500 iliniz qaldı...
"525"-25
Vilayət
QULİYEV
17 noyabr tarixi mənim nəzərimdə üç baxımdan əlamətdardır.
Bu tarixdə ünlü şairimizin “yatmış vulkana” bənzətdiyi Azərbaycan oyanıb, on minlərlə həmvətənimiz küçə və meydanlara axışaraq sovet imperiyasından milli hiss və tarixi yaddaşlarına hörmət tələb etmişdilər. Həmin gün ölkəmizin ən yeni tarixinə Milli Dirçəliş günü kimi daxil olmuşdu.
Bu tarixdə qızım Humay dünyaya gəlib.
Bu tarixdə yarandığı vaxtdan ardıcıl əməkdaşlıq etdiyim “525-ci qəzet”in ilk sayı işıq üzü görüb.
Yəqin ki, maraqlanan oxucular adla bağlı sirri bilirlər - təsis olunduğu dövrdə qəzet rəsmi qeydiyyat sırasında 525-ci idi.
Yarım mindən çox mətbu nəşrin mütləq əksəriyyəti zamanın və oxucu zövqünün, tələbatının sınağından çıxa bilmədi.
“525-ci qəzet” isə altıncı yüzlükdən birinci onluğa, birinci beşliyə, birinci üçlüyə, nəhayət birinciliyə yolunu əzmlə davam etdirdi.
Adında üç rəqəmi ehtiva etməsinə baxmayaraq bu gün həm yazı-pozu adamı kimi, həm də Azərbaycan ədəbiyyatının və mədəniyyətinin təəssübünü çəkən ziyalı kimi bu diqqətəlayiq mətbu orqanın yeri mənim təsəvvürümdə sadəcə bir rəqəmlə ifadə olunur.
Bu rəqəm 1-dir! Birinci qəzet!
Naməlumluqdan populyarlığa, tanınmazlıqdan
şöhrətə, 525-cilikdən
1-ciliyə gedən yol
asan olmayıb.
Belə yolu yalnız öz işinin vurğunları, həqiqi
entuziastlar keçə
bilərdilər.
1876-cı
ildə Həsən bəy Zərdabinin “Əkinçi”ni necə vəziyyətdə,
hansı əziyyət
və məhrumiyyətlər
bahasına çıxardığını
görən bir fransız jurnalisti heyrətini bildirərək
demişdi: “Görünür,
siz öz millətinizi çox sevirsiniz”.
Azərbaycanın analoqu olmayan inkişafı dövründə
“525-ci qəzet” əməkdaşlarının
hansı şəraitdə
işlədiklərini, amma
bütün bunlara baxmayaraq belə bir qəzet ərsəyə gətirdiklərini
görəndə naməlum
fransız jurnalistinin sözlərini təkrarlamamaq
olmur: “Uşaqlar, görünür, siz
öz millətinizi
(və həm də öz qəzetinizi!) çox sevirsiniz!”
Əks-təqdirdə bunca fədakarlıq imkansız
görünərdi!
Gənc
yaşlarından öz
üzərinə böyük
və ağır missiya götürən baş redaktor Rəşad Məcid öndə olmaqla qəzetin bütün əməkdaşları çox
çətin bir vəzifənin öhdəsindən
gəliblər – qəzeti
yaşadıblar, imicini
qoruyublar, onu çeşidli oxucu auditoriyasının
mətbuat brendinə
çevirə biliblər.
“525-ci qəzet” bizim
– yaradıcı ziyalıların
əsas tribunasıdır.
Əvvəldə də qeyd etdim: iyirmi ilə
yaxındır ki, bu qəzetdə müxtəlif mövzularda
yazılarım çap
olunur.
Düzdür, onların sayı
hələ 525-ə çatmayıb. Amma ümumi həcmi yəqin ki, 525 səhifəni
bir neçə dəfə keçib.
Müəllifliyimdə ara-sıra fasilələr
yaranıb. Özümdən
asılı olmayan səbəblər üzündən
bu fasilə bəzən hətta bir neçə il çəkib.
Oxuculuğum isə fasiləsiz olub. “525-ci qəzet”in çox nadir sayları gözümdən qaçıb.
Nədir bu qəzeti məndən ötrü bunca doğmalaşdıran?
“525-ci qəzet” oxucularını
heyrətləndirməyə, indi dəbdə olan ifadə ilə desəm, onlarda “şok” effekti yaratmağa yox, maarifləndirməyə
çalışır.
“525-ci qəzet” həyatda və insanlardakı yaxşı, xeyirxah, işıqlı cəhətləri
görməyə və
göstərməyə, nikbin notlar aşılamağa
can atır.
“525-ci qəzet” bu
gün çox böyük ehtiyac duyduğumuz təhsil və mədəniyyət
sahəsinin güzgüsüdür. Onun həm
uğurlarını, həm
də problemlərini eyni ardıcıllıqla,
eyni prinsipiallıqla göstərməyi bacarır.
“525-ci qəzet” dünyanı
Azərbaycana gətirmək
və Azərbaycanı
dünyaya çıxarmaq
üçün əlindən
gələni edir.
“525-ci qəzet” partiya və qrup maraqları
fövqündə, ümumilli
mövqedə dayanmağı,
Sabir demişkən, “dövrün aynası” olmağı bacarır.
Bu məziyyətlərin siyahısını
yenə də artırmaq mümkündür...
Böyük Britaniyanın “Tayms” qəzeti 1785-ci ildən eyni adla çıxır.
“525-ci qəzet”ə bu
rekordu təzələməyi,
2517-ci ildə özünün
525 illiyini bayram etməyi arzulayıram.
Fantastik görünür?
Düşünürəm ki, “525-ci qəzet”də fantaziyanı
həqiqətə çevirməyi
bacaran gənclər çalışır və
onların hər nəsli bu ənənəni
özlərindən sonra
gələnlərə təlqin
etməyi, aşılamağı
bacarsalar ən ağlagəlməz xəyalları
gerçək olar!
Növbəti yubileyinizdə mütləq
sizinlə birlikdə olmaq vədi ilə:
Vilayət Quliyev
Azərbaycan Respublikasının
Macarıstanda
Fövqəladə və Səlahiyyətli səfiri
12.XI.2012. Budapeşt
“525”dən:
Dəyərli fikir adamı, böyük alim və dövlət xadimi, istedadlı publisist Vilayət Quliyevin bu səmimi
təbriki yubileyqabağı
bizi çox duyğulandırdı. Belə bir
dəyərli şəxsiyyətin
“525-ci qəzet” barədə
söylədikləri görülən
işin, çəkilən
zəhmətin doğruluğuna,
dürüstlüyünə və vacibliyinə inamı artırır.
Bu xoş sözlərə,
içdən gələn
səmimiyyətə görə
Vilayət müəllimə
dərin təşəkkürümüzü
bildiririk. Və öz
növbəmizdə qeyd
etməyi vacib sayırıq ki, noyabrın 5-də görkəmli
alimimizin 60 yaşı
tamam oldu. Bu ərəfədə Vilayət müəllim haqqında “525”də tanınmış
yazıçılarımızın, ədəbiyyat xadimlərimizin
yazıları dərc
olundu. Biz dərc olunan və şifahi söylənilən çoxlu
təbriklərə qoşularaq
qəzetimiz adından
Vilayət müəllimin
60 illik yubileyini bir daha təbrik
edirik.
“525” belə bir dəyərli alimin yazılarını dərc
etməkdən hər
zaman qürur duyub. Onun son illərdəki
araşdırmaları, tariximizin
qaranlıq və müəmmalı məqamlarına
aydınlıq gətirən
yazıları, səlis
və dolğun təkhiyyəsi, dili, yazı tərzi bizim üçün- sözlə çalışan
bütün insanlar üçün örnəkdir,
nümunədir, dəyərli
məxəzdir, məhək
daşıdır.
Vilayət Quliyevin bütün həyatı zəhmətin,
inadkarlığın və
istedadın vəhdətindən
yaranan uğur, özünütəsdiq düsturudur. Universitetdəki təhsil illərindəki,
ədəbiyyat inistitutunda
çalışdığı dövrdəki dostları onu məhz belə
xarakterizə edirlər.
Sonrakı, daha geniş ictimaiyyətin gözü qarşısında
olan millət vəkili və nazir kimi fəaliyyətinin
də ən fərqli insanlarda hörmət, ehtiram və rəğbət oyatdığının şahidiyik.
Səfir
işlədiyi ölkələrdə
- Polşada və Macarıstanda mahir diplomat,
siyasətçi kimi peşəkarlığına şübhə
edən çətin
tapılar. Bu ölkələrdə yaşadığı
illərdə yazdığı
publisistik yazılar, tarixi araşdırmalar isə həm mövzu, həm aktuallıq etibarilə heyrətamizdir, görkəmli
alimi, onun gördüyü işi gələcək nəsilə
çatdıracaq ən
etibarlı sənəddir.
Biz bu dəyərli işləri görən böyük alimimizi ötən əsrin əvvəllərində cümhuriyyətimizi quran, yaradan, bu şəraiti yetişdirən böyük publisistlərlə, dahi insanlarımızla, dövlət xadimlərimizlə bir səviyyədə görürük. Arzu edirik ki, Vilayət müəllimin bu yaradıcılıq şövqü, bu yazmaq eşqi, gerçək həqiqətləri bizə aydınladan axtarış həvəsi tükənməsin. Ömrünün qarşıdakı onilliklərində də beləcə şövqlə yazıb-yaratsın, Azərbaycan mədəniyyətinə, tarix elminə ədəbiyyatşünaslığına, publisistikasına dəyərli töfhələr verməkdə davam etsin.
Vilayət müəllimi yubileyi münasibətilə bir daha ürəkdən təbrik edir və sonsuz təşəkkürlərimizi bildiririk.
525-ci qəzet 2017.- 11 noyabr.- S.18.