Qulu Ağsəs "Ziyalı sözü"nün qonağı oldu

 

Noyabrın 11-də Gənclər üçün Təhsil Mərkəzi (GTM) və Azərbaycan Yazıçılar Birliyinin birgə həyata keçirdiyi "Ziyalı sözü" layihəsinin növbəti tədbiri baş tutub.

 

Layihənin budəfəki qonağı "Ulduz" jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəs olub. Binəqədi rayon Gənclər evindəki görüşdə GTM-in üzvləri, nüfuzlu universitetlərin tələbələri media nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan GTM-in layihənin rəhbəri Fəxrəddin Həsənzadə layihənin məqsədi haqqında geniş məlumat verib, Qulu Ağsəsin yaradıcılığı "Ulduz" jurnalının fəaliyyətindən söz açıb. O deyib ki, işinə başladığı ilk gündən qonaqların seçilməsində yalnız iştirakçıların arzusunu nəzərə alan "Ziyalı sözü"nün budəfəki qonağının Qulu Ağsəs olması heç təsadüfi deyil. Qulu Ağsəs poeziyada öz dəsti-xətti ilə seçilən şair olmaqdan əlavə, hər zaman istedadlı gənclərin yanında yer alan, onlara bacarıqlarını göstərməkdə dəstəyini əsirgəməyən ziyalılardandır.

 

Gənclərlə görüşdən məmnunluq duyduğunu deyən qonaq, ədəbiyyat, poeziya, şeir, yazıçı-oxucu münasibətləri, gənclərin ədəbiyyata olan marağı haqqında düşüncələrini iştirakçılarla bölüşüb: "Gənclər adətən, həyatı ədəbiyyat kimi, şeir kimi görürlər. Bəzi insanlarda yaş ötdükcə bu düşüncə dəyişsə , mənim kimi insanlarda elə olduğu kimi qalır. Şeir yazmaq şairlikdirsə, şeiri duymaq, sevmək, oxumaq daha artıq yaradıcılıqdır. Təəssüf ki, son zamanlar bu, kəskin azalıb. Kitab oxuyan çox azdır. Bu gün ədəbiyyat ədəbiyyatı anlayan üçündür. Sovet dövründə isə vəziyyət başqa idi. O vaxtı uzun illər bizə təlqin olunmuşdu ki, sənət hamı üçündür. Yəni bir şeiri, bir əsəri hər kəs anlamalı idi. İndi isə elə deyil. Ədəbiyyat onu anlayanlar, sevənlər üçündür. Kimsə onu oxumursa, poeziya, nəsr bundan heç itirmir. İnsan bəzən hər şeydən doyanda, bezəndə birdən-birə koməyinə ədəbiyyat çata bilər".

 

Tədbirdə gənclər onları maraqlandıran sualları şairə ünvanlayıblar, görüş diskussiya şəklində davam edib.

 

Q.Ağsəs yazıçı, yazıçılıq haqqında düşüncələrini belə ifadə edib: "Ədəbiyyatın dəqiq proqnozu yoxdur. Yazıçı daxilən eqoist olmalıdır. Həmişə düşünməlidir ki, yaxşı sözü, gözəl fikri gərək birinci özü tapsın, özü desin. Məsələn, mən bəzi klassik əsərlərimizi oxuyanda düşünürəm ki, zamanım səhv düşüb, həmin klassikin yerində mən olmalı, bunu mən yazmalıydım. Hətta bəzi dünya yazıçılarını, məsələn, Şekspiri oxuyanda düşünürəm ki, mənim həm zamanım, həm yerim səhv düşüb. Müasir dövrdə bu, belədir. Hansısa gözəl fikirlə rastlaşanda düşünürəm ki, gərək onu mən yazaydım. Yazmaq qəzaya uğramaq kimidir, harada başına gələcəyi bilinmir. Mənim üçün ən gözəl yazı ondan qədər qaçsan da, sonda məcbur özünü yazdırmağı bacaran yazıdır. Yazıçılıq şairlikdən qat-qat çətindir. Yazıçının ən böyük məziyyəti otura bilmək bacarığıdır. Şair üçün bu, elə vacib deyil".

 

Dünyadakı əsərləri Yer kürəsinin 80 faizini əhatə edən su ehtiyatı, əsl ədəbiyyatı isə cəmi bir neçə faizlik içməli suya bənzədən Q.Ağsəs deyib ki, ciddi, əsl ədəbiyyat kütlə üçün deyil: "Yazıçı kütlənin yanında olanda onun yazıçılığı itir. Yazıçı ayrı-ayrı təklərin, fərdlərin yanında olmalıdır. Ola bilər ki, o tək heç doğru deyil. Amma əsas məsələ yazıçının o təkə xitab etməsidir. Sırf kütlə üçün yaranan ədəbiyyatlar da var. Bunu danmaq olmaz. Hansı ki, səyahət edəndə, bir neçə dəqiqəlik avtobus metro səfərində vaxtını keçirmək üçün oxuyursan bitir, ancaq ondan geriyə heç qalmır. Həyatda xoşbəxt olmaq üçün hər şey var. Ən xırda nüanslar belə insanı xoşbəxt edə bilər. Ancaq bu, yazıçılığa aid deyil. Yazıçı heç ilə qane olmamalıdır, xoşbəxt olmamalıdır. Həmişə daha yaxşısını axtarmaq, daha gözəlinə cəhd etmək lazımdır".

 

Şair ədəbiyyatdakı mövzu fikir təkrarçılığına da toxunub: "Sözün istismar müddəti var. Bəzi mövzular, bəzi sözlər artıq çoxdan yazılıb bitib. qədər gül, bülbül, həsrət, xəyanət yazmaq olar? Yəni mövzu qıtlığı, söz kasadlığımı var? Artıq yeni sözlər, mövzular tapmaq lazımdır. Bu, xüsusən gənc yazarlarımızdan tələb olunur. Təəssüf ki, onlar da keçmişin izlərini davam etdirməyi üstün tuturlar. Halbuki zaman o zaman deyil. Təkrarçılıq ədəbiyyatı oxucunun gözündən salır".

 

Şair müasir ədəbi mühiti belə xarakterizə edib: "İndi ədəbi mühitdə hər şey var. Onu yaxşı, pis adlandırmaq olar. Ədəbi mühitimiz həm qarışıqdı, həm rəngarəng, istəsən tapmaq mümkündü. Əsas məsələ sənin kimin ya nəyin yanında yer almağındır".

 

Sonda iştirakçılar qonağa ənənəvi sualla müraciət edib, mütaliə üçün tövsiyə edəcəyi kitabların ya yazıçıların adlarını soruşublar. Qulu Ağsəs bu kitabların adlarını çəkib: "Birinci növbədə "Azərbaycan nağılları"nı oxumaq lazımdır. Nağıllar ədəbiyyatın lokomotividir. Orada çoxlu mesajlar var. Azərbaycan dilinin lüğəti, "Kitabi-Dədə Qorqud", "Koroğlu", Nizaminin "Xəmsə"si, Mövlanə Rumi, Qurban Səidin "Əli Nino", Aşıq Ələsgər, Qurbani, Molla Pənah Vaqif, Aşıq Valeh, Hüseyn Cavid, Sabir, Abbas Səhhət, Nazim Hikmət, Əli Kərim, Məhəmməd Hadi, Mirzə Fətəli Axundov, Anar, Ramiz Rövşən, Saday Budaqlı, İsa Hüseynov, Məmməd Oruc, Mövlud Süleymanlı başqaları.

 

Aşıq Ələsgəri oxuyanda siz Azərbaycan dilinin gözəlliyinə valeh olacaqsız. Azərbaycanı tanımaq üçün Axundovun əsərləri köməyinizə çatacaq. Anar müəllimin mədəniyyətimizdə, ədəbiyyatımızda, kinoda, dramaturgiyada, publisistikada görmədiyi işlər yoxdur. O, ədəbiyyatımızın sayılıb-seçilən nasirlərindəndir.

 

Dünya ədəbiyyatından isə adlar lap çoxdur. Ancaq mən ilk növbədə Tolstoyu deyirəm. Tolstoy dünya ədəbiyyatının günəşidir. O, nəsr üçün çox böyük işlər görübbu işləri peyğəmbərcəsinə görüb. Onun "Hacı Murad" əsərinin girişi bənzərsizdir. Rus xalqının düşməni olan Hacı Muradı əsərin bir yerində belə olsa, təhqir etməyib, alçaltmayıb, mənfi göstərməyə çalışmayıb. Budur onun böyüklüyü. Bununla o, ədəbiyyata xəyanət etmədiyini də sübut edir".

 

Tədbirdə iştirakçılar şairin "Görsən üşüyürsən... yandır özünü", "Təki o gələndə, sevgilim oyanmasın..." və başqa şeirlərini səsləndiriblər.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.-2017.-14 noyabr.-S.7.