Keçmişdən
məktub. Gələcəyə ismarış...
Pərvinin təqdimatında
Azərbaycan kinosu - 120
PƏRVİN
Keçmişlə gələcəyin arasındakı
zamandı yaşadığımız. İndiki
zaman. Körpü olan, iki
qaçılmazlıq arasında bağ olan İNDİ əslində,
bir sınaqdı. Keçmişin
davamıdımı, yaxud gələcəyin təməlidirmi,
bilinmir? İndini necə
yaşamalıyıq? Keçmişə
boylanaraqmı, ya da yalnız gələcəyə
baxaraqmı?
Bütün
bunların cavabı var, “Keçmişini bilməyənin gələcəyi
olmaz”, “Ot öz kökü üstə bitər”, ya da “Dünənsiz
yaşamaq faciədir” və s. kimi dillər əzbəri olan,
aforizmləşmiş fikirlər sonsuz saydadır. Amma bu yeni olmayan fikirlərin dərinliyini, incəliyini
məhz sənət izah etməlidir. Çünki
sənətin anlatdığı həqiqət daha çox təsir
edir insana, yaddaşında dərin izlər buraxır. Sənət tərbiyə etməməlidi, yəni
birbaşa, didaktik üsulla tərbiyə sənətin yolu
deyil.
Amma sadəcə düzgün olanı göstərmək,
izah etmək, öz üsulları ilə anlatmaq çox
mühümdür. Bu baxımdan Oqtay Mirqasımovun “Qisas
almadan ölmə. Keçmişdən məktublar”
filmi hər şeydən öncə adı ilə düşündürücüdü.
Doğrusu, hələ filmə baxmazdan öncə
“qisas almadan ölmə” ifadəsi təəccüblü
görünür. Axı sənət, əsl
sənət heç vaxt qəddarlığı, müharibəni,
qisası təbliğ etməməlidir. Sənət
barışığa, sülhə
çağırmalıdır. Filmə
baxanda isə onun ideyası ilə adının tərs mütənasib
olması, daha doğrusu, bu adın şərtiliyi aydın
olur.
“Qisas almadan ölmə. Keçmişdən məktublar”
Azərbaycanda yaşamış almanların 1941-ci ildə
İ.Stalinin əmri ilə Orta Asiyaya sürgün
olunmasından bəhs edir. XIX əsrin əvvəllərinə
alman icmaları çar I Aleksandrın razılığı
ilə Rusiya İmperiyasının əyalətlərinə
(Krım, Qafqaz) gələrək burada məskunlaşırdılar.
1819-cu ildə Vürtemberq krallığından
(indiki Almaniyanın Baden-Vürtemberq əyaləti) gələn
almanlar Azərbaycanın qərbində, Gəncə
yaxınlığında ilk koloniyanı - Helenendorf kəndini
(indiki Göygöl şəhəri) salırlar. Sonralar isə indiki Ağstafa, Şəmkir, Tovuz
rayonları ərazisində alman yaşayış məntəqələri
yaranır. Azərbaycan burada köç
salmış almanların ikinci vətəninə
çevrilir. Üç, dörd, hətta beş nəsil dəyişir və həmin
almanlar yerli əhali ilə qaynayıb-qarışır. Filmdə bütün bu olayların necə əks
olunması, iki xalqın bir-birinə münasibətinin iki
dostun - alman Günter ilə azərbaycanlı - Salmanın
bağlılığı vasitəsiylə göstərilməsi
xeyli maraqlıdır. Ümumiyyətlə,
film çağdaş dünyanın əsas dəyərlərindən
biri olan tolerantlıq, multikulturalizm ideyasını ifadə
edir. Və rejissor bütün bunları sadəcə
diktə etmir, müxtəlif üsullarla bir az
simvollaşdırılmış, bir az da şərtiliyə əməl
edərək göstərir. Məsələn,
hələ dünyanın bu gün dəyər verdiyi məsələlərin,
elə tolerantlığın özünün millətimizin qədim
adəti, xarakter xüsusiyyəti olmasını Oqtay
Mirqasımov sadə bir detalla - alman kişiləriylə
başı bağlı Azərbaycan qadınlarının rəqsi
vasitəsiylə ifadə edir. Əlbəttə, XIX əsr
Azərbaycanında qadınlarla kişilərin qol-boyun olub rəqs
etməsi mümkün iş deyildi, amma filmdə bu səhnə
sadəcə simvol olaraq qavranılır.
Beləliklə,
1941-ci ildə Sovet İttifaqı ilə Almaniya arasında
müharibə başlayanda Stalin rejimi Krım türkləri və
Qafqazın bir sıra xalqları ilə yanaşı,
almanları da yurd-yuvalarından didərgin salır, o cümlədən,
Azərbaycanda yaşayan 20 minə yaxın alman sürgün
olunur. Və bu insanların
ağrısını müəllif alman Günterin
timsalında göstərir.
Film “Didərginlik faciəsini yaşamış
bütün insanlara ithaf olunur” sözləri ilə
başlayır. Elə təkcə bu ismarış
yalnız filmin qəhrəmanları yox, həm də öz
didərginlərimiz haqqında düşünməyə
mövzu verir. Amma bununla belə, “Qisas
almadan ölmə” konkret hadisəyə, tarixi olaya həsr
edilsə də, sadəcə insanlıq, insani dəyərlər
haqqındadır. Hələ filmin çəkilişləri
gedəndə rejissor Oqtay Mirqasımov qarşısına
qoyduğu məqsədi belə izah etmişdi: “Mənim ali məqsədim insanların - Adəm və Həvva
nəslinin birliyini, eyniliyini, doğmalığını bir
daha sübut etməkdir. Bu ideyaya bir çox sənətkarlar
müraciət edib. Mən də
çalışdım, diqqət cəlb edən süjet əsasında
ideyanı öz baxış bucağımdan, verdiyim qiymət
nöqteyi-nəzərindən aşılayım”.
Müxtəlif xalqların nümayəndələri
arasındakı dostluq, doğmalıq, yaxınlıq həqiqətən
məsələyə, münasibətlərə dünyəvi
baxışın ifadəsidir. Çağdaş
dünyanın, elə Azərbaycanın da şovinizm,
regionçuluq, yerlipərəstlik mərəzinə
tutulduğu bir dönəmində bu ideya yerinə
düşür.
Alman
Günter evlənmək ərəfəsində olan nəvəsinin
qarşısında şərt qoyur, Azərbaycanda əvvəlki
Helenendorf kəndinə
getməlidi və alman ləqəbli Salmanı tapıb
babasının məktubunu Salmana çatdırmalıdı.
Azərbaycana niyə göndərildiyini anlamayan gənc
oğlan hər şeyi bir az sonra başa
düşəcək, elə tamaşaçı da...
Filmin yaradıcı heyəti, aktyor komandası peşəkarlığı
ilə diqqəti cəlb edir. Azərbaycanlı aktyorlardan Xalq
artistləri Ramiz Əzizbəyli, Ayan Mir-Qasım, əməkdar
artistlər Füzuli Hüseynov, Sabir Məmmədov, Qurban
İsmayılov, alman aktyorlardan Uilrix Rexenbax, Mixael
Şvartsmayyer, Diter Hallervorden, gürcü aktyorlar Georgi
Cabaridze, Revaz Tavarkviladze, Levan Boçorişvili, Toma
Bulaşvili və digərləri filmdə çəkiliblər.
Filmin operatoru Nikolay İvasiv Rusiyadan dəvət
olunub. Çəkilişlər gedəndə
operatorun Bakıya aşiq olması, ona görə də
qonorarda güzəştə getməsi deyilmişdi. Filmə
baxdıqca, Azərbaycana, Bakıya heyranlıq, sevgi hiss olunur.
Bakının müasir, dəbdəbəli
binaları ilə qədimliyinin sintezi xeyli effektiv kadrlarla
göstərilir. Əlbəttə, istər təsvirlərin
seçimində, istər hər dövrə uyğun
konstyumların dizaynının verilməsində həm filmin
rəssamı Vaja Calaqaniyanın, həm də geyim dizaynerləri
Alla Qribova, Nato Kandelaki, Elfira Hüseynovanın xidməti
xüsusi vurğulanmalıdır. Çünki
XIX əsr və müasir dövr azərbaycanlılarının,
40-cı illər almanlarının və kənddə
yaşayan gürcülərin geyim tərzini dəqiq
seçmək yüksək zəhmət və peşəkarlıq
tələb edib. Həmçinin, bəstəkar Elmar Felin seçimləri,
musiqiləri də təsvir olunan mühitlə, hadisələrlə
harmoniya təşkil edir.
Filmin əvvəlindən Günter xəstə,
cığal, dəcəl, dərman içmək istəməyən
deyingən bir qoca kimi göstərilir. Film davam etdikcə
isə əslində, bu qocanın müdrikliyi, dərin mənəvi
aləmi gözümüz önündə canlanır. Deməli, həyatının mühüm mərhələsinin
astanasında olan nəvəsini Azərbaycana, daha dəqiq desək,
öz keçmişinə səyahətə göndərməsi
təsadüfi deyilmiş. Gənc almana isə
burda turizm idarəsi işçisi - Ayan Mir-Qasım bələdçilik
edir. Filmdə aktyor oyunu ilə bağlı bəzi məqamları
xüsusi vurğulamağa ehtiyac var. Azərbaycan kino sənətinə
bir çox sənədli filmləri, həmçinin, “Anlamaq
istəyirəm”, “Cin mikrorayonda”, “Ovsunçu”,
“Günaydın, mələyim” və s. bədii filmləri bəxş
etmiş Oqtay Mirqasımovun xüsusi dəst-xətti bu ekran əsərində
də özünü göstərir. “Qisas
almadan ölmə” filmini “Günaydın, mələyim”lə
müqayisə etmək olar. Çünki
hər iki filmdə sədaqət, insanlıq, mübarizə əsas
ideyanı təşkil edir. Bu iki filmdə
Qurban İsmayılovla Ayan Mir-Qasımın oyunlarını,
yüksək peşəkarlıqlarını xüsusi qeyd etmək
istərdim. “Günaydın, mələyim” filmində əri
Qarabağda şəhid olan, tək qalan, cəmiyyətin təzyiqləriylə
üz-üzə qalan gənc xanımı canlandıran Ayan
xanım “Qisas almadan ölmə” filmində hadisələrin
sadəcə müşahidəçisi, bəlkə əslində,
özü istəmədən iştirakçısı
rolundadı. Amma qəribə bir ustalıqla həm
“Günaydın, mələyim”də tənha qadının
ağrısını, həm də “Qisas almadan ölmə”də
hər şeyi kənardan görüb dərk edən
insanın hüznünü dəqiq ifa edib. Azərbaycan
tamaşaçısı Ayan xanımı “Otel otağı”
filmində Rəna, “Yuxu” kinosunda Bahar, “Nə gözəldir bu
dünya”da Səbinə və başqa rolları ilə sevib.
Amma nədənsə məhz haqqında söz
açdığım iki filmdə aktrisa tamam başqa tərəfləri
ilə görünür, peşəkarlığı,
istedadı ayrı yöndən açılır. Elə təkcə
“Günaydın, mələyim”də maneələrdən, təzyiqlərdən
bezmiş bir qadının - Ayan Mir-Qasımın birdən-birə
təlxəkvari hərəkətlər edib “oynaması” və
bunu necə OYNAMASI mütəxəssislərin təhlil etməli
olduğu məqamdı.
Qurban İsmayılovun “Günaydın, mələyim” filmində “intellektual bomj”u ifası ilə “Qisas almadan ölmə”də praqmatik, dayaz düşüncəli bir karyeristi ifası tamam fərqlidir. Yəni eyni komandada, eyni rejissor bu istedadlı, peşəkar aktyorları daban-dabana zidd rollarda çəkir və hərəsi bir cür uğurlu, bir cür düşündürücü alınır ifaların. Bu, əlbəttə hər şeydən öncə istedadın, peşəkarlığın, amma həm də zəhmətin, dəqiq işin nəticəsidir.
Ayan Mir-Qasımın bələdçiliyi ilə Bakını gəzən, Göygölə - “alman” Salmanın (Xalq artisti Ramiz Əzizbəyli) görüşünə gedən gənc oğlanın düşüncələri, həyatı dəyişir. Film boyu bu gənc almanla bələdçi qız gah dalaşırlar, gah ocaq başında dərdləşirlər, birgə Gürcüstana səfərə gedir, müxtəlif çətinliklərdən keçirlər. Film boyu aydın olur ki, həyatın bu üzünü - babasının, ailəsinin keçmişini, nənəsinin qəbrini, burda qalan dəyərləri görən, öyrənən gəncin baxışları dəyişəcək və o, yəqin ki evlənməyəcək. Elə də olur, amma nə yaxşı ki, Günterin nəvəsi bələdçi xanıma vurulub, ona evlənmək təklifi etmir. Belə olduğu halda film Hollivudun tirajlanan filmlərinə çevrilərdi. Amma əlbəttə, Oqtay müəllimin gerçək sənət meyarları bu cür sonluğa yol verə bilməzdi.
Filmin süjetini, gənc oğlanın düşüncələrinin hansı səbəblərdən dəyişməsini şərh etmək düz olmaz, ona görə oxucuları bu ekran işinə şəxsən baxıb, dəyər verməyə çağırıram.
Yazımın əvvəlində dostluğu, sədaqəti ifadə edən detallardan söz açdım. Sürgünə göndərilən alman Günteri yola salan Salman ayrılıq məqamında Günterlə şərab içmək, qədəh toqquşdurmaq istəyir. Alınmayanda şərab çəlləyini təpənin üstündən atır, çəllək partlayır, şərab torpağa dağılır. Sonda gənc alman oğlan da eyni hərəkəti edir. Və bu səhnə müəlliflərin son dərəcə estetik təqdim etdiyi səhnədir, eyni zamanda, simvoldur. Zaman dəyişir, amma həqiqi meyarlar itmir.
Beləliklə, “Qisas almadan ölmə. Keçmişdən məktublar” qisas haqqında yox, mərhəmət haqqında ekran əsəridir.
525-ci qəzet 2017.-
18 noyabr.- S.15.