Uzun illər zəhmətinin apogeyi

 

Telman ORUCOV

 

 

Şəxsiyyətinə hörmət bəslədiyim, ədəbi yaradıcılığını (jurnalist fəaliyətini də bura daxil edirəm)  lap çoxdan böyük maraqla izlədiyim Əli İldırımoğlunu öz yaxınları, dostları və  pərəstişkarları yaxınlaşan yubileyi münasibəti ilə təbrik edirlər və mən də bu sevincli hisslərdən kənarda qalmaq istəməzdim.

 

Yubilyara ən xoş sözlər ünvanlanır, onlar həqiqəti ifadə etdikdə isə, paxılların münasibətinin izləri də bu qiymətə elə bir təsir göstərə bilmir. Təbiət mənzərəsinin gözəlliyi ona laqeydlik göstərənlərin hisslərindən heç də yara almır, çünki bu gözəlliyi ən mahir rəssam - təbiətin özü yaratmışdır. Yaradıcı insanların da həyatı daim müşahidə altında olur, ona rəğbət bəsləyənlər, hətta pərəstiş edənlər olduğu halda, onların sayının çoxluğu qarşısında tək-tək bəyənməmək, qəbul etməmək və ya inkar halları əslində, elə bir əhəmiyyət kəsb etmir. Axı zövqləri bir universal nəcib qəlibə salmaq da mümkün deyildir. Bəsit, vulqar zövqlər yalnız öz xüsusiyyətinə uyğun olanları məqbul dəyərlər cədvəlinə daxil edir (Şekspir “yaddaş cədvəli” ifadəsini işlədirdi) və layiq hesab etmədiklərini isə  özlərinin aqnostika məhbəsində  “cəza çəkməyə” göndərirlər.

 

Əli İldırımoğlu jurnalistikanın dərəli-təpəli yolu ilə uzun müddət addımlayıb, yaxşı ad qazandıqdan sonra ədəbi  yaradıcılığa keçmiş və artıq  yazıçı şöhrətinin  şərəfli daşıyıcısına çevrilmişdir. Onu həm yazıçı, həm də jurnalist adlandırılar.  Bu titullar onun adı yanında təbii səslənir. Lakin  mən onu bütövlükdə “ədəbi istedad sahəsinin zəhmətkeşi” adlandırardım.  İnadkar zəhməti hesabına onun istedadı uzun müddət ərzində çiçəklənməkdə, bar verməkdə davam edir və onun bu sahədəki  məhsuldarlığına isə hətta cavan ədiblər də həsəd apara bilərlər. Son 25 ildə o, bir-birinin ardınca çox sayda romanlarını və povestlərini çap etdirmişdir.

 

Persiyanın Persepolisdəki (Bisütun dağındakı)  Nəqşi-Rüstəmdə çar I Daranın sərdabəsi üzərində yazılmışdı ki, Allah ona iki xüsusi keyfiyyət  -müdriklik və fəallıq vermişdir.  Əli İldırımoğlu isə bu keyfiyyətlərlə yanaşı, həm də zəngin bədii təxəyyülə malikdir. Trubadurlar Orta əsrlərdə  poeziyaya canlı hisslər axını gətirdiyi  kimi, Əli müəllim də  ölkəmizdə mövcud olan kənd nəsrinə yeni hava, yeni nəfəs gətirmişdir. Onun romanlarında kənd həyatının  isti, doğma nəfəsini hiss edirsən. Orada təsvir edilən obrazlar bizi patriarxal, ancaq  saf mənəviyyatla qidalanmış cəmiyyətin qaydalarını, orada baş verən hadisələri duymaq, təhlil etmək və qiymətləndirmək məkanına istiqamətləndirir. Onun öz rəncbər atası haqqındakı hekayəti  mərdlik  rəmzi sayılan əyalətdə yaşayan kəndli kişilərin ümumi obrazını əks etdirən  abidəyə bənzəyir. Bu abidə əsl ehtiram obyekti olduğundan, hətta zamanın dağıdıcı təsirinə məruz qalsa da, öz kristallığını, qranitliyini qoruyub saxlayır, keçmişdən boylansa da, bizim mənəviyyat dünyamıza işıq salan ulduza bənzəyir. Yazıçı heç də mumiyalar sərgisi təşkil etmək mqəsədini güdmür, canlı, ölməz obrazlar qalereyası yaratmaq qayğısına qalır və buna əsasən nail olur.

 

Əli İldırımoğlu haqqında çoxlu elmi, təhlili məqalələr yazılmış, onun yaradıcılığı diqqətdən kənarda qalmamışdır. Oxucuları arasında isə xalq kütləsindən olanlar, sadə insanlar çoxluq təşkil edir. Onlar  bu kitablardan öz ata-babalarının bəlkə də yaddaşlardan silinməyə üz qoyan xatirələrini axtarır və onları tapdıqda müəllifə  rəğbətlə dolu hisslər bəsləyirlər.

 

XIV əsrdə yazıb, yaratmış və Renessansa öz əsərləri ilə cığır açan böyük italyan şairi Petrarkanı Aristoteli öyrənənlər bəyənməyib, onu “yaxşı adam..., ancaq savadsız və faktiki olaraq səfeh adlandırırdılar”. Petrarkanın yeganə günahı  onda idi ki, o, Aristotelə aid edilənlərdən daha çox, məsləkinə yaxın olan xristianlığın doqmatlarına, müddəalarına inanırdı. Petrarkanı  həmin təhqir edənlər  toza çevrilmişlər, dahi şair isə artıq yeddi əsrdir ki, minnətdar oxucularının könlünə hakim kəsilməkdə davam edir.

 

Kənd prozasının nümunələrinə ağız büzənlər   vardır, özünü “müasir” hesab edən bu adamlar əcdadlarının adətlərinə, ənənələrinə də laqeydliklə, bəzən hətta istehza ilə  yanaşdıqlarından Əli İldırımoğlunun romanlarına da arxaik həyat tərzinin təbliğ vasitəsi kimi baxırlar.  Böyük rus  yazıçısı A.İ.Gertsen yazırdı ki, “Ruslar  hıçqıranda turş kələm iyi verir”, bizim kökünə naxələf çıxan, millətin “çürük dişini” andıran bəzi adamlarımız isə gəyirəndə ağızlarından şotland viskisi iyinin gəlməsi ilə qürrələnirlər. Hansısa kiçik bir budaq quruyursa, günahı ağacın kökündə axtarmaq ağılsızlıqdır.   Yazıçının əsərləri isə bizə, xüsusən Şərq xalqlarına xas olan bir qaydanı - nəslin mənşəyinə, əcdadlara böyük hörmət bəsləmək lüzumunu təlqin edir. Əgər millət yaşayırsa, onun əcdadları da, ənənələri də yaşayır  onlar heç də unutqanlıq dənizinin dibində qərar tutmamalıdır.  Psevdomüasirlik adətən tez sıradan çıxır, tarix isə özünün mütləq üstünlüyünü qoruyub saxlayır.

 

Əli İldırımoğlu yaradıcılığında  olduğu kimi, həyata bəslədiyi münasibətdə də öz riqorizmi ilə seçilir. Onun inamı sarsılmazlıq mineralını yada salır və bu keyfiyyətində o, Babil qülləsi qurcularının cəsarətini xatırladır. O, doğma xalqına xəyanət etmiş qonşu etnosdan olanların nankorluğuna dözə bilmir, erməni qatı millətçilərini real faktlar əsasında ifşa edir. Axı onlar yazıçı hələ uşaq olarkən, onun doğma kəndini yandırmışdılar. XX əsrin sonunda isə bu azğınlıq daha böyük miqyas almışdır. Yazıçı torpaqlarımızın erməni işğalında olmasını dözülməz bir hal kimi təsvir edir   bu  ləkənin tezliklə silinəcəyinə böyük ümid bəsləyir.

 

Əli İldırımoğlu “inqilab” ruhu ilə yaşayan az saydakı fərdləri də qəbul etmir, onlar hakimiyyəti ələ keçirmək xatirinə istənilən əcnəbiyə qulluq göstərməyə, xalqı bir daha ağır sınaqlara sövq etməyə hazırdırlar.  Bircə şeydə təsəlli tapır ki, xalq bu saxta “fırtına quşlarına  inanmır və onların uydurma bəyanatlarını və çağırışlarını ümidsizlikdən yaranan haray kimi qəbul edir. Axı xalqımız ən azı İslam dininə keçəndən sonra, hətta yadlara da “salam” sözü,  sizə sülh olsun” diləyi ilə müraciət edir. Ancaq bəzi adamlarımızın bu müraciətə dirsək göstərməklə cavab verməsi, dincliyi, sabitliyi qəbul etməməsi  yazıçının  səmimi kədərinə səbəb olur.

 

Əli İldırımoğlu real həyat həqiqətlərini təsvir edir.  O, virtual aləmdə də nə Dante kimi Beatriçaya, nə də Petrarka kimi Lauraya vurulmamışdır. Onun pərəstiş mehrabı  Azərbaycan kəndidir, onun insanlarıdır. Kimsə onu köhnəliyə pərəştişdə ittiham edə bilər, bu, daha çox həmin adamın dar idrakından irəli gəlir, onun qnoseoloji səhvi hesab edilməlidir.

 

Əli İldırımoğlunun yubileyi  əslində, onun ədəbi yaradıcılığındakı zəfərinə həsr olunmuşdur, bu yaradıcı insan ömrünün ixtiyar çağında da yorulmaq bilmir, ən uca zirvələrə dırmaşmaqda davam edir.  Zirvəni fəth etməyə çalışanlar isə öz məqsədlərinə heç vaxt xilaf çıxmırlar. Yazıçı bir əsrə yaxınlaşan illərlə vidalaşır, ancaq onun öz apogeyinə çatan zəhmətinə qiymət verdikdə, gərginliyinə, müəmmalarına görə bu illərin əsrə bərabər olduğu qənaətinə gəlirsən.

 

Yaşlı adamların nailiyyətlərindən söhbət gedərkən, Şərq ölkələrində uğurlu övladların, nəvələrin, nəticələrin olması da onların aktivinə yazılır. Lakin unutmaq olmaz ki, yaradıcı insanların öz qələminin gücü ilə həyat enerjisi verdiyi övladları - qəhrəmanları da mövcuddur. Balzak “İnsan komediyası”nda 3 min, Marsel Prust yeddi seriya romanında 2 min, Mikelancelo Vatikanın Sikstin kapellasındakı məşhur “Qiyamət günü” freskasında 300 obraz yaratmışdır. Əli İldırımoğlunun personajlarının sayı dəqiq bilinməsə də, onlar ən azı iri bir türk tayfasını təşkil edərdi. Bu tayfa nə osmanlılar, nə də Əmir Teymur kimi hərbi yürüşlər etməmiş, şəhərlər almamış, ərazilər işğal etməmişdir. Lakin bu tayfa daha böyük qələbəsi ilə öyünə bilər - insan könülləri adlanan hədsiz, hüdudsuz bir səltənəti fəth etmişdir. Qoy, qocaman yazıçı gizli bir ağrı ilə ötüb keçən ömrünə nəzər salarkən, bu qalibiyyətli ordusunun zəfərləri ilə iftixar hissi keçirdiyi anları da unutmasın.

 

 

525-ci qəzet 2017.- 11 noyabr.- S.12.