Çingiz Mehdipur, “Dalğa” aşıqlar qrupunun konsert afişası və Türkmən qalstuku

 

...Qərib səs gözəldi qeybdən gələndə,

 O taydan gələndə, Araz güləndə.

 

Vaqif Bayatlı Ödər

 

“Saz” deyincə ağlımıza birinci ustadlar gəlir - sazın, sözün ustadları: Tufarqanlı Abbas kimi, Xəstə Qasım kimi, Qurbani kimi, Ələsgər kimi...

 

Adlı-sanlı ustadlarımızın çoxunun kökü Güneyə bağlı olduğundan saz səsi, lap “Saz” sözünün özü belə ilıq, isti Güney yeli kimi, məhrəm ana nəfəsi kimi vurur adamı. Sazın kökü də öz soy-kökümüz qədər min illik uzaqlıqlardan başlayır. Hardan? - bunu bir Tanrı bilir.

 

Havasına, səsinə böyüdüyüm Qars-Borçalı aşıq mühitini içində yaşadığımdan yaxşı tanımışam. Güneyli aşıqlarımızın çal-çağırını isə ilk dəfə uşaq vaxtlarımda radiodan eşitmişəm. O vaxtlar Təbriz radiosu vardı - XX əsrin 60-70-ci illərində, 15 dəqiqəlik proqramında aşıq havaları da verirdi.  Kəndimizdə -indiki Ermənistanın ucqar bir dağ kəndində (hardan bildiklərini bilmirəm) qəribə bir şəkildə - itik yiyəsinin qulağı necə səsdə olar - o şəkildə hamı həmən vaxtı gözləyərdi.  O vaxtdan yanıqlı bir səslə adını bilmədiyim təbrizli bir aşığın oxuduğu qoşmanın bir bəndi yadımdadı. Daha doğrusu, ağac gövdəsinə bıçaqla yazılıb qaysaq bağlayan yara yeri təki ürəyimin başındadı:

 

Anam yoxdu, aça başım bağlaya,

Bacım yoxdu, qardaş deyin ağlaya,

Yalvarıram, bəlkə torpaq saxlaya,

Ağlayıram yana-yana, qəriblik.

 

Bu həsrət, bu qəriblik aradan illər ötəndən sonra - 2000-ci ildə məni Güney ellərimizə çəkib apardı. Tehranda gözəl insanların, sevgili dostların əhatəsində oldum. Ürəyin nə istəyir, könlündən nə keçir? - dedilər.  Dedim: Yəqin Təbrizdə yaşayarlar, burda olmazlar; iki aşıq var Çingiznən Məhbub - onları istəyərdim. Dedilər, elə ikisi də burdadı, bu saat... Bir az keçmiş Aşıq Çingiz Mehdipuru da, Məhbub Xəlilini də gətirdilər məclisə. Sazı səslə, səsi sazla tamamlayan bu iki aşığı, daha doğrusu, çal-çağırıynan bir olan bu bir aşığı onda kəşf elədim.

 

Çingiz Mehdipuru həmin vaxtdan 7-8 il qabaq AzTV-də işlədiyim vaxt ekranda görmüşdüm. Rəhmətlik Zəlimxan Yaqub İrandan qayıtmışdı. Gətirdiyi lent yazılarını televiziyanın ədəbi-dram verilişləri redaksiyasında montaj edirdilər. Xalq yazıçımız Mövlud Süleymanlı o vaxt ədəbi-dram redaksiyasına rəhbərlik eləyirdi. Hamımız maraqla montaj otağına yığışmışdıq. Zəlimxan Yaqub bir məclisdə cavan bir oğlanla qabaq-qənşər saz çalırdı. Bir-birini görmədən, tanımadan, beş dəqiqə də olsun bir yerdə məşq eləmədən biri o taylı, biri bu taylı iki adamın eyni havanı bir xal belə xaric vurmadan tək bir adam çalırmış kimi çalmağı hamımızın içini doldurmuşdu. Gözlərimizdən yaş çıxıncaya qədər içimiz dolmuşdu. On illər, yüz illər boyu bir-birindən ayrı düşən, səsi-ünü bir-birinə yetməyən bu xalqı dimdik ayaq üstdə saxlayan gücün hardan gəldiyinin harayıydı bu çalğı.

 

Çingiz Mehdipuru o vaxtdan tanımışdım, amma üzbəüz ilk tanışlığım 2000-ci ildə Tehranda oldu. Onda bildim ki, Çingizin Təbrizdə, “Rövşən” adında bir saz məktəbi, İranın çox yerində yaxşı tanınan və onun rəhbərliyi ilə fəaliyyət göstərən “Dalğa” aşıqlar ansamblı da var.

 

İlk görüşümüzdən bir az keçmiş 2001-ci ilin əvvəllərində Çingizgilin bu taya ayağı açıldı, “Şəhriyar” klubunda ilk konsertləri oldu. O gündən-bu günə Azərbaycan müxtəlif bölgələrində, ən çox da paytaxtımız Bakıda, Bakının ən böyük konsert salonlarında “Dalğa” qrupu bir-birindən gözəl konsertlər verdi, dinləyicilər və tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.

 

Çingiz Mehdipur saz sənətinə toyxana, çayxana aşığı kimi, məclis yola verən yanşaq kimi gəlmədi. Boynuna çox ağır bir yük götürüb gəldi. Bu yük professional musiqiçilərin çalışdığı bir institutunun görəcəyi iş qədərində,  bəlkə də ondan böyükdü.

 

Atalar sözümüzdü: “Hər şey vaxta baxar, vaxt heç nəyə baxmaz”. Aşıq havalarımız da vaxt kimidi. Min illərin o tayından-bu günümüzə gəlib çıxıb. Amma... Amma hər aşiqin öz dövranı, hər dövranın öz ölçü-biçisi... Göz açıb gördüyüm, könül verib sevdiyim sazı dünya musiqi xəzinəsində öz siqlətində, öz ucalığında görmək sazı əlimə aldığım ilk vaxtlarımın istəyidir. Dünya musiqisi fonunda sazın yerini göstərmək, daha doğrusu, təsdiq etmək üçün klassik aşıq musiqisi ilə çağdaş dünya musiqisi arasında ortaq bir nöqtə tapmaq, dünya xalqları mədəniyyətinə layiqli payımızı vermək həvəsi məni “Dalğa” qrupunu yaratmağa sövq etdi” - Çingizin sənət məramnaməsi belədi.

 

Dahi bəstəkarımız Üzeyir Hacıbəyli tarı, kamanı orkestrə daxil etdiyindən onları zamanında notlaşdıra bildi. Sonralar tar məktəbləri yarandı. Bu dahi şəxsiyyətin böyük istəyinə baxmayaraq, saz havalarını o vaxt nota köçürmək mümkün olmadı. Doğrudur, bu sahədə müəyyən işlər görüldü: Qəmbər Hüseynli, Əminə Eldarova, Azad Ozan kimi bəstəkarlarımızın səmərəli işini buna misal göstərmək olar. Ancaq xüsusi saz məktəbinin yaranması  uzun müddət aldı və ilk dəfə Təbrizdə Çingiz Mehdipurun təşkilatçılığında meydana çıxdı. Müasir saz məktəbinin gec yaranması hər şeydən əvvəl sazı tədqiq edən, notlaşdıran professional musiqiçinin, elmi ədəbiyyatın, elmi-metodik vasitələrin olmamasından irəli gəlirdi. Ç.Mehdipurun 2000-ci ildə Təbrizdə nəşr etdirdiyi “Qopuz məktəbi” kitabı bu sahədə bir ilk oldu.  Ayrı-ayrı aşıq məktəblərimizin saz havalarını qarşılıqlı müqayisə metodu ilə incələyən Ç.Mehdipur 2004-cü ildə Təbrizdə “Aşıq havaları” kitabını çap etdirir. Əsərdə “mi” kökü və “Segah” üzərində incələnərək nota köçürülmüş 36 hava yer alır. Bunun ardınca 2007-ci ildə Bakıda konservatoriyanın xətti ilə “Saz məktəbi” kitabı çap olunur ki, 2012-ci ildə folklor institutunun, elmi şurasının qərarı ilə dərs vəsaiti kimi təsdiq edilir və İncəsənət Universitetində tədris olunur.

 

“Dalğa” qrupunun mayın 24-də Heydər Əliyev adına Sarayda verdiyi konsert məhz bu özəlliyi ilə bir daha tamaşaçıların dərin rəğbətini qazandı. Bu konsertdə bir-birindən gözəl aşıq havalarımız ifa olundu. Maraqlıdı ki, ilk hava kimi Çingiz öz yorumunda “Göyçə gülü”  seçmişdi. Bu ilk havayla içimə incə bir sızıltı çökdü. Bir az sonra isə Çingiz Mehdipurun Əli Daşqının sözlərinə bəstələdiyi “Qarabağ dərdi” səsləndi:

 

...Şuşanın dağına-daşına gəldim,

Ağlatdı -gözünün yaşına gəldim.

Gec oldu, qəbrinin başına gəldim

Bağışla qardaşım, bağışla bacım.

 

Bu, qardaşının toyuna yetə bilməyən qardaşın dağa-daşa dəyib üstünə qayıdan harayıdı. Konsertin afişası da həmin sızıltını ifadə eləyirdi.  Bir körpə uşağın ağlaya-ağlaya, qırıq-qırıq, baş-ayaq dediyi sözlər kimiydi tədbirin adı:

 

Qarabağ dərdi

Qoşa tərkib

Təbriz-Bakı

 

Bu, bir az da təkliyimizin, daha doğrusu təklənməyimizin, köməksizliyimizin səsiydi.

 

Bu duyğunu bir dəfə Türkiyədə də yaşamışdım. Boluda, “Koroğlu” festivalında, 2013-cü ildə. Festivala bütün türk dünyasından folklor qrupları, aşıqlar dəvət olunmuşdu. Elə bilirdim “Dalğa” da orda olacaq. Ancaq İrandan türkmən aşıqlarından ibarət bir qrup gəlmişdi. 4-5 nəfər idi, türkmən arxalığında, başı papaqlı, yaxalarında qalstuk. Sir-sifətlərindən yağan qəribliyi, köməksizliyi görəndə az qaldı ağlayım. Özümdən ixtiyarsız gedib qalstuklarını açdım: - Bu geyimə belə şey yaraşmır, belə yaxşıdı, belə oxuyun, - dedim. Heç nə demədilər, elə bil onların bədii rəhbəri məniydim, elə də elədilər. O boyda təntənəli tədbirdən yadımda ən çox qalan da onların sifəti, çal-çağırı oldu. İnliyə-inliyə onların bağrından qopan zəngulə səsi deyildi, elə bil Türkmən səhralarını başına alan qum tufanıydı, düz gözlərimin içinə sovrulurdu. Yenə yalquzaq səsi, yenə arxasızlıq, köməksizlik səsi kimi incə bir sızıltı keçdi içimdən-üfüqlərin sonuncu qızartısına qədər...

 

Bunu niyə xatırladım bilmirəm. Amma bir onu bilirəm ki, 3-4 il bundan əvvəl də, indi də bu çal-çağırlar qurtaran kimi təpədən-dırnağa içimi yaz dumanı kimi buğlu-buğlu bir güvən duyğusu sardı. Onda inandım ki, min illərin o başından gələn saz səsinə hələ çox torpaqlar quzulayacaq, çox qara poladlar çürüyəcək. Onda bildim ki, İlahidən gələn bu səs imiş arxamız, köməyimiz...

 

Əhməd OĞUZ

 

525-ci qəzet.-2017.-27 may.-S.23-24.