İstedadlı naşir, kitab
sevdalısı
"Səhər-səhər"
rubrikasında
ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri
İstedadlı naşir, qələm
adamı Bəhruz Axundovun vaxtsız ölümü onu tanıyan hər kəsi sarsıtdı.
Ölümündən sonra mətbuatda onun haqqında çıxan ardıcıl
yazıları oxuduqca
kitaba, ədəbiyyata
bağlı olan bu adamı daha
yaxından tanıdıq
sanki. Çünki
son dərəcə təvazökar
adam olan
Bəhruz Axundov gördüyü işləri
reklam etməzdi, uğurlarını hər
addımbaşı dilə
gətirməzdi. Hələ
80-ci illərdə nəşriyyat
işində çalışan,
kitabla məşğul
olan bu adam işinin peşəkarı idi, kitab nəşri məsələsini hər
incəliyinə kimi bilirdi. Elə ona görə
də ölkənin nüfuzlu qələm adamları ən mühüm əsərlərini
məhz Bəhruz Axundovun rəhbərlik etdiyi “Təhsil” nəşriyyatına etibar
edirdilər.
Bəhruz müəllim Yazıçılar
Birliyinin üzvü idi, tədbirlərimizdə
tez-tez iştirak edir, gənclərin kitablarının, almanaxların
çapına dəstək
olurdu. Hərdən söhbətlərimizdə mənə yarızarafat “Sizin elə kitabınızı çap
edəcəyəm ki,
heç zaman yadınızdan çıxmasın”
- deyirdi. Elə də
oldu. Ulu öndər Heydər
Əliyevin vəfatından
sonra onunla görüşlərim, söhbətlərim
əsasında “Unudulmaz
görüşlər” kitabımı
yazdım və çapını da məhz “Təhsil” nəşriyyatına etibar
etdim. O zaman Bəhruz müəllimin çap işinə necə həssaslıqla, türklər demiş, titizliklə yanaşdığını
gördüm, hər fotonun yeri, hər
sözün yazılışı
yüz dəfə yoxlanır, hər şey yüksək peşəkarlıqla yerinə
yetirilirdi. Doğrudan da deyildiyi kimi, “Unudulmaz görüşlər” həm
məzmunu etibariylə,
həm də nəfis poliqrafik səviyyəsinə görə
mənim kitablarımın
içərisində özəl
yeri olan kitabdır. Bundan başqa, Pərvinin mənim haqqımda yazdığı “Anar dünyası” kitabı da “Təhsil” nəşriyyatında Bəhruz
Axundovun böyük diqqəti, qayğısı
ilə, yüksək poliqrafik səviyyədə
işıq üzü
gördü.
Onu da deyim ki, Bəhruz
Axundovun kitab işinə həm də öz yaradıcılığı kimi,
ayrıca bir incəsənət növü
kimi yanaşdığını
da müşahidə etmişəm. Təsadüfi deyil ki, onun
rəhbərliyi altında
işıq üzü
görən bir neçə kitab məhz poliqrafik səviyyəsinə görə
dəfələrlə “Kitab
sənəti” müsabiqələrində
qalib olub, “Qran pri”lər qazanıblar.
Ümumiyyətlə, insanın öz işinə sevgisi son dərəcə mühüm
məqamdır, uğurun
yarısıdır bəlkə
də. 2014-cü ildə Türkiyədə,
Əskişəhərdə keçirilən Türk dünyası yazarlarının
görüşünə və
Kitab sərgisinə qatılmışdım. Azərbaycandan “Təhsil” nəşriyyatı
da ayrıca stendlə bu sərgidə təmsil olunurdu. O vaxt birgə səfərdə
Bəhruz müəllimin
müəyyən peşəkarlıq
keyfiyyətlərinin, kitaba
aşırı sevgisinin
və öz işindən necə zövq almasının şahidi oldum. Sərgidə nümayiş olunan
hər kitab böyük zövqlə,
həssaslıqla seçilmişdi
və Bəhruz müəllim özü stendin önündə durub bu kitabları
fuar ziyarətçilərinə
təqdim edir, müəlliflər haqda danışırdı. Bu mənada kitab işinin onun üçün sadəcə
biznes yox, yaradıcılıq olduğunu
anladım. Həmçinin, bu işə necə böyük enerji, güc sərf elədiyini də bildim.
Bəhruz Axundov həm də Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində dərs
deyirdi. Gənclərə kitab çapı
işinin incəliklərini
öyrədirdi. Bir sözlə,
enerjisi tükənməz
idi. Ona görə də
bu enerjinin, həyat eşqinin sahibinin birdən-birə xəstələnməsi çox
qəribə oldu.
Həyatın belə amansız
sürprizləri də
olur və onlar qarşısında aciz qalır insan.
Xəstəliyini eşidəndə zəng vurdum ona. Səsi zəifləmişdi, amma yenə də nikbin olmağa, xoş söhbətlər etməyə, buraxacağı kitablardan, görəcəyi işlərdən danışmağa çalışırdı. Bəhruz Axundovun ölümü onu tanıyan, onunla ünsiyyətdə olan hər kəs üçün ağır oldu. İndi onun şərəfli yolunu oğlu davam etdirir. Mən Bəhruz müəllimi işıqlı bir insan kimi, həm də minnətdarlıq hissi ilə xatırlayıram, Allahdan ona rəhmət diləyirəm və düşünürəm, nə qədər ki, övladı onun kitab yaratmaq sənətini davam etdirir, ruhu şaddı.
525-ci qəzet.-2017.-11 noyabr.-S.11.