Xasiyət Rüstəm: istedadlı şairə, novator redaktor

 

"Şöhrət" medallı tanınmış özbək şairəsi Xasiyət Rüstəmi yaradıcı şəxs kimi çox sevirəm. O, həm də etibarlı dostdur. Dostluğumuzun rişəsi də məhz onun düşündürücü, lakonik, fəlsəfi estetik poeziyasından tutuşmuşdur.

 

Təkcə Azərbaycanda deyil, bəlkə də bir çox ölkələrdə ədəbiyyat adamlarının əksəriyyəti onu tanıyır və sevirlər. Yaradıcı fəaliyyəti nəticəsində qazandığı sevgidir. Gözəl, lirik, düşündürücü şeirləri Azərbaycan poeziya aləmində çoxlarına tanışdır.

 

Bənzəyirəm dənizdə

Axıb gedən gəmiyə.

ya

Əzizim, bilirəm, bəyaz saçların -

Qara günlərimi başdan keçirmiş.

 

Xasiyət Rüstəm istər yaradıcılığında, istərsə də mətbu fəaliyyətində  klassiklərin -  Nizami, Nəsimi, Nəvai, Babur, Füzuli yaradıcılığına dönə-dönə müraciət edir, sanki ortaq ədəbi tarixin bugünkü ədəbi əlaqələr üçün bünövrə olduğunu xatırladır. Belə özünüdərk, milli düşüncə tarixinə müraciət yeni nəsil üçün məktəb rolu oynayır.

 

Klassik irslərin ortaqlığı - yaxınlığı qədər, XX əsr Azərbaycan və özbək şair-yazıçılarının dostluğu, elmi əlaqələrin dərinliyi elmi-ədəbi materiallarla zəngindir, tədqiqat mövzusu olaraq nə qədər araşdırılsa da, açılmamış səhifələr hələ çoxdur. İki xalqın - Azərbaycan-özbək xalqları arasındakı tarixi dostluğu layiqincə davam etdirə bilmək üçün Xasiyət Rüstəm qəlbi, yaradıcı ruhu etibarlı körpülərimizdəndir. "Kitob dunyosi" qəzeti bu sahədə xeyli işlər görür ki, bunları XXI əsrin ikinci on illik tarixinə yazsaq, deməli, ədəbi əlaqələrimiz tarixində yeni tarixi mərhələ yaranıb və hər gün yeni səhifələr yazılır. Tarix boyu Azərbaycan ədəbiyyatı Özbəkistanda, özbək ədəbiyyatı Azərbaycanda çox geniş yayılıb və yayılır, belə bir örnəyi hansısa ölkə ilə müqayisə etməkdə düzü çox çətinlik çəkirəm.

 

Xasiyət Rüstəmin 2013-cü ildə Bakıda - Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən Yunus Əmrə simpoziumundakı "Yunus Əmrə işığı" adlı məruzəsi, həmin konfransa hədiyyə olaraq gətirdiyi milli özbək çuxası, söz düşdükcə,  hələ də xatırlanır. 2016-cı ildə Azərbaycan Yazıçılar Birliyinin nəşri olan "Yazıçı"nın "Əlişir Nəvai" adlı xüsusi buraxılış sayında Həzrət Nəvaiyə həsr olunmuş iki əsərini dərc etdik (bizim xahişimizlə yazıb göndərmişdi). O yazılarında klassiklərə sevgisinin qaynaq mənbəyini özü açıqlayır. Həmin yazılardan biri "Həzrət Nəvai ruhuna" esse, digəri isə "Nəvai eşqinə" adlı şeir idi. "Nəvai ruhuna" essesinə nəzər salırıq: "Kaş ki... kaş ki, Əlişir Nəvainin əsərləri dünya dillərinə öz şəkli, öz incəliyi, öz cazibəsi ilə çevrilə biləydi. O zaman bütün dünya Nəvai ruhu qarşısında baş əyəcək, ietedadına heyran qalacaqdı. Əlişir Nəvai o qədər böyükdür ki, o, sadəcə şair və alim deyil, ömrü boyunca dövlətinə xidmət edən bir insan olub. Nəvaini oxuyanların kimisi alim oldu, kimisi xanəndə oldu, kimisi də şair oldu. Nəvai mənim ruhumu təzələdi, tərbiyə etdi. Eyni zamanda, onun qəzəlləri qəlb qırır, insanlıqdan çıxarır. Öz sevdiyini sevdirir. Özünə zahiri sevgini yaxın bildi. Dünya ləzzəti, arzu - istəklərindən uzaq qaldı:

 

İşq daştin heç ğurbatkaç musofir kormasin,

Men garib ul daşt aro 

korganni kofir kormasin.

 

Bu, sadəcə Nəvaiyə aid deyim şəklidir. Nəvai əsərləri susayan könülləri bəslər, sərinlədər, duruldar.

 

Çun ilik bermaski o'psam ul sitamkor ilgini,

Bir kişi ilkin o'paykim, o'pkay ul yor ilkini.

 

Nəvainin bu misralarını onun özünə demək istəyirəm. Əlinizi öpsəm,  zahiri (gerçək) yar əlinə çata bilərəmmi? Ruhumu ruhunuz tərbiyə edəydi, vallah, səadət budur!

 

Sizi oxuyanın, anlayanın, sizə yar olanın xoş halına".

 

Xasiyətin şair ruhu ulular səcdəgahında belə əyilir. Ona görə də onun şair təbinin sərhədləri yoxdur. Dünya ədəbiyyatının ruhu dindirən, ruhu yerindən qoparan nümunələri onun qələminin çevirisində, başçılıq etdiyi qəzetin səhifələrindədir.

 

X.Rüstəmin özbək-Azərbaycan ədəbi əlaqələri tarixi kontekstindəki yaradıcılığına işıq salcaq, yazdıqlarını bir yerə toplasaq, mükəmməl bir monoqrafiya alınar. İki xalqın ədəbi əlaqələr tarixini tədqiq edən elm adamı kimi bu qənimət yazıların çəkisini dərk edirəm.

 

 Ədəbiyyat-mədəniyyət cəfakeşlərinin mətbu orqanı "Kitob dunyosi" 2012-ci ilin yanvar ayından nəşr olunur. "Təfəkkür bulağı" məhdudu məsuliyyətli cəmiyyətin təsis etdiyi qəzet beş ildir ki, nəşr olunur. Bu gün ölkəsində rəsmi dövlət orqanı "Xalq sözü" qəzetindən sonra ikinci yerdə dayanan "Kitob dünyosi" keçdiyi 5 illik fəaliyyətində sanki bir qərinəlik yol gəlib.

 

 "Kitob dunyosi" ("Kitab dünyası" - mənəvi-maarifləndirmə, ictimai-siyasi qəzeti) haqqında ilk dəfə Türkiyənin Elazığ şəhərində bilgi aldım.

 

2012-ci il idi. Ulu Yunus Əmrə adına toplanmış şeir məclisinə dəvət edilmişdim - "Yunus Əmrə və eşq" mövzusunda məruzə edəcəkdim.

 

Hava limanında internetdən rəsmini tanıdığım gözəl bir özbək qızına yaxınlaşdım:

 

- Siz Xasiyət Rüstəmsiz, eləmi?

 

- Bəli.

 

- Mən Azərbaycandanam.

 

- Siz də bizim ... ?

 

- Bəli.

 

İlk görüş - tanışlığımız belə başladı. Əslində, özümüz də bilmədən biri-birimizi çox gözəl tanıyırıqmış. Az sonra yerləşdiyimiz məkanda söhbətimiz ədəbiyyatdan başladı. Xasiyət xanım  əl çantasından ilk səhifələri rəngli bir qəzet çıxardı:

 

- Yeni nəşr olunur. Daha çox ədəbiyyat qəzetidir. Nə qədər yazıların olsa, bizə göndərin, nəşr edək.

 

Çox maraqlı qəzet və maraqlı da təklif idi. "Kitob dunyosi" qəzeti ilə "tanışlığım" belə başladı. İnternet üzərindən daim izləməyə başladım - öz qəzetimiz kimi. Çox keçmədən Xasiyət xanımın həmin qəzetin baş redaktoru vəzifəsində olduğunu bildim.

 

Qəzetdən məktub almışdım - müsahibə üçün suallar göndərilmişdi. Ürəyim dolu imiş ki?! Böyük formatda dərc olunan qəzetin ilk səhifəsinin yarısı və sonrakı bir səhifə boyu müsahibəm - Azərbaycan-özbək ədəbi əlaqələrindən bəhs edən söhbətimiz növbəti nömrədə dərc edildi. Niyə də sevinməyim ki?!

 

 "Kitob dunyosi" qəzeti ilk nömrələrindən ölkə sərhədlərini aşaraq, dünya ədəbiyyatını səhifələrinin işığına toplayırdı. 8 səhifəlik qəzetin yarısı özbək xalq ədəbiyyatını, şeirini, nəsrini, mədəniyyət hadisələrini, yeni nəşr olunmuş kitabları, tanınmış ədəbi və mədəni simaları oxucularına təqdim edirsə, az qala yarısı da dünya ədəbiyyatı şedevrlərinin ədəbi fəaliyyətini  və elə onların da şedevr əsərlərini orijinaldan, ilkin mənbədən çevirərək dərc edir. Məlumdur ki, 26 il öncəyədək dünya ədəbiyyatı, SSRİ xalqları ədəbiyyatı nümunələri yalnız rus dili vasitəsi ilə tərcümə edilirdi. Indi dünyanın bütün pəncərələri açıq, meydan geniş - bacarırsansa, niyə də maarifləndirməyə, bilgiləndirməyə, mütaliə etdirməyə biganə qalasan?!

 

"Kitob dunyosi" qeyd etdiyimiz missiyanı bu gün ləyaqətlə yerinə yetirir və ondan tələbkar oxucuları məmnun qalırlar. Bunun üçün səlahiyyət sahibi olan baş redaktordan təbii ki, çox şey asılıdır: onun ədəbi-mədəni hadisələrdən vaxtaşırı xəbərdar olması, informasiyalara operativ yanaşması, dünya ədəbi proseslərini izləməsi, zəngin dünyagörüş, istedad, yüksək mənəvi, həm də ictimai əxlaq, ədəb-ərkan, əli qələm tutan hər kəsin qabiliyyətini zərgər dəqiqliyi ilə dərk etməsi və s. Bəli, bütün bunları qəzetin baş redaktorunun xarakterində gördüyümüz kimi, eyni zamanda, onun zəhmətkeş, özünə olduğu kimi, işinə də tələbkarlığı yüksək keyfiyyətli iş ortaya qoymasına zəmindir.

 

Budur, qəzetin yeni nömrəsini vərəqləyirəm. Rubrikalara nəzər salıram: "Ədəbi cərəyan", "Nəsr", "Nəzm", "Publisistika", "Tərcümə", "İncəsənət", "Bizim qonaqlar", "Təfəkkür işığında", "Yaradıcı gənclər", "Təhlil, şərh, təklif", "Mütaliə", "Məktublar", "Yeni nəşrlər", "Rəflərdə günəş əksi" və sair.

 

"Kitob dunyosi"nın "kitabxanası seriyasından" nəşr olunan kitablar qəzetin təbliği və ideya-estetik rəngarəngliyinə şövq verir.  Dünya ədəbi səhifələrindən nümunələr dərc etməklə yanaşı, eyni zamanda, bir çox ölkələrdə müxbir postları da yaratmışdır. Bu addım "Kitob dunyosi"nın həm yayılmasına, həm də birbaşa dünya ədəbiyyat aləminə nüfuzu kimi dəyərləndirilir. Ötən il "Altun körpü" layihəsi çərçivəsində qəzetin əməkdaşlar siyahısını xeyli zənginləşdirdi. Bu maraqlı və dünyəvi projenin uğurla davam edəcəyinə inanmamaq mümkün deyil. Qəzetdən Azərbaycan üzrə iki təmsilçisi olmaq üçün, mənə və Əkbər Qoşalıya təklif gəldi: böyük məhəbbətlə qəbul etdik. Onsuz da illərdir özümüzü o qəzetin yazarlarından biri sayırdıq: həm özümüz, həm də yazılarımız haqqında dəfələrlə məqalələr dərc edilmiş bu doğma ocağa biganə qala bilməzdik.

 

Xasiyət Rüstəmi Azərbaycana bağlayan hiss çox güclüdür. Onun başçılıq etdiyi qəzetin bəlkə də hər nömrəsində Azərbaycanla bağlı yazılara rast gəlmək mümkündür.

 

"Bizim qonaqlar" rubrika-səhifəsində Anar, Ramiz Rövşən, Elçin, Rəşad Məcid, Yunus Oğuz, Sabir Rüstəmxanlı, akademik Nizami Cəfərov... bir çox şair, yazıçı və alimlərlə müsahibələr,  tanınmış Azərbaycan şairlərinin şeirləri (Əkbər Qoşalı, İlqar İlkin, Rüstəm Behrudi və b.), hekayələri (Pərvin Nurəliyeva, Eluca Atalı və b.), ədəbi tənqidi yazıları dəfələrlə dərc olunmuşdur. Bu siyahını hər nömrə boyunca uzatmaq mümkündür (indi xatirimdə qalanları qeyd etdim). Akademik İsa Həbibbəylinin iki məqaləsi dərc olunub.

 

"Kitob dunyosi"ni Azərbaycanda internet üzərindən mütəmadi izləmək imkanı əldə edə bilirik və hər dəfə yeniliklərlə rastlaşırıq. Bununla da o qənaətə gəlirsən ki, burada çalışan əməkdaşların mütaliə səviyyəsinin zənginliyi, ədəbiyyatlarla - dünya və türk xalqları ədəbiyyatları ilə tanışlığı çox genişdir. Bunları əldə etmək, tərcümə işlərini yoluna qoymaq, orduya sərkərdəlik qədər məsuliyyətlidir. Bu missiyanı Xasiyət Rüstəm şərəflə daşıya bilir. Ona görə də, o, çox gənc yaşında "Şöhrət" medalı ilə təltif olunub. Bu zəhməti və yenilikləri miqyasında onun həmkarları arasında novator redaktor kimi öndə olmasını bilmək çətin deyil.

 

Onun ana olduğu ailəsində hər kəsin əlində qələm var: bu evin "yaradıcılıq laboratoriyası"ndan şeirlər, hekayələr, səhnə əsərləri, publisistik qeydlər, elmi əsərlər, tərcümələr, daha nələr, nələr oxuculara, tamaşaçılara təqdim olunur. Özbək səhnəsində bu yaxınlarda iki tanınmış və sevilən sənətkarın - Qoşqar Narqabil və Xasiyət Rüstəmin qələminə mənsub "Atirgullar qismati" tamaşası gerçəkləşdi. Belə həmmüəllifliyin zövqü-səfasının ölçü meyarı "Allahın lütfidir" - deyə bilərəm.

 

Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü olduğumdan onların məclislərində tez-tez oluram. İstedadlı gənclərdən söz düşəndə ilk yada düşən gənc və gözəl özbək qızı Sevinc Narqabilin adı çəkilir. Sevincə ustad məsləhətləri olurmu, olmurmu, - deyə bilmərəm, amma bilirəm ki, mənəvi qidasını öz ailəsinin işığından alır, eyni zamanda, indiki gənclərin zövqü bambaşqadır deyə, öz yollarını özləri cızırlar. Kiçik, həm də tələbə qızı Samodilin tərcümələrinin sorağı Dünya Gənc Türk Yazarlar Birliyinin məclisinə gəlib çatıb. Qənirə Paşayevanın şeirlərini özbəkcəyə çevirir, nəşr etdirir. Hüquqşünas oğlu isə təhsilinə Amerikada davam edir. Şirin nəvələri var.

 

Xasiyət xanım tanınmış yazıçı-dramaturq və məmur vəzifəsində olan Qoşqar Narqabilin həyat yoldaşıdır. O, böyük yaradıcı ailənin qayğı yükünü birlikdə daşıyırlar - çox şükür Allaha, şirin ağız dadı və şükranlıqla.

 

Amma maraqlıdır ki, narahat ana, qayğıkeş nənə, ictimai və yaradıcı fəaliyyəti xeyli  geniş olan və nəhayət baş redaktor Xasiyət xanım gün başa  çatınca, bu günün işlərini nizama qoydum, sözünü rahat deyə bilirmi?

 

Yazımın sonunda fikirləşirəm, əgər desəm ki, Xasiyət xanım, Azərbaycanda sizdən ötrü darıxırıq, bu həsrəti özündə əks etdirən yeni bir şeir təqdim edə bilərsinizmi? Xasiyət Rüstəm, o şeiri gözləyirik. Hələlik, elə bizim xahişimizlə ötən il qələmə aldığı "Həzrət Nəvai ruhuna" şeirinin hikmətlərini izləyək:

 

Tale mənə gülür hər dəfə,

Yox ahənglər qəlbim etsin ram.

Hər kəsdən ucasan, əzizsən,

Sənə mən gətirdim inam.

Kimsəsizdir mənim bu canım,

Çəkməsəm də olur dərd, çilə.

Mənə həyat verdi Allahım,

Bitməyəcək bir ölüm ilə.

 

Almaz Ülvi

Filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri" şöbəsinin müdiri

 

525-ci qəzet  2017.- 16 noyabr.- S.8.