Üç roman və “525-ci qəzet”
"525"-25
QİSMƏT
Tələbəlik illərimdə böyük
zövqlə oxuduğum,
sehrindən bir neçə müddət
çıxa bilmədiyim
romanlardan biri də Rey Bredberinin “Farengeytlə 451 dərəcə”
romanı idi.
Bu romanda qəribə
bir gələcək təsvir olunurdu. Bu qəribə gələcəkdə
yanğınsöndürənlərin funksiyası dəyişib,
onlar təlimat üzrə konkret ünvanlara gedib kitabları müsadirə
edir, toplayıb yandırırlar. Həmin
romandakı bir dialoqu bu gün
də xatırlayıram,
təxminən belə:
- Deyəsən işlər kasaddır?
- Hə, dünən Dostoyevskini yandırmışıq,
bu gün Folkneri...
Bredberinin
baş qəhrəmanı
Qay Monteq bir gün yandırmalı
olduğu kitablardan birini xəlvətcə oğurlayır və Orxan Pamuk demiş,
“bir gün bir kitab oxuyur
və bütün həyatı dəyişir”.
Bundan sonra o daim “iş
vaxtı” kitab oğurlamağa başlayır
və get-gedə adı qara siyahıya
düşür. Monteq sonda
öyrənir ki, şəhərdən aralıda,
meşənin içində
“kitab cinayətkarların”dan
ibarət bir qrup yaşayır və gedib onlara
qoşulur. Meşədəki
bu alternativ cəmiyyətdə hər
adam bir
kitabı əzbər
bilir və bu adamlar öz
adlarından imtina edib əzbər bildikləri müəllifin
adını götürüblər.
Birinin adı Stendal olub, birinin
adı Tolstoy, bir başqasının adı
Kafka...
“525-ci qəzet” ədəbiyyatla
qan qardaşıdır. O, müstəqillik
tariximizdə yeganə
qəzetdir ki, bədii sözün ikinci, üçüncü
plana düşdüyü,
ən ağır, ən ümidsiz günlərdə belə
öz səhifələrində
bacardığı qədər
ədəbiyyata sığınacaq
verib. “525-ci qəzet”in
redaksiyasında elə
adamlar var ki, onlar hərəsi
Bredberin qəhrəmanları
kimi, ən azı bir kitabın,
bir müəllifin əvəzsiz dünyasını
ürəklərinə köçürüblər.
Çağımızın böyük romançısı
Salman Rüşdünün
“Gecəyarısı uşaqları”
adlı məşhur romanının təhkiyəçisi
Hindistanın müstəqillik
günündə dünyaya
gəlib və mistik şəkildə onun sonrakı bütün həyatı ölkəsinin taleyi ilə kəsişir. Onun həyatı
vətəninin taleyinə,
vətəninin aqibəti
onun həyatına təsir edir. Mənim nəzərimdə, müstəqillikdən
bircə yaş kiçik olan “525-ci qəzet” də belədir. Əgər “525-ci qəzet”in ilk sayından bu günə qədərki sayları vərəqlənsə,
orda həm ölkəmizin, həm də jurnalistikamızın
keçdiyi yol bütün çalarları
ilə ən aydın şəkildə
görünəcək.
Bizdə
çox da tanınmayan amerikalı yazıçı Con Bartın
“Üzən opera” adlı
bir romanı var. “Üzən opera” bir çayda tamaşa göstərən gəminin
adıdır. Kitabdakı hadisələr
qismən həmin gəmidə baş verir, amma əsas
məsələ bu əsərin həyatımızla
bağlı çox incə məqamlara eyham vurmasıdır.
Təsəvvür eləyin ki,
bu gəmi heç vaxt lövbər atmayacaq, çayın axını
ilə gah aşağı, gah yuxarı sürüklənəcək,
tamaşaçılar isə
çayın hər iki sahilində oturub tamaşaya baxacaqlar. Gəmi yanlarından keçəndə
göstərilən tamaşanın
həmin vaxt hansı parçasıdırsa,
ancaq onu görəcəklər, sonra
isə bezib getməyiblərsə, tamaşanın
başqa bir hissəni görmək üçün axının
gəmini geri qaytarmasını gözləyəcəklər.
Tamaşanın iki fərqli
parçası arasındakı
boşluğu doldurmaq
üçün fantaziyalarını
işə salmağa məcbur olacaqlar...Əslinə qalsa, çox vaxt nə baş verdiyini başa düşməyəcəklər, ya da bilməsələr
də, bildiklərini düşünəcəklər. Deyəsən, həyat da belədir axı: dostlarımız, sevdiklərimiz, doğmalarımız
axınla gözümüzün
qabağından keçir,
onlarla anlıq fraqmentlərdə üz-üzə
gəlirik, amma axın onları aparır və bizə ancaq təsəvvürlər qalır.
Axın onları təzədən
yanımıza gətirəndə,
ya dostluğumuzu yeniləyirik, ya da görürük ki, artıq bir-birimizi anlamırıq.
Bu üzən həyat operasında axın “525-ci qəzet”lə bizi nə vaxt görüşdürübsə, bir-birimizi başa düşmüşük, bəzən sözlərlə, bəzən isə sükutla...
525-ci qəzet.-2017.-11 noyabr.-S.18.