonağımız var" ifadələri  bizim tərəflərdə: həm Laçında, həm də İmişlidə dillər əzbəridir.  

Laçınlılarla biz beləyik. Xalq dilində desək: əriş- arğacıq. Hüseyn  Kürdoğlu kimi köklü, soylu bir şair, adət-ənənə, insan mənzərələri, təfəkkür, təbiət və çöl - çəməndən  yol başlayırdı. Bu yolların əbədi bir sakini var: insan.  

 

İndi məktəb illərindən, o yaylaqdakı  vaxtlardan  çox illər keçib.  Yaşım 60- ı haqlamaqdadır. Yenə həmin şövqlə Hüseyn Kürdoğlunun şeirlərini oxuyuram. Mən  böyüdükcə şeirlər də mənimlə böyüyüb. Yenə həmin axıcılıq, intonasiya, yenə həmin yurd yeri olduğu kimi durur və görünür, həmişə də duracaq.

 

Min il keçəcək, Hüseyn Kürdoğlu həqiqəti olduğu kimi qalacaq. 1973- ildə atamın alıb gətirdiyi  66 səhifədən ibarət "Qaya çiçəklər”i  kitabı şairin həm ömrünün əvvəlinə, həm də sonuna işıq salır. O kitaba baxıb  qaya haqqında  şer yazdım. Üstündəki çuxurda quşlar  üçün su saxlayan yalçın və laçın qayaların yağışdan sonrakı qoxusu Hüseyn Kürdoğlunu  şeirinə hopduğu kimi, mənim də  yaddaşıma hopub. Çünki qaya üstündəki çiçəkləri  biz gözlərimizlə  görmüşük, qoxusunu ciyərlərimizə çəkmişik. Küləyin qayanın çuxurlarına  doldurduğu toz - torpağın üstündə bitən çiçəklər daha   dadlıdır. Ətrin də dadı var. O ətirin   bir ucu  Laçın işğal olunandan sonra  akademiyanın bağında oxuyan Qaratoyuğun nəğməsinə qatıldı.

 

Bəlkə üzü dönmüş o dağlar qızı

Kövrəlib sorağa göndərib səni.

Bəlkə xəyalısan, bəlkə arzusu,

Sehr ilə bir quşa döndərib səni?!

 

Şair  heyrətlənir, akademiyanın bağında oxuyan Qaratoyuğun nəğməsi  Laçın qayalarında bitən çiçəklərlə qafiyələnir. Hər halda Qaratoyuğun yeri, yurdu, mistik bir dünyanın səsi, ruhun səslənişi, həyat və ölüm yerdəyişməsinin  bədii disturudur.

 

Budaqlar üstündə oynadıqca sən,

Hərdən üstümüzə şeh də çilərdin.

 

Qaratoyuğun oxuyarkən  budaqdan - budağa  tullananda  üstümüzə ələnən şeh yaddaşımın dərinliyində göz yaşı ilə birləşir. Bəlkə o çilənən şeh Laçın dağlarından gələn  çiskinli dumanın səsidir.  Qaratoyuq o şehi  ayağının və səsinin titrəyişi ilə Bakıya, özü də Hüseyn Kürdoğlunun  işlədiyi akademiyanın bağına gətirib, o şehi nəğmə kimi calayıb yarpaqların üstünə. O şeh  qaya çiçəklərinin gözlərindən damıb dünyaya.

Hüseyn Kürdoğlu təbiət şairi idi. Təbiətdə baş verən çevrilmələr, təbiətin dilinin dolaşması, çayların kəkələməsi  onun şeir dəftərinə şəkil kimi çəkilirdi. Aşağıdakı misraya baxın:

 

Qamçıya sap oldu ceyran ayağı.

 

Təbiətə, onun gözəlinə tutulan zülmü bu misra qədər  bəlkə  heç nə ifadə edə bilməz. Özü   ceyran ayağı nəyə sap olsa yaxşıdır: Qamçıya. Qamçı döyməyin, əzməyin ifadəsidir. Qamçılamaq, qovmaq, sıradan çıxarmaq qamçının əbədi, əzəli xasiyyətidir.  Harada  ceyran ayağı qamçıya sap olursa, zülm ərşə dirənir.

Atamın  Kəlbəcərdən aldığı  "Qaya çiçəklər"i kitabı mənim ilk əlifbam idi. Məhz o kitabı  atam  Kəlbəcərdən almalıydı, özü də o kitabı Çalbayır yaylağına xurcunda gətirməliydi və mən o kitabı hamıya oxumalıydım. Sonra "Qaya" şeirimi  yazmalıydım. Yazdım da. Həmin şeirin son bəndi  hələ də yadımdadır.

 

Qayalar keçmişin sirr yadigarı,

Ulu babaların ölməz səsidir.

Sinəsi göy, yaşıl, mavi, boz, sarı,

Dünyanın əzabkeş xəritəsidir.

 

Biz yaylaqda olanda  anam tez - tez deyirdi ki, qayanın başına çıxmayın, yıxılarsınız. Qayadan yıxılmaq qorxusu  heç vaxt  məni tərk etmədi, onun üstündəki çiçəkləri qoxulamaq, üstündəki mamırdan barmağımıza  xına qoymaq istəyi  həmişə həyatımın uşaqlıq qoxusu kimi yaşadı.

 

Əgər anam deməsəydi, mən heç qayanın   hündürlüyündən qorxmazdım. Anam dedisə, demək, qaya çox hündürdü, ordan yıxılmağım yüz faizdir.

 

Yaylaqda qurulan alaçığımız, qaşqa atımızın səkil ayaqları  mənə uzaqdan işıqları  görünən,  nə vaxtsa qoynunda yaşadığım bir kəndi xatırladır. Bu yaddaşı məndə Hüseyn Kürdoğlunun şeirləri  yaratmışdı.

 

Yaxşı ki, cocuqkən uyutdu məni,

Duru bulaq kimi o dağ yuxusu.

Məxmər çəmənlərdə, alaçıqda,

Çiçək ətri gələn yaylaq yuxusu.

 

Laçın yaylaqlarında axşam yağan yağışın qorxusundan yuxum gözümün dibinə sıxlaşıb səhərə qalırdı. Səhər də əmziklə süd içirib saxladığım, adını "Tüvşən" qoyduğum təpəl bir quzu alaçığa girib alnımdan öpməklə məni yuxudan oyadardı. Həmin o yaylaq yuxusu atamın aldığı o kitabdan başlayırdı.

 

Hüseyn Kürdoğlunun  bulaq haqqındakı şeirləri Aşıq Ələsgər, Səməd Vurğun, Dədə Şəmşir intonasiyasının  dilinə, şəhd - şirəsinə bələnirdi. Mənə  elə gəlir ki, Hüseyn Kürdoğlu kimi bulağı   belə  çağıran olmayıb.

 

Büküb dizlərimi əyildim sənə,

Bir də bükülmədi dizim, ey bulaq!

 

Bulaq üçün əyilən dizlər  bir daha  heç harda və heç kəsə  əyilmədi. Bulağa əyilməkdən dünyada gözəl nə var!

 

Bəs niyə  şair sonradan  bulaqdan gileylənir? Ona görə ki, şairin təbiət sevgisinə cəmiyyət, sosial mühüt  artıq əllərini uzadıb.

 

O qıza neylədin, a yağı bulaq,

Kəsilmiş üstündən ayağı, bulaq?!

Bir zaman dirilik şərbətim oldun,

İndi, ay zəhrimar, ay ağı bulaq!..

 

Aşıq Ələsgər "Qazdır  məzarımı çeşmə başında" deyəndə bəs niyə şair birdən-birə bulaqdan belə inciyir? 

 

Həmqafiyə olsalar da cəmiyyət təbiətə müdaxilə edib. Kauçuk qablar çıxandan səhənglər suda sınıb.

 

Evlərə su çəkilib. Qızlar daha bulağa getmir. Bulağın başı  daha  toz  olmur, üstündə də qızlar  gözə dəymir.

 

Şair narahatdır. O yalnız dizlərini bir dəfə bulaq qarşısında büküb. Indi bulaqlar insana diz çökdürə bilmir. Hər şey dəyişib.

 

Satmışıq namusu-arı,

Xainlər düşmənlə yarı.

Dağlarda dağlıq vüqarı,

Çöllərdə çöllük qalmadı.

 

Çıxmadıq ər sınağından,

Qaçdıq namərd qabağından.

Bu Qarabağ torpağından

Bizə bir bellik qalmadı.

 

Şeirlərini təbiətdən, qaya çiçəklərindən  başlayan  şair ictimai mövzulara  geniş yer ayırır. Yenə də ictimai- sosial yönümlü şeirlər təbiət kontekstində verilir.  Şair qaya çiçəklərindən  ayrıla bilmir. 

 

Hicran qəfəsiymiş ömrümüz, qəfəs,

Çırpındım içində, heyrətdən öldüm.

 

Bütün məqamlarda heyrət şeirin, istedadın həqiqətidir. Amma heyrətdən ölməyin möcüzəsini  ilk dəfə Hüseyn Kürdoğlunun  ədəbi qənaətində gördüm. Bu iki misranın  üfüqləri şairi daha çox  uzaqlara aparır. Yaranış və doğuluş, ürfan stixiyası  şairi geniş yollara çıxarır.

 

Yazdır bu sözü də sinə daşımda:

İşıqdan yarandım, zülmətdən öldüm!

 

İşıqdan yaranıb, zülmətdən  ölmək həyat, dünya fəlsəfəsinə  açılan qapıdır. Açıldımı, bu  yolun sonu yoxdur. Yol nişanları da qeybə çəkilib. Sonsuzluq artıq yoxluq nişanıdır. Bu fəlsəfədə, əslində "yox olan"  elə "var olan" deməkdir.

 

Dünya qəmi, o böyük yaradandan ayrılıq və onun həqiqətinə qovuşmaq işığı Hüseyn Kürdoğlunun  ömrünün sonuna yaxın yazdığı  şeirlərini həqiqəti və  bu həqiqətin təntənəsi kimi səslənir.

 

Divanədən betər divanə mənəm,

Görəndə gen gəzir divanə məndən.

 

Divanəlik dünya qəmindən o qədər  halı olmaqdır ki, artıq başqa divanələr də aşiqdən  uzaq gəzir. Ona görə ki, dünya və eşq qəmində  bu divanə o birilərindən daha mükəmməl və kamildir. Dünya  qəmini dərk edib  şəriəti, mərifəti, təriqəti keçərək həqiqətə qovuşmaq məqamındadır. Artıq bu  o məqamdır ki, aşiqin  "küləklər ağzında külü oynayır". Kül və oynamaq çevrəsi, qəm   sevinc dairəsi, özü də bunların küləyin (zamanın) ağzında  burulması  artıq əbədi dünyaya yol almaqdır. Bu yolda  arxanca yol kişnəyir, dərd çəkən dağların döşündə qar daha  dayanmır. Demək, yazan belə yazıb:

 

Aşağıda yanıq düzlər çalı-çalı,

Yuxarıda qarlı dağlar xalı-xalı,

Biz dumanda görüşməyə can atırıq,

Namərd duman hey çəkilir dalı-dalı.

 

Bu şeir dünya  haqqında  yazılmış ən  mükəmməl şeirdir. Çöllər "çalı- çalı"dır, dağlar "xalı- xalı"dır, duman da "dalı- dalı" çəkilir. Bu dünyada  görüş  məqamı yoxdur.  Məqamın ünvanı  nişansızlıqdır, kələfin ucunu tapmaqdır.

 

Atamın Kəlbəcərdən  aldığı "Qaya çiçəklər"i kitabı bizim  sözümüzün qədim yurd yeridir.  Anam  bizə hey deyirdi ki, Çalbayırda, Laçın yaylaqlarında   hündür qayalara çıxmayın, yıxılarsınız. Biz də qayananın  üstündə bitən çiçəklərə  ağzı açıq tamaşa eləyirdik. Bəlkə də qayanın ən hündür yerində bitən çiçəklərin bizə  yazığı gəlirdi. Necə oldusa, bir gün  güclü  külək   həmin çiçəklərin bir topasını  var gücü ilə qoparıb yerə atdı. Bəlkə də çiçəklər özünü qayadan atdı. Biz nədənsə sevinmədik,  əksinə kədərləndik. Anam  səs- küyə yüyürüb yanımıza gəldi. Dedi  ki, yaradanın  gücünə baxın, o qayadan sən yıxılacaqdın (başımı sığalladı), yerinə çiçəklər yıxıldı. İstər-istəməz məni ağlamaq tutdu.

 

Qəşəm NƏCƏFZADƏ

525-ci qəzet.-2017.-24 may.-S.8.