Söhrab Tahir yad edildi

 

Xalq şairi Söhrab Tahirin anadan olmasının 91-ci ildönümü münasibətilə İkinci Fəxri xiyabanda anım mərasimi keçirilib.

 

Tədbir iştirakçıları şairin məzarı üstünə gül dəstələri qoyublar. Şair və tədqiqatçı Qardaşxan Əzizxanlı çıxış edərək bildirib ki, xalqımız Söhrab Tahirin xatirəsini təkcə görkəmli şair kimi deyil, həm də oxucular tərəfindən sevilən romanlar, hekayələr müəllifi kimi ədəbi mühit üçün, xalqımız üçün əzizdir: "Söhrab Tahir həm də ədəbiyyatşünas alim və ictimai xadim kimi rəğbət qazanıb. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri olaraq ardıcıl fəaliyyət göstərib. Onun istedadlı gənclərin ədəbiyyata gəlməsində də mühüm rolu olub".

 

Media nümayəndələri, Xəzər Universitetinin tələbələri şairin xatirəsinə ehtiramlarını bildirib, Nizami rayonu 12 saylı məktəbin şagirdləri onun  "Azərbaycanım", "Təbrizi gəzirəm", "Ürək", "Öləndə" adlı şeirlərini səsləndiriblər.

 

Tədbirdə şairin həyat yoldaşı Südabə xanım, oğlu Tahir Tahiri Xalq şairinin son aylaradək gənclik enerjisi ilə yaşayıb-yaratmasından, Homerin "İliada" "Odisseya"sından həcmcə az qala üç dəfə böyük, 70 min misraya yaxın olan "Ata" eposu üzərində necə işləməsindən söz açaraq, ədibin xatirəsini yad etdikləri üçün mərasim iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2017.-31 may.-S.7.