Çıraqları yandıran
"Nabat"
Pərvinin təqdimatında
Azərbaycan kinosu
- 120
PƏRVİN
Birdən-birə hamı ondan danışmağa
başladı.
Nələr demirdilər barəsində? Geyimindən tutmuş sözlərinə kimi,
üzünün rənginə, yaşadığı köhnə
evə kimi hər şey, hər şey “dedi-qodu” mövzusu
idi. Amma o qədər xoş idi ki, bu qeybətlər.
Çünki bu dəfə
bir qadının müzakirə olunmağı, mövzuya
çevrilməyi böyük hadisəydi... Sənət hadisəsi!
Nabat idi o qadının adı... “Nabat”ın qəhrəmanı
Nabat!
Səhərin alatoranında evdən çıxıb
Nizami Kino Mərkəzi eşqiylə şəhərə gəlməyim,
birdən seansa gecikərəm deyə bir neçə saat əvvəldən
mərkəzi küçələrdə boş-boş gəzib
vaxtı gözləməyim yaxşı yadımdadı. Çünki
zövqünə inandığım bir neçə sənətsevərdən
heyranlıq, məmnunluq dolu rəylər eşitmişdim Nabat
haqqında. Kinoteatrları popkornların dadına görə
seçən, ayıran dostum isə yaman narazı idi... Yox,
“Nabat”a yeyə-yeyə baxmaq olmaz - demişdim. Onun çəkdiyi
ahı belə eşitmək istəyirdim, ayrı bir səs,
ayrı bir söz olmazdı... Film
başladı. Zalda cəmisi 3 adam
vardı. Dostum: - Bura bax, sizi bu filmlərə getməyə
işdən məcbur edirlər, - dedi - yəni jurnalist kimi
mütləq baxmalısız? Gülümsədim,
gözüm isə Nuri Bilgə Ceylana meydan oxuyan dopdolu,
estetik, gözəl, göz oxşayan kadrda idi...
Nabatın bütün üstün və qeyri-adi cəhətlərindən
danışmazdan öncə daha bir mühüm xidmətini
vurğulamalıyam. Nabat tamaşaçılarını Elçin
Musaoğlu kimi sənətkarla yaxınlaşdırdı, onun
yaradıcılığı ilə tanış
etdi. Elə mənim də əlimdən tutub təkcə
yaşadığı kəndin dolamalarını yox,
ayrıca bir sənət dünyasını gəzdirdi Nabat.
Burda Azad Mirzəcanzadənin maraqlı müsahibəsindən
təsirləndim, Rəşid Behbudovun, Xan Şuşinskinin əsrarəngiz
səsinin cazibəsinə düşdüm, ermənilərə
təkbaşına müqavimət göstərən Natiq
Qasımovun qəhrəmanlığından qürurlandım,
eşitmə-danışma qabiliyyəti olmayan uşaqların
şüşə oyuncaqlarıyla başımı
qatırdım ki, bir də
gördüm, 40-cı qapının önündəyəm.
Bax, o 40-cı qapı nağıllarda olduğu kimi hər
şeyin həllidi, amma açarı Nabatda idi bu
qapının... O qapını açmaq yalnız Nabatın əlindəydi.
Ona görə yenidən Nabata dönmək lazım gəlir...
lll
Rejissor, əməkdar incəsənət xadimi Elçin
Musaoğlunun “Nabat” filmi 2014-cü ildə çəkilib. Bu film “Kino nədir?”
sualının bütün cavablarını özündə
ehtiva edir. Kino sadəcə süjet deyil, uğurlu
dialoqlar da kino deyil, yalnız yaxşı aktyor oyunu kino
sayılmaz, kino uğurlu görüntü də deyil... Bəs nədir kino? Bütün
bunların cəmi? Bəlkə də... Amma
kino həm də başqa sənətlərin deyə bilmədiyini
çatdıra bilən sənət növüdür. Yəni
o ideya ki, ədəbiyyata çevirsən bəsitləşər,
səhnədə qoysan adiləşər, amma kinoda ən dəqiq
həllini tapır... Baxırsan, hər şeyi başa
düşürsən, hər şey orqanikdi, mükəmməldi
az qala, amma sözə çevirə bilmirsən. “Nabat” belə filmdi. Onun
haqqında danışmaq çətindi. Əlbəttə,
film yaranandan çox uğurlu bir həyat yaşayır, kino tənqidçilərinin
ciddi marağına səbəb olub, haqqında sonsuz sayda məqalələr
yazılıb, amma bununla belə “Nabat”ı tam izah etmək,
ifadə etmək çətindi. Çünki
sözə, təsvirə, təhlilə gəlməyən
yüzlərlə detal var bu filmdə. Və
filmin də ən böyük üstünlüyü
bütün bu detalların son dərəcə dəqiqliklə,
zərgər diqqəti ilə işlənməsidir.
Nabat rolunu ifa edən iranlı aktrisa Fatimə Motamed
Aryanın oyunu haqqında ayrıca tədqiqat işi
yazılmalıdır. Təbrizlilərlə dostluq edən, Azərbaycan
dilini onlardan öyrənən aktrisa kinoda çox
danışmır, amma şirin bir cənub ləhcəsiylə
qarabağlı qadını canlandırmağı ilk əvvəl
qəribə təsir edir adama. Lakin bir
neçə dəqiqədən sonra bu cənublu ləhcəsi
də Nabatın xarakteri, davranışıyla harmoniya təşkil
edir. Oğlu şəhid olan, əri yataq xəstəsi
Nabat təpənin başında balaca bir evdə
yaşayır. Bir vaxt meşəbəyi
olan əri İskəndərin (Vidadi Əliyev) sağalmaz xəstəliyi,
lap yaxından eşidilən atışma səsləri,
aşağıdakı kənd camaatının qorxulu söhbətləri
Nabatı sarsıda bilməz.
Filmin ssenarisini rejissor Elçin Musaoğlu və Elxan Nəbiyev
yazıçı-dramaturq Musa Quluzadənin “Qarı və
qartal” povesti əsasında qələmə alıblar. Professor Musa
Quluzadə Elçin Musaoğlunun atasıdır. Elə təkcə film ideyasının yaranması,
povestin yazılması və ssenarinin işlənmə
tarixçəsi müəlliflərin sənətə
münasibəti haqqında çox şey deyir.
Elçin Musaoğlu müsahibələrindən birində
danışır ki: “Bu ideya məndə 1985-ci ildən
vardı. Evə gəldim, televizoru
açdım, gördüm qoca bir qadından müsahibə
alırlar. Soruşurlar ki, kənddə necə
tək yaşayırsan, səni qara basmır? Dağ kəndi idi. Qadın deyir
ki, mən hara gedim, oğlumun, ərimin qəbri burdadır.
Deyir tüfəngim var, bir də inəyim.
Sizə 1985-ci ildən danışıram.
O vaxt kiçik hekayələr yazırdım. Bu
əhvalatı da yazdım. Amma mənim qəhrəmanım
qarı və qartal idi. Əsgərlik vaxtı gələndə
düşündüm ki, əsgərlikdir, hər şey ola bilər, bu ideyanı atama
danışdım. Bilirdim ki, atam daha çox
realist yazacaq, məndən fərqli olaraq. 1987-ci ildə
gələndə atam dedi ki, yazmışam. Baxdım ki, bir az pafoslu yazıb. Amma xoşuma gələn
çıraqlar oldu. Yəni qadın
çıraqları yandırır ki, kənd ölməsin.
Nabat qaranlıq kəndə nəfəs verir ki,
kənd yaşasın. Əslində,
bütün qəhrəmanlıqların kökündə
xırda, adi istəklər dayanır”.
Dəhşətli bir sənət fədailiyi duyulur filmdən. Və bu sənətə
aşiqlik, sənət naminə çabalar da elə rejissorun
yuxarıda gətirdiyim fikirlərindən aydın
görünür. Əsgərliyə gedən gənc
oğlan gerçək bir sənət əsəri
üçün zəmin ola biləcək
ideyanın itməyindən narahatdı, bunu atasına
danışır və illər sonra gerçəkləşdirir.
Əslində, bu fakt bütün fədakarlıqdan,
romantikadan daha çox həm də peşəkarlığın
göstəricisidir. Elçin Musaoğlu
Rusiyada rejissor Mark Zaxarovun kurslarında təhsil alıb.
Amma onun filmlərində, “40-cı qapı”da da, “Nabat”da da rus
kinosunun şedevrlərini - “12 stul”, “Həmin Münhauzen”,
“Sevgi formulası”, “Sadə möcüzə” kimi sevilən
ekran əsərlərini yaratmış Mark Anatolyeviç
Zaxarovun dəst-xəttini tapmaq mümkün deyil. Daha çox çağdaş İran kinosu
estetikası duyulan bu filmlərdə həm də tamam ayrı
bir ruh, özəllik var.
Aydın
Talıbzadə “Nabat” filmi barədə yazdığı “Olum
və ölüm arasında dözüm” məqaləsində
Elçin Musaoğlunun təsirləndiyi rejissorlara eyham
vurur:
“...Mən
burada türk rejissorları Semih Kaplanoğlu ilə, Nuri Bilgə
Ceylan ilə salamlaşdım, İran kinosundan Abbas Kəyarüstəmini,
Möhsün Məhməlbəfi tanıdım, rus kinosundan
Andrey Tarkovskini gördüm. Onu da gördüm ki, Elçin
Musaoğlu bu rejissorların sənət konseptlərini öz
kinematoqrafiyasında “əridib” və dünya kinosunun bir
nömrəli adları siyahısına öz adını da
yazdırıb. Bu, Elçin Musaoğlunun
kinematoqrafiyasıdır: bu, Elçin Musaoğlunun
üslubudur”.
Aydın müəllimin dəqiq fikirlərini davam etdirərək
söyləmək olar ki, Elçin Musaoğlu məhz
dünya kinosundan məktəb sayıla biləcək
rejissorlardan təsirlənməklə, birbaşa bəhrələnməklə
yox, onlardan öyrəndiklərini öz üsulunda, öz
üslubunda təqdim etməklə fərqlidir,
başqadır. Əslində, bu filmlərdə ən
çox İran kinosu məktəbi hiss olunur. Amma rejissorun özünəməxsus yozumları da
göz önündədir. Elə
“40-cı qapı” filmində qəhrəman Rüstəm
adlı yeniyetmə bir oğlandır. Atası
Rusiyada işləyən, daha sonra orda rəhmətə gedən
oğlan həyatın çətinlikləri, qorxulu
qaydaları ilə üz-üzədir. Anasının
himayəsində qalan Rüstəm necə yaşayacaq,
hansı yolu seçəcək - bu, ciddi problemdir. Yeni İran kinosu adlandıra biləcəyimiz
dalğa da bu mövzu, yəni uşaqların dünyası,
onların problemləri xüsusi yer tutur. Abbas Kiarostaminin
“Dostumun evi harada?”, Məcid Məcidinin “Cənnətin
uşaqları”, “Cənnətin rəngi”, “Ata”, Cəfər Pənahinin
“Ağ şar”, “Güzgü”, Bəhmən Qubadinin “Sərxoş
atlar zamanı”, “Tısbağalar da uça bilir” filmləri
buna misal ola bilər. Qəddarlaşan və
maddiləşən dünyada uşaqların balaca, yaxud
böyük dərdləri son dərəcə ciddi
mövzudu. “40-cı qapı”da Elçin Musaoğlu
uşaqlığı əlindən alınmış,
atasının ölüm xəbərini verən bir telefon zəngi
ilə “böyümüş”, evin kişisinə
çevrilmiş Rüstəmin vasitəsiylə ümumiyyətlə,
dünya və onun gəlib çatdığı məqam
haqqında düşündürməyə
çağırır.
Kinoda ən çətini uşaqlarla işləməkdi
və təəssüflər olsun ki, son illərdə
kinomuzda uşaqların süni oyununa daha çox rast gəlirik. “40-cı
qapı”da isə Rüstəmi ifa edən Həsən Səfərov
oyunu ilə peşəkar aktyorlardan geri qalmır. Anası (Gülər Nəbiyeva) ilə birgə
qoyulan ideyanı, problemi hər cəhətdən göstərməyə,
çatdırmağa nail olur. Küçələrdə
maşın yuyan, avaralardan canını qoruyaraq,
yıxıla-yıxıla, dura-dura yaşayan Rüstəm hər
axşam evə qayıdanda lampaları gah sönən, gah
yanan küçə fanarının altında durub
düşünür. Operator Əbdülrəhim
Beşaratın rəssamlıq tablosuna bənzəyən bu
cür kadrlarını “Nabat” filmində də çox
görmək olar. Bu iki filmin əsas özəlliklərindən
biri hər kadrın sənət əsəri olmasıdır,
yəni istənilən vaxt pauza düyməsini vurub ən
gözəl, ideal foto, tablo əldə edə bilərsən.
Və elə “40-cı qapı”da da kor bir
uşağın - Elşənin təmkini, müdrikliyi həm
də ideal operator işi vasitəsiylə qavranır. Korun dünyaya “baxışı”, üzünün
fakturası, sözləri - hamısı düşünmək
üçün mövzudu. Həm də himayəyə
ehtiyacı olan Rüstəmin Elşəni öz himayəsinə
götürməsi, onun qayğısına qalması... Bütün bunlar şəhərin 40 kilometrliyində
yerləşən qəsəbədə baş verir və bu
şərti ad “40-cı qapı” heç də
nağıldakı kimi xoşbəxt sonluq vəd etmir. Rüstəmin ağrıları ilə onun
anasının - Gülər Nəbiyevanın
ağrıları vəhdətdə göstərilir. Valideyn-övlad münasibətləri şəklini
dəyişir. Bəzən Rüstəm anasının
hamisinə çevrilir, onun qeyrətini çəkir, bəzən
də anası oğlunun döyülməsinə görə
üzülür... Və bütün bu qarışıq
hisslərin içində ən çox aydın olan
dünyanın amansızlığı, həyatın qəddarlığıdı...
Lakin həll yolu həmişə var, lap
kiçicik işıqdan belə tutub yaşamaq olar.
Ümumiyyətlə, Elçin Musaoğlunun
yaradıcılığında bu bapbalaca yol, gah yanıb gah
sönən işıq, iynənin ucu boyda ümid həmişə
var. Yenə uşaqlardan bəhs edən “Şüşə
oyuncaqlar” qısametrajlı filmində də bu işıq
yolka oyuncaqlarında əks olunub. Danışıq
və eşitmə qabiliyyətini itirmiş uşaqlardan
ötrü dünya səssiz və sözsüzdür.
Hər şey, hər yer işarələrdir yalnız... Rəqs
edirlər, amma musiqisiz, söhbət edirlər ancaq
sözsüz... Yeni ildə onların yeganə əyləncəsi
rəngbərəng oyuncaqlarla yolka bəzəməkdi. Həqiqətən fiziki qüsurlu uşaqlarla
çəkilən film balaca arzularla, iynənin ucu boyda
işıqla, sadə sevinclərlə də
yaşamağın mümkünlüyünü göstərir.
Bu uşaqların sevincinin, “rənglərinin” qoruyucusu olan tərbiyəçi
(Sevda Sultan) səhər duranda yolkanı oyuncaqsız
görüb təlaşlanır... Və Azərbaycan kinosu
üçün yepyeni, mükəmməl bir kadr -
mışıl-mışıl yatan uşaqların dəmir
çarpayılarının altından asılan rəngbərəng
oyuncaqlar!
Elçin Musaoğlunun “uşaqları” haqda onu söyləmək
olar ki, onun filmlərində uşaqlar həm də bir məsumluğun,
həyatın, ümidli gələcəyin simvoludur, “həyat
davam edir” mesajıdır. Elə “Nabat” filmində də
boş qalmış, sakinləri tərəfindən
atılmış kənddə Nabat hara gedirsə
qarşısına uşaqlarla bağlı işarələr
çıxır: ipdən asılmış uşaq
paltarları, köhnə üçtəkərli velosiped,
fotostudiya divarında uşaq şəkilləri, tavandan
asılmış uşaq beşiyi və uşaq
oyuncaqları... Boş qalmış yurdlarda
bütün bu elementlər Nabatın yandırdığı
çıraqlar kimidi əslində. Həyat
əlamətidi, gələcəyin işıqlı
olacağına işarədi.
Elçin Musaoğlunun yaradıcılığında əsas
yeri sənədli filmlər tutur. Sənətinə sənədli
filmlərlə başlayan rejissor ümumiyyətlə, kinonu sənədli,
bədii deyə növlərə ayırmır. Onun üçün hər bir sənədli filmdə
bədiilik var, hər bir bədii film də sənədlidəki
kimi real hadisələri, daha doğrusu, real həyatı əks
etdirməlidir. Bu mənada onun Azad Mirzəcanzadə, Rəşid
Behbudov, Tofiq Bakıxanov, Gülağa Məmmədov,
Lütfiyar İmanov kimi sənətkarlar haqda sənədli
filmləri xeyli fərqlidir. Son illərdə
rejissora uğur gətirən işlərindən biri də
“Qarabağ şahini” - Natiq Qasımov haqqında çəkdiyi
sənədli filmidir. Natiq Qasımovun film
kimi həyatı, şücaətləri bu filmdə
bütün çoxtərəfliliyi ilə əks etdirilib.
Natiq Qasımov 1992-ci ildə Ağdamın
Xramort kəndi yaxınlığında yeddi əsgərimizlə
birgə alban kilsəsi yerləşən yüksəklik
uğrunda ölüm-dirim savaşına qalxır. Döyüşdə altı yoldaşı həlak
olan Natiq alban məbədində mübarizəni davam etdirir.
Təkbaşına gecə-gündüz
vuruşaraq düşmənləri bu posta yaxın
buraxmır. Burada bütöv bir batalyonun
yerləşdiyini zənn edən ermənilər əsir və
girov götürülmüş Xocalı sakinləri içərisindən
yaşlı bir kişini - Cəfərov Cəfəri
çağırıb məbədə göndərirlər,
bildirirlər ki, kilsədəkilər təslim olmasa, xocalılıları
güllələyəcəklər. Natiq 22 nəfəri
xilas etməkdən ötrü təslim olur, ermənilərə
əsir düşür... O vaxt “Oqonyok” jurnalının
müxbiri Konstantin Smirnov və fotomüxbir Enriko Sarzini də
orda olub. Onun fotosunu çəkirlər və “Oqonyok”un 1992-ci il aprel nömrəsində Natiqin əlində
bayraq erməni hərbçiləri tərəfindən əsir
götürülməsini əks etdirən fotosu dərc
olundu... Natiqin bu qürurverici qəhrəmanlığı,
ürəkağrıdan faciəsi Elçin Musaoğlunun
filmində əsl sənət nümunəsi şəklində
təqdim olunur. Hətta iztirab çəkən,
vicdan əzabı içində qovrulan Cəfər müəllimin
həm real danışıqları, həm də aktyor tərəfindən
canlandırılmış obrazı son dərəcə təsirlidir.
Ümumiyyətlə, istər sənədli, istərsə
də bədii filmlərində Elçin Musaoğlu
yaxşını göstərməyə, ümid verməyə,
sevindirməyə çalışır. Ona görə
ömrünü elmə həsr edən Azad Mirzəcanızadə
də qəhrəmandır, həyatını vətən
torpağından ötrü fəda edən Natiq də,
balaca-balaca lampaların işığını
yandırıb çıraqları sönməyə qoymayan
Nabat da...
Və yenə Nabat... Əslində, “Nabat” Elçin Musaoğlunun bütün ideyalarının cəmidir. Ona görə təkrar Nabata qayıdıb dönə-dönə ondan danışmağa ehtiyac duyulur...
Müəlliflər Nabatın xarakterini lap filmin əvvəlindən açıq göstərirlər. Yəni tamaşaçını şoka salmaq, fikrini azdırmaq, çaşdırmaq niyyətləri yoxdur. İlk bir neçə dəqiqədə kəndi solğun, qorxulu, sakinlərinin ayağını qaçaraq görən Nabatın qayıdıb ərinə xoş hadisələr - kiminsə uşağı olub, kimsə nişanlanıb - uydurub danışması ilə aydın olur hər şey. Nabat öz nağılını özü uyduran insandır. Amma dərd də, ağrı da, kədər də, tənhalıq da öz yerindədi, onun içindədir... Ən sadə detallarla göstərilir bu. Məsələn, Nabat filmin əvvəlindən fotoqrafdan da, kənd sovetindən (Fərhad İsrafilov) də şəhid olmuş oğlunun şəklini istəyir... Amma şəkil tapılmır. Bir gün düşüb kəndi boş görəndə də, əri öləndən sonra ayrı-ayrı evləri gəzib neft lampalarını yandıranda da bu foto onun yaddaşındadır... Amma! Filmin ən uğurlu kadrlarından biri məhz budur: Nabatın həmin o kənd fotostudiyasına girib ordakı hər bir detalı gözdən keçirməyi. Əgər o təlaş içində oğlunun fotosunu axtarsaydı, hər şey çox banal olardı, adi görünərdi. Nabat isə sadəcə köhnə fotoları sakit-sakit gözdən keçirir, bu fotolarda kəndin qaynar vaxtı var, tanış simalar var, diri adamlar, ömürlər var... Nabat bütün kəndi gözünün önündən keçirir sanki. Oğlunun şəklinin yerində isə Çe Gevaranın fotosunu gətirib asır. Pafossuz, filansız, heç bir qəhrəmanlığa, inqilabçılığa işarə vurmadan. Ümumiyyətlə, Fatima Motamed Arya sanki elə Nabatın özüdür, yəni onun oyununda təbii olmayan, süni, mübaliğəli, pafoslu bircə detal da sezmək, tapmaq olmaz. Müəllif Nabatın təkliyini, tənhalığını, təbiətin bir parçasına çevrilməsini yalquzağın vasitəsiylə də göstərir. Hamı gedəndən, əri öləndən, Ağca inəyi itəndən sonra kənddə, o təpə üstündəki tənha evdə, həyətdə Nabatdan və yalquzaqdan başqa heç kəs qalmır. Lampaların nefti azaldıqca, işıqlar söndükcə Nabatın da getmək zamanı çatır. Üzündə donmuş bir işıqla, xoş və zorla seziləcək təbəssümlə, tərtəmiz, pak gedir bu dünyadan Nabat... Və film bütün bu kədərli mövzusuna baxmayaraq, insanda xoş hisslər, inam oyadır.
Elçin Musaoğlunun “40-cı qapı” filmi də çox uğurlu bir festival həyatı yaşamışdı, 30-dan çox festivalda nümayiş olunub, uğur qazanmışdı. “Nabat” isə bir çox ilklərə imza qoydu, ən çox uğur gətirən filmlərimizdən oldu. 71-ci Venesiya Film Festivalında ilk dəfə olaraq Azərbaycanın tammetrajlı “Nabat” filmi kinofestivalın əsas müsabiqədən sonra ikinci vacib bölümdə “Horizontlar” proqramında nümayiş olunub. 227-ci Tokio Beynəlxalq Film Festivalında iştirak edib, Almaniyanın 63-cü Mannheim-Heidelberg film festivalında 3 mükafata layiq görülüb, İranda keçirilən 33-cü Fəcr Beynəlxalq Film Festivalının “East Panorama” müsabiqə proqramında “Nabat” “Ən yaxşı rejissor” mükafatını qazanıb. Vyanada “LETS CEE” Beynəlxalq Film Festivalında “Ən yaxşı baş rol ifaçısı” nominasiyasında Fatima Motamed Arya qalib olub. 3-cü İstanbul Boğaziçi Film Festivalında isə “Nabat” “Ən yaxşı aktrisa” ödülünə layiq görülüb. Bütün bu faktlar həm də Qarabağ dərdlərimizin sənət dili ilə təbliğatı deməkdir.
Yazının əvvəlində Nabatı izləyərək, onun izlərinə düşərək Elçin Musaoğlu yaradıcılığına, filmoqrafiyasına səyahət etdiyimi, orda gəzişdiyimi söylədim... Təəssüflər olsun ki, bu sənədli və bədii filmlərdən ibarət aləmdə boşluqlar da var... Zaman boşluqları. “40-cı qapı” ilə “Nabat”ın arasında altı il. Altı illik zaman məsafəsi. “Nabat”ın yaranmasından isə artıq üç il keçir... Gözləyirik!
525-ci qəzet.-2017.-11 noyabr.-S.16-17.