Yarpaq tökümüyaxud düşüncələrim...

 

III hissə

 

İmamverdi İSMAYILOV

 

 

Qazanc - halal, ya haram olsun - tək sənin deyil.  Bölə bilmirsənsə, böləcəklər...

 

Hər günahı bağışlamazlar

 

Elə göz yaşları var ki, gözdən axır, amma ürəkdən gəlmir...

 

Belindəki kƏmƏrin deşiyi qarnından asılıdır

 

Əyilən qaməti kim gəlib düzəldəcək?

 

Yanındakını çox yorma - tənha qalarsan

 

Vərdişləri birdən-birə tərgitməyə öyüd-nəsihət  kar etməz

 

Yüyrək yeridiyin kimi, yüyrək danışma

 

Dişin dibindən çıxan Söz çürük olar

 

Elə səhvlər var ki, ömür boyu boğazından xalta kimi sallanar, səni gözüqırpıq gözükölgəli edər

 

Evə gətirdiyin ÇörƏk Taleyin qazancıdır

 

Hərkəs mənsəb sahibi olanda, heçdə dəyişməz qala bilmir

 

Ayağını yerə qoy, görüm hara gedirsən, atam balası?!

 

Ölüm ayağındakı Müdriklik kimə lazımdır?!

 

Gözün suyu burnun suyu kimi çirkli ola bilməz

 

Harınlıq ayağın altını örtür

 

Ya ağla, ya gül - adam var ki, onun üçün fərqi yoxdur

 

gözünü döy, özünü öy

 

Həyətindəki xoruzun banlaması elə dörd divarın arasında da qalacaq

 

ŞöhrƏt - yaxşı şeydir, ancaq onu qazanan ondan qoruna bilmir

 

Oğurluq bəlası, tamah hissi  gözdən başlayar

 

Dolu ağzını marçıldadma, yanındakı boş mədəni qıcıqlandıracaq

 

Elə şeylər var ki, o sənin taleyinə yazılmayıb, axtarıb özünü yorma

 

Dil yerindən çıxmasa, çox pərdələr yırtılmaz...

 

Mədəsi ac olan ürəkli ola bilməyəcək

 

Ağzındakının dadını səndən yaxşı bilən olmayacaq

 

Nazı onu başa düşən şəxsin yanında edəndə - qiymətləndiriləcəksən

 

Elə yeriş var ki, uzaqdan hər şeyi büruzə verir

 

Üzündən tökülən toxluq ola bilər ki, içindən gəlmir

 

Qırx gün söhbəti müqəddəsdir həm hər sahədə sınaq müddətidir

 

Qaldıra bilmədiyin yükü qoy yerində qalsın

 

Xoşbəxtliyin  ya bədbəxtliyin uğrunda vurnuxanda bil ki, bu, sənin iradəndən kənar söhbətdir

 

Elçilikdə dediyin "Allah xoşbəxt eləsin!"  kəlamının bəzən əzabını da çəkməli olursan

 

Mızıldama, sızıldama , inildəmə!..

 

Danışmazdan qabaq özünə qulaq asmağı da bacar

 

Dünyaya gətirdiyin övladın adını sən qoysan  da, Taleyini Allah yazacaq

 

Hər hansı bir məqsədə doğru sürünməzlər, qətiyyətlə gedərlər

 

Ayaq izləri başqasının ayaqqabısından da qala bilər, ancaq barmaq izləri təkcə sənindir...

 

Elə vərdişlər var ki, el yığılsa, tərgitdirə bilməz

 

Başqasının uğuruna, varına həsəd aparmazlar

 

Kimsəni endirirsənsə, özünü qaldıra bilməyəcəksən

 

Barmağın ucundankı iy səni tamsındırar ... yolundan  çıxara bilər

 

Sən sevməyi sevinməyi necə, bacarırsanmı?

 

Elə yaxşılıqlar var ki, onun yolunda yatsan da azdır

 

Səni qiymətləndirməyən, sənin hər hansı jestini qiymətləndirə bilməyəcək

 

Hər axşam evin kişisi gələn yolu  intizarla gözləyən qadın çörək tapacaq nəvə-nəticə yiyəsi olacaq

 

Elə dƏrd var ki, ona ƏyilmƏsƏn yaxşıdır

 

Paxıl qardaş, paxıl dost - ən qorxulu düşməndir

 

İnsanları qovuşduran göz yaşları müqəddəsdir

 

Sabah  ölüm ayağında yastığına dirsək olacaq bir kimsən varsa, bax, ən böyük həmdəmin odur

 

Qabağı mən səndən yaxşı görürəm. Bəs arxanı necə, arxandakı o baxışları görə bilirsənmi?

 

Diriykən qədir bilməyənim,  mən öləndən sonra qəbrimə gəlib gülləri düzmə, ürəyimi üzmə...

 

Sən öləndən sonra adını əməllərin daşıyacaq

 

Tamahın geriyə yolu yoxdur

 

Qazandığın dəyərləri hər yerdə xırdalama

 

Əlini cibinə qoymaqla cibin dolmayacaq

 

Baxır edilən duAlar hansı ağızdan çıxır

 

İnsanın içini heç  çölü gizlədə bilmir

 

Günahkar insan - ölüm ayağında yaxşı ölə bilmədiyindən zarıyır...

 

Elə dərd var ki, onu dərman da sağaltmayacaq

 

Vaxtında dayanmağı vaxtında qayıtmağı bacar - udan sən olacaqsan

 

Mühit - qorxulu müəllimdir

 

Dur get, görüm, səndən danışacaqlar!?

 

Çörək vermirsən, hələ bir bais olursan?!

 

Elə danış ki, özünü aldatmayasan

 

Ayağının altından yer qaçanda, Sən hara qaçacaqsan?

 

Özünü ora-bura soxursan, barmağını isə burun-qulağına

 

Zamanın ölçüləri Dünyanı ovutmaq üçündür

 

Hər gördüyün yaxşını danışıb kiminləsə bölüşmə: düşər-düşməzi olar...

 

ayaq səslərini, nəfəsini, əl izlərini gizlədə  bilməyəcəksən...

 

Hünərli adam dil uzatmaz, əl uzadar

 

Hər səsdə bir nəfəs var

 

Bir yazını ki, yazan yazıb, kimdi onu pozan!?

 

Boyundan uca tullansan da, qəlbindən uca görünə bilməyəcəksən

 

Ağarmış saçların da rəngini gizlədərlərmi?

 

Üstünə qədər qar yağsa da, Torpaq altını dəyişməyəcək, qoruyacaq varını...

 

Göylərin dərinliyində sonalanıb, cərgələnib, sıralanıb, səf tutub gedən quşların ahənginə baxan baxdıqca heyran olan bəşər övladı - bir azacıq fikirləşsə, nəticə çıxarsa - Dünya yaxşıca boşalardı, ayrı düşmüş qəbirlərin ruhu da dincələrdi...

 

QƏribi gəlməyənin həsrətli gözlərini ölüm bağlaya bilmir

 

Ağlayanda dil deməsən, selin qabağı açılmaz...

 

Qol qaldırıb oynayanda ürək atlanar

 

QalibiyyƏt sənə mƏğlubiyyƏti öyrətməlidir

 

ÇƏmƏn şehi  - səhərin göz yaşlarıdır, üstündə ehtiyatla gəz-dolan

 

Ayağını yerdən üzən insan hər an, hər saniyə ölümlə üzbəüz durur

 

Ölümü - o gəlməmiş gözlə və qarşıla...

 

Soyuqda, sazaqda iliyim, sümüyüm üşüyəndə, gəlib qəbrimdə bir ağız ağlayarsan, mənim gözü selli-sulu, ağlayan bacım!..

 

525-ci qəzet.-2017.-7 noyabr.-S.6.