“Heydər Əliyev: dörd
ölçüyə gələn şəxsiyyət”
AZƏRBAYCAN
YAZIÇISININ KİTABININ BRİTANİYA PARLAMENTİNDƏ
TƏQDİMATI - MİLLİ-MƏDƏNİ
DİPLOMATİYANIN ZƏFƏRİDİR
Məşhur yazıçı-publisist, Azərbaycan Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı Elmira Axundovanın qələminin məhsulu olan yeddicildlik “Heydər Əliyev. Şəxsiyyət və
Zaman” roman-tədqiqat həqiqətən ölkənin mədəni
və siyasi həyatında əlamətdar hadisə olub.
Ümummilli liderin böyük zaman kəsiyində həyatı
burada riyazi dəqiqliklə, özü də dövr, ideoloji,
dəyişən ictimai-iqtisadi formasiya və siyasi kataklizmlərlə
bilavasitə bağlı şəkildə təsvir edilib. Tədqiqat bu
baxımdan, sözsüz ki, təkcə ədəbiyyat
nümunəsi kimi deyil, həm də əsərin baş qəhrəmanının
müasiri olan müəllifin son dərəcə dəqiqliklə
toplayıb incələdiyi və xronoloji sırayla
düzdüyü bir çox naməlum və elmi faktların,
ekskluziv məlumatların qiymətli və obyektiv mənbəyi
kimi də böyük maraq kəsb edir.
Etiraf etməliyik ki, Azərbaycanın tarixində bu
günə kimi həcminə və əhatə dairəsinə
görə bu mövzuda müqayisə ediləsi əsər
olmayıb. Faktik olaraq Elmira xanımı belə fundamental tədqiqatın
təkcə müəllifi yox, həm də Azərbaycan ədəbiyyatında
yeni janrın - sənədli roman-tədqiqatın
yaradıcısı adlandırmaq olar, çünki yalnız
bütöv bir elmi-tədqiqat institutu bu cür titanik əməyin
öhdəsindən gələ bilərdi. Odur ki, başqa dövlətlər tərəfindən
bu kitaba marağın get-gedə artması təbiidir. Bildiyimiz kimi, sənədli romanın iki dəfə
Rusiyada təqdimatı keçirilib, sonra bütövlüklə
tacik dilinə tərcümə edilib, Beynəlxalq kitab
yarmarkasında uğurlu təqdimatı olub.
Lakin
noyabrın ilk günlərində Londonda, Avropanın lap mərkəzində
baş vermiş hadisənin əhəmiyyəti həqiqətən
böyükdür: yeni tarixdə ilk dəfə olaraq Britaniya
parlamentində Azərbaycan yazıçısı və
parlamentarisi Elmira Axundovanın monumental əsəri təqdim
edilib. Bu hadisə Azərbaycan siyasəti və
diplomatiyasının, elminin və mədəniyyətinin
uğurudur - bunu başqa cür adlandırmaq olmaz!
Əminəm,
bu mühüm uğurda Elmira xanımın özünün
parlaq və cazibədar fərdiliyi, ona xas olan analitik
bacarıqları, müdrikliyi, yüksək mədəniyyəti
və natiqlik bacarığı az rol
oynamayıb. O, şərqsayağı gözəl qadın
obrazı, eyni zamanda, Avropa lütfkarlığı, xüsusi
dilrübalıq və iti zəkası ilə zamanla
ayaqlaşan, özünü siyasətin, diplomatiyanın və
mədəniyyətin bir çox istiqamətlərində
müvəffəqiyyətlə realizə edən müasir Azərbaycan
qadınını təcəssüm etdirir.
Vətənə
gəldikdən dərhal sonra Elmira Axundova Londonda, Böyük
Britaniya parlamentində baş vermiş əlamətdar tarixi
hadisə barədə təəssüratlarını “525-ci qəzət”in
oxucularıyla bölüşməyə razılıq verdi.
- Britaniyada sizin yeddicildlik roman-tədqiqatınız
üçcilddə təqdim edilib. Maraqlıdır,
yeddi kitabı ixtisar edib üç cildə yerləşdirməyə
necə müvəffəq oldunuz?
-
Yeddicildlik bütünlüklə qısaldılmış
variantda üç cilddə təqdim edilib. “H.Əliyev.
Canlı tarix” birinci cildində ümummilli liderin həyat və
fəaliyyətinin 1982-ci ilə qədərki erkən mərhələsindən
danışılır. “Kreml beşilliyi”
adlanan ikinci kitabda Sov. İKP MK Siyasi bürosının
üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini Heydər Əliyevin 1982-1987-ci illərdə
SSRİ-nin ən nüfuzlu və fəal rəhbərlərindən
biri və hətta Sov.İKP MK-nın Baş katibi vəzifəsinə
potensial namizəd kimi Kremldə beş
illik fəaliyyəti işıqlandırılıb. Və “Qayıdış” adlanan
üçüncü kitabda H.Əliyevin vətənə
dönməsindən söhbət açılır. Üçcildliyə H.Əliyevin taleyi, fəaliyyəti
və şəxsiyyəti ilə bağlı maraqlı hər
şey daxil edilib. Bu həm sovet
dövrünü, həm Moskva həyatını, həm də
onun müstəqil dövlət rəhbərliyinə ikinci
qayıdış mərhələsini əhatə edir.
Heydər Əliyevin həyat yolunun bütün mərhələləri
özünəməxsus şəkildə maraqlı və əlamətdardır
və həm Azərbaycan tarixi, həm də Sovet İttifaqı
tarixiylə maraqlanan hər kəs üçün əhəmiyyətlidir. Kitab belə
adlanır - “H.Əliyev. Şəxsiyyət
və Zaman”. Burada eyni səviyyədə iştirak edən
iki qəhrəman var: Heydər Əliyevin özü və
onun yaşadığı dövr. Ona görə qəhrəmanın
formalaşmasını müşayiət edən bütün
tarixi hadisələr, şəxsiyyətinin yüksəlişi,
professional inkişaf və digər bütün mərhələlər
geniş tarixi fonda verilib. Üçcildliyin böyük və
həcm çıxması məni çox narahat edirdi,
heç cür formatı kiçiltməyə nail ola bilmədim. Məsələ
ondadır ki, Qərbdə bioqrafik ədəbiyyata
böyük oxucu marağı və tələbat var, lakin
onlar bioqrafik bircildlik kitablara öyrəşiblər. Əlbəttə, yeddicildliyi bir cildə
sığışdırmaq mümkün deyil, əks təqdirdə
bu artıq başqa format olardı.
- Ümumiyyətlə, indiki ingilis
deputatlar və siyasətçilər Heydər Əliyev şəxsiyyəti
ilə nə dərəcədə məlumatlı idilər?
-
İş ondadır ki, Britaniya parlamentindəki prezentasiyaya
ölkəmizlə, Azərbaycan tarixi ilə, ölkəmizin
müstəqillik əldə etməsiylə yaxşı tanış olan insanlar
toplaşmışdı. Bundan əlavə, Britaniya
ümummilli liderimizi kifayət qədər yaxşı
tanıyır və xatırlayır, çünki H.Əliyev
bu ölkəyə bir neçə dəfə, o cümlədən,
iki dəfə rəsmi səfər etmişdi. Birinci dəfə baş nazir Con Meydcor idi, ikincisində
Toni Bleyer. Bu səfərlər zamanı
tarixi müqavilələr imzalanmışdı.
Bilirsiniz ki, Azərbaycanda Böyük Britaniyanın iri BP neft
şirkəti fəaliyyət göstərir və o, yeri gəlmişkən,
bu yaxınlarda Azərbaycanda neft yataqlarının gələcək
istismarı üzrə yeni tarixi kontrakt bağlayıb. Odur ki, bütün bunlara görə İngiltərədə
Heydər Əliyevi tanıyırlar, onun neft kontraktlarına,
ümumiyyətlə, Azərbaycan dövlətçiliyinə
verdiyi töhfəni qiymətləndirir və unutmurlar. Onu XX yüzilliyin ən görkəmli siyasətçilərindən
biri hesab edirlər. Tədbirdə bu,
hörmətlə qeyd edildi.
- İngilis dövlətçiliyinin
ən müqəddəs məqamı sayılan Britaniya
parlamenti nümayəndələrinin keçmiş sovet
respublikası rəhbəri və müstəqil müsəlman
respublikasının lideri haqda kitabın təqdimatı
faktının özünə, bu gün Qərbdə,
köpürdülmüş islamofobiya kontekstində, reaksiyası
necə idi?
-
Maraqlı sualdır. Orada bu mövzuda da söhbətlər
oldu və mən hətta zarafatla dedim ki, axı, azərbaycanlılar
həmişə müsəlman olmayıblar, yəni
eramızın VII əsrinə qədər burada atəşpərəstliyə
və digər dinlərə sitayiş edilib, o vaxta qədər
isə Azərbaycanda islam dini mövcud
olmayıb. Bununla əlaqədar məzəli bir hadisə
danışım: 1994-cü ildə Heydər Əliyev Səudiyyə
Ərəbistanına gəlib. Bu o vaxtlar idi ki,
Qarabağda döyüşlər gedirdi, ölkədə
çox ağır iqtisadi vəziyyət hökm
sürürdü, neft kontraktları hələ işləmirdi
və ölkənin kreditlərə ehtiyacı var idi. Heydər Əliyev şeyxlərlə
görüşərkən zarafatla deyir (bu, danışıq
atmosferini yüngülləşdirir və
danışıqların daha səmimi gedişinə kömək
edir) ki, ərəblər gəlib ölkəmizi işğal
edəndə xalqımız müsəlman deyildi, lakin biz
islamı qəbul etdik. O vaxtdan illər, əsrlər
keçib və indi borcu qaytarmaq və müsəlman
qardaşlarınıza kömək etmək zamanı gəlib.
Görüş iştirakçıları əlbəttə
ki, ürəkdən gülüblər və bundan sonra
danışıqlar yağ kimi gedib. Əlbəttə, o vaxt lazım olan kreditləri
aldıq. Yəni, Heydər Əliyev yeri gələndə
konkret islam həmrəyliyi faktorundan və
digər məqamlardan Azərbaycanın, onun milli
maraqlarının xeyrinə nəticəyə nail olmaq
üçün məharətlə istifadə edə bilirdi.
Bilmirəm,
Britaniya parlamentariləri bu faktı necə qəbul etdilər,
amma həqiqətən islamofobiya kampaniyasının
qızğın çağında, xaricdə bir sıra nəşrlərdə
ölkəmizə qarşı yönəlmiş sifarişli
və ədalətsiz məqalələr çap olunarkən,
bu neqativ hadisələrin fonunda ingilis parlamentində Azərbaycan
reallıqları, müstəqilliyimizin çətin yolu,
ümummilli liderimiz haqda sanballı kitabların təqdimatının
özü, əlbəttə ki, çox şeydən xəbər
verir. Bu hələ azmış kimi, Britaniya parlamentinin
nümayəndəsi və Azərbaycan-Britaniya dostluğu
qrupunun rəhbəri Bob Blekman o qədər lütfkar idi ki,
prezentasiyadan sonra bizi tarixi iclaslar keçirilən, baş
nazirin çıxış etdiyi və ingilis
kraliçasının nitqlər söylədiyi İcmalar
palatasının iclas zalına apardı. Biz parlamentin iş
şəraiti ilə müfəssəl tanış
olduq. Yeri gəlmişkən, britaniyalılar
inciməsin, amma qeyd etməliyəm ki,
deputatlarımızın Azərbaycan parlamentində məişət
şəraiti qat-qat yaxşıdır. Sualınıza
gəldikdə isə deyim ki, təqdimat zamanı provokasiya məqsədli
suallar verilmədi. Sualların çoxu
Heydər Əliyevin hakimiyyətə qayıtdığı
dövrə, onun eks-prezident Əbülfəz Elçibəylə
qarşılıqlı münasibətlərinə, hakimiyyətin
dəyişilməsi səbəblərinə və s. aid idi.
İzah etdim ki, kitabda bütün bu məsələlərin
üstündən ötüb keçməmişəm, orada
hər şeydən, o cümlədən, Ə.Elçibəyin
Kələkiyə getməsindən və onun H. Əliyevlə
qarşılıqlı münasibətlərindən obyektiv və
açıq danışılır. Kitabda
bu mövzuya ayrıca fəsillər həsr edilib, ona görə
ingilislər cavablarımdan razı qaldılar.
- Növbəti sualıma demək
olar ki, cavab verdiniz, bununla belə, H.Əliyevin həyatının
daha çox hansı anları ingilislərdə maraq
doğururdu?
- Əlbəttə, həm neft kontraktları, həm
keçmiş kommunist liderinin o dövrün stereotiplərini
aşaraq torpağı kəndlilərə paylaması, belə
uğurlu neft kontraktları imzalaması, bu insanın siyasətdə
uğurunun sirrinin nə olması. Ə.Elçibəyin
şəxsiyyəti də ingilisləri çox
maraqlandırırdı. Bir ingilis deputatı onu elm sahəsindən
gələn ziyalı insan kimi xarakterizə etdi, lakin əlavə
edib dedi ki, bununla belə, o, üzərinə hakimiyyət
yükünü götürməməliydi, zira o,
H.Əliyevdən fərqli olaraq dövləti idarə etmək
üçün doğulmamışdı. Bu deputat Elçibəyi
çox dəqiq xarakterizə etmişdi və başqa sözə
ehtiyac yox idi...
- Siz bu əsərin ikinci, tamamlanmış
nəşrini, həmçinin, ikicildlik əlavənin
çapını planlaşdırırdınız. İndi
bu iş hansı mərhələdədir?
- Bəli,
belə bir fikrim var idi, lakin həyat öz düzəlişlərini
etməkdədir və hələlik bu iş bir qədər təxirə
salınıb. Indi mən növbəti, ikinci nəşr
üçün material toplayıram, çünki
H.Əliyevin bioqrafiyasından hansısa yeni, maraqlı faktlar,
həyatından hadisələr, təzə sənədlər,
onu tanıyan və onunla işləyən insanların yeni
xatirələri meydana çıxır. Mən
bütün bunları öz arxivimə toplayıram və
zamanı gələndə, bəlkə H.Əliyevin adadan
olmasının 100 illiyi ərəfəsində, yeni variant
işıq üzü görəcək. Orada
birinci nəşrdə olan çatışmazlıqlar
düzəldiləcək və eyni zamanda, əsər yeni məlumatlar
və maraqlı faktlarla tamamlanacaq. İkicildlik
yerinə məndə bircildlik nəşr etmək ideyası
yaranıb. Kitaba H.Əliyevlə
bağlı, lakin sanki kadr arxasında qalmış qeyri-adi, məzəli
həyati və ya dramatik hadisələr daxil ediləcək.
Nəşrin adını “Naməlum Əliyev” də
qoymaq olar. Düşünürəm ki, bu
da çox maraqlı olacaq. Təbii ki,
bütün bunlar planıma daxil olan ideyalardır, lakin bir qədər
yubanır.
- Heydər
Əliyevin şəxsiyyəti də, yaşadığı
dövr də tarixin çox böyük mərhələsini
əhatə edir, ona görə, fikrimcə, siz analitik
rakursları dəyişərək müxtəlif mövqedən
bir çox romanların qəhrəmanı ola
biləcək Azərbaycan liderinin çoxşaxəli, unikal
şəxsiyyətini yenidən nəzərdən
keçirib, bu mövzuya hələ çox
qayıdacaqsınız...
- Hə,
təqdimatda söylədim ki, Roy Medvedevin dediyi kimi,
yazıçı insanı iki ölçüdə şərh
edə bilər, lakin Heydər Əliyev elə insandır ki,
onu dörd ölçüdə şərh etmək və
ondan həyatın boyu yazmaq olar. Düşünürəm, hələ
ömrümün bir çox ilini tədqiqata,
araşdırmalara və tarixin bu şəxslə əlaqədar
olan ağ ləkələrini doldurmağa
sərf edəcək və bu kitabların nəşrinin davam
etdirilməsiylə məşğul olacağam. Burada əsas olan bir də bu üçcildliyin xaricdə
öz fəal həyatını yaşamasıdır.
Hazırda xaricdə Tale Heydərovun başçılıq
etdiyi Avropa-Azərbaycan Cəmiyyətinin ofisi (TEAS)
danışıqlar aparır ki, kitablar İngiltərənin
bütün əsas kitabxanalarına paylansın və
insanların ala bilmələri üçün kitab
dükanlarında təqdim olunsun, çünki təkrar edirəm,
Qərbdə bu növ bioqrafik ədəbiyyata maraq
böyükdür. Sonra, noyabrın sonunda (mənə
artıq bu barədə Heydər Əliyev Fondunun Moskva ofisindən
xəbər veriblər) Moskvada rus dilində
çıxmış üçcildliyin təqdimatı
keçiriləcək. Kitablar artıq
Rusiyada satılır. Bu tədbir Moskva
Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda
keçiriləcək. Qeyd edim ki, Heydər Əliyev o institutun fəxri
professoru olub və indiki Prezidentimiz İlham Əliyev o
institutda təhsil alıb. Hesab edirəm ki, bu da
böyük hadisədir.
- Sizin roman-tədqiqatınız bir
neçə xarici dilə tərcümə olunub. Daha hansı ölkələrdə bu əsərin tərcüməsini
və nəşrini planlaşdırırsınız?
- Mənim
dostum və həmkarım, Azərbaycanın Macarıstandakı
səfiri, gözəl alim Vilayət Quliyev öz vəsaiti
hesabına bu üçcildliyin macar dilinə tərcüməsini
həyata keçirir. Tezliklə artıq ikinci
cild nəşr olunacaq. Gürcüstanda da
bu işə artıq başlayıblar. Bu
kitablara və əsərin tərcüməsinə daha bir
neçə ölkə maraq göstərib, ona görə
ümid edirəm ki, başqa dillərə tərcümə
davam edəcək.
-
Düşünmürsüzmü ki, artıq ekranda
ümummilli liderin bədii obrazını yaratmaq vaxtı
çatıb? Yadımdadır, mətbuatda sizin
R.Fətəliyevlə birlikdə H.Əliyev haqqında filmə
ssenari hazırladığınız barədə məlumat
getmişdi, lakin sonra biz bu birgə fəaliyyətin
davamını görmədik.
- İş maliyyə çətinlikləri
üzündən dayandırılıb. Hələlik
bu layihəni həyata keçirmək mümkün
olmayıb, halbuki ssenari yazılıb və Mədəniyyət
Nazirliyinə verilib, aktyorların kastinqi keçirilib. Hətta sınaq çəkilişləri də
başlamışdı, lakin sonra hər şey dayandı və
biz hələ ki, bunun üçün lazım olan vəsaiti
tapa bilmirik. Ümid edirik ki, iş
davam edəcək. Çünki təəssüf
ki, böyük ekranda H.Əliyev obrazı hələ öz təcəssümünü
tapmayıb. Sənədli filmlər
çox maraqlıdır. Xüsusən,
Andrey Mixalkov-Konçalovskinin “Hakimiyyət yükü” filmini
qeyd etmək istərdim. Bu, ulu öndər
haqda yaradılmış ən yaxşı sənədli
lentdir. Vaqif Mustafayev bir neçə sənədli
film yaradıb və yeri gəlmişkən, pis alınmayıb.
O, həmçinin, mənim “Naşirin ölümü”
kitabım əsasında bədii film çəkib,
yaxşı ssenari idi, lakin ekspertlərin fikrinə görə,
film uğursuz
alınıb və böyük ekrana çıxmayıb. Əlbəttə, çox istərdik ki, H.Əliyev
obrazı maraqlı və parlaq ekran təcəssümünü
tapsın. Yəqin, bu iş hələ qabaqdadır. Bu dahi şəxsiyyətə maraq heç vaxt
azalmayacaq. Filmdə H.Əliyevin şahidi
olduğu mühüm tarixi hadisələri də əks etdirmək
mümkündür. Bu, həm onun əks kəşfiyyat
şöbəsinin rəisi işlədiyi Böyük Vətən
Müharibəsi dövrüdür, həm respublika DTK-sına
rəhbərlik etdiyi zamandır, həm Qorbaçovla
münasibətləridir, sonra dramatik hadisələrin cərəyan
etdiyi Naxçıvan dövrü və Azərbaycanda başlamaq ərəfəsində
olan vətəndaş müharibəsi fonunda hakimiyyətə
ikinci qayıdış mərhələsidir və s. Ekran
üçün bu, çox maraqlıdır. Bizim
kinematoqrafçılarımızın hələlik o
dövrə elə də maraq göstərmədiklərinə
təəccüb edirəm. Aydındır
ki, kino çox məsrəf tələb edən işdir və
yalnız dövlətin buna gücü çatar. Bununla belə, ümid edirik ki, H.Əliyev
obrazını ekranda görəcəyik.
Fürsətdən istifadə edərək Avropa-Azərbaycan Cəmiyyətinə, kitabın tərcüməçisi Corc Baçarda, redaktoru Kamilla Rzayevaya və əlbəttə, TEAS-ın rəhbəri Tale Heydərova təşəkkür etmək istəyirəm. Onlar böyük əmək sərf ediblər. Hamısının qarşısında baş əyirəm!
Məni prezentasiya münasibətiylə təbrik edən insanlar - deputatlarımız, Prezident Administrasiyasının məsul işçiləri, həmkarlarım mənə deyirdilər ki, bu, bizim ölkəmiz üçün böyük və tarixi hadisədir. Bu, mənim üçün çox yüksək qiymətdir və onların hamısına buna görə olduqca minnətdaram.
Afət İSLAM
525-ci qəzet.-2017.-11 noyabr.-S.8.