İtaliyaya səfər: keçmişin əks-sədası
və gerçəklik
Telman ORUCOV
(Əvvəli ötən şənbə
saylarımızda)
Neronun gölünün yerində tikilən Kolizey
(Colosseo), daha dəqiq olaraq Flavi amfiteatrı adlanmaqla, əyləncə
yeri idi.
Kolizey adını amfiteatr Neron dövründəki Koloss
heykəlinə yaxın olduğuna və nəhəngliyinə
görə almışdı. Bu tikinti Roma
sivilizasiyasının ən böyük möcüzələrindən
biri idi.
Onun tikintisini imperator Vespasian başlatdırmış,
istifadəyə isə Titin dövründə, 80-ci ildə
verilmişdi.
Bu gələcək imperator 70-ci ildə bir sərkərdə
kimi öz ordusu ilə Yerusəlimi yerlə yeksan etmişdi.
Oval stadionun dairəsi 1/3 min idi, xarici ölçüləri
415 futdan 615 futa qədər idi. 160 futluq (49 m)
hündürlüyündəki fasadı üçmərtəbəli
olmaqla, 80 tağdan ibarət idi, həmçinin onun
çardaq mərtəbəsi də var idi. Heyranedici sütunlar Martsell teatrı binası
qaydasında tərtib edilmişdi. Çardaq
mərtəbəsi 50 min tamaşaçını günəşin
istisindən qorumaq üçün tentlə
örtülürdü. Burada təkcə
qladiator döyüşləri getmirdi, həm də onlar
yırtıcı vəhşi heyvanlarla vuruşurdular. Səhnə su ilə doldurulduqda isə dəniz
döyüşü tamaşası gedirdi. İspaniyanın Merida şəhərinin kənarında
mən b.e.ə. I əsrdə mərmərdən
olan gözəl Roma teatrının yanındakı meydanda
qazılmış və divarları daşla
örtülmüş kanalları görmüşdüm,
onlarda da həmin dövrlərdə dəniz döyüşlərinin
qladiatorlar vasitəsinə təqlidi nümayiş
etdirilirmiş.
Amfiteatrın struktur çərçivəsi və
fasadı travertindən idi, ikinci divar vulkan tufundan ibarət
olmaqla, daxili divardakı çökək boşluq və
sütunlar qübbəsi betondan idi.
Ümumilikdə isə Kolizey min ildən çox bir
müddətdə rahat daş karxanası rolunu
oynamışdı, yalnız XIX əsrin əvvəllərində
papanın göstərişi ilə bu vandalizmə son
qoyulmuşdu.
XVII əsrdə Barberini ailəsi (indi şəhərdə
Barberini meydanı vardır) öz sarayını tikmək
üçün Kolizeydən sökülən tikinti materialından
xeyli faydalanmışdı. Bu ailədən
olan papa isə material əldə etmək naminə Panteonun
sökülüb dağıdılmasında iştirak
etmişdi. Oradan sökülən
sütunlardan Müqəddəs Pyotr kilsəsinin tikintisində
istifadə olunmuşdu. Buradan da belə bir
kəlam meydana gəlmişdi. “Barbarlar edə
bilmədiyini, Barberinilər etdilər”.
Konstantin
315-ci ildə, Mulviya körpüsü üstündəki qələbəsindən
üç il sonra bayram etmək
üçün öz tağını ucaltmışdı. Onun yanında bir əsr əvvəl tikilmiş
Karakalla hamamları qaynar, isti, soyuq otaqlardan ibarət idi.
Oradakı üzgüçülük hovuzu
çox iri idi, divarları isə mərmərlə
örtülmüşdü. Hamamın ətrafı
bağla əhatə olunmuşdu. Digər
binada kitabxana, mühazirə salonları, rəssamlıq
qalereyaları var idi. Ondan sonra tikilən
Diolektian hamamı isə 11 hektar sahəni tuturdu. Ümumiyyətlə, hamam tikintisi başqa ictimai
binaların tikintisindən geri qalmırdı. Avropanın digər xalqları hələ ibtidai
insan kimi primitiv həyat sürəndə, təmizliyə
fikir vermirdilər, romalılar isə şəxsi
gigiyenalarına böyük diqqət göstərirdilər.
Yuli Sezar “Qalleya müharibələri haqqında
qeydlər” kitabında ilk dəfə qədəm
basdığı Britaniya adasındakı yerli sakinləri vəhşi
kimi təsvir edir, bataqlıqda gizlənən bu adamlar suyun
altına girib qamış çubuqlarla nəfəs
alırdılar. Hətta 1,6 min il keçdikdən sonra
da ingilislər şəxsi təmizliklərinə fikir
vermirdilər, kraliça I Elizabetin sarayında
çalışan bir məmur yazırdı ki, ömründə
iki dəfə çimmişdi, bir dəfə anadan olanda,
ikinci dəfə isə evlənəndə təzə gəlinin
çimdiyini görüb, onun hərəkətini təkrar etmək
istəyəndə. Düzdür, Krit
adasındakı Knossos sarayının otaqlarına hələ
b.e.ə. XVII əsrdə isti və soyuq su gəlirdi. Axı Krit-Minoy mədəniyyəti Avropa
sivilizasiyasının beşiyi hesab olunur. Romalılar isə
Avropanın digər aşağı həyat tərzinə
malik olan, mədəni yaşayışın yad olduğu
xalqlardan xeyli irəlidə olmaqla, onlar üçün
nümunə obyekti ola bilərdilər.
Romanın hərbi qüdrəti, böyük ərazi
işğal etməsi onun sakinlərinin yüksək
intizamına, iradəsinə, döyüş
bacarığına, başqa xalqlarla müqayisədə xeyli
inkişaf etməsinə əsaslanırdı. Romalıların
heç də yeni silah növü yox idi, çünki yeddi əsr
ərzində döyüş silahları inkişaf etməmiş,
təkmilləşməmişdi. Deməli,
hərbi qələbələr birinci növbədə insan
faktoru ilə əlaqədar idi. Sərkərdələr
strategiya və taktikadan yaxşı baş
çıxardıqları kimi, əsgərlər də fədakarlıqla
döyüşməyi bacarırdılar. Çünki
Roma nizami orduya malik idi, döyüşçülər dinc
dövrlərdə də intensiv məşq edirdilər, kotan
şumlanmayanda paslandığı kimi, əsgərlər də
məşq etməyəndə tənbəlliyə öyrəşir,
yemək-içmək və istirahət onları pozurdu.
Bunu Kann qələbəsindən sonra Kampaniya əyalətində
qışı keçirən Hannibalın ordusunun acı təcrübəsi
sübut etdi.
Romanın məşhur abidələrindən biri Forumdur
(Foro Romano). Forum çar və respublika Romasının dini,
mülki və kommersiya mərkəzi idi. Yeddi
təpə tərəfindən əhatə olunan kiçik,
bağlı bir vadidə yerləşirdi. Komitə
və Sosial Forum üçün iki iclas yeri var idi. Vadinin digər qurtaracağında isə müqəddəs
odu qoruyub saxlayan Vestal qızlarının - vestalkaların məbədi
yerləşirdi. Çar Numa Pompilinin iqamətgahı
kimi təsvir olunan Regia da buradadır. Sosial
Forumun yanında Aralıq dənizi ətrafının
üç mühüm bitkisi - üzüm, əncir və
zeytun ağacları yüksəlirdi. Forumun
geniş qurtaracağında natiqlər üçün tribuna
qoyulmuşdu, hərb gəmisindən qənimət kimi
götürülmüş qoç başı şəklindəki
platforma (rostra) ilə bəzədildiyindən, ona Rostra deyirdilər.
Buradan təkcə natiqlər
çıxış etmirdilər, rostra həm də qisas
nümayişi üçün istifadə olunurdu. B.e.ə. 43-cü ildə ikinci Triumviratın
üzvü olan Mark Antoni öz düşməni, böyük
mütəfəkkir Tsitseronu öldürtdükdən sonra
xalqı qorxutmaq üçün onun başını və əllərini
rostra üzərində qoydurmuşdu. Yəqin
ki, çoxları Sankt-Peterburqun Vasilyevski adasındakı
Rostra adlanan iki qülləni xatırlayırlar, həmin
qüllələrdə də rostranı andıran əlamətlər
vardır. Senatın iclasları gedən
bina isə Kuriya adlanırdı. Yuli Sezar
Kuriya üçün yeni və xeyli böyümüş
bina tikdirmişdi.
Sezar öz Forumunu dükanlar və məbədlər
üçün tikdirdi, onun yanında sonralar Avqustun,
Nervanın, Trayanın və Vespasianın forumları cərgələnirdi. İlk
teatrlara gəldikdə isə Tibrin yanındakı Pompey
teatrı Romada daşdan tikilmiş ilk bina idi. B.e.ə. 44-cü ilin mart idilərində - 15 martda
Senat burada toplaşmışdı. Orada
Sezar 23 xəncər zərbəsi alıb, Pompeyin heykəlinin
ayağına yıxılıb, həyatla
vidalaşmışdı. Pompey
teatrından sonra isə Martsell teatrı gəlirdi.
Ölümündən sonra allaha çevrilən
Sezarın məbədi Forumla Regia arasında ucalırdı. Onun tərəfdarları
b.e.ə. 42-ci ildə Makedoniyadakı Filippidə əleyhdarlarını
məğlub edib, Sezarın qatilləri olan Brutu və Kassini
öldürdülər.
Tibrin
sağ (qərb) sahilində Vatikan şəhərinə və
Trastvereyə girəcəkdə Müqəddəs Mələk
qəsri (Castel Sant'Angelo) və ya Hadrian mavzoleyi yerləşir.
Tibrin bu hissəsindəki 11 körpü
xüsusi maraq mövzusudur. Üstündə
mələklərin heykəllərini əlavə etməyi
Berninin xahiş etdiyi Sant Ancelo körpüsü (Ponte di
Sant'Angelo) baş körpü olmaqla, II əsrin əvvəllərində
tikilmişdir. Doğrudan da heykəllər
körpüyə xüsusi gözəllik verir. Bir il sonra Hadrian burada öz sərdabəsini
tikdirməyə başladı. Tikinti imperial
mavzoley formasında idi, bir əsr sonra Avrelian divarına
qatılıb, Romanın müdafiəsinin baş istehkamına
çevrildi. Sant Ancelo adı isə
sonralar meydana gəldi. 587-ci ildə papa
Böyük Qriqori şəhərdə xoleranın sona
çatması barədə Mariya anaya dua edərkən,
özünün dediyinə görə, sərdabənin
başında dayanan böyük mələk Mikael
görünmüşdü. Epidemiya kəsildi
və sərdabə bu hadisədən sonra Müqəddəs
Mələk Qəsri kimi tanınmağa başladı. Bir müddət bura papa qəsri oldu, burada həm də
dustaqxana var idi. Papanın qəsrdən bir
sığınacaq kimi Vatikana aparılması
üçün keçid də mövcud idi.
Sezar tərəfindən tikintisi başladılan və Avqustun ölümündən əvvəl başa çatdırılan Martsell teatrı bu adı, ilk imperatorun qohumu olan gəncin vaxtsız ölümünə görə almışdı. Onun fasadı Kolizey üçün model kimi istifadə edilmişdi, həm də Renessans arxitekturasının aparıcı üslubuna çevrilmişdi.
Avqust b.e.ə. 30-cu ildən ölənə qədər imperiyaya təkbaşına hökmranlıq etmişdi. Onun dövrü həm də latın ədəbiyyatının qızıl dövrü kimi qiymətləndirilir, bu illərdə Vergili, Horatsi, Ovidi yazıb-yaratmışdılar. Dostu Metsenat ədəbiyyata himayəçilik edirdi, “metsenatçılıq” ifadəsi də buradan yaranmışdır.
Avqustun sərdabəsindən şimal tərəfdə Via Flaminia, indiki Korso küçəsi uzanır, bu ad “qaçış” mənasını verməklə, at cıdırından götürülmüşdür. Çayın ətrafındakı düzənlikdə çoxlu məbədlər, hamamlar, orta əsrlərdə isə idman meydançaları var idi. Burada üç imperial abidə qalmışdır, bunlar Panteon, Avqust Sülhü Mehrabı və Hadrian sütunudur.
Tibr adasına bağlanan sahə respublikanın başlıca cıdır və idman zonası idi, XVI əsrdən isə yəhudi gettosuna çevrildi. Həmin vaxt papa yəhudiləri gettoda komendant saatı məhdudiyyəti altında saxlayırdı. Bu, Hitlerin Varşavada yaratdığı yəhudi gettosunu yada salır. Bədbəxtlikdən, sonrakı papalar da əvvəlki sərt antisemitizm qaydaları proqramını həyata keçirirdilər. Romanın Birləşmiş İtaliyaya daxil olmasına qədər yəhudilər bütün professiyalardan, dövlət xidmətindən və torpaq sahibliyindən təcrid olunmuşdular.
(Ardı var)
525-ci qəzet.-2017.-4 noyabr.-S.22.