Osman Başın "Xarı bülbül"ü
Nizami CƏFƏROV
Türkiyə üçün Türk dünyası Azərbaycandan
başlayır. Və bütün Avrasiya boyu Altaylara qədər uzanıb gedir...
Ona görə "Azərbaycandan
başlayır" deyirəm
ki, hər bir türkiyəlinin Türk dünyası ilə əlaqəsində,
bağlılığında Azərbaycan həm çıxış, həm
də istinad nöqtəsidir: tarix (və tale) elə gətirib ki, Azərbaycan türkləri
Türkiyə türkləri
ilə Türk dünyası arasında sözün ən müxtəlif mənalarında
tərcümana (!) çevriliblər...
Və 1959-cu ildə
(mənimlə eyni ildə) Türkiyədə
- "Koroğlu" dastanından
bizə yaxşı tanış olan Tokatda doğulmuş qardaşım Osman Başın "Xarı bülbül" şeirlər
kitabını bu hisslərin, duyğuların
təsiri altında vərəqləyirəm. Bir neçə il
içərisində üç
dəfə nəşr
olunmuş kitabın üç ön sözü var ki, onlardan birincisini
bizim sevimli müğənnimiz Azərin,
ikincisini görkəmli
ədəbiyyatşünas (və mənim əziz dostum) Xeyrəddin İvgin, üçüncüsünü isə Osman Başın özü yazmışdır.
Azərin xanım "Xarı bülbül" müəllifini, tamamilə haqlı olaraq, "istadadlı şair" adlandırır, Xeyrəddin İvgin isə onun haqqında "Osman Baş bir şairdir" deyir... Müəllif özü isə səmimi bir təvazökarlıqla yazır:
"Əsla şairlik iddiasında olmamış bir şeir dostunun ürəyindəki damlaların kəlmələrlə salamlaşması olaraq oxucularımla görüşürəm.
... Türk dünyasında elm adamlarına, şair və yazıçılara düşən vəzifə könüllərə xitab etməkdir. Bir millətin fərqli dövlətlərdə yaşayan insanlarının bir-birlərini ürəkdən sevmələri gərəkdir. Könüllərə gedən yollarda yabanı otlar, tikanlar, daş-kəsək, divarlar varsa, vəzifə onları təmizləməkdən, könül yollarını daima açıq tutmaqdan ibarətdir. Çünki insan vücudunun bir çox üzvü yalan söyləyə bilər, amma könül əsla yalan söyləməz, ürəkdəki sevda əsla tükənməz"...
Heç şübhə yoxdur ki, Osman Başın "Xarı bülbül"ünü vərəqləyənlər elə ilk şeirlərdəncə hiss edəcək (və əmin olacaqlar) ki, müəllif qələmi əlinə təsadüfən almayıb, poeziyanın "türk bozqırları"na təsadüfən düşməyib, onun sevdası ürəkdən, könüldən (və min illərin dərinliklərindən!) gələn yurd, vətən, millət bütövlüyü sevdasıdır. Doğrudur, bir çox hallarda ağrılı, nisgilli, göz yaşlarına qərq olmuş sevdadır, ancaq eyni zamanda, ümidlə, inamla, işıqla dolu, uğurlu, mərd-mərdanə (və olduqca təbii, insani!) sevdadır...
... Çiçəklər yox edildi sahillərdə,
İşıqlar söndü, axşamdan sabaha
Görəv ulduzlara düşdü.
Sevdalar ürəyə oturdu səssizcə,
Üfüqlər qapandı, ağıl durdu.
Dil dodaqlarda susdu
Bir axşam yar ilə oturunca,
Gözdən bir neçə damla yaş düşdü.
Həsrət günlərə qondu,
Günlər bitməyən həsrətlə
keçdi.
Səbr
şəfəqə axdı
öz-özlüyüncə,
Şəfəq ayazda üşüdü.
Yağmur
enərkən şimşəklə
torpağa
Torpağa çiçəklər düşdü.
İndi
ağac yaşıl, torpaq yaşıl...
Sən buğda dənli...
"Xarı bülbül"dəki
hər bir şeirin öz "tərcümeyi-hal"ı olduğu
dərhal duyulur...
"Dəli day", "Günəş
buludlara düşüncə",
"Ulduzlar uzaq diyarlara gedincə",
"Firuzan", "Bir
eşq nağılı",
"Yayla şərbəti",
"Kəndimdə axşam",
"Bozqır alovları",
"Gözlərkən", "Ey sevgili, nə
gözləyirsən?", "Anamı axtarıram",
"Səssiz duyğular",
"Bakıya qar yağır", "Qardaş
bayraqlara rüzgar oluram", "Dağ kəndlisi", "Şəki
türk şəhidliyində",
"Bakıda ilk şeir",
"Bizi kimsə bölə bilməz",
"Türkiyəm", "Bozqırın yalnız adamı"... Və "Xarı bülbül".
Osman Baş yazır:
"Qarabağda, Şuşa şəhərinin lap yaxınlığında,
Cıdır düzündə
xarı bülbül adında bir çiçək bitir...
Bu çiçəyi Cıdır düzündən
kənarda harada yetişdirmək istəsələr
də, bir nəticə alınmamışdır.
Ən gözəl torpaqlar hazırlanmış, ən
gözəl saxsı dibçəklər alınmış,
amma yetişdirmək mümkün olmamışdır.
Dost və qardaş
ölkə Azərbaycanda
xarı bülbül çox sevilən, indilərdə isə həsrəti çox çəkilən bir çiçəkdir".
Və əlavə edir:
"İndi Şuşa da, Cıdır düzü də, xarı bülbül də ermənilərin işğalı altındadır. Öz sahiblərinə həsrətdirlər.
Eşq odunda yanan bu həsrətin unudulmaması və gündəmdə qalması üçün kitabın adını "Xarı bülbül" qoydum".
Əlbəttə, bu da təsadüfi deyil, çünki kitabın məzmun-mündərəcəsində, ümumi ruhunda bir xarı bülbül havası, ətri-rayihəsi var...
Gül məndə,
Gülə gül məndə...
Qış getdi, gün önümdə,
Bahar qondu ürəyimə...
Mövsüm çiçək-çiçək bahar,
Damla-damla yağmur,
Masmavi dəniz üfüqündə günəş,
Günəş yanmışlığında Xəzər...
Osman Başın "Xarı bülbül" şeiri belə bir mütəhərrik tablo-obrazla başlayır ki, burada həm Xəzərin təbii görüntüsü var, həm də ona sevdalı bir şair baxışının özünəməxsus təəssüratları, bol-bol, salxım-salxım həyəcanları...
Ey ürəyimin dalğaları!
Qaf dağınca sevdalarım,
Həsrətə vurğun Xəzərim...
Bilirəm, tanıyırsan məni,
Balıqlar, qağayılar qədər
Yaxınam sənə;
Dağlar qədər, üfüqlər qədər,
Xarı bülbül qədər uzağam...
Və şair keçir xarı bülbülün nağılını danışmağa... Bu nağıl uzaq keçmişlərdə qalmış adi nağıllardan deyil, burada millətinin tarixini dərindən bilən, bu günündən qürur duyan, gələcəyinə isə böyük ümid-inamlarla baxan həssas bir şair qəlbinin həsrəti, təəssübkeş bir Vətən oğlunun məsuliyyəti, cəsarəti, əzmi var:
Cıdır düzünü bir Xəzər bilir,
Bir də ürəyi Xəzər olanlar.
Cıdır düzündə bir gül əsir,
Dualar torpaq olmuş, təkbir-təkbir...
... Canım, cananım, ürəyim, həsrətim,
Mənimlə nəfəs alan şah damarımsan.
Gözləyirsən məni, rüzgarlarda salamım,
Qarabağda dalğalanan bayrağımsan.
... Fırtınalar əsintiyə
dönəndə
Damlalar üsyan edəcək çisəyə,
Haydı,
oyan! Şəfəqdə düyün olsun.
Məhmətcik hazırlıq görür
səfərə,
Dik dur Vətən torpağında, alının
açıq olsun...
Orxan Şaiq
Şeir Mükafatına
layiq görülmüş
"Xarı bülbül"
kitabı Elçin İsgəndərzadənin son sözü
- "Kiçik məktub"
ilə bitir. Və bu məktub "bütün ömrünü
qardaş bayraqlara rüzgar olmaq təşnəsiylə yaşamış,
yorulmaz və əbədi Turan sevdalısı Osman "Baş"a şuşalı
şairin böyük
minnətdarlığının ifadəsidir...
Osman Baş doğru deyir ki, Xarı bülbül
yalnız çiçək
deyil, həm də dünyaya gəldiyi torpağı (Vətəni) heç zaman tərk etməyəcək cəsur
bir əsgərdir.
525-ci qəzet.-15 noyabr.-S.8.