Tarixin daş
yaddaşı - daşlaşmış poeziya
Lerik rayonunun ərazisində tapılan nadir maddi-mədəniyyət abidələri bəşər sivilizasiyasına hədiyyələrdir. "Lerik"
qəzetinin baş redaktoru, Azərbaycanın
Əməkdar jurnalisti,
bir neçə ali media mükafatı
laureatı, tanınmış
yazıçı-publisist İdris
Şükürlü ilə
bu mövzuda söhbətləşdik.
- İdris müəllim,
qədim abidələr
uzaq əsrləri bizimlə görüşdürən
daşlaşmış tariximizdir. Bu mövzuda respublika və rayon mətbuatında
çoxlu araşdırma
məqalələri yazmısınız.
Gəlin
söhbətimizə də
burdan başlayaq.
- Düz buyurursunuz, ulu babaların barmaqları ilə yaradılmış
maddi-mədəniyyət abidələri
çox əhəmiyyətlidir,
bəşər sivilizasiyasında
tarixi yerimizi, ibtidai insanların mədəniyyətinin ayrı-ayrı
dövrlərini özündə
əks etdirir. Azərbaycanın ən qiymətli
abidələri sırasında
müxtəlif dövrlərin
dünyagörüşünü, adət və təsəvvürlərini özündə
yaşadan qəbir daşları, xanəgah və türbələr, qiymətli kitabələr,
günbəzli və günbəzsiz məqbərələr,
dahi tarixi şəxsiyyətlərin məzarları
böyük əhəmiyyət
daşıyır.
Rayonun ərazisindəki Büzeyir
mağarası, Xoca Seyid türbəsi, Babagil türbəsi, Akküşa ocağı,
Sağ Seyid ocağı, Oğlan qalası, Qız qalası, Cabir türbəsi, Tülü-Conu,
Divəlona abidələri,
dağlarda tədqiq edilmiş qədim qəbiristanlıqlar, ibtidai
insanların məskunlaşdığı
qədim düşərgələr
çarizm və sovet dövründə xarici ölkə səyyahlarının, arxeoloqlarının,
tarixçi alimlərin,
etnoqrafların diqqətini
cəlb etmişdir. Onlar təkcə tarixi abidələrlə deyil, yurdumuzun fauna və florası, təbiəti, dərman bitkiləri, xalqın adət-ənənəsi,
folkloru, mətbəxi
ilə də yaxından maraqlanmış,
bu barədə qiymətli əsərlər
yazmışlar. Uzun müddət
elmi tədqiqatlardan kənarda qalmış Lerik abidələrinə arxeoloq alimlərimizin maraq göstərməsi, sanballı, əvəzsiz elmi dəyəri olan əsərlər yazması bir vətəndaş kimi bizi çox sevindirir və araşdırma məqalələr,
müsahibələr, oçerklər
yazmağa səbəb
olub.
- Siz məşhur fransız arxeoloqu və səyyahı Jak de Morqan və
qardaşı Henri de Morqanın
respublikamızın ərazisində,
xüsusilə də Lerik, Mastail, Hamarat, Rəzgov, Kerəvelədi, Aspahiz, Veri, Hoveri, Tülü-Conu,
Tatoni, Monidigah, Cəngəmiran və s. yaşayış məskənlərində
apardığı arxeoloji-kəşfiyyat
işlərini həmişə
diqqətə çatdırırsınız.
Bu barədə bir qədər danışmaq yerinə düşər.
- Təkcə Morqan
qardaşları deyil,
onun həmyerlisi K.Şaffer də Talış dağlarında,
qədim yaşayış
məskənlərində arxeoloji
tədqiqat işləri
aparmışlar. Bir ingilis arxeoloqunun
öldürülməsi onun
uğursuz axtarışları
ilə nəticələnir.
Morqan qardaşları K. Şafferlə
birlikdə 1890-cı ildə
Lənkəran, Lerik, Yardımlı rayonlarının
ərazilərində 250-yə qədər qəbir abidəsi açmışlar.
Qiymətli maddi-mədəniyyət nümunələri Fransanın
məşhur Sen-Jermen
muzeyinə təhvil verilmiş, indi də mühafizə olunur. Aşkar edilmiş maddi-mədəniyyət
nümunələri əsasında
1894-cü ildə "İrana
elmi səfər" adlı beş
cildlik əsər yazılıb. Əsərdə Azərbaycanın ərazisində tapılan
eksponatların tədqiq
etməsinə xüsusi
yer ayrılmışdır.
Fransız arxeoloq alimi Jak de Morqanın əldə etdiyi arxeoloji abidələr böyük elmi-texniki əhəmiyyətə malikdir. Lakin Morqan
qardaşları tədqiqat
işlərini kortəbii
aparmış, abidələrin
dövrləşməsində və ümumi tədqiqində tələskənliyə
yol vermişlər, işi yarımçıq
saxlamışlar. Qəbir abidələri
dağıntılara, lüzumsuz
qazıntılara, daha
doğrusu, talançılığa
məruz qalmışdır.
- Arxeoloq
Jak de Morqan qədim Veri kəndinin ərazisində
daş-qutu qəbirlərinin
tədqiqi ilə məşğul olmuş,
zəngin maddi-mədəniyyət
nümunələri onu
heyrətə gətirmiş,
o, maraqlı nəticələrə
gəlmişdir. Siz bu barədə "Qədim
Veri kəndinin abidələri" adlı
məqalə ilə çıxış etmisiniz.
- Yəqin ki, siz 30 oktyabr
2013-cü il tarixində "Lerik" qəzetində dərc edilmiş geniş məqaləmə toxunursunuz.
Bu mövzu çox
genış, dəyərinə
görə aktualdır.
Lerik rayonunun ərazisində daş-qutu qəbirlərə
daha çox təsadüf olunur. Arxeoloq Fərman Mahmudov rayonun ərazisində 3 xüsusi qrupda tikilmiş daş-qutu qəbirlərin olduğunu
qeyd etmişdir. Bu tipli qəbirlərin
bir qismi Jak de Morqanın apardığı qazıntılardan
məlumdur. Tarix üzrə
fəlsəfə doktoru
Samir Kərimov "Lerik rayonunun arxeoloji abidələri"
adlı elmi əsərində maraqlı
elmi nəticələr
irəli sürmüşdür.
"Daş-qutu qəbirləri"
bölməsində o, yazır
ki, Ulon adlı ərazidəki qəbiristanlıqdan zəngin
arxeoloji materiallar - tunc qılınc və xəncərlər,
ox və nizə ucluqları, şüyərli
qara gil
qabları, qızıl
lövhəciklərdən asmalar tapılmışdır.
Tədqiqatçı əsərində yazır ki, Lerik rayon ərazisindən
qazıntılar zamanı
tapılmış disklər
yalnız Veri kənd qəbiristanlığında
Jak de Morqanın qazıntılarından məlumdur.
Veri qızıl disklərin oxşarları Suriyanın
zəngin Mari qəbirlərdən
aşkar olunmuşdur.
Fransız arxeoloqu K. Şaffer Veridə aşkar olunmuş qızıl muncuğu Erkən Assuriya dövrünə aid Mari qəbrindən
tapmış eksponatlarla
müqayisə etmişdir.
Metaldan hazırlanmış üçbucaq
şəkili tiyəsi
və çərçivə
şəkili dəstəyi
olan, üzərində
ay şəkilli relyeflə
dairələnmiş xəncərləri
ilk dəfə Jak de Morqan Hovil, Veri,
Codikəş kəndlərinin
ərazisində aşkar
etmişdir. Tiyəsinin formasına
görə birinci qrup xəncərlərə
aid edilir. Morqanla yanaşı,
arxeoloq alim İdeal Nərimanov birinci mərhələyə
aid Veri kəndinin ərazisindən çoxlu
saxsı qab əldə etmişdir.
Qədim
Veri kənd ərazisinin bu gün də ciddi arxeoloji tədqiqatlara ehtiyacı vardır.
- Lerikin ərazisində arxeoloji ekspedisiyalar beynəlxalq tərkibdə davam edir. Bunun əhəmiyyəti nədən ibarətdir?
- Qeyd etdiyim kimi,
kəşfiyyat xarakterli
arxeoloji-qazıntılar zamanı
arxeoloqlar Monidigah kəndinin ərazisində
daş-qutu qəbirlərdən
çoxlu elmi əhəmiyyətli nümunələr
aşkar etmişlər.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji abidələrin külliyyat şöbəsinin
rəhbəri, Cənub-Şərqi
Azərbaycanın arxeoloji
abidələrinin tədqiqi
ekspedisiyasının və
Azərbaycan-Fransa beynəlxalq
ekspedisiyasının rəhbəri,
tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərovla
Lerikin ərazisində
arxeoloji tədqiqat işi apararkən görüşdük. O dedi
ki, cənub bölgəsində tədqiqat
işi iki istiqamətdə aparılır:
bölgənin həm
arxeoloji xəritəsi
hazırlanır, həm
də arxeoloji tədqiqat işləri aparılır. XIX əsrin sonlarında Jak de Morqan və
qardaşı Henri de Morqan
Lerikin ərazisində
kəşfiyyat işləri
aparıblar. Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası 2011-ci ildə
Fransa Respublikasının
təşəbbüsü ilə yaradılıb.
AMEA Etnoqrafiya İnstitutu
Fransa Elmi Araşdırmalar Mərkəzi,
Leon Universiteti və Sen-Jerman muzeyi ilə birlikdə 120 il bundan əvvəl
Lerikin ərazisində
arxeoloji tədqiqat aparmış Morqan qardaşlarının irsini
öyrənmək məqsədi
ilə müqavilə
imzalanıb. Əsas məqsəd Morqan
qardaşların apardığı
yarımçıq işi
davam etdirməkdir.
Azərbaycan tarixinin mədəni irsinin dünyaya tanıdılması üçün
böyük layihələr
həyata keçirilir. Qədim yaşayış
yerlərində aşkar
edilən arxeoloji abidələr əcnəbi
mütəxəssislərin gözləri qarşısında
ortaya çıxır.
Bu, azərbaycanlıların
minilliklər boyu doğma torpaqlarda məskunlaşmasını təsdiqləyir,
dünya ictimaiyyətinə
çatdırır. Abidələr zəngin mədəni irsimizin daşıyıcılarıdır,
Azərbaycanın dünyaya
tanıdılması baxımından
misilsiz əhəmiyyətə
malikdir, gələcək
nəsillərə çox
lazımdır.
- Paleolit arxeoloji ekspedisiyasının apardığı
tədqiqat işlərinin
ilkin nəticələri
barədə birinci dəfə siz “Lerik"
qəzetində geniş
məqalələrlə çıxış
etmisiniz...
- Həm bir jurnalist, həm də bir vətəndaş kimi maraq dairəmə daxil olan məsələlərdən yazmağı üstün tuturam. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun paleolit arxeoloji ekspedisiyası 2015-ci ilin iyul-avqust aylarında tarix elmləri doktoru Əsədulla Cəfərovun rəhbərliyi altında Lerik rayonunun ərazisində arxeoloji işlərini davam etdirmişdir. Zuvandçay paleolit düşərgəsi, 2007-ci ildə paleolit arxeoloji ekspedisiyasının Lerikin ərazisində apardığı arxeoloji kəşfiyyat işləri zamanı qeydə alınmışdır. Düşərgənin dörd və beşinci təbəqələrində tapılmış daş məmulatlarının texniki və tipoloji tədqiqat zamanı onların Mustey mədəniyyəti dövründə, yəni 120-130 min illər əvvəllərdə hazırlandıqları müəyyən edilib. Zuvandçay paleolit düşərgəsi Azərbaycanın cənub ərazisində - Talış dağlarında qeydə alınmış ən böyük qədim insan düşərgəsidir. Yaşayış sahəsinə görə Zuvandçay paleolit düşərgəsi Azərbaycanda qeydə alınmış Azıx paleolit düşərgəsindən sonra ikinci ən böyük qədim insan düşərgəsi hesab olunur. İndi bu düşərgənin tarix kitablarında Azıx, Tağlar, Damcılı, qədim insanların sığındıqları düşərgələrin adı ilə birlikdə çəkilir.
Zəfər ORUCOĞLU
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
525-ci qəzet 2017.- 16 noyabr.- S.7.