Nəsillərə örnək ziyalı
Son bir
ayda az qala hər gün vərəqlədiyim bu kitab
qayğıların başdan aşdığı,
informasiyaların yaz yağışı kimi üstümüzə töküldüyü bir
vaxtda elə bil ki, könlümə və ruhuma bir dinclik gətirməkdə
idi.
Həyatı
tutumuyla ülvi
hissləri yaşadan şeirlər təkcə
insanlara şəfa bəxş edən bir həkimin yox, həm
də kövrək qəlbli bir şairin ürəyinin sədası
idi. Yeri gəlmişkən deyim ki, üzünü belə
görmədiyim bu həkim xanım bəlkə də taleyini ədəbiyyatla,
şeirə bağlasaydı, heç şübhəsiz ki, bu
sahədə
tanınmışlardan biri ola bilərdi... Digər tərəfdən əyani
tanımadığım bu müəllifi, həm də qiyabi
olaraq tanımışdım. Təqribən 25-28 il əvvəl Nadir müəllim evin
sonbeşiyi olan Nailə haqqında, ailənin həkimlik
estafetinə sadiqlik edən, cığal və hazırcavab
qızı haqqında söhbətləri qismən də olsa
yadımda idi.
Bakı
Ali Partiya Məktəbində (indi Dövlət İdarəçilik
Akademiyası) işlədiyim vaxtlarda ara-sıra
kafedramızın, daha doğrusu, kafedra müdirim, Azərbaycan
KP MK-nın üzvü, "Azərbaycan Kommunisti" və
"Kommunist Azərbayjana" jurnallarının baş
redaktoru, professor İbrahim Müslümovun dəfələrlə qonağı olan Nadir müəllim
yadımda səmimi bir insan, maraqlı bir ziyalı kimi
qalmışdı. O vaxtlara təsadüf edən ilk
tanışlığımız da yadımdadır. İbrahim müəlimi ziyarətə DİN naziri,
uşaqlıq dostu Cəfər Vəliyevlə gəlmişdi.
Nadir müəllim onda tanıdığım ilk dövlət
adamı idi ki, adının çəkilməsi belə yasaq
edilən Azərbaycan Demokratik Respublikasının qurucusu Rəsulzadə
haqqında, onun ideya mübarizəsi haqqında həvəslə
danışmışdı, pıçıltı ilə...
İndi
isə Nailə Nadir "Səninlə danışmaq..." kitabında uzun
illər rəhbər partiya işlərində
çalışmış, dəyərli ziyalı,
ictimai-siyasi xadim Nadir Balakişiyevdən şeir dili ilə
danışır. Daha doğrusu, atasının
unudulmaz xatirəsinə həsr olunmuş kitab, həm də
Nadir müəllimin mənalı ömrünə bələdçilk
edir. Bu, 80-ci illərin sonunda Nadir müəllimin
haqqında fərəhlə danışdığı həmin
tələbə-həkimin kitabıdır. Memarlıq
Universitetinin tələbəsi, nəvə Nadir Fərəcullayevin
kitaba çəkdiyi illustrasiyalar-köhnə Bakı tikililərinin,
onun külək və yağışının, İçərişəhərin
dar və daş küçələrinin, Dağıstü
parkda hansısa bir işıq dirəyinin ağ vərəqdə
qara rənglə çəkilmiş epizodik illustrasiyaları
uzaq xatirələri yada salmaqla, həm də nostalji
duyğularla şeirləri də tamamlayır. Hətta
bir avtomat küçə telefonun asılmayan dəstəyinin
"nisgilini" də, yaxud yapon sonetlərindəki
"nigarançılığın" səbəblərini
də adama rahatca duydurur. Bir az əvvəldə
dediyim kimi, bunlar Bakını çox sevən, İçərişəhərin
hər daşındakı hər bir yazıya dəyər verən,
vaxtı ilə bu dövlət qoruğunun rəhbəri olan
bir ziyalını - Nadir müəllimi də yada salır...
Sovetlər
dönəminin
yetirdiyi ziyalılarımızdan olan Nadir
Balakişiyev 1930-cu il fevralın 2-də Azərbaycanın müstəqillik
tarixinin qurucusu və ideya rəhbəri Rəsulzadəni
dünyaya bəxş edən, Abşeronun məşhur kəndlərindən
olan Novxanıda dünyaya göz açmışdı. Əslən
novxanılı olan Ağadayı Əbdülsalam oğlunun
ailəsinin ilk övladı olan Nadirin uşaqlıq və gənclik
illəri daha çox Bakı ilə bağlı olmuşdur.
171 saylı məktəbi də burada fərqlənmə
ilə bitirmişdir. Rüstəm və Maqsud İbrahimbəyovlar,
Cəfər Vəliyev, Dadaş Asanov, Bayram Tahirbəyov kimi məşhur insanlarla bir məktəbdə təhsil
alan Nadir, onlarla təkcə qonşu yox, həm də yaxın
dost olmuşdu. Yadımdadır ki, Bakı Ali Partiya Məktəbinə
də dövrün DİN naziri Cəfər Vəliyevlə gəlmişdi...
Ailə
üzvüləri, o cümlədən, atası Ağadayı və
anası Kübra xanım da ilklərinin
həkim olmasını istəyirdilər. Ola bilsin bu arzunun kökündə
Ağadayının böyük qardaşı məşhur
professor-anatom kimi tanınan Kamil Balakişiyevin, yaxud da ailə şəcərəsində
həm ana, həm də ata tərəfdən çox məşhur
həkimlərin olması
dayanırdı. Amma Nadir həyatının mənasını başqa sahədə
görməkdə idi. Bəlkə buna görə də məktəbi
fərqlənmə ilə bitirdikdən sonra
valideynləri narazı salmasın deyə sənədlərini
Tibb İnstitutuna verir, amma
imtahandan "kəsilir".
Sonra isə
Neft və Kimya İnstitutunda qəbul
imtahanlarından uğurla çıxaraq ali məktəbin
energetika fakültəsinə qəbul edilir.
Birinci kursu başa vurmamış atasını itirir. Ailənin
maddi ehtiyaclarının ödənilməsi də o vaxtdan onun
çiyinlərinə düşür. Bu barədə
atasından eşitdiyi xatirələri bizimlə
bölüşən BDU-nin kafedra müdiri Elmira xanım
deyir:
- Atam
danışırdı ki, bir dəfə tələbə təqaüdünü
alan günün axşamı dostlarla
yığışdıq, məclisimiz də xeyli uzandı. Evə səhərə yaxın, saat 4-5 radələrində
döndüm. Evdə mətbəxin
işığı yanırdı, anam yatmamışdı.
Fikirləşdim ki, yəqin məni gözləyir,
gec gəlməyimdən narahat olub. Amma
içəri keçəndə gördüm ki, peraşki
bişirir. Dedi ki, evdə yeməyə bir şey yoxdur,
qardaşım Qabilin və bacım Böyükxanımın
səhər məktəbə ac getməməsi
üçün tezdən durub peraşki bişirəsi
oldum... Düzü bir söz deməsəm də, pərtlik məni
çox tutmuşdu: axı son qəpiyinə kimi dostlara xərclədiyim
təqaüdün 3-4 manatını saxlayıb səhər
yeməyi üçün nəsə ala bilərdim. Anam da bir söz demədi, əksinə xoş bir nəvazişlə
gedib yatmağımı təkid etdi.
Elmira xanım deyir ki, atam bu hadisəni elə kövrək
hisslərlə danışardi ki, sanki o anı yenidən
yaşayır.
Və deyərdi ki, mən bu hadisədən sonra zəhmətin,
halalığın nə olduğunu daha dərindən
anlayıb dərk etdim...
On doqquz
yaşlı Nadir qardaşı Qabilin, bacısı
Böyükxanımın, evdar qadın olan anasının
problemlərinə dəstək olmaq üçün tələbəlik
illərindən əmək fəaliyyətinə
başlayır, müəssisələrin birində mühəndis-energetik
vəzifəsinə işə düzəlir. Nə qədər
əzab-əziyyətli olsa belə, təkcə institut
imtahanlarından yox, həm də həyat dərslərindən
uğurla çıxır. 1953-cü ildə institutu bitirəndən
sonra Dövlət
Nəzarəti Komitəsində işə
götürülür. Bu, Nadir müəllimin
həyatında yeni bir dövrün başlanğıcı
olur.
Az bir
zaman kəsiyində özünü səriştəli və
bacarıqlı işçi kimi tanıda bilir. Nadir
müəllimin bu keyfiyyətləri Respublika Xalq Nəzarəti
Komitəsinin sədri H. Əfəndiyevin nəzərindən
yayınmır. Parlaq fərdi keyfiyyətləri,
istedadlı təşkilatçılıq qabiliyyəti onun
daha irəli çəkilməsinə imkan yaradır. Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin 2-ci katibi, o
vaxtlar respublikada kadr işinə bilavasitə nəzarət edən V.
Semiçastnının yanına söhbətə dəvət
olunur və bu söhbət o qədər də çətin
keçmir. 1961-ci ilin yanvarında Mərkəzi
Komitənin təşkilat işi şöbəsində məsul
təşkilatçı vəzifəsinə təyin edilir.
Bu, Nadir
müəllimin həyatında yeni bir addım olsa da, o, bu təyinatdan
bir il sonra Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundovla
görüşünü həyatının yeni mərhələsi
adlandırırdı: "32 yaşım vardı. Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovun qəbuluna
dəvət olundum. Çox həyacanlı idim, amma Vəli
müəllimin xeyirxah təbəssümü və
qayğılı münasibəti tez bir zamanda bu həyacanımı
yox etdi. Eşitdiklərim və mənə olan böyuk etimad
bir yuxuya bənzəyirdi, amma həqiqət idi: büronun qərarı
ilə Sumqayıta işləməyə göndərilirsən,
birinci katib vəzifəsinə. Vəli müəllimin
bu son sözləri indi də qulaqlarımdadır. Bu
hadisə 1962-ci il oktyabrın 18-də
baş verirdi, Sumqayıta gəldik. Vəli
müəllim şəhər fəalları
qarşısında çıxış etdi, mövcud
problemlərdən danışdı. Sonra
məni təqdim elədi. Həmin vaxt
zalda əyləşənlərdən biri sual etdi ki, bu vəzifə
üçün Balakişiyev çox gənc deyilmi? Vəli
müəllimin cavabı çox yığcam və əhatəli
oldu: gənc şəhərin gənc də rəhbəri
olmalıdır"...
Uzun illər Sumqayıtda partiya-sovet işlərində
çalışan həmyerlim Vaqif Qasımov Nadir müəllimin
bu şəhərdə işlədiyi vaxtları gənc
şəhərin yüksəliş illəri kimi dəyərləndirir. O deyir ki, Sumqayıt Kamran Hüseynov,
Zülfü Hacıyev kimi rəhbərlərin dövründə
inkişaf, çiçəklənmə dövrlərini
yaşayıb. Bu sırada 1962-ci ildən birinci
katib vəzifəsini tutan Nadir müəllimin də adı
mütləq çəkilməlidir. Sumqayıta
10 ilə yaxın rəhbərlik edən bu dəyərli
ziyalı bütün həyatını şəhərlə
bağlamışdı. Onun dövründə
şəhərin sosial təyinatlı obyektlərinin tikilib
istifadəyə verilməsinə xüsüsi önəm
verilmişdi.
Doğrudan da 60-cı illər Sumqayıtın
sosial-iqtisadi həyatı böyük quruculuq işləri ilə
yadda qalan olmuşdur. Bu dövrdə şəhərin kimya və
metallurgiya sənayesinin inkişafı fonunda sosial təyinatlı
obyektlərə də ciddi ehtiyac vardı.Yeni birinci katib ilk
günlərdən bu məsələni xüsusi nəzarətə
götürdü. Sovet İttifaqı Qəhrəmanı
Mehdi Hüseynzadə adına 20 min tamaşaçı
üçün nəzərdə tutulan stadion, 600 yerlik
"Rusiya" (indi "Nizami") kinoteatrı, rəssamlıq
qalereyası, şəhərin tarixi muzeyi, uşaq
kitabxanası, çörək və süd zavodları, təzə
balıq məmulatlarını saxlamaq üçün
akvarium-hovuz, 500 çarpayılıq xəstəxana kompleksi,
sənaye müəssisələrində 7 yeni tibb məntəqəsi,
Sumqayıt Dövlət Gənclər Teatrı, musiqi texnikumu,
bir çox sanatoriyalar, pioner düşərgələri və
s. kimi sosial obyektlərin gənclər şəhərində
tikilib istifadəyə verilməsi Nadir müəllimin fəaliyyətinin
bəhrəsi olmuşdur. 60-cı illərin
axırlarında isə Sumqayıt respublikamızın ikinci sənaye
mərkəzinə çevrilmişdi.
Sumqayıt Nadir Balakişiyevin yaradıcı fəaliyətinin ən önəmli və məhsuldar dövrü olmaqla, həm də şəxsi həyatında da silinməz işlər qoymuşdur. İki dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1964-cü ildə isə Azərbaycan KP MK üzvü seçilib. 1966-cı ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Sov.İKP XXIII qurultayının işində iştirak edib. Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi olduğu dövrdə göstərdiyi xidmətlərə görə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilib. Taleyinin 10 ilə yaxın bir dövrünü bu şəhərlə bağlayan Nadir müəllim sonralar da Sumqayıtla əlaqəsini kəsməmiş, bu sənaye şəhərinin zəhmətsevər sakinləri ilə daim ünsiyyətdə olmuşdur.
1971-ci ildə o, Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi təyin olunub. 1978-1990-cı illərdə energetika sahəsində ixtisası üzrə işləyib. 1991-ci ildə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru təyin edilib və 1997-ci ilədək bu vəzifədə çalışıb. Harada, hansı vəzifədə olmağından asılı olmayaraq, o, gördüyü işin vurğunu olduğunu heç vaxt gizlətməyib.
Nadir müəllim həm də gözəl ailə başçısı idi. Mina xanım Mustafabəyova ilə ailə həyatı qurmuş, 45 illik nikahıları dövründə 3 övlad böyütmüşlər. Mina xanım indi yaşlansa da, Nadir müəllim haqqında gənclik təravəti ilə danışır, sifətinə gələn ilahi bir nur bu təravəti bir az da işıqlandırır. Deyir ki, işi çox olardı, işinə çox məsuliyyətli insan idi. Amma ailə münasibətlərində də məsuliyyəti işindəkindən az deyildi. İşdən çox yorğun gələndə belə, uşaqlarla ünsiyyəti ona bir dinclik gətirər. Hərdən bir zarafatla deyərdi ki, məni uşaqlar işdən "qovduracaq". Mina xanım vaxtilə Nadir müəllimin öz dilindən eşitdiyim kiçik bir əhvalatı da yada salır: kiçik qızımız Nailənin doğum xəbərinin eşidəndə büronun iclasını aparırmış. Bu xəbərdən sonra iclası təxirə salır. Sonralar bu barədə ciddi bir şəkildə deyərdi: ömrümdə bir dəfə işimə "xəyanət" etdim, hətta büro iclasını da təxirə salıb doğum evinə qaçdım...
İndi atalarının şərəfli həyat yoluna işıq salan övladlardan 2-si müəllim, biri isə həkim kimi çalışmaqda, müstəqil Azərbaycanımıza dəyərli töhfələrini verməkdədirlər. 2004-cü il mayın 26-da həyatdan köçən Nadir müəllimin işıqlı xatirələrdə yaşayan ömrü isə davam edir. Bu ömrü onun qədirbilən övladları ilə yanaşı, nəvə-nəticələri, bir də ondan yadigar qalan qurub-yaratdıqları və xeyirxah işləri yaşatmaqdadır.
Namiq QƏDİMOĞLU
Əməkdar jurnalist, "Qızıl Qələm",
"Araz", Həsən bəy Zərdabi və TURKSOY-un Ali Mediya
mükafatçısı
525-ci qəzet.- 2017.- 3 noyabr.- S.6.