"Hər həqiqətdə bir xəyal uyuyur"

 

SƏMA ŞAİRİNİN ƏBƏDİ HƏQİQƏT AXTARIŞLARI

 

 

Bugünlərdə, çox zaman olduğu kimi, yenə işdən sonra getmişdim görüşünə.

 

Dörd illik universitet zamanımda ya dərsdən öncə, ya sonra, ya da elə dərsdən qaçıb görüşünə gəldiyim, yaxınlaşmağa ürək eləməyib, bir kənardakı skamyadan yalnız göyərçinlərin ulaşdığı əllərini, qollarını, üzünü seyr etdiyim ulu Cavidlə yenidən söhbətləşməyə ehtiyacım vardı. yazıq ki, bu söhbətlərimin hamısında mən danışıram, o isə hər zaman susur...susur... Mən hər zamankı kimi bu susqunluğa fikir vermədən yenə dayanmadan danışıram: havadan, sudan, həmin gün, ya daha öncə yaşadıqlarımdan, oxuduğum kitablardan, yazdığım yazılardan, şeirdən, ədəbiyyatdan, baxdığım tamaşadan, keçirilmiş görüşlərdən, məni incidən insanlardan... Kimsəyə danışmadıqlarımı danışıram ona: sevincimi , gileyimi , şikayətimi . Bilirəm ki, bir toxunuş məsafəsində olan çoxlarının anlamadıqlarını O, 135 illik məsafədən anlayır, duyur. Axı, mən onu bir kitabın səhifələrində beləcə duymuşdum. "Qız məktəbində" şeiri ilə tanıyıb, "Ana" dramı ilə hiss etmiş, "İblis"lə sevmişdim. Balaca Gülbaharın diliylə insanlara, dünyaya sevgi aşılayan şair, Səlma ananın əli ilə bunu təsdiq, İblisin sözlərilə isə sübut edir. "Mənim Tanrım gözəllikdir, sevgidir" deyən şair hər misrasında, hər əsərində bu ideyasına sadiqliyini qoruyur, sevgini ən müqəddəs hiss, ən ali duyğu kimi təbliğ edir.

 

Hər il olduğu tək, bu il ədəbi mühitimizdə "Cavid rüzgarı" əsir, bu böyük ədibin doğum günü, yubileyi ən ali zallarda, ən mötəbər salonlarda qeyd edilir.

 

Müəyyən dövr - ötən əsrin 30-50-ci illəri istisna olunmaqla heç bir oxucu Azərbaycan ədəbiyyatı tarixini H.Cavidsiz təsəvvür etməyib bundan sonra da, şübhəsiz, belə olacaq. Çünki xaraktercə bütöv qeyri-adi bir şəxsiyyət olan Hüseyn Cavidin bədii yaradıcılığı da poetik sənətkarlıq baxımından bütöv qeyri-adidir.

 

Dünya romantizm təcrübəsi ənənəsi göstərir ki, bu ədəbi cərəyanın mövcud olduğu bütün xalqların ədəbiyyatında onun ilk növbədə özünəməxsus janr siması var. Bu mənada Cavidin XX əsr Azərbaycan romantizminə bəxş etdiyi mənzum dramaturgiya, konkret desək, mənzum faciə birbaşa elə romantik metodun özüdür. Başqa sözlə, H.Cavid novator janr seçimi ilə Azərbaycan romantizmini onu təyin edən romantik metod əsasına qaytardı və son dərəcə zəruri olan bu əsasla qovuşdurdu:

 

Məhəbbətsiz bütün mənayi-xilqət,

şübhəsiz, heçdir,

Məhəbbətdir əvət məqsəd

şu pürəfsanə xilqətdən...

 

- deyən şair, demək olar ki, bütün yaradıcılığı boyu məhz bu ideyanı təbliğ edib, gözəllik və sevgini özünə Tanrı seçib.

 

Böyük şairin şəxsiyyəti və yaradıcılığı haqqında danışarkən Ümummilli lider Heydər Əliyev deyib: "Hüseyn Cavidin yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırışıdır".

 

Yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının böyük şairi Hüseyn Cavid bütün əsərlərində ali bir ideyanın carçısı, təbliğatçısıdır: insanpərvərlik! Onun bütün şeirləri, əsərləri insanlıq haqqında möhtəşəm traktatdır.

 

İnsanlar var ki, yaşadığı dövrə, doğulduğu mühitə yad görünür. Onlara baxdıqda düşünərsən ki, ya bir neçə əsr əvvəl, ya da bir neçə əsr sonra doğulmalı imişlər. Özüburada yox, hardasa başqa bir yerdə - özlərini, adlarını, düşüncələrini daha gözəl təqdim edəcəkləri bir mühitdə. Hüseyn Cavid də məhz elə şəxsiyyətlərdəndir. Onun yeri nə Azərbaycan idi, nə də ümumilikdə Yer planeti. Hüseyn Cavidin məkanı sonsuz, ucsuz-bucaqsız ənginliklər, masmavi səma idi. Bəs, niyə deyirdi ki, "Yerə enməm də səma şairiyəm?!" O, nə yaşadığı dövrə, nə də ki məkana sığmayan nadir istedad sahiblərindən idi. Yerdəki zülm, haqsızlıq, ədalətsizlik, insanların bir-birinə qarşı xəyanəti onu burdan qopub tərtəmiz, saf göyə can atmasına səbəb olurdu. O, bu zülmün, haqsızlığın qurtuluşunu yalnız göylərdə axtarırdı və məhz orada tapacağına bütün qəlbi ilə inanırdı. Bəlkə də tapmışdı artıq, kim bilir...

 

İnsan göyərçin deyil ki, bir qanadla can qurtarsın yerdən, qalxsın buludların arasına. Cavid əfəndi bunun da yolunu tapmışdı. Onun o pak səması vərəqləri idi. Mürəkkəbi kağıza toxununca şairazad quş misalı qanadlanardı həsrətini çəkdiyi göylərə doğru. Bunu əsərləri deyir bizə, hətta göstərir.

 

Cavid ədəbiyyatımızın həqiqət axtarışlarından sonadək yorulmayan şairidir. O, bütün ömrünü bu amal uğrunda sərf edib. Cavid üçün həqiqət bu dünyanın özündən də yüksəkdə dayanırdı. Bu axtarışların nəticəsi idi ki, onu get-gedə toplumdan uzaqlaşdırır, kütlə ilə arasında yerlə göy qədər məsafə açırdı.

 

Cavid mövzu sarıdan qıtlıq çəkən yazarlardan deyildi. Onun baxdığı hər yer, gördüyü hər şey onun üçün mövzu idi. Lakin o, bəsit məişət mövzularını ədəbiyyatın problemi hesab etmirdi. Cavidin aləmində, ədəbiyyat daha böyük işlərlə məşğul olmalı, daha böyük kütləyə xitab etməli idi, məsələn, külli bəşərə. Buna görə də onun mövzuları bəşəri mövzular idi. Müəyyən xalqı, toplumu deyil, bütün insanlığı maraqlandıran, hər kəsə xitab edən məsələlər, problemlər onun əsərlərinə yol tapırdı. Məsələn, sevgi, müharibə, insanlığın mənəvi çöküşü... Ancaq bütün bu mövzuların, məsələlərin də yönəldildiyi bir hədəf vardı: millətini, xalqını azad, xoşbəxt və firavan görmək, milləti üçün ona layiqli işlər həyata keçirmək.

 

Cavid yaşadığı dövrlə ayaqlaşmağı, müasirliyi təbii qəbul edib, ona uyğunlaşmağı bacaran sənətkar idi. Bu, özünü tez-tez tarixi dövrlərə müraciət edən, əsərlərinin mövzusunu tarixdən alan ədibin o dövrə və o tarixi şəxsiyyətə yanaşmasında da göstərirdi. Cavid tarixi hadisəyə yaşadığı dövrdən baxmağı bacarırdı.

 

"Həqiqət istərəm, yalnız həqiqət" - deyən şairin bir çox qəhrəmanlarının da əsas yaşam amalı məhz budur. Onlardan ən başlıcası isə təbii ki, Şeyx Sənandır ("Şeyx Sənan" faciəsi). Sənan nəinki H.Cavid yaradıcılığının, Azərbaycan ədəbiyyatının, o cümlədən, bütün dünya dramaturgiyasının öz zəngin dünyagörüşü, mənəvi axtarışları, şübhəçilik fəlsəfəsi ilə seçilən qəhrəmanlarındandır. Bir din xadimi olan Sənan öz həqiqətlərinə kor-koranə inanmaq fikrindən uzaqdır. O, hər şeyi sorğulayır, şübhənin insanı həqiqətə aparıb çıxaracağına inanır. Təbii ki, onun bu düşüncələrinin təməlində ayrı dinə mənsub qıza - Xumara olan sevgisi durur. Burada da Cavid sevgini ön plana çəkməklə "məhəbbətdir ən böyük din" prinsipinə sadiq qalır. Vüsalına can atdığı Xumar Sənanın axtarışında olduğu həqiqətin şəxsləşmiş forması idi. Əlbəttə, həqiqətə aparan yollar hamar, maneəsiz ola bilməzdi. Müəllifi kimi qəhrəmanı da həqiqətə çatmaq üçün kələ-kötür yollardan, aşılması çətin, hətta mümkünsüz maneələrdən keçir, səbri, nəfsi ən ağır imtahanlarla sınağa çəkilir. Ancaq bir an da tutduğu yoldan geri çəkilməyən Sənan nəhayətdə bu həqiqətə çatıb ucalır:

 

Şeyx, gəl-gəl!

Sevimli Sənan, gəl-gəl!

Sənə layiq deyil o yer, yüksəl!

 

Bu göy, bu həqiqət təbii ki, rəmzi məna daşıyır. Şeyx Sənanın fonunda yüksələn Hüseyn Cavidin özü idi. Bu yüksəliş onun mənəvi yüksəlişi idi.

 

Mənəvi yüksəlişin ən uca zirvəsinə çatan qəhrəmanlardan biri də Səlma anadır ("Ana" dramı). Gözünün ağı-qarası bircə oğlunun qatilini bağışlayan, daha doğrusu, dünyadakı ən uca divana - Ulu Tanrının ədalətinə həvalə edən ana artıq mənəvi zənginliyin, daxili paklığın ən yüksək mərtəbəsidir. Bəs niyə ədib belə bir rol üçün qadını seçmişdi? Niyə o obraz məhz ana olmalı idi? Bu da Cavidin qadına, onun ana adına verdiyi dəyərin, ucalığın bir təzahürüdür. O bilirdi ki, ancaq əsl ana bir qatili bağışlaya bilərdi. Sevgini ən böyük din hesab edən müəllifin tapdığı ən böyük sevgi də məhz ananın sevgisi idi. Analıq hissinə malik qadın yalnız özünün dünyaya gətirdiyini deyil, bütün bəşəriyyəti öz övladı kimi sevir, qoruyur. Həm də yalnız bir qadın qapısına pənah gətirən, ona sığınan qonağını naümid yola salmazdı.

 

Şeyx Sənan da, Səlma ana da Cavidin özü kimi göy adamlarıdır. Birvar göy adamlarına öz səmalarında rahat yaşamağa imkan verməyən yerdəkilər. Nə yazıq ki, çox zaman elə göy adamlarının taleyini, aqibətini də məhz yerdəkilər yazır. Məsələn, Topal Teymur kimi. Daşı daş üstündə qoymayan, bir qarış torpaq üçün milyonlarla insanın ölümünə səbəb olan, yenə də gözü doymayan şahların, fatehlərin ümumiləşdirilmiş obrazıdır Teymur. Ancaq bu qədər zənginlik, bu qədər var-dövlət, ağalıq ona xoşbəxtlik gətirə bilmir. Çünki o, əsl həqiqətdən tutduğu torpaqlar, məhv etdiyi insanlar, işığını söndürdüyü evlər qədər uzaqdır. Qılıncı ilə hər şeyi ələ keçirən fateh sevgidən yoxsuldur. İnsanların var-dövlətini, cismini ələ keçirsə də, ürəyinə yol tapa bilmir, ruhuna sahib ola bilmir. Həqiqət ucalığını fəth etməkdə acizdir. Buna görə sonda o da şübhəyə düşür. O da bunca sərvətin, hökmranlığın bir heç olduğunu anlayır. Düşməni Bəyazidə əbəs yerə demir: "Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yox məmləkətlərə... sənin kimi bir kor, mənim kimi bir topal müsəllət olmazdı".

 

Bu şübhə, bu inamsızlıq insanların İblisləşməsinə gətirib çıxarır. Şair "İblis" faciəsində insanlığın əsl bəlasının inamsızlıq, nəfs olduğunu açıb göstərir. Cahil, xürafatçı insanların bütün fəlakətləri öz üzərlərindən atmağa bir yerləri də var: İblis. Onlara görə dünyadakı bütün bəlaların tək ünvanı məhz odur. Buna görədir ki, Yerdə fitnə-fəsad, xəyanət, zülm, ədalətsizlik baş alıb gedir, insanlar hər an bir-birini öldürməyə hazır vəziyyətdə yaşayırlar. Öldürdüyü insanın qanını əlindən silərkən isə "İblisə lənət" deməyi də unutmurlar. Yaxşı, bəs, kimdir İblis, haradan gəlib? İblis nəfsinə yenik insanın özüdür. Cahil, xürafatçı, dünya malına düşkün, xəyanətkar insan bütün bəlaların səbəbkarıdır. Ancaq bunu da özü dərk eləmir. Gərək kənardan birisi gəlib onun üzünə çırpsın bütün həqiqətləri. Bu zaman müəllifin köməyinə İblisin özü çatır. İblis onu lənətləyən insanların üzlərini sözləri ilə açıb göstərir. O, sübut edir ki, İblislik İnsansızlıqdan yaranır. İblisin qorxunc qəhqəhələrinin, öldürücü gülüşlərinin arxasında acı həqiqət, dünyanın məhvinə bütün qəlbiylə yanan şairin fəryadı var:

 

İblis nədir?

- Cümlə-xəyanətlərə bais...

Ya hər kəsə xain olan insan nədir?

- İblis!

 

Nə yazıq ki, bütün göy adamları kimi Cavidə də Yerdə - insanlar arasında yaşamağa imkan vermirlər. 1937-ci ilin repressiya bəlası onun da boğazına çökür. Bu zaman bütün ömrünü puç hesab edib bədbinliyə qapılan sənətkarın üsyanı başlayır:

 

eşq olaydı, nə aşiq,

nə nazlı afət olaydı,

Nə xəlq olaydı, nə Xaliq,

nə əski-həsrət olaydı.

Nə dərd olaydı, nə dərman,

şur olaydı, nə matəm,

Nə aşiyaneyi-vüslət,

nə bari-firqət olaydı...

 

Bəs onda nə olaydı? Ya da nə olmalı idi? Əlbəttə ki, insanlığın həsrətini çəkdiyi ədalət! Cavid ömrünün son zamanlarında bu dəhşətli həqiqətə ulaşdı: insanlığı məhvə sürükləyən, dünyadakı bütün bəlaların səbəbi ədalətsizlik duyğusudur.

 

Yerdəki İblislər öz əlləri ilə göy adamını göylərə - əbədiyyətə göndərdilər. 1941-ci ilin dekabrın 5-də dörd il öncə sürgün olunduğu İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko qəsəbəsində Göy adamının əbədiyyət yolçuluğu başladı.

 

Sənətkar və mütəfəkkir H.Cavidin romantik sənəti bu gün də mənəvi qida aldığımız, maraqlı və zəngin bir bədii aləmdir. Bu aləmin hikmətlərinə aşina olduqcaşairin poetik dünyasına səyahət etdikcə insan daxilən mükəmməlləşir, qəlbən təmizlənir və fikrən ucalır. H.Cavid romantizmi bizə məhz bu zirvəyə aparan yollarda yoldaşdır.

 

 

Şahanə Müşfiq

 

525-ci qəzet.- 2017.- 1 noyabr.- S.4.