Şövkət Ələkbərovanın 95 illiyi qeyd olundu

 

Milli ifaçılıq sənətinin görkəmli nümayəndəsi, tanınmış müğənni, Xalq artisti Şövkət Ələkbərovanın 95 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

 

Bakı Şəhər Mədəniyyət Turizm Baş İdarəsinin təşkil etdiyi konsert proqramı sənətkarın adını daşıyan 20 saylı onbirillik musiqi məktəbində gerçəkləşib.

 

Konsertdən öncə məktəbin müəllimi Lalə Cəfərova mərhum sənətkarın şərəfli ömür yolundan söz açaraq onun yaradıcılıq fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Ş.Ələkbərovanın repertuarındakı mahnıların, həmçinin, "Segah", "Qatar", "Şahnaz" muğamlarının milyonlarla insan tərəfindən sevə-sevə dinlənildiyi vurğulanıb.

 

Tədbirdə məktəbin şagirdlərinin ifasında vaxtilə Ş.Ələkbərova tərəfindən ustalıqla səsləndirilən mahnılar oxunub.

 

Sonda sənətkarın gəlini - T.Quliyev adına 12 saylı onbirillik musiqi məktəbinin direktoru Gülnarə Səfərova ailə adından tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

 

Xədicə RƏHMAN

 

525-ci qəzet  2017.- 16 noyabr.- S.8.